IV MƏQALƏ
Bizim müstəqilliyimizin bu günü və gələcəyi Azərbaycan xalqının birliyindən, Azərbaycan xalqının həmrəyliyindən, Azərbaycan xalqının öz müstəqilliyini qorumaq əzmindən asılıdır.
Heydər ƏLİYEV,
Ümummilli lider
Azərbaycan sinerjisi və dünya düzəni
Doğrudan da, Azərbaycanda aparılan informasiya savaşının “iç cəbhəsi”nə Azərbaycan dövlətçilik və liderlik sinerjisinin mahiyyəti işığında baxanda çox məqamları görmək mümkündür. Bu prizmada aydın olur ki, indi bizə dost olmaq istəməyən bir sıra dairələr məhz Azərbaycan sinerjisinin konstruktiv təbiətindən və birləşdirici mahiyyətindən ehtiyat edirlər. Onlar bu məsələyə artıq yeni dünya düzəni və yeni qlobal təhlükəsizlik sisteminin arxitekturası kontekstində qiymət verirlər. Şişirtməsiz belədir.
Çünki vətəndaşı olduğumuz müstəqil dövlət qlobal miqyasda dəyərləndirilir. Bundan, əlbəttə, qürur duymalıyıq. Eyni zamanda məsələnin bu dərəcədə aktuallaşması və qloballaşması böyük məsuliyyəti də dərk etməyimizi tələb edir. İndi oyunlar elə səviyyədə və ritmdə aparılır ki, bütün cəmiyyət həssas məkana çevrilmişdir. Buna görə də regional və multiregional miqyaslarda uğurlu olmaq üçün Azərbaycanda güclü cəmiyyət qurmaq gərəkdir. Azərbaycan cəmiyyəti güclü olmasa, heç bir siyasi məharət problemi tam həll edə bilməz. İnformasiya müharibəsinin bu cür sərt və güzəştsiz şərtləri aspektində “güclü cəmiyyət nədir?” sualına cavab axtarışı xeyli aktuallaşır.
Güclü cəmiyyətin informasiya təminatı
Biz “güclü cəmiyyət” anlayışının fəlsəfi və ya siyasi-nəzəri tərifini vermək niyyətindən uzağıq. Çünki bu elmi problem çoxaspektlidir, xüsusi araşdırmalar tələb edir. Lakin indi Azərbaycana qarşı aparılan informasiya savaşının iç cəbhəsi aspektində güclü cəmiyyətin bir sıra xüsusiyyətləri üzərində dayanmaq faydalı olardı.
Güclü cəmiyyət başqa toplumlara və qövmlərə yuxarıdan aşağı baxan kollektiv deyildir. Cəmiyyətin informasiyaya qarşı dayanıqlılıq kontekstində gücü istənilən kritik situasiyada birliyini saxlaya və eyni zamanda, yaranmış vəziyyətdən kreativ (yaradıcı və innovativ) nəticələr çıxara bilməsidir. Yəni burada cəmiyyətin həm özünə empatiyası (özünü daxilən dərk edə bilməsi, özünün “adekvat surətini çıxara bilməsi səviyyəsi”), həm də ətraf mühitlə münasibətlərini milli maraqlara uyğun qura bilməsi önəm kəsb edir. Bu zaman, güclü cəmiyyət müstəqil qərarlar qəbul etmək iqtidarında olmalıdır. Bu şərt önəmlidir, çünki toplum müstəqil qərara gələ bilmirsə, onun azadlığından danışmağın anlamı qalmır. Azad olmayan toplum isə heç bir halda öz taleyinə sahib çıxa bilmir – kənardan asılılıq həyat tərzinə çevrilir.
Liderə qarşı qaydasız müharibə
Vurğuladığımız bağlılıqda cəmiyyətin gücünün təməlində kollektiv birliyin təməl təminedici faktoru olan Lider – Xalq birliyinin dayandığını demək mümkündür. Məsələ ondan ibarətdir ki, müasir araşdırmaçıların yekdil mövqeyinə görə, artıq dünya miqyasında əsas faktorlar kollektivlərdir – cəmiyyətlər, dövlətlər qrupu, regionlar, multiregional sibyektlər, müxtəlif siyasi, hərbi, iqtisadi, hüquqi birliklər (və ya təşkilatlar) və s. Bu özəlliyin müstəqil dövlət aspektində birbaşa təzahürü cəmiyyətin birliyidir ki, onun da təminində lider-toplum münasibətlərinin xarakteri və məzmunu dayanır. İndi ləyaqətli lideri olmadan heç bir müstəqil dövlətin və ya cəmiyyətin uğur qazanması mümkün deyildir! Bu, politoloji və fəlsəfi aksiomdur! Həmin səbəbdən, ləyaqəti, fəallığı müstəqil siyasətdə ifadə olunan hər bir dövlətə və ölkəyə qarşı informasiya savaşının mahiyyəti onun ldierini legitimsizləşdirməkdən ibarətdir.
