Azərbaycan milli diplomatiyasının 105 illiyi ilə bağlı mərasim

post-img

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 105 illik yubileyinə həsr olunmuş rəsmi qəbul təşkil olunub. Bu barədə XQ-yə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, rəsmi qəbulda Xarici İşlər Nazirliyinin rəhbər heyəti, müvafiq dövlət qurumlarının yüksək səviyyəli nümayən­dələri, habelə ölkəmizdə akkreditə olun­muş diplomatik korpusun təmsilçiləri işti­rak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 9 iyul - diplomatik xidmət orqanları əmək­daşlarının peşə bayramı günü münasibə­tilə beynəlxalq müstəvidə ölkəmizin ma­raqlarını qoruyan və təşviq edən bütün əməkdaşlara təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Xidmə­ti fəaliyyətləri zaman dünyasını dəyişən diplomatların xatirəsi ehtiramla yad edi­lib.

Ölkə rəhbərliyi tərəfindən aparılan, milli maraqlara əsaslanan suveren, uzaq­görən və praqmatik xarici siyasət xəttinin ölkəmizin bütövlüyünün qorunmasına, vətəndaşlarımızın rifahına, inkişafına hədəfləndiyi, eyni zamanda, regional və beynəlxalq səviyyədə dayanıqlı inki­şafa töhfə verdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə qarşılıqlı hörmət və daxili işlərə qarışmama kimi prinsiplərin rəhbər tutulduğu ikitərəfli və çoxtərəfli münasi­bətlərin inkişaf etdirildiyi, habelə müxtəlif, o cümlədən iqtisadi, energetika, nəq­liyyat, humanitar, rəqəmsal diplomatiya sahələri üzrə təşəbbüslərin irəli sürüldü­yü bildirilib.

Uzun illər ölkəmizin xarici siyasət prioriteti olan keçmiş erməni işğalına son qoyulması istiqamətində ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən görülən böyük işlər nəticəsində ərazi bütövlüyü və suverenliyimizə beynəlxalq dəstəyin təmin edildiyi, bununla da Zəfərimiz üçün zəruri siyasi və hüquqi çərçivənin yara­dıldığı vurğulanıb. Keçmiş münaqişənin başa çatması ilə bölgədə yeni reallıq­ların, sülh, sabitlik və əməkdaşlığın qu­rulması üçün yeni imkanların yarandığı qeyd olunub. Yaranmış bu tarixi şəraitdə ölkəmizin hər zaman olduğu kimi, dialoq və sülh tərəfdarı qismində çıxış etdiyi, qarşı Ermənistan tərəfi üçün isə ərazi iddiaları əvəzinə, regional əməkdaşlığı seçmək vaxtının gəlib çatdığı qeyd edilib.

Hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən qlobal qeyri-sa­bitliyin fonunda Azərbaycanın baxışının çağırışlara qarşı mübarizədə möhkəm əməkdaşlığın gücləndirilməsi olduğu və bu baxışın irəlilədilməsinin xarici siyasə­timizin yeni proaktiv roluna dəlalət etdiyi bildirilib. Bu istiqamətdə, xüsusilə ailəmiz hesab etdiyimiz Türk Dövlətləri Təşkilatı­nın gücləndirilməsi, habelə COP29-a ev sahibliyimiz çərçivəsində iqlim dəyişik­liyi ilə mübarizə sahəsində inkişaf etmiş və inkişafda olan ölkələr arasında körpü yaradılması istiqamətində təşəbbüslərin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra çıxış edən Azərbaycan Pre­zidentinin köməkçisi - Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xari­ci İşlər Nazirliyində, o cümlədən xarici ölkələrdə fəaliyyət göstərən bütün dip­lomatik xidmət orqanları əməkdaşlarına, o cümlədən peşə bayramı ərəfəsində Prezident İlham Əliyev tərəfindən diplo­matik rütbə ilə təltif olunan diplomatlara səmimi təbriklərini çatdırıb. Keçmiş işğal və münaqişənin aradan qaldırılmasından sonra bu gün diplomatik xidmət orqanla­rı əməkdaşlarının peşə bayramının tam fərqli ab-havada qeyd olunduğu bildirilib.

Ölkəmizin regional və qlobal təşəb­büslərindən geniş danışan Hikmət Hacı­yev xüsusilə COP29-a sədrliyimizin qlo­bal çağırışlarla mübarizəyə sadiqliyimizi nümayiş etdirdiyini bildirib.

Regionumuzda sülh və təhlükəsizlik quruculuğunun vaxtının yetişdiyi, bölgə­mizin silahlara deyil, əməkdaşlığa ehti­yacının olduğu diqqətə çatdırılıb. Sülh prosesinin əsas komponenti olan sülh müqaviləsinin isə imitasiya xarakterli de­yil, həqiqi və səmimi olmasının vacibliyi, bu istiqamətdə, ilk növbədə, Ermənista­nın daxili auditoriyasının buna hazır ol­masının əhəmiyyəti vurğulanıb.

Ölkəmizdə akkreditə olunmuş diplo­matik korpusun duayeni Nasir Əbdül Kə­rim Əbdül Rəhim tədbirdə çıxış edərək Azərbaycanda fəaliyyət göstərən dip­lomatik nümayəndəliklərin adından sə­mimi təbriklərini çatdırıb. Müstəqilliyinin ilk illərindən bəri Azərbaycan tərəfindən qazanılan diplomatik uğurların sevinc do­ğurduğu qeyd olunub, ölkəmizə bundan sonra da davamlı nailiyyətlər arzulanıb.

Daha sonra tədbir iştirakçıları Azər­baycanın diplomatiya tarixinə həsr olun­muş videoçarxı izləyiblər.

Rəsmi qəbul ziyafət və konsert proq­ramı ilə davam edib.

XQ







Son xəbərlər