Azərbaycanın neft-qaz sektorunda reallaşdırılan bir sıra önəmli layihələrin operatoru olan BP şirkəti ölkəmizdə bərpaolunan enerji istehsalına da mühüm töhfələr verməyi nəzərdə tutur. Bu məqsədlə şirkət 2022-ci ildən SOCAR ilə fəal əməkdaşlıq edir. Xatırladaq ki, həmin il iyunun 4-də Bakı Enerji Forumu çərçivəsində Şuşada təşkil edilmiş “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusunda xüsusi sessiyada SOCAR və BP şirkəti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Sözügedən sənəd ölkəmizdə bərpaolunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirməsini nəzərdə tutur.
BP-nin Xəzər regionunda kommunikasiyalar və xarici əlaqələr üzrə vitse-prezidenti B.Aslanbəyli bugünlərdə yerli mətbuata açıqlamasında bildirib ki, təmsil etdiyi şirkət Azərbaycanı enerjiyə keçid yolunda dəstəkləmək üçün SOCAR ilə yeni sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. “Perspektivdə SOCAR ilə Azərbaycanda bərpaolunan enerji mənbələri, dekarbonizasiya və elektrikləşdirmə sahəsində yeni layihələr üzrə sıx əməkdaşlığa davam edəcəyik. Aydın məsələdir ki, bu, innovativ yanaşma tələb edəcək və biz bu planda aparıcı mövqedə olmağa çalışırıq”, – deyə o, əlavə edib.
Yaxın vaxtlarda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda tikintisinə başlanılacaq “Şəfəq” layihəsi BP ilə SOCAR arasında “yaşıl enerji” əməkdaşlığının bariz nümunəsidir. Xatırladaq ki, “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsinin operatoru “Lighsource BP” şirkətidir. Artıq məlum olduğu kimi, BP 2017-ci ildən əməkdaşlıq etdiyi “Lightsource” şirkətinin səhmlərini alıb. Sözügedən şirkət günəş elektrik stansiyalarının quraşdırılması sahəsində yüksək beynəlxalq təcrübəyə malikdir. Belə ki, şirkət seçilmiş sahələrdə günəş panellərinin və əlaqədar qurğuların quraşdırılması üçün müstəsna hüquqla BP şirkətinin adından işlənməni həyata keçirən tərəf qismində çıxış edir.
Hazırda Cəbrayılda 240 meqavatlıq günəş elektrik stansiyası layihəsinin işlənilmə mərhələsinə başlanıldığını bildirən BP-nin regional vitse-prezidenti B. Aslanbəyli deyib ki, kommersiya baxımından bu layihə Səngəçal terminalında əməliyyatların dekarbonizasiyası və bu terminalın elektrikləşdirilməsi ilə dəstəklənir. Onun sözlərinə görə, Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının inşası layihəsinin icrası BP-nin regiondakı əməliyyatlarında ümumi emissiyaları 11 faiz azaldacaq. “Bu, dərin inteqrasiya olunmuş layihədir və iqtisadi cəhətdən əsaslandırılıb, elektrik enerjisi hasil etmək üçün Səngəçal terminalında qazdan istifadəni azaltmağa imkan verəcək”, – deyə B. Aslanbəyli bildirib. BP-nin öz əməliyyatlarını daha da təhlükəsiz və səmərəli etmək üçün bütün imkanlardan istifadə etdiyini diqqətə çatdıran regioanal vitse-prezident deyib ki, hazırda şirkət istixana qazlarının emissiyalarını azaltmaq və mövcud neft və qaz hasilatını dekarbonizasiyasının yollarını axtarır. Onun sözlərinə görə, BP-nin nəzərdə tutduğu tədbirlər nəticəsində ayrılan qaz həcmi ixrac olunacaq ki, bu da Azərbaycan qazının xarici alıcılara tədarükünün etibarlılığını daha da artıracaq.
“Şəfəq” Günəş Elektrik Stansiyasını Azərbaycanın enerji keçidini dəstəkləyən mühüm layihə kimi dəyərləndirən regional vitse-prezident bu çoxplanlı layihənin icrasının texniki və kommersiya məsələləri üzrə Energetika Nazirliyi və “Azərenerji” ilə əməkdaşlıqda mühüm irəliləyiş əldə edildiyini vurğulayıb. Bəxtiyar Aslanbəyli müsahibəsində bu ilin sonunda layihə bağlı yekun investisiya qərarının qəbul olunacağını bildirib.
B.Aslanbəyli bu yaxında BP-nin regiondakı bütün obyektlərində metan emissiyalarını ölçmək üçün texnologiyalar və həllər tətbiq etdiyini diqqətə çatdıraraq deyib ki, bu, ölçmələri təkmilləşdirməyə, daha yaxşı qiymətləndirməyə, yeni baza göstəricilərimizə dair anlayışı artırmağa və son nəticədə şirkətin bütün dünyada əməliyyatlar üzrə hədəfi olan qlobal əməliyyatlarında metan emissiyalarının 50 faiz azaldılmasına töhfə verməyə imkan verəcək.
O, müsahibəsində, həmçinin BP-nin ölkəmizdə “yaşıl” keçid sahəsində gördüyü digər işlərdən bəhs edib. Deyib ki, şirkətin Azərbaycandakı “yaşıl” tədbirlərinin digər mühüm bir nümunəsi “Şahdəniz Alfa” hasilat platformasında dizel generatorlarının (elektrik enerjisi istehsal edən) qonşu “Şahdəniz Bravo” platformasından gələcək elektrik enerjisi ilə əvəzlənməsi layihəsidir. Onun dediyinə görə, bu, təkcə “Şahdəniz Alfa”da karbon qazı emissiyalarını azaltmağa kömək etməyəcək, həm də “Şahdəniz” qaz-kondensat layihəsində əməliyyatların məhsuldarlığını artıracaq. B.Aslanbəyli xatırladıb ki, BP və SOCAR “Metan Rəhbər Prinsipləri”, eləcə də ikitərəfli anlaşma memorandumunu imzalayıb və bununla “Qlobal Metan Vədi” təşəbbüsü kimi səylərə töhfə verirlər.
“Bu təşəbbüs ayrı-ayrı ölkələr səviyyəsində metan emissiyalarının azaldılmasını sürətləndirməyə yönəlib. SOCAR və bp birlikdə çalışmaqla, Azərbaycanda metan emissiyalarının azaldılması üzrə ölkənin enerji sektorunun tələblərinə cavab verən konkret yol xəritəsinin hazırlanması ilə bağlı səyləri dəstəkləmək üçün əsas maraqlı tərəflərin, tərəfdaş şirkətlərin tədqiqat institutlarınn ekspertləri və hökumət nümayəndələrinin tədbirlərini inteqrasiya etmək niyyətindədir. İnanırıq ki, birlikdə sənaye, cəmiyyət və dövlətin metan emissiyaları ilə mübarizə aparmasına kömək etməklə buradakı imkanlardan daha səmərəli istifadə edə biləcəyik”, – deyə B.Aslanbəyli bildirib.
Yeri gəlmişkən, dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasına mühüm töhfələr verməyi hədəfləyən BP şirkəti Xəzəryanı ölkələr içərisində ilk dəfə məhz Azərbaycanı seçməsi olduqca təqdirəlayiqdir. 2025-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulan “Şəfəq” Günəş Elektrik Stansiyası postsovet məkanında ilk ən böyük günəş elektrik qurğusu kimi tarixə düşəcək. Məlum olduğu kimi, “Şəfəq” Günəş Elektrik Stansiyasının istehsal gücü 240 meqavat olacaq ki, bu da kifayət qədər böyük rəqəmdir. Eyni zamanda, Xəzərin coğrafi məkanında ən böyük, eləcə də dünya üzrə ilk beşliyə daxil olan Səngəçal terminalının elektrik təchizatı tam olaraq “yaşıl enerji” hesabına ödəniləcək.
Qeyd edək ki, “Şəfəq” layihəsi Cəbrayıl şəhərindən 5-10 kilometr məsafədə, təxminən, 802 hektarlıq ərazini əhatə edəcək. Ümumilikdə isə, layihəyə 240 MVtAC gücündəki PV günəş elektrik stansiyasının layihələndirməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir. Layihə çərçivəsində tikinti işləri, təxminən, 18 ayadək davam edəcək.
M.YAQUBZADƏ
XQ