Liderin legitimsizləşdirilməsi birbaşa və açıq proses kimi aparılmır. Cəmiyyətin müxtəlif kəsimlərində zahirən neytral görünən elə proseslərə təkan verirlər ki, əsas hədəfin lider olduğunu yalnız yekunda anlayırsan. Bunun üçün bir neçə istiqamətdə həmlələr müşahidə edilir.
Birincisi, liderin şəxsi kimliyi haqqında yalan informasiyalar yayırlar. Bu zaman cəmiyyətin tarixi təkamül özəlliyindən asılı olaraq Liderin etnik kimliyini təhrif edirlər. Adətən, həmin etnik kimlik məsələsi cəmiyyətin titul millətinin kimliyinin ziddinə olur. Təcrübə bunun bir qayda olduğunu göstərir. Məsələn, Azərbaycanda müasir mərhələdə liderlərin etnik kimliyi haqqında mütəmadi olaraq düzgün olmayan informasiyalar yaymışlar.
XX əsrin son onilliyi və XXI əsrin ilk üç onilliklərində Azərbaycanda aparılan informasiya savaşının əsas elementlərindən biri bundan ibarətdir. Bu zaman əsasən üç faktordan istifadə edirlər – məsələn, filan Azərbaycan lideri türk deyil, ya farsdır, ya kürddür və hətta erməni əsillidir. Guya illər öncə Azərbaycana ermənilər Azərbaycan soyadları ilə gəlmişlər və indi bizimlə öz dilimizdə danışanlar əslində ermənidirlər. Bu primitiv priyom olsa da, təhlükəlidir. Çünki onu azərbaycanlı şüuru qəbul etsə, hər kəs hər kəsdən şübhələnməlidir. Şüuraltında belə psixoloji sindrom yaranır ki, səninlə öz dilində danışan belə ermənidir! Bu üsulu bir sıra hallarda regional faktora da tətbiq etməyə çalışırlar.
Reallıq necədir? Azərbaycanda heç zaman hansısa etnik mənsubluq mənfi qiymətləndirilməmişdir və bu, böyük üstünlükdür. Azərbaycanda fars, kürd və ya hətta erməni olmaq qüsur deyildir, əksinə, zənginlikdir. Azərbaycanlı psixologiyasında bu, bir qaydadır, normadır. Lakin lider səviyyəsində bu məsələni alovlandırmaqda xüsusi məqsəd informasiya savaşının iç cəbhəsində Azərbaycan vətəndaşlarının arasına nifaq salmaq, onların bir-birinə inamsızlığına nail olmaq və nəticədə toplumu psixoloji olaraq parçalamaqdan ibarətdir. Məsələ uğurlu liderə bağlandıqda isə həssaslıq daha da artır. Bir sıra sadəlövh insanlar özlərindən və liderlərindən şübhə edirlər və çox təhlükəli “bu lider bizdən deyil” kimi sindroma tutulurlar. Bu, baş versə, bütövlükdə cəmiyyət və dövlət ciddi risk qarşısında qalmış olur!
XX əsrin 90-cı illərinin əvvəllərində müəyyən dairələrdə xüsusi ideoloji doktrinalar hazırlandı. Həmin doktrinaların əsas məqsədi fərqli düşünən dövlətlərdə, ölkələrdə və cəmiyyətlərdə pozucu, dağıdıcı, aşağılayıcı xarakterli informasiya müharibəsi aparmaqdan ibarət idi. Bu sırada keçmiş sovet respublikalarına qarşı fəaliyyət ayrıca yer tuturdu. Həmin mərhələdə Azərbaycanda baş verən proseslərin mahiyyətinə bu prizmadan baxanda müəyyən əlamətləri ayıra bilərik.
Öncə, ulu öndər Heydər Əliyev haqqında doğru olmayan informasiyalar yaymağa başladılar. Heydər Əliyevi bütün cidd-cəhdlə antimilli düşərgəyə aid olan “KQB generalı” kimi təqdim etməyə cəhdlər etdilər. Bu proses H.Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdandan bir neçə il sonra da davam etdi.
İnformasiya savaşının sərhədləri bununla məhdudlaşmırdı. Ə.Elçibəyin “ağzını cırmışdılar”, E.Məmmədovu Lefortovoda “satın almışdılar”, X.R.Ulutürk də “satqın imiş”. Bunlarla yanaşı, Azərbaycanda azadlıq hərəkatı tamamilə “saxta adamlar” tərəfindən kənar əmrlə təşkil olunmuş imiş. Bir qədər də irəli gedərək, bir sıra ünsürlər M.Ə.Rəsulzadəni ermənilikdə ittiham etməyə başlamışdılar.
