Azərbaycan – Pakistan: qardaşlığa bərabər dostluq

post-img

Prezident İlham Əliyevin iyulun 11–12-də Pakistana dövlət səfəri ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edəcək. 

Səfər zamanı dövlət başçımız Pakistan İs­lam Respublikasının Baş naziri Məhəmməd Şah­baz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirəcək. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənədin imzalanması nəzərdə tutulur. Ümumiyyətlə, Azərbaycan və Pakistan arasında əməkdaşlıq sahəsi kifayət qədər genişdir. İndiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır.

... Bu nüvə dövləti, müsəlman ölkəsi, Asiya nəhənglərindən biri ilə dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətləri haqqında qəzet materi­alı hazırlayanda yadıma düşən ilk məqam hər iki dövlətin bayrağında Ay və ulduz təsvirinin olma­sı və İslamabadla Bakının sabaha doğru gedən yolunun üfüqündən nur saçan Günəşin parıltıları oldu. 

Sonra isə Azərbaycan Prezidenti İlham Əli­yevin doqquz il əvvəl söylədiyi fikirləri xatırladım: “Əsrlər boyu Azərbaycan və Pakistan xalqları sülh, əməkdaşlıq və dostluq şəraitində yaşamış­lar. Əsrlər boyu bir-birimizi dəstəkləmişik, qardaş kimi yaşamışıq. Bu gün iki müstəqil ölkə yeni bir əməkdaşlıq formatını yaradır. Bu əməkdaşlıq tarixi irsimiz, ənənələrimiz, dinimiz və həmçinin strateji maraqlarımıza söykənir”.

Bəs həmin yeni əməkdaşlıq formatı nədən ibarət idi? Xatırladaq ki, dost ölkənin Prezidenti Məmnun Hüseynin 2015-ci il martın 11-də Azər­baycana rəsmi səfərinin İslamabad – Bakı mü­nasibətlərindəki doğmalığı və yaxınlığı daha da artıracağına hər iki ölkədə birmənalı şəkildə ina­nırdılar. Səfər çərçivəsində prezidentlərin tək­bətək və geniş tərkibdə görüşləri başa çatdıqdan sonra Azərbaycanla Pakistan arasında rəsmi sənədlərin imzalanması mərasimi oldu. Dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə yana­şı, “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş” və “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti ilə Pakis­tan İslam Respublikasının Xarici Xidmət Akademi­yası arasında 2015–2017-ci illər üzrə Əməkdaşlıq Proqramı” dostluq əlaqələrimizi genişləndirəcək sənədlərin sırasını artırmışdır. Dövlət başçımız yeni əməkdaşlıq formatı deyəndə bu sənədləri nəzərdə tuturdu. 

Azərbaycan Prezidenti həmin gün imzalanan yeni sənədlər barədə danışarkən, xüsusilə vur­ğulamışdı ki, ölkələrimiz arasında siyasi əlaqələr istənilən səviyyədədir: “Bu gün cənab Prezident və mənim aramda imzalanan sənəd ölkələrimiz arasındakı strateji tərəfdaşlıq bəyannaməsidir. Əslində, bu sənəd əməkdaşlığımızın, demək olar ki, bütün istiqamətlərini əhatə edir və strateji əlaqələrimizin daha da inkişaf etdirilməsində mü­hüm bir mərhələdir. Biz dostuq, qardaşıq, strateji tərəfdaşıq və əməkdaşlığımızı xalqlarımız, ölkələ­rimiz, habelə regional təhlükəsizlik və sabitlik na­minə davam etdirəcəyik”.

Bəli, sənədlər imzalandı, vədlər verildi və həm sazişlər icra edildi, həm də vədlər reallaşdırıldı. Nəticə ondan ibarətdir ki, bu gün ölkələrimiz ara­sında siyasi əlaqələr tərəflərin maraqlarına uyğun olan səviyyədədir. 

Qürurla qeyd edirik ki, Azərbaycan diplomati­yasının və dövlətimizin xarici siyasətinin uğurları bu gün gənc müstəqil respublikamızın dostları və tərəfdaşlarının sayını bədxahlarımızdan qat-qat çox edir. Hətta Avrasiyanın ən qüdrətli dövlətləri sırasında olan bir neçə ölkə var ki, onlar bilava­sitə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə görə rəsmi İrəvanla diplomatik-əmək­daşlıq münasibətləri yaratmamışdı. Belə ölkələr­dən biri də Pakistan İslam Respublikasıdır.

