Vaşinqtonda 75 illiyini qeyd edən Şimali Atlantika Alyansı çətin dönəmini yaşayır
Dünyanın gözü Vaşinqtona dikilib. Amerika Birləşmiş Ştatlarının hegemon olduğu planetin ən böyük hərbi alyansının yaradılmasının 75 illiyi münasibətilə dünən başlayan Zirvə görüşünə NATO üzvlərindən başqa, bir çox ölkələrin dövlət və hökumət başçıları da dəvət alıblar.
Siyasi ekspertlərin proqnozlarına görə, NATO liderlərinin Vaşinqton Zirvə görüşünün gündəliyində üstünlük təşkil edəcək mövzular Ukrayna, Rusiya və Avropanın hərbi xərcləri olacaq. Yubiley sammitin gündəmində NATO-nun 5 il bundan əvvəl xatırlamağa ehtiyac duymadığı uzaq bir coğrafiya –- Çin də var. Vaşinqton Sammiti ərəfəsində bu barədə “Wall Street Journal” məlumat yayıb. Dərginin analitikləri belə bir qənaətə gəliblər ki, Çin Ukraynaya qarşı müharibədə Rusiyaya gizli yardım edir. Bu səbəbdən son vaxtlar NATO ölkələri Çini öz sərhədləri daxilində casusluq, kiberhücumlar və dezinformasiya kampaniyaları aparmaqda ittiham edirlər. Bu zaman Çin Tayvanı dəstəkləyən Avropa ölkələrini cəzalandırmaqdan ötrü iqtisadi gücündən sui-istifadə edir. Hətta, jurnal alyansın adlarını açıqlamadığı diplomatlarına istinadla yazıb ki, NATO-nun yubiley sammitinin bəyannaməsində Rusiyanın Ukraynaya müdaxiləsini dəstəklədiyinə görə Çinin kəskin tənqid edilməsi də yer alacaq.
Alyans ümidləri doğrultmur
Şimali Atlantika Alyansının yubiley sammitində Azərbaycanı Xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. XİN-dən verilən məlumata görə, sammit çərçivəsində C.Bayramovun bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulub. O, həmçinin alyans tərəfdaşları ilə keçiriləcək tədbirdə iştirak edəcək.
“NATO Türkiyənin gözləntilərini doğrultmur. Bu, bəzi məsələlərdə, o cümlədən Yaxın Şərqlə bağlı durumda özünü göstərir. Biz bu istiqamətlərdə, müxtəlif səviyyələrdə müzakirələrimizi davam etdirəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yubiley sammitində iştirak etmək üçün ABŞ-yə yola düşməzdən əvvəl İstanbulun Esenboğa Hava Limanında keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ABŞ-də keçirəcəyi görüşlərdə bu məsələni xüsusilə diqqətdə saxlayacaq. R.T.Ərdoğan NATO-nun sammitindən gözləntilərini də dilə gətirib: “Ümid edirik ki, müzakirələr nəticəsində alyans daxilində həmrəylik və birlik ruhunu gücləndirmək üçün konkret qərarlar qəbul ediləcək”.
NATO-nun terrorla mübarizə istiqamətində səylərini gücləndirməyin vacibliyinə diqqətçəkən Türkiyə lideri, həmçinin Ukraynada davam edən müharibə barədə də danışıb: “NATO bu müharibədə tərəf olmamalıdır. Biz Türkiyə olaraq müharibənin ilk günündən etibarən ədalətli sülhün tərəfdarı olmuşuq və indi də bunun üçün çalışırıq”.
Alyansa etirazlar
Şimali Atlantika Müqaviləsi Təşkilatının dünyada yeritdiyi siyasətə ən çox ABŞ-nin özündə etiraz edilir. NATO-nun yubiley Sammiti ərəfəsində Vaşinqtonun mərkəzindəki kilsəyə toplaşmış vətəndaş fəalları hərbi alyansın ləğvi, NATO-nun dünyanın müxtəlif nöqtələrindəki bazalarının bağlanması ilə əlaqədar çağırışlar səsləndiriblər. Yerli mətbuatın eks-prezident Donald Trampın tərəfdarları kimi qələmə verdiyi aksiya iştirakçıları, həmçinin ABŞ-nin bu alyansdan çıxmasını tələb ediblər. Əllərində “ABŞ imperializmini dayandırın!”, “NATO-nun dəstəklədiyi müharibələrə son!”, “ABŞ bazalarını bağlayın!”, “Asiya, Afrika və Latın Amerikasından çıxın!” kimi radikal şüarlar yazılmış plakatlar tutan etirazçılar alyansın ölkənin təhlükəsizliyinə risk yaratdığını bildiriblər.
Yeri gəlmişkən, oxucuların nəzərinə çatdıraq ki, Donald Tramp seçkiqabağı təbliğat kampaniyasının gedişində bir neçə dəfə ABŞ-nin NATO-dan çıxmasının zəruriliyi barədə açıqlamalar verib. O, ümumiyyətlə, Ağ evin bu hərbi alyansa, eləcə də Ukraynaya maliyyə dəstəyini dayandırmağın ən düzgün addım olduğunu bəyan edib.
