“Qara qızıl” ağ günlərimizə gur işıq saçır

post-img

Azərbaycan tarixən özünün yeraltı və yerüstü sərvətləri ilə bütün dünyada tanınıb. Amma əsrlər boyu xalqımız bu zənginlikdən lazımınca bəhrələnə bilməyib. Xüsusən də neft və qaz kimi təbii sərvətlərimiz uzun illər yadellilər tərəfindən istismar olunub. Yalnız respublikamız tarixi müstəqilliyinə qovuşduqdan sonra xalqımız yeraltı sərvətlərinə sahib çıxıb. 

Təsadüfi deyil ki, 30 il əvvəl – 1994-ci il sentyabrın 20-də Bakıda “Əsrin müqa­viləsi”nin imzalanması mərasimində Azər­baycanın yeni neft strategiyasının müəlli­fi, ulu öndər Heydər Əliyev demişdir: “Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olunduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dün­yaya bir daha nümayiş etdiririk… Müstəqil Azərbaycan Respublikası öz taleyinin, öz sərvətlərinin sahibi kimi bu əməkdaşlıq sayəsində dünya birliyində, dünya iqtisadi birliyində öz layiqli yerini tutacaqdır”. 

Beləliklə, 1994-cü ildən etibarən Azər­baycan Respublikasında həyata keçirilən milli neft strategiyasının uğurlu nəticəsi olaraq ölkədə xarici neft şirkətləri ilə bir­likdə kartbohidrogen ehtiyatlarının ge­nişmiqyaslı istismarı və nəqlinin həyata keçirilməsinə başlanılıb. Azərbaycanın yeni neft strategiyasının növbəti mərhələ­sində “Azəri-Çıraq-Günəşli” yataqlar blo­kunun neft ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən gəlirlərın toplanaraq artırılması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələ­rin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsıni təmin etmək məqsədilə ölkə Prezidenti Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli, 240 saylı fərmanı ilə Dövlət Neft Fondu yara­dılıb. 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) hüquqi şəxs qismində təsis olunmuş büdcədənkənar dövlət tə­sisatıdır. Qurumun ali məqsədi tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bu­günkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi təşkil edir. Bu ideya ulu öndər Heydər Əliyevin “Neft Azərbay­canın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” kəlamı ilə tam səs­ləşir. Bir sözlə, ARDNF ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurlu nəticələ­rinə, ölkənin neft sərvətlərinin səmərəli və məqsədyönlü idarə edilməsinə, kar­bohidrogenlərin bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq onlardan xalqımızın indiki və gələcək nəsillərinin eyni dərəcədə bəhrələnməsinə imkan yaratmaq məqsədilə yaradılıb. Bununla yanaşı, fond Azərbaycanda makroiqtisadi sabitliyin qorunmasına, maliyyə-vergi inti­zamının təmin edilməsinə, neft gəlirlərin­dən asılılığın azaldılmasına və qeyri-neft sektorunun inkişafına, eləcə də ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilmə­sinə əvəzsiz töhfələr verir. 

Ötən 25 ilə yaxın dövr ərzində Dövlət Neft Fondu institusional quruculuq baxı­mından böyük inkişaf yolu keçib. Belə ki, fondun normativ-hüquqi bazasının, vəsaitinin formalaşma mənbələrinin və istifadəsi qaydalarının təkmilləşdirilmə­si istiqamətində mühüm addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanları ilə Dövlət Neft Fondu­nun fəaliyyətini tənzimləyən əsas qanun­vericilik aktlarında edilmiş dəyişikliklərə əsasən fondun formalaşması mənbələri­nin təsnifatı genişləndirilib, onun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi qaydaları, büdcəsinin tərti­bi mexanizmi təkmilləşdirilib. 

Azərbaycan Respublikası Dövlət Fon­du real olaraq fəaliyyətinə 2001-ci ilin iyun ayında başlayıb. Bu da fondun fəaliyyə­ti üçün hüquqi bazanın yaradılması ilə bağlı olub. Məlum olduğu kimi, 1999-cu ilin dekabrında ölkəmiz “Əsrin müqavilə­si” çərçivəsində ilk mənfəət neftini əldə edib. Ötən illər ərzində Azərbaycan Res­publikası Dövlət Neft Fondu ölkədə döv­lət proqramlarının və layihələrin icrasına mühüm töhfələr verib. Fond tərəfindən qaçqınlarin və məcburi köçkünlərin sosi­al-məişət və məskunlaşma problemlərinin həlli ilə bağlı tədbirlərin, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Oğuz-Qəbələ-Bakı su kəməri­nin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının, Cənub Qaz Dəh­lizinin, Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihə­sində Azərbaycan Respublikasının iştirak payının, həmçinin Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının forma­laşdırılması kimi tədbir və layihələrin ma­liyyələşdirilməsi bu baxımdan diqqəti cəlb edir. 

Beləliklə, ötən müddətdə fondun vəsa­itlərindən “Azəri-Çıraq-Günəşli” yataqları­nın işlənməsi üzrə layihədə ARDNŞ-nin iştirak payının maliyyələşdirilməsinə 87,6 milyon manat, Heydər Əliyev adına Ba­kı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə 298 milyon manat, qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaş­ma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə 2 milyard 702,7 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 1 milyard 469,6 mil­yon manat, Oğuz-Qəbələ-Bakı şəhərinə su kəmərinin çəkilişinə 779,6 milyon ma­nat və Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 748,6 milyon manat ayrılıb. 

