Qardaşlıq və güc alyansının növbəti üfüqləri

post-img

Türk Dövlətləri Təşkilatının Şuşa Sammiti Qarabağ Bəyannaməsi ilə tarixə düşdü

İyulun 5–6-da Şuşa möhtəşəm beynəlxalq tədbirə evsahibliyi etdi. TDT-nin qeyri-rəsmi Zirvə görüşünün Qarabağ zəfərimizin tacı sayılan məhz bu qala şəhərimizdə keçirilməsi Azərbaycanın dostları və tərəfdaşları ilə yanaşı, həm də bədxahlarına ünvanlanan mesajı sayılmalıdır. Bu mesajla dünya bir daha Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” kəlamının növbəti sübutuna şahidlik elədi. TDT-nin Şuşa Sammiti beynəlxalq arenada da böyük maraq doğurub. Regional çərçivədən beynəlxalq institut statusuna keçid dövrünə qədəm qoymuş TDT-nin budəfəki tədbirinin Şuşada keçirilməsi o anlama gəlir ki, dünya, xüsusilə Cənubi Qafqazda maraqlarını güdən “böyük güclər” Türk dövlətlərinin yekdil şəkildə “Qarabağ Azərbaycandır!” siyasi nidalı ismarıcını bir daha eşitmiş oldular. 

TDT dünyanın güc mərkəzlərindən birinə çevrilir 

Bütün Türk dünyasının birlik və həmrəyliyinin rəmzinə çevrilmiş Şuşa bu tarixi missiyaya özünün növbəti töhfəsini verdi. TDT-nin qeyri-rəsmi Zirvə görüşünün məhz Şuşada keçirilməsi Türk dünyasının birliyinin sarsılmazlığının, güc və qardaşlıq alyansının təntənəsi idi. Azərbaycanın son dörd ildə bir-birinin ardınca qazandığı uğurlar paradı, planetin qlobal problemlərinin həllində oynadığı ciddi rolu ölkəmizin geosiyası coğrafiyada nüfuzunu xeyli artırmaqla yanaşı, Türk dünyasının birliyinin təməllərini daha da möhkəmləndirdi.

TDT-nin ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsünü Prezident İlham Əliyev irəli sürüb. Bunu Şuşada çıxışında qonaqların nəzərinə çatdıran dövlətimizin başçısı Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və TDT-nin gücləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olduğunu xüsusi olaraq vurğuladı. Çıxışında “Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərib”, – deyən İlham Əliyev zəngin təbii resurslara, onların nəqli üçün müasir infrastruktura, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizlərinə malik qardaş ölkələrin, zəngin və qədim tarixi, mədəniyyəti olan xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərdən gəlmələrinin bizi sıx birləşdirdiyini xatırladaraq yeni mesajını verdi: “İyirmi birinci əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.

Qarabağ Bəyannaməsinin hədəfləri

TDT-nin Şuşa Zirvə görüşünün ən önəmli yekunu kimi iştirakçıların imzaladığı Qarabağ Bəyannaməsidir. TDT-yə üzv ölkələrin liderləri regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik və tərəqqi ideyalarına daim sadiq olan türk xalqlarının ortaq etnik köklərə, adət-ənənə və dəyərlərə söykənən bir ailə olduğuna, eləcə də bəşər tarixində Türk xalqlarının əldə etdikləri siyasi, iqtisadi və mədəni nailiyyətlərinə əsaslanaraq, Qarabağ Bəyannaməsini imzaladılar. Yeni sənədin preambulasında Türk xalqlarının müxtəlif sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolun əhəmiyyəti və dəyəri qeyd olunub.

Həm regional əməkdaşlığın inkişafı, həm də Avropaya, dünyaya inteqrasiya baxımından böyük əhəmiyyətə malik Qarabağ Bəyannaməsində TDT üzvləri arasında siyasi, iqtisadi, nəqliyyat, müdafiə, humanitar, təhsil və mədəni sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanır. Əslində, bu sənəd Türk dövlətləri arasında strateji tərəfdaşlığın yeni üfiqlərini hədəfləyir. Turan arealında nəqliyyat infrastrukturuna ayrıca önəmin verildiyi sənəd özündə Baku–Tbilisi–Qars dəmir yolu xətti və Çin–Qırğızıstan–Özbəkistan perspektivli dəmir yolu layihələrini, böyük gəlirli transmilli dəhlizlər yaratmağın strateji əhəmiyyətini əks etdirir. 