Bu məqamda, düşünrük ki, NATO-nun tarixinə və eləcə də Azərbaycan–NATO əməkdaşlığına qısa ekskurs etməyimiz yerinə düşər. 1949-cu ildə 12 dövlətin qurduğu, indi üzvlərinin sayı 32-yə çatan Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ilkin missiyası dünyada, o cümlədən strateji maraqlarının təminat məkanı kimi gördüyü Avropada təhlükəsizlik məsələlərində aparıcı rol oynamaq idi. Fəqət “soyuq müharibə” mərhələsi başa çatandan və SSRİ adlı “qırmızı imperiya” süquta uğrayandan sonra alyansın elan etdiyi prinsip və dəyərlərində dəyişmələr, hərbi-siyasi mövqeyində deformasiyaya uğramalar müşahidə olunmağa başladı. NATO-nun üzvlərin artırılması, daha geniş coğrafiyaya genişlənməsi yönündə planları bir çox hallarda, xüsusilə, Şərqi Avropada yeni qaynar nöqtələrin yaranmasına, ölkələr və xalqlar arasında faciələrlə müşayiət olunan hərbi qarşıdurmalara gətirib çıxardı. Bunlar yaxın tarixin hələ yaddaşlardan silinməyən sənədli xronikasıdır.
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçünün NATO dövləti (ABŞ, Fransa və İngiltərə) olduğuna diqqət yetirsək, onda son otuz ildə Şərqi Avropada, Yaxın Şərqdə, Şimali Afrikada, ərəb coğrafiyasında cərəyan edən xoşagəlməz hadisələrin mahiyyəti üzə çıxar. Həmin hadisələrin ilhamverici, hərəkətverici və hərbi təminatçısı qismində çıxış edən NATO qüvvələrinin ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaq kimi xoşagəlməz təcrübəsi də var. Fəqət, bütün bunların alyansın bu gün Vaşinqtonda öz işini davam etdirəcək yubiley sammitində müzakirə predmeti olacağına inanmaq çətindir.
NATO–Azərbaycan əməkdaşlığında yeni dönəm
Bu əməkdaşlığın tarixi otuz ili aşıb. 1994-cü il mayın 4-də Brüsseldə Azərbaycan Prezidenti Heydər Əliyev NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramını imzalayıb. Məhz həmin dövrdən başlayaraq NATO–Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün münbit şərait yaranıb.
1999-cu ilin aprel ayında Vaşinqtonda NATO-nun 50 illik yubileyinə həsr olunmuş dövlət və hökumət başçılarının sammitində alyansın yeni strateji konsepsiyasının qəbul edilməsi əhəmiyyətli hadisə olub. Alyansın həmin zirvə görüşündə çıxış edən Ümummilli lider Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və ölkəmizin Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə münasibətlərinin daha da dərinləşdirilməsinə hər cür kömək göstərəcəyini bildirib.
Üstündən bir ay keçəndən sonra, 1999-cu ilin may ayında NATO Parlament Assambleyasının Polşada keçirilən sessiyasında Azərbaycana bu qurumda müşahidəçi statusu verilib, 2001-ci il noyabrın 19-da isə ölkəmiz NATO-nun Parlament Assambleyasına assosiativ üzv qəbul edilib.
Xüsusilə qeyd etməliyik ki, Azərbaycan – NATO əlaqələri Prezident İlham Əliyevin dövründə daha sürətlə inkişaf edib. İlham Əliyev 2004-cü ilin mayında Brüsselə səfəri zamanı Bakının hazırladığı “Fərdi tərəfdaşlıq üzrə Əməliyyat Planı”nı NATO-nun baş katibinə təqdim edib. Həmin plana görə, Azərbaycan Şimali Atlantika Blokunun 300-ə yaxın proqramında iştirak etmək hüququ qazanıb. Bu planda iştirak Azərbaycanın NATO ilə əməkdaşlığı sahəsində dönüş nöqtəsi, yeni mərhələyə keçid rolunu oynayıb. Ölkəmiz bu qurumun imkanlarından istifadə edərək beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya imkanı qazanıb. Son dörd ildə NATO ilə Azərbaycanın ikitərəfli əlaqələri daha da intensivləşib. Azərbaycan Ordusunun NATO standartlarına uyğun formalaşdırılması prosesi davam etdirilir. Azərbaycanın nümayəndə heyəti alyans çərçivəsində keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Bu sırada Azərbaycan Ordusu birləşmələrinin NATO ilə əməkdaşlıq çərçivəsində Kosovo və Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirakını ayrıca vurğulamağa dəyər.
