“Ordubad” Qoruğunun mühafizəsi gücləndirilib
Prezident İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında müvafiq sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti ötən həftə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejiminin təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
Qərarda qoruğun tarix-memarlıq görkəmini, ərazisində yerləşən abidələrin təhlükəsizliyini, onların funksional təyinatını və uzunömürlülüyünü təmin etmək, habelə qoruğun ətrafında formalaşmış təbii landşaftı mənfi vizual təsirlərdən qorumaq məqsədilə qoruğun mühafizə (bufer) zonasının yaradılması, qoruğun Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən idarə edilməsi, qoruğun ərazisində yerləşən dövlət mülkiyyətində olan abidələrin nazirliyin balansında olması, qoruğun hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililərin yeraltı mədəni təbəqələrlə birlikdə xüsusi rejimli sahə hesab olunması və digər mühüm məsələlər öz əksini tapmışdır.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən XQ-yə verilən məlumatda bildirilir ki, hökumətin qərarına uyğun olaraq, qoruq ərazisində həyata keçirilən işlər Ordubad şəhərinin baş planına, qoruğun statusuna, onun müfəssəl planına, inkişaf konsepsiyasına, tarix-memarlıq görkəminə, planlaşma strukturuna uyğun olmalı və təşəkkül tapmış həcm-məkan ölçülərini pozmamalıdır.
Bundan sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq rəyi olmadan qoruq ərazisində torpaq, söküntü, tikinti-quraşdırma, yenidənqurma, abadlıq və təmir işləri aparılması məhdudlaşdırılmışdır. Qoruğun ərazisində arxeoloji qazıntı işləri aparmaq üçün isə müvafiq icazə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilir. Hazırda qoruğun fəaliyyətinin təşkili istiqamətində işlər davam etdirilir.
Şəffaf və rəqabətli hərrac
Dünən Naxçıvan Biznes Mərkəzində şəffaf və rəqabətli hərrac mövzusunda toplantı keçirilib. Tədbirə müvafiq dövlət qurumları və nazirliklərin nümayəndələri, eləcə də hərrac iştirakçıları qatılıblar.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini Abbas İsmayılov bildirib ki, muxtar respublikada iqtisadi fəallığı gücləndirmək və yeni yanaşmalar tətbiq etməklə özəlləşdirmə prosedurlarının, hərraclar vasitəsilə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əmlakların, torpaqların, qeyri-yaşayış sahələrinin icarəyə verilməsinin və satışının elektronlaşdırılması, bu sahədə şəffaflığın, operativliyin təmin olunması prioritet kimi müəyyən edilib.
Diqqətə çatdırılıb ki, 2024-cü ilin 6 ayı ərzində 102 dövlət əmlakının özəlləşdirilməsi başa çatıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çox olub. Bu ilin əvvəllərindən başlayaraq daşınmaz dövlət əmlakının icarəyə verilməsi sahəsində də mühüm tədbirlər həyata keçirilib.
Sonra hərracın keçirilməsinə başlanılıb. Hərraca 11 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan dövlət əmlaklarına, ümumilikdə 21 sifariş qəbul olunub. Hərracda nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub, hərrac şəffaf və rəqabətli keçib.
NDU beynəlxalq sertifikat qazanıb
Ölkənin təhsil məkanında ilk dəfə Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən IELTS qeydiyyat və imtahan mərkəzində növbəti imtahan uğurla başa çatıb. Bu imtahanda uğurlu nəticə göstərənlərə beynəlxalq sertifikatlar təqdim edilib.
Bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev diqqətə çatdırıb ki, Britaniya Şurası ilə səmərəli əməkdaşlıq çərçivəsində IELTS mərkəzi muxtar respublikada populyarlaşıb və imtahanda iştirak edənlərin sayında artım dinamikası hiss olunur. Muxtar respublikada ingilisdilli kadrların yetişdirilməsində NDU-nin Beynəlxalq Məktəbinin “Kembric” statusu alması gələcəkdə bu sahədə peşəkar kadrların artmasına hesablanmış ən mühüm addımdır.
Cənubi Qafqaz ölkələri üzrə imtahanlar departamentinin müdiri Nərgiz Əkbərova dünyanın 3 mindən çox nüfuzlu universitetində tətbiq olunan IELTS imtahanlarının üstünlüklərindən bəhs edib. IELTS mərkəzinin koordinatoru Bayram Əliyev qeyd edib ki, ingilisdilli təhsilin həyata keçirilməsində mərkəzin əhəmiyyətli rolu var.
Britaniya Şurasının Azərbaycanda ilk dəfə Naxçıvan Dövlət Universitetində açılan yeganə imtahan mərkəzi olduğunu təsdiq edən sertifikat ali məktəbə təqdim edilib. IELTS imtahanında yüksək nəticə göstərənlərə isə beynəlxalq sertifikatlar verilib.
Səbuhi HƏSƏNOV
XQ