Qarabağ Bəyannaməsi, o cümlədən, dünyada iqlim dəyişmələri ilə bağlı tədbirləri, rəqəmsal texnologiya sahəsində əməkdaşlığı, “Rəqəmsal İpək Yolu” layihəsi kimi təşəbbüsü və rəqəmsal hökumət infrastrukturunun inkişafını, bu sahədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini əhatə edir. Bundan son məqsəd isə Avropa və Asiya arasında magistral telekommunikasiya marşrutunu yaratmaqdır. Yəni, bu bəyannamə ümumi tezislərin yer aldığı deklarativ xarakterli deyil, real və konkret nəticələrə əsaslanan, praktiki əhəmiyyət daşıyan bir sənəddir.

Birmənalı olaraq qeyd edə bilərik ki, Qarabağ Bəyannaməsi Türk dövlətləri arasında əməkdaşlığı gücləndirməyə müsbət və çoxtərəfli yanaşma təqdim edir. Bu ideya etnik-mədəni qardaşlığın simvolu olmaqla yanaşı, həm də birgə sosial-iqtisadi dinamikaya təkan verməyə hesablanıb.

Maraqlı məqamlardan biri Qarabağ Bəyannaməsində türk dil modeli platformasında süni intellekt layihələrinin uğurlu inkişafı üçün üzv dövlətlərin vahid dil modelinin yaradılması zərurətinin qeyd olunmasıdır. Bu ideyanın gerçəkləşməsi xalqlararası ünsiyyəti asanlaşdıracaq, mədəniyyətlərarası dialoqun inkişafına təkan verəcək. 

Təşəbbüslər

Bütövlükdə 200 milyondan artıq əhalisi olan Türk dünyası geniş coğrafi ərazini əhatə edir və əhəmiyyətli enerji ehtiyatlarına, nəqliyyat kommunikasiyalarına və müasir müdafiə imkanlarına malikdir. Türk Şurasının 2021-ci il noyabr toplantısında yaradılan Türk Dövlətləri Təşkilatı səviyyəsinə yüksəldilməsindən bugünədək müxtəlif istiqamətlər üzrə 30-a yaxın təşəbbüs irəli sürülüb. Bu gün onların ardıcıl şəkildə həyata keçirilməsi üçün imkanlar mövcuddur. 2023-cü ildə TDT-yə üzv dövlətlər arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 27,3 faiz artaraq 42 milyard dollara çatıb. Quruma daxil olan dövlətlərin ümumi ÜDM-i hazırda 1.5 trilyon dollar təşkil edir.

Bu barədə çıxışında danışan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev toplantı iştirakçılarını Xəzərin xilasına yönəlmiş konkret həll yollarının işlənib hazırlanmasına çağırıb. Bu problemin təkcə Xəzər hövzəsindəki “beşliy”i deyil, TDT-dəki bütün ölkələri də əhatə etdiyini vurğulayan Qazaxıstan lideri Xəzərin xilası üçün Türk ölkələrinin alimləri arasında qarşılıqlı əlaqənin intensivləşdirilməsini vacib sayıb. O, çıxışında Aral dənizinin quruması probleminin həllinə də diqqət çəkib. 

Şuşa Zirvə görüşünün iştirakçıları TDT katibliyinin tərkibinin genişləndirilməsi və birjadankənar büdcənin artırılması barədə də qərar imzalayıblar. Bu strateji sənədə TDT-nin gələcək inkişafı üçün onlarca təşəbbüs, xüsusən də Rəqəmsal İqtisadi Tərəfdaşlıq Sazişi üzrə danışıqların başa çatdırılması, Dəmir Yolları İdarəetmə Şurasının yaradılması, Dəmir Yolları üzrə Tədqiqat Mərkəzinin formalaşdırılması, eləcə də, İnsan kapitalının inkişafı layihələri daxildir. 

Sammitdə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qazaxıstanlı həmkarının TDT-nin İnsan Kapitalının İnkişafı üzrə Tədqiqat Mərkəzinin yaradılması təşəbbüsünü dəstəkləyərək, onu Özbəkistanda yerləşdirməyə hazır olduğunu bildirib. “Dünyada uran istehsalının təxminən 52 faizi Qazaxıstan və Özbəkistanın payına düşür. Bu baxımdan Mərkəzi Asiya gözlənilmədən qlobal dünyada çox mühüm status qazanıb”, – deyən Özbəkistan lideri TDT coğrafiyasında sabitliyin qorunmasına tələbatın artdığını, bunun quruma üzv dövlətlərin daxili təhlükəsizlik və müdafiə qüvvələri tərəfindən həyata keçirilməsi ideyasını dəstəklədiyini qeyd edib.  

Həmçinin, Özbəkistan Prezidenti və Macarıstanın Baş naziri ikitərəfli görüşdə TDT regionlarının birgə forumunun keçirilməsi və onun əsasında daimi kommunikasiya platformasının yaradılması perspektivlərini müzakirə ediblər. Bu strukturun TDT-nin üçüncü ölkələrdə – Avropa İttifaqından tutmuş Rusiyaya qədər türk diasporlarının məskunlaşdıqları regionlara təsirini genişləndirməyə kömək edəcəyi, “Türk dünyasına baxış – 2040” strateji sənəddə təsbit edilmiş məqsədlərə çatmaqda önəmli rol oynayacağı şəksizdir.

* * * 

Danılmaz həqiqətdir ki, Türk dövlətləri rəhbərlərinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlara səfərləri qardaşlığın, birliyin və həmrəyliyin təzahürüdür. Son üç ildə Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Bu səfərlər və TDT-nin Zirvə görüşündə səslənən çağırışlar zəfərimizin qalası sayılan Şuşanın dünyada nüfuzunun və şöhrətinin artmasına xidmət edir.   

Sonda onu da qeyd edək ki, Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin başçılarının hər birini bu ilin noyabrında Azərbaycanın evsahibliyi edəcəyi BMT-nin nüfuzlu COP29 tədbirinə dəvət etdi. Dövlətimizin başçısı çıxışında dedi ki, Azərbaycanın COP29-a sədrlik etməsi, bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir.

Beləliklə, yaxın gələcəyə yönəlik Türk birliyi ideyası təkcə etnomədəni qardaşlığın simvolu deyil, eyni zamanda sosial-iqtisadi dinamikaya, elmi-texniki tərəqqiyə təkan verən milli doktrina, Avrasiya transregional inteqrasiya layihələrinin tərkib hissəsidir. Bu ideya, Prezident İlham Əliyevin dediyi kimi, XXI birinci əsrin Türk dünyasının inkişafı əsrinə çevrilməsinə xidmət edəcək.

Şuşa Zirvə görüşü qardaş medianın aynasında 

Yeri gəlmişkən, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı xəbər agentlikləri, televiziya kanalları və qəzetləri Şuşada keçirilən TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünü geniş işıqlandırıblar. “Sabah” qəzeti Şuşa görüşü barədə “Bizim gücümüz birliyimizdədir” sərlövhəli məlumat verib. “NTV“ telekanalı reportajında Türkiyənin Xarici işlər naziri Hakan Fidanın tezliklə türk dünyasının vahid əlifbasını yaratmaq çağırışına diqqət çəkib.

“Hürriyyət” qəzetinin yazılarında Ankaranın Ermənistanla dialoqa dair mövqeyi, vahid türk əlifbasının yaradılması, Türkiyənin Ukraynada müharibəyə son qoymaq səyləri və ŞKTC xalqının hüquqlarının təmin edilməsinin vacibliyinə diqqət yetirilir. Nəşr Türkiyənin xarici işlər naziri Hakan Fidanın Yaxın Şərqdə qırğını dayandırmağın zəruriliyi ilə bağlı sözlərini sitat gətirir: “Türk dünyası bölgədəki humanitar dramdan üz çevirməməlidir”.

ŞKTC mediası Şuşada TDT-yə üzv ölkələrin liderlərinin qeyri-rəsmi Zirvə görüşünün Türk dünyasında birlik və əməkdaşlıq baxımından əhəmiyyətindən yazıb. Şimali Kiprin “BRTK” telekanalı ŞKTC Prezidenti Ersin Tatar və Xarici işlər naziri Tahsin Ərtoğruloğlunun Şuşadakı çıxışları barədə oxuculara məlumat verib, Azərbaycanın mədəniyyət paytaxtından reportajlar hazırlayıb, canlı yayımlar edib. 

“Halkın Sesi” və “Kıbrıs Hakikat” qəzetləri Şuşa Zirvə görüşündə müzakirə edilən mövzularla bağlı silsilə məlumatlar dərc edərək, Kipr türklərinin lideri və ölkənin Xarici işlər nazirinin Şuşadakı çıxışlarından ətraflı söz açıb.

“Kıbrıs Postası” nəşri Şimali Kipr diplomatiyasının başçısının çıxışı ilə bağlı ayrıca xəbər hazırlayıb. Məqalədə deyilir: “Ərtoğruloğlu Türk dünyasının liderlərinə Lefkoşanın üstünlükləri barədə məlumat verib, onun əməkdaşlığa və ŞKTC-nin inkişafına hazır olduğunu vurğulayıb”.