Bu gün 75 yaşını qeyd edən NATO ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsi başlayıb. Ən müasir standartlara cavab verən Silahlı Qüvvələrə sahib ölkəmiz bu hərbi-siyasi alyansla münasibətləri bərabərhüquqlu tərəfdaşlıq prinsipi ilə davam etdirməyə hazırdır.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
– Yetmiş beş il bundan əvvəl NATO güclü hərbi-siyasi blok kimi yaranıb. Bu blok SSRİ və onun sosialist düşərgəsinə daxil olan dövlətlərə qarşı konkret addımlar atmağa başladı. Çünki “soyuq müharibə” gedirdi, ABŞ ilə SSRİ arasında onilliklər ərzində soyuq münaqişlər baş verirdi. Doğrudur, indi vəziyyət kökündən dəyişilib. Hazırda, təbii ki, NATO-nun tamamilə yeni prioritetləri cızılmalıdır. Bu nöqteyi-nəzərdən yanaşanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqlıdır. Yəni, bu hərbi alyans keçmişlə yaşamamalı, müasir geosiyasi məqamları nəzərə alaraq, öz siyasətini daha çevik formada yürütməlidir. Amma biz nəyi müşahidə edirik? Ərdoğanın dediyi kimi, NATO rəhbərliyi qəbul etdiyi qərarların yekdilliklə yerinə yetirilməsinə çalışır. Bu yanaşma, əlbəttə ki, mövcud reallığa uyğun deyil.
Misal üçün, Türkiyə NATO üzvü kimi alyansın ən vacib, ən güclü oyunçularındandır. Fəqət, bir çox hallarda qardaş ölkə NATO-nun bəzi standartlarını qəbul etməklə yanaşı, eyni zamanda, özünün müstəqil, suveren siyasətini həyata keçirir. Ankara kiminsə diktəsi ilə hərəkət etmir. Vəziyyət və geosiyasi amillər bunu tələb edir. Bütün bunları nəzərə almaq lazımdır.
Azərbaycanın da NATO-nun yubiley sammitində iştirakı normal sayılmalıdır. Çünki ölkəmiz bu alyansın bir sıra proqramlarında tərəfdaş kimi iştirak edir. Rəsmi Bakı otuz ildir davam edən bu əməkdaşlıqdan heç vaxt imtina etməyib. Bundan sonra da belə bir fikrimiz yoxdur. Amma onu da açıq deməliyik ki, NATO-nun bəzi məsələlərə ikili yanaşması, ikili standartları Azərbaycanı qane edə bilməz. Əslində, Azərbaycan üzləşdiyi bir çox problemləri öz gücünə artıq həll edib. Ərazi bütövlüyümüzü kənar heç bir kömək olmadan özümüz bərpa etmişik. Buna baxmayaraq, güclü hərbi-siyasi blok olaraq NATO ilə əməkdaşlığımızı bundan sonra da davam etdirməyə hazırıq.
Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru
– Məsələnin maraq doğuran tərəfi odur ki, NATO-nun Vaşinqtonda keçirilən yubiley sammitinə Cənubi Qafqaz ölkələrinin üçünün də XİN başçıları dəvət olunub. Bu, o deməkdir ki, Azərbaycan ilə NATO arasında normal münasibətlər var və digər geosiyasi mərkəzlərlə əməkdaşlıq onu məhdudlaşdırmır.
ABŞ hazırda Ermənistan–Azərbaycan sülh danışıqlarında özünü vasitəçi kimi önə çıxarmaq niyyətindədir. Ceyhun Bayramovun Ararat Mirzoyanla görüşünün olub-olmamasına gəldikdə isə mətbuata verilən məlumata diqqət yetirsək, orada ancaq sammitdə iştirakdan və ikitərəfli görüşlərdən bəhs edilir. ABŞ tərəfi müxtəlif spekulyasiyalara yol verərək, özünü tərəflər arasında vasitəçi kimi göstərmək istəyir. Amma həqiqətdə, bu, belə deyil. Orada görüş baş tutsa da, ikitərəfli olacaq. ABŞ-nin hər hansı bir formada iştirakı nəzərdə tutulmur. Əgər Vaşinqtonda nazirlərin görüşü təşkil edilməsə, bu, Azərbaycanın belə görüşlərin yalnız özünün məqbul hesab etdiyi məkanlarda keçirilməsinə razı olduğu mənasına gələcək.
Bəli, ikitərəfli görüşlərin keçirilməsində hamı üçün məqbul sayılan yerlərin seçilməsi önəmlidir. Vasitəçisiz görüşlər yalnız Almaniya və Qazaxıstanda baş tutub. Əgər ABŞ-nin adı da bura əlavə edilsə, sabah Moskva və Tehrandan da belə dəvətlərin gəlməsi mümkündür. Fikrimcə, bu, o qədər də düzgün yanaşma deyil. Çünki görüşlər üçün elə məkanlar seçilməlidir ki, danışıqlarda əlavə gərginlik və rəqabətə səbəb olmasın.
İmran BƏDİRXANLI
XQ