İttifaq MİRZƏBƏYLİ
[email protected]
Ermənistanın davakar “sülhməramlı”ları
Mən bir ekspertlə bu məsələ ilə bağlı söhbət edərkən dedim ki, məntiqlə danışsaq, onlar ya “sülhməramlı qüvvələr” ifadəsinin mənasını başa düşmürlər, ya da hərbi əməkdaşlıq etmək istədikləri ölkələrdə qrant naminə kimisə aldatmağa çalışırlar. Ekspertin münasibəti daha maraqlı oldu: “Ermənistanda indiyədək beynəlxalq hüquqa, diplomatiyaya, ən azı məntiqə əsaslanan hansı addım atılıb ki, sülhməramlı qüvvələr məsələsini də həmin çərçivəyə tətbiq edə bilsinlər?”
Söhbət ondan gedir ki, mətbuatın yaydığı məlumata görə iyulun 15-dən 24-dək Ermənistanda “EAGLE PARTNER 2024” adlı hərbi təlim keçiriləcək. Sən demə, bütün dünyanın işğalçı dövlət kimi tanıdığı, Xocalı soyqırımını törətmiş, Azərbaycan ərazisinin 20 faizini otuz il ərzində vəhşicəsinə viranəyə çevirmiş xunta tipli dövlətin quldur xislətli hərbçiləri haradasa, kimlər arasındasa barışa nail olmaq üçün sülhməramlı missiyanı yerinə yetirə bilərmiş. Bu, son dərəcə absurddur.
Xatırladaq ki, sülhməramlı qüvvələr deyəndə hamının yadına düşən ilk məqam 1948-ci ildə yaradılmış, Birləşmiş Millətlər Təşkilatının dünyanın müxtəlif qaynar nöqtələrində baş verən münaqişələrin qabağını almaq və ya qısamüddətli həll yolunu tapmaq üçün formalaşdırılmış hərbi-silahlı qüvvələr olur. Doğrudur, sonradan BMT Nizamnaməsinə əməl etmək istəməyən siyasi güc mərkəzlərinin hərəsi öz sülhməramlı qüvvələrini formalaşdırıb. Amma onlar dünyada söz sahibi olan həqiqi güc mərkəzləridir. Ermənistanı həmin dövlətlərin hansı biri ilə müqayisə etmək olar?
Təkrar edirəm, həmin qüvvələr “münaqişənin qarşısını almaq üçün” yaradılmışdı. Ermənistan isə Fransanın dəstəyi, Emmanuel Makronun cidd-cəhdi ilə bölgədə yeni münaqişə yaratmaqdan ötrü əlindən gələni edir. Bu ölkənin konstitusiyasında az qala bütün qonşularına ərazi iddiaları var. İstənilən ərazi iddiasının isə potensial münaqişə mənbəyi olduğunu anlamayan yoxdur. Yəni münaqişə yaratmaqdan ötrü “burnunun ucu göynəyən” Ermənistan hansısa münaqişənin qarşısını almaq üçün sülhməramlı qismində fəaliyyət göstərəcək. Ağlasığmazdır.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, adı çəkilən təlimlərdə bu işğalçı ölkənin silahlı qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qüvvələrinin və Kanzas milli qvardiyasının hərbçiləri iştirak edəcəklər. Utanmadan yazırlar ki, təlim sülhməramlı tapşırıqlar zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə əməliyyatlarını əhatə edir.
Bir soruşan da yoxdur ki, kimi aldadırsınız? Əvvəla, qaniçən ordu ( indi daha onda orduluqdan əsər-əlamət qalmayıb) haradasa qan tökülməsinin qarşısını almağa çalışarmı? Təbii ki, yox. İkinci, BMT yaradılanda, daha doğrusu, həmin təşkilatın sülhməramlı qüvvələri formalaşdırılanda o qüvvələrin İkinci dünya müharibəsində qalib gəlmiş ölkələrin nizami hərbçilərindən təşkil edilməsi müəyyənləşdirilmişdi. Ermənistan ordusu isə hələ kapitulyasiya sənədinə qol çəkmiş və ümumi hərbçilərin 25 faizinin fərarilik etdiyi silahlı qüvvələr damğası altında fəaliyyət göstərir. Burada hansı nizami ordudan söhbət gedə bilər?
Yəni xoruzun quyruğu hamının gözünün qabağındadır. Uzaq-uzaq ölkələrdən gələn qoca-qoltuq missionerlər Azərbaycanın möhtəşəm qələbəsini həzm edə bilməyən siyasi dairələrin diktəsi ilə Ermənistanda min bir oyundan çıxırlar. Məqsəd bu işğalçı ölkədə hansısa təlim keçirmək yox, sadəcə olaraq, Ermənistanın ayağa qalxmasına kömək etmək, Azərbaycana hədə-qorxu gəlməkdir.
Elə ona görə də Prezident İlham Əliyev son nitqlərindən birində xatırladıb ki, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib: “Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu, demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq – biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir”.