Bunların fonunda Azərbaycanın böyük fikir sahiblərini aşağılayan şayiələr də yayırdılar. Bu informasiya müharibəsinin Azərbaycanda əsasən ermənilər və bəzi etnik qruplar tərəfindən icra olunduğu faktdır. Nəticədə necə bir mənzərə alınırdı: Azərbaycanda nə liderlər, nə də ziyalılar vətənə bağlı deyillər və onlar müasir mərhələdə ölkəni uğura apara bilməzlər
Bununla həmin dairələr liderlərə böhtan səviyyəsindən, ümumiyyətlə, Azərbaycan ziyalılarına qarşı informasiya savaşına keçdilər. Buradan isə, ümumiyyətlə, Azərbaycan xalqını aşağılamağa bir addım qalırdı. Çünki liderləri və ziyalıları etibarlı olmayan xalqın özü də mənəvi, mədəni və əxlaqi baxımdan “keyfiyyətsiz” olmalıdır.
Bütün bu təhlükəli proseslərin qarşısını ulu öndər Heydər Əliyev tarixi baxımdan qısa bir müddətdə qətiyyətlə aldı. Bu zaman siyasi, hüquqi, ideoloji aspektlər harmoniyada tətbiq edildi. Heydər Əliyev azərbaycançılıq ideologiyası ilə, “həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam” kəlamı ilə, yeni Konstitusiya qəbul etməklə, dövlət çevrilişlərinin qarşısını almaqla, bütün istiqamətlərdə inkişafı təmin etməklə buna nail oldu. Ulu öndər əsl güclü dövlət və cəmiyyət yarada bildi.
Kəskinləşən informasiya savaşı
Deməli, artıq Azərbaycana qarşı informasiya müharibəsində müəyyən təcrübə toplamış dairələr vardır. Biz də təcrübə toplamışıq. Üstəlik, Prezident İlham Əliyev Azərbaycanı güclü dövlət və güclü cəmiyyət kimi daha da inkişaf etdirərək, geniş bir geosiyasi məkanda bir sıra dövlətlərin və cəmiyyətlərin güclənməsi üçün uğurlu addımlar atmaqdadır. Bu da informasiya savaşını Azərbaycan üçün daha aktual edir və onun “iç cəbhəsi” ön plana çıxır.
Belə nəticə alınır ki, informasiya müharibəsinin gedişi Azərbaycan cəmiyyətinin gücündən xeyli asılıdır. Burada vətəndaşların Azərbaycan liderinə böyük dəstəyi çox vacibdir. Yaxın perspektivdə Azərbaycan cəmiyyətinin gücü bununla ölçüləcəkdir. Azərbaycan indi regional miqyası da aşaraq multiregional arenada fəaliyyət göstərir. Azərbaycan liderinin birləşdirici və inkişafetdirici sinerjisinə qarşı yeni üsullar yaratmağa çalışacaqlar. Bunlar gözlənilməz istiqamətlərdən ola bilər. Ancaq hamısının mahiyyəti birdir – Azərbaycan liderini, bizim dövləti, cəmiyyəti və insanları gözdən salmaq. Bu dövlətin və cəmiyyətin aparıcı ola bilməyəcəyi yalanını psixologiyaya yeritməyə çalışmaq. Bütün bunlara qarşı dayanmağın çox siyasi, ideoloji və texnoloji üsulları ola bilər. Lakin onlarla yanaşı, sadə vətəndaşların edə biləcəyi təsirli işlər də vardır. Biz nəyi nəzərdə tuturuq?
Məsələn, bir alimin, fəhlənin, sahibkarın və ya başqa sadə vətəndaşın informasiya müharibəsi şəraitində faydalı fəaliyyəti nədən ibarət ola bilər? Hər şeydən öncə, çalışdığı sferada uğurlu olmaq. Bunun üçün milliliyi, peşəkarlığı, mənəvi-əxlaqi dəyərləri, dövlətçiliyi, vətənsevərliyi, dürüstlüyü, hər bir Azərbaycan vətəndaşına sayğını qoruyub saxlamaq gərəkdir. Azərbaycan Prezidentinin səmimiliyindən, məharətindən, milliliyindən, dövlətçilik şüurundan, xalqa sevgisindən nümunə götürmək lazımdır. Hər hansı nümunəni kənarda – teleekranlarda, xarici təbliğatın saxta məntiqində, aldadıcı və hiyləgər rəmzlərində deyil, məhz Azərbaycanda, onun tarixində və bu günündə, liderinin şəxsiyyətində və fəaliyyətində, xalqın milli qürurunda, onun ziyalılarının nurlu simalarında, ataların qəhrəmanlığında, anaların ismətində görmək vacibdir!
Hər bir azərbaycanlı işində və ümumiyyətlə, həyat tərzində informasiya savaşını Vətənin, dövlətin, dövlət başçısının xeyrinə aparmağı bacarmalıdır! Qərəzli ideoloji-informasion dağıdıcılığın qarşısına Azərbaycan cəmiyyəti məhz bu iradəni göstərməlidir. Həmin iradənin təzahürü hər birimizin iş yerində, gündəlik həyatında, məişətindədir! Bunun çıxış tezisi belədir: “Mən Azərbaycan üçün nə edə bilərəm?”
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru