Prezident İlham Əliyevin “VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncamı ilə 2024-cü il sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin edilib. Artıq respublikamızın bütün ərazisində seçkilərə hazırlıq işlərinə start verilib. İlk dəfə olaraq parlament seçkiləri respublikamızın bütün ərazisində keçiriləcək. Söz yox ki, bu ilin əvvəlində keçirilmiş növbədənkənar prezident seçkiləri də ölkəmizin bütün ərazisini əhatə etmişdi. Hətta Prezident İlham Əliyev öz ailə üzvləri ilə birlikdə Xankəndi şəhərindəki seçki məntəqəsində səs vermişdi. Bundan bir qədər sonra növbədənkənar parlament seçkilərinin də işğaldan azad edilmiş bütün ərazilərimizdə keçirilməsi bir daha “Qarabağ Azərbaycandır!” reallığını təsdiqləyir.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilmiş digər ərazilərimizlə müqayisədə “seçki təcrübəsi” bir qədər artıqdır. Çünki 2018-ci ildə respublikamızda keçirilən növbədənkənar prezident seçkilərində Cocuq Mərcanlı sakinləri öz kəndlərində yaradılmış 73 saylı seçki məntəqəsində səs verdilər. İyirmi dörd ildən sonra təşkil olunan seçki məntəqəsi artıq dördüncü dəfə seçicilərini qəbul edəcək.
120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsinin 73 saylı Cocuq Mərcanlı məntəqə seçki komissiyasının sədri Zamin Həziyevlə söhbətimiz seçki prosesinə hazırlıqla əlaqədar oldu.
Z.Həziyev dedi ki, Prezident İlham Əliyevin növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncamı dərc edilən gündən etibarən seçkilərə hazırlıq işlərinə başlamışıq. Ötən seçkilərdə olduğu kimi, növbədənkənar parlament seçkilərinin də mütəşəkkil, azad və ədalətli, tam demo-
kratik şəraitdə keçirilməsi üçün bütün imkanlardan istifadə edəcəyik.
Yeri gəlmişkən, Cocuq Mərcanlı doğma sakinlərini qəbul edən işğaldan azad olunmuş ilk kənddir. Yeddi il əvvəl kəndimizə ilk köç başlandı. Burada yaradılan