Bununla yanaşı, fondun xəzinəsindən “Cənub Qaz Dəhlizi” QSC-nin nizam­namə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsinə 1 milyard 530,3 milyon manat, Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə 1 milyard 663,3 milyon manat, Xəzər dəni­zində yeni, müasir üzən qazma qurğusu­nun tikintisi layihəsində ölkəmizin iştirak payının maliyyələşdirilməsinə isə 904,6 milyon manat vəsait xərclənib. Ölkəmiz­də qeyri-neft sektorunun inkişaf etdilməsi məqsədilə Azərbaycan Respublikası Pre­zidentinin 30 mart 2006-cı il tarixli sərən­camı ilə yaradılmış “Azərbaycan İnvesti­siya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının formalaşdırılması üçün tələb olunan 90 milyon manat da Neft Fondunun vəsaiti hesabına təmin edilib. 

Azərbaycan dövlətinin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz əsl sahibi olduğu nef kimi əvəzsiz sərvəti insan ka­pitalına çevirə bilib. Bu məqsədlə ötən il­lərdə Dövlət Neft Fondunun büdcəsindən təhsilə xeyli vəsait ayrılıb. Təkcə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proq­ramı”nın həyata keçirildiyi dövrdə dünya­nın 32 ölkəsinin nüfuzlu ali məktəblərinə qəbul olunmuş 3302 nəfər azərbaycanlı gəncin yaşayış, təhsil haqqı, yol, sığorta, viza və qeydiyyat xərclərinin ödənilmə­sinə fond tərəfindən 212 milyon 681,4 min manat vəsait xərclənib. Bundan əlavə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təh­sil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində ARDNF tərəfindən, ümümi­likdə, 52 milyon 783,8 min manat, o cüm­lədən cari ilin ilk rübü üzrə 3 milyon 204,2 min manat vəsait ayrılıb. Eyni zamanda, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilmə­sinə fond tərəfindən 65 milyon 471,9 min manat vəsait xərclənib. 

Fondun Azərbaycan iqtisadiyyatın­da ən böyük rolu onun dövlət büdcəsinə transfertindən başlayır. Bu isə 2003-cü ilə təsadüf edir. Yəni həmin ildən etibarən Azərbaycan xarici şirkətlərlə tərəfdaşlıq çərçivəsində əldə etdiyi ilk neft gəlirlərini dövlət büdcəsi xətti ilə ölkə iqtisadiyyatı­na, əhalinin həyat səviyyəsinin yaxşılaş­dırılmasına yönəldir. Ötən 21 il ərzində fondun vəsaitlərindən Azərbaycan Res­publikasının dövlət büdcəsinə, ümumi­likdə, 146 milyard 346,2 milyon manat vəsait ayrılıb. Büdcəyə transfert olunan vəsaitlər isə öz növbəsində Azərbaycanın istər infrastruktur, istər elm və təhsil, istər­sə də sosial və iqtisadi cəhətdən inkişaf etməsində mühüm rol oynayıb. Yeri gəl­mişkən, ilk illərdə ARDNF-dən büdcəyə edilən transfertlər büdcə xərclərinin 8,2 faizini təşkil etdiyi halda, 10 il bundan əv­vəl bu göstərici 58 faizə çatıb. 2021-ci ildə isə büdcə gəlirlərinin 43 faizi Neft Fondun­dan edilən transfert hesabına formalaşdı­rılıb. Göründüyü kimi, ötən illərdə büdcə gəlirlərində Neft Fondundan daxilolmalar 20 faiz azalıb. Bu isə, heç şübhəsiz, Azər­baycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir. 

Azərbaycanın suveren fondu Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Ameri­ka Ticarət və İnkişaf Agentliyi, Beynəlxalq Maliyyə Korporasiyası və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü kimi beynəlxalq təşkilatlarla iqtisadi siyasət və tərəfdaşlıq fəaliyyəti həyata keçirir. Bu yaxınlarda isə ARDNF investorlar konsorsiumun üzvü kimi dünyanın ən böyük özəl təhsil müəs­sisələrindən biri olan “GEMS Education” şirkətinə 100 milyon dollar məbləğində yatırım edib. Bütün bunlar fondun qlobal arenada etibarlı investor kimi qəbul edil­məsinin göstəricisidir. 

Yeri gəlmişkən, Azərbaycan Respubli­kası Dövlət Neft Fondu 2018-ci ildə dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib. Suveren Fondlar İnstitutu tərəfin­dən qurumların fəaliyyətlərində tətbiq etdiyi innovasiyalar, xüsusi proqramlar, maliyyələşdirmə mexanizmləri, gəlirlilik göstəriciləri, mövcud şərait, həyata keçi­rilmiş təşəbbüslər kimi mühüm meyarlar nəzərə alınmaqla tərtib edilmiş qlobal miqyaslı siyahıda ARDNF 10-cu yeri tu­tub. Bununla yanaşı, beynəlxalq səviyyə­də Azərbaycan brendi kimi tanınan Dövlət Neft Fondu dünyanın 60 ən şəffaf suveren fondu siyahısında 4-cü sırada qərarlaşıb.

2017-ci il sentyabrın 14-də “Xəzər dənizinin Azərbaycan sektorundakı “Azə­ri”, “Çıraq” yataqlarının və “Günəşli” ya­tağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tər­tib olunmuş saziş”ə əsasən neft hasila­tının 2049-cu ilədək davam etdiriləcəyi proqnozlaşdırılır. Eyni zamanda, hazırda işlənmənin ikinci mərhələsində olan “Şah­dəniz” yatağında qaz hasilatı ildən-ilə ar­tır. Bütün bunlar isə Azərbaycan iqtisadiy­yatının, nəsillərin güvənc yeri olan Dövlət Neft Fondunun xəzinəsinə əlavə gəlirlər gətirəcək.

Mirbağır YAQUBZADƏ
XQ 

Məqalə ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azər­baycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin tə­minatında və ölkə iqtisadiyyatının in­kişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

İqtisadiyyat