Xatırladaq ki, bu iki Avrasiya ölkəsinin – Azər­baycanla Pakistanın arasında öz qloballığı və re­gional məsələlərin oxşarlığı ilə xarakterizə edilən əlaqələr çoxdur. Bizim dövlət müstəqilliyimizin ilk günlərində Azərbaycanın istiqlaliyyətini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə məhz Pakistan olmuşdur. Həmin tarixi hadisədən cəmi bir neçə ay sonra bu iki ölkə arasında diploma­tik əlaqələr qurulmuşdur. Elə o gündən etibarən Dağlıq Qarabağ məsələsinin həlli yolunda aparı­lan müzakirələrdə Pakistan Azərbaycanı dəstək­ləmiş, bütün beynəlxalq tribunalardan bizim haqq işimizi müdafiə etmişdir. Ona görə rəsmi Bakı tərəfindən də qarşılıqlı addımlar atılmışır. Belə ki, BMT qətnaməsinə əsaslanaraq Azərbaycan Respublikası da Pakistanı Kəşmir probleminin həllində dəstəkləyir. Onu da xatırladaq ki, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qə­bul olunduğu iclasa Pakistan İslam Respublikası sədrlik edirdi.

Sonrakı illərdə də Pakistan Prezidenti, Baş naziri, parlamenti və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai-siyasi xadimlər Ermə­nistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə ta­nınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəyliyi əks etdirən müvafiq qətnamələr qəbul edib, bəya­natlar yayıblar. Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib.

Ölkələrarası siyasi əlaqələri qarşılıqlı təmas­lar, müntəzəm görüşlər və səmərəli müzakirələr daha da intensivləşdirmişdir. Ölkəmizə dost olan digər dövlətlərlə münasibətlərimiz haqqında yaz­dığımız bir arqumenti bu yazıda da təkrar etmə­liyik ki, Azərbaycanla Pakistan arasındakı müna­sibətlərin indiki səviyyəyə çatmasının təməlində ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və onun işləyib hazırladığı siyasi kurs dayanır. Hamı­nın xatırladığı kimi, ümummilli lider Heydər Əliyev 1994-cü ilin dekabrında Kasablankada Pakistanın Baş naziri Benazir Bhutto ilə görüşmüş və həmin görüşlə də ikitərəfli münasibətlər yeni inkişaf mər­hələsinə qədəm qoymuşdu. Sonra Pakistan Pre­zidenti Sərdar Faruk Əhməd Xan Leqarinin Bakı­ya, ulu öndər Heydər Əliyevin dost ölkəyə rəsmi səfərləri iki ölkə arasında əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edib.

Onu da əlavə edək ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qarşılıqlı səfərlər ənənə­si Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının 2005-ci il aprelin 12–13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28 fevral – 1 mart tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısın­da iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib.

O da vurğulanmalıdır ki, İslamabadla Bakı ikitərəfli əməkdaşlıqla kifayətlənmir, beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıqdan da səmərəli şəkildə bəhrələnirlər. Bu gün Pakistan və Azərbaycan BMT, Qoşulmama Hərəkatı, İs­lam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birinə dəstək verirlər. 

Ötən ay Nyu-Yorkda keçirilmiş BMT-nin İqti­sadi və Sosial Şurasının (ECOSOC) 2025–2027-ci illər üzrə üzvlüyünə seçkilərdə Azərbaycan Respublikasının namizədliyi, 2023-cü il yanvarın 24-də Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Şuşa şəhərinin 2026-cı ildə İƏT-in turizm paytaxtı elan edilməsi üçün irəli sürülmüş təşəbbüs, ötən il oktyabrın 12-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbay­can tərəfindən irəli sürülmüş və yüzdən çox ölkə­nin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qəbul olunmuş qətnamə Pakistan tərəfindən dəstəklənib. 

Uğurlu əməkdaşlığın ən son göstəricisi ilə bu ayın əvvəlində Astanada keçirilən “ŞƏT +” formatında görüş çərçivəsində üç liderin – Azər­baycan Prezidenti İlham Əliyevin, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Pre­zidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüşü oldu. Ekspertlərin fikrincə, Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən bu əməkdaşlıq mexanizmi və həmin görüşdə müzakirə olunan məsələlər ölkələrimiz arasında əlaqələrin bütün sahələrini əhatə edir.

Daha maraqlı fakt isə o idi ki, həmin görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaş­lıqla yanaşı, “Üç qardaş” şüarı ilə keçirilən hərbi təlimlərin əhəmiyyəti vurğulanmış və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bun­dan sonra da mütəmadi qaydada keçirilməsi təklifi irəli sürülmüşdür. 

Azərbaycan – Pakistan dostluq və tərəfdaşlıq münasibətlərinə həsr edilmiş bu sətirləri Prezident İlham Əliyevin bir qiymətləndirməsi ilə tamamlayı­rıq: “Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. ... Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxın­laşdırır”.

İttifaq MİRZƏBƏYLİ

Siyasət