İnflyasiya aşağı enir

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar–iyun aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,4 faiz, qeyri-qida məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 faiz təşkil edib.

Məlumata görə, bu ilin iyun ayında is­tehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 101,1 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulat­ları üzrə 100,2 faiz, qeyri-qida məhsulları üzrə 101 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 faiz olub.

Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulat­ları üzrə istehlak qiymətləri indeksi əvvəl­ki aya nisbətən 99,6 faiz təşkil edib.

İyunda ayrı-ayrı qida məhsullarından may ayına nisbətən daha çox azalma qarabaşaq yarması, təzə balıq, paste­rizə olunmamış üzlü süd, günəbaxan və qarğıdalı yağları, banan, gilas, alça, ərik, pomidor, xiyar, şirin bibər, badımcan, göy lobya, süfrə çuğunduru, yerkökü, sarımsaq, baş soğan və kartofun, artım isə əsasən un, makaron, mal və qoyun əti, yumurta, zeytun yağı, limon, alma, çiyələk, kivi, ağ kələm və göyərtinin qiy­mətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişik­liklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə isteh­lak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz olub. Qeyri-qida mallarından daha çox artım parçalar, yay geyimləri, kəsilmiş taxta və zərgərlik məmulatları qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 100,3 faiz təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmət­lərdən artım əsasən xalçaların yuyulması, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişinda­şıma, hava nəqliyyatı ilə beynəlxalq sər­nişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmət­lərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xatırladaq ki, inflyasiyanın azalma­sı cari ilin əvvəlindən davamlı prosesə çevrilib. 2024-cü ilin yanvar ayında ölkə­də illik inflyasiya 1,7 faiz təşkil edib. Bu göstərici 2023-cü və ondan əvvəlki illərin yanvar aylarında müvafiq olaraq 12,5 faiz və 13,6 faiz olub. Həmin vaxt ölkədə illik inflyasiyanın kəskin enmə səbəbi ilə bağlı İqtisadiyyat Nazirliyinin məlumatında bil­dirilirdi ki, 2023-cü il ərzində respublika­mızda inflyasiyada əvvəlki illə müqayisə­də azalma davam edib. Belə ki, ötən ilin dekabr ayında cəmi məhsul və xidmətlər üzrə illik inflyasiya əvvəlki ilin müvafiq göstəricisinə nəzərən 12,3 faiz bəndi azalaraq 2,1 faiz təşkil edib. 2023-cü ilin dekabr ayında ərzaq məhsulları üzrə illik inflyasiya 0,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 2,7 faiz, ödənişli xidmətlər üzrə isə 3,7 faiz olub. İnflyasiyada səngimə 2024-cü ildə də davam edib və cari ilin yanvar ayında bu göstərici 1,7 faizə enib.

Ticarət tərəfdaşları üzrə inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazar­larında qiymətlərin enməsi, profisitli tə­diyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, hökumət tərəfindən həyata keçirilən an­tiinflyasiya tədbirləri inflyasiyaya azaldıcı təsir göstərib.

Həmin vaxt Maliyyə Nazirliyinin mə­lumatında isə bildirilir ki, qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaqla inflyasiyaya azaldıcı təsir göstərir. Qiymətlərin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi, eyni zamanda, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşması­nı qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini mi­nimallaşdırmaq məqsədilə Nazirlər Kabi­netinin “Azərbaycan Respublikasında an­tiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında”, eləcə də “İnflyasiya və qiymətlər üzrə mo­nitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncamlarında nəzərdə tutulan kompleks tədbirlərin icra­sı da inflyasiyanın azalmasını şərtləndirir.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat