Şuşa Zirvə görüşü Türk dünyasını yeni ortaq hədəflərə yönəltdi

post-img

Azərbaycan Türk dünyasının qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylərini təşəbbüskarlıqla davam etdirir. 

Qədim tarixi köklər, etnik birlik, ortaq mədəniyyət, oxşar adət-ənənələr, zəngin milli-mənəvi dəyərlər və humanist dini inanc üzərində ölkəmizin fəal iştirakı ilə yenidən formalaşan çoxtərəfli əməkdaş­lıq Türk Dövlətləri Təşkilatını Avrasiyanın nüfuzlu güc mərkəzinə çevirir.

Türk xalqları dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, im­periyalar yaratmış, bəşəriyyətə dahi şəx­siyyətlər bəxş etmişlər. Azərbaycan bu yüksəlişin mərkəzi coğrafiyası kimi ortaq tariximizdə də silinməz izlər qoyub. Sovet imperiyasının süqutundan sonra yaran­mış tarixi şəraitdə ölkəmiz müstəqillik qa­zanmış qardaş dövlətlər də daxil olmaqla Türk dünyasının sıx birləşməsi, onun si­yasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilmə­si üçün önəmli addımlar atmış və layiqli töhfələr vermişdir. 

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi bu strateji xətti uğurla da­vam etdirən Prezident İlham Əliyev Türk ölkələri ilə əlaqələrin genişləndirilməsini, Türk dünyasının və Türk Dövlətləri Təş­kilatının gücləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti elan etmişdir. “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çev­rilməlidir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”. Bu fikirləri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin iyul ayının 6-da Türk Döv­lətləri Təşkilatının Dövlət başçılarının Şu­şada keçirilən qeyri-rəsmi Zirvə görüşün­dəki çıxışı zamanı səsləndirdi.

Dövlətimizin başçısı Şuşa zirvəsin­dən dünyaya bəyan etdi ki, Türk dünya­sı böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstər­mişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiya­nı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir.

Qardaş Türk ölkələri və toplumları ilə qarşılıqlı-faydalı və çoxşaxəli əməkdaşlıq əlaqələri quran Azərbaycan Türk Döv­lətləri Təşkilatının fəaliyyətinin genişlən­dirilməsi üçün bütün imkan və vasitələri səfərbər edib. Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını nəzərə alaraq, Azər­baycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür. Şərq–Qərb nəqliyyat dəh­lizinin genişləndirilməsi qarşıda duran prioritet məsələlərdən biridir. Bakı-Tbi­lisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılmışdır.

Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir, artan yükdaşımalarını nəzərə alaraq Bakı gəmiqayırma zavodunda daha 6 gəmi inşa edilir. Növbəti il Laçın Beynəlxalq Hava Limanının istismara verilməsi, Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər genişləndirilməsi də bu baxım­dan xüsusi əhəmiyyət kəsb edəcəkdir. 

Türk dövlətləri arasında enerji sahə­sində mövcüd olan strateji tərəfdaşlıq, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq da ol­duqca əhəmiyyətlidir. Xəzər dənizi vasitə­silə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommuni­kasiya marşrutu yaratmaq məqsədi daşı­yan “Rəqəmsal İpək yolu” layihəsi isə son illərin mühüm təşəbbüslərindən biridir.

Qarşıdakı illərdə türk dövlətləri ara­sında mövcud hərtərəfli əlaqələr daha da genişləndiriləcəkdir. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə imzalanan “Qarabağ Bəyannaməsi” bu baxımdan mühüm prinsipləri və yeni hə­dəfləri özündə ehtiva edir. İqtisadi inkişaf, regional əlaqələr, iqlim tədbirləri, texno­logiya və müdafiə sahəsində əməkdaş­lıq kimi sahələri əhatə edən, üzv ölkələr arasında mədəni və tarixi bağları bir daha təsdiqləyən “Qarabağ Bəyannaməsi” türk dünyasının həmrəyliyini və Türk Dövlətlə­ri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.

“Qarabağ Bəyannaməsi”nin imzalan­ması üçün məhz Şuşa şəhərinin seçilmə­si, onun tarixi vacibliyini daha da artırır. Belə ki, Qarabağın tacı Şuşa şəhəri hə­mişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlə­rindən biri olmuşdur. 30 ilə yaxın əsarət altında olan Şuşanın Vətən müharibəsi nəticəsində işğaldan azad olunması, onun bərpası Azərbaycan kimi, onun müt­təfiqləri üçün də tarixi dəyər daşımaqda­dır.

Yeri gəlmişkən bildirək ki, Azərbay­can bu il COP29 qlobal konfransına ev­sahibliyi edəcək. COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan böyük etima­dının daha bir nümunəsidir. Bir məsələyə diqqət yetirək ki, ötən 29 ildə keçmiş it­tifaq respublikalarının heç birində belə bir qlobal hədəfli beynəlxalq məclis ke­çirilməyib. Azərbaycan keçmiş sovet mə­kanında ilk respublikadır ki, bu mötəbər toplantıya evsahibliyi edəcək. 

Belə möhtəşəm tədbirin Azərbaycan­da keçirilməsinə türkdilli dövlətlər ümu­mi maraqdan çıxış edərək böyük dəstək vermişdir. Bu məsələ ilə bağlı həmrəylik Zirvə görüşündə iştirak edən TDT liderlə­rinin çıxışlarında bir daha öz əksini tapdı. Qeyd olundu ki,

Azərbaycanın COP29-a ev sahibliyi regional əməkdaşlıq baxımından da bö­yük önəm daşıyır.

Xalqımız əmindir ki, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət baş­çılarının qeyri-rəsmi Zirvə görüşü ölkələ­rimiz arasında həmrəyliyin və qarşılıqlı etimadın daha da güclənməsinə, Türk dünyasının birgə səylərlə daha parlaq gələcəyə doğru irəliləməsinə geniş mey­dan açması ilə ortaq tariximizdə silinməz iz qoyacaqdır. 

Niyazi BAYRAMOV,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı

 

Siyasət