İmran BƏDİRXANLI
XQ 

Ekspert rəyi

Arzu ABDULLAYEV, 

Naxçıvan Dövlət 

Universitetinin prorektoru, 

tarix üzrə fəlsəfə doktoru

Azərbaycan Prezidenti ­İlham Əliyevin atdığı əməli addımlar sayəsində eyni soykökə, dilə, dinə, mədəniyyətə və digər ortaq dəyərlərə bağlı Türk dövlətləri arasındakı münasibətlər hazırda öz inkişafının kulminasiya nöqtəsinə yüksəlib. Təbii ki, bu əlaqələrin yüksək səviyyəsi öncə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına hədəflənib. Bu gün dövlətimizin başçısının türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsində, Türk dünyasının birlik arzusunun reallığa çevrilməsində misilsiz xidmətləri var. Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan TDT-nin tərəqqisinə, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına önəmli töhfələr verib. 

Prezident İlham Əliyev türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün ciddi səylər göstərib, TDT-nin digər nüfuzlu beynəlxalq təşkilatlar ilə səmərəli əməkdaşlığın qurulmasına çalışıb. Qarabağ savaşındakı tarixi zəfərimiz Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb. Hazırda regionda həyata keçirilən transmilli layihələr TDT-nin iştirakı olmadan reallaşa bilməz. Dövlətimizin başçısı bu faktı TDT-nin Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə bir daha təsdiqlədi.

“Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” müstəsna siyasi və tarixi əhəmiyyəti ilə daim xatırlanacaq tarixi sənəddir. 

Bu gün dünyada baş verən qlobal dəyişikliklər fonunda TDT-nin güclənməsinin əhəmiyyəti özünü aydın şəkildə büruzə verir. Bu isə regional və beynəlxalq sabitlik, təhlükəsizlik kontekstində müstəsna əhəmiyyət daşıyır.

Ekspert rəyi

Elxan ŞAHİNOĞLU, 

“Atlas” Araşdırmalar 

Mərkəzinin rəhbəri, siyasi şərhçi

Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin Şuşada keçirilməsinin çox böyük əhəmiyyəti var. Azərbaycanın işğaldan azad olunmuş bölgəsinə, azad edilmiş şəhərinə Türk dövlətləri başçılarının təşrif buyurması onların ölkəmizə növbəti dəstəyinin ifadəsi kimi qiymətləndirilməlidir. Doğrudur, bu birliyə bəzi dövlətlər müəyyən təzyiqlər göstərməyə cəhdlər edirlər. Xüsusilə, Avropanın tanımadığı Şimali Kipr Türk Cümhuriyətinin başçısının, Macarıstan Baş nazirinin bu sammitdə iştirakına qarşı etirazları eşidirdik. Amma onu da deyək ki, bu cür tənqidi bəyanatlara macarların yaxşı cavabı oldu. Rəsmi Budapeşt onlara “bəlkə harada nahar edəcəyimizi də Avropa İttifaqından, Brüsseldən soruşmalıyıq” kimi kəskin reaksiya verdi. Müstəqil siyasət yürüdən cənab Viktor Orbana Avropa İttifaqı daxilində həmişə təzyiq göstərilib. O, bütün bunlara sinə gərərək, öz sözünü deyib, dövlətinin maraqlarını daim qorumağa hazır olduğunu bəyan edib. 

Şimali Kipr Türk Cümhuriyətinə gəldikdə isə Şuşa Zirvə görüşünə Ersin Tatarı Azərbaycan Prezidenti İlham Əliyev şəxsən dəvət edib. Bu, onun Azərbaycana ikinci dəvətidir. Güman edirəm ki, yaxın gələcəkdə Mərkəzi Asiya dövlətlərinin başçıları da Ersin Tatarı öz ölkələrinə dəvət edəcəklər. Yəqin bunun ardında ŞKTC-nin TDT-yə üzvlüyü məsələsi gündəmə gətiriləcək və onun müstəqil dövlət kimi tanınması mövzusu da aktuallaşacaq. 

Qarabağ Bəyannaməsinin imzalanması isə xüsusi əhəmiyyət kəsb edir. Burada Çinin də iştirakı, Pekinin Orta dəhlizi dəstəkləməsi çox önəmli məsələlərdir. Türk dövlətləri arasında inteqrasiyanın, Türk ailəsinin gücləndiyi, Orta Asiya ölkələrinin də ortaq layihələrə marağının artdığı göz qabağındadır. Gələcəkdə TDT daxilinə hərbi əməkdaşlıq sahəsində də önəmli addımlar atılacaqdır.       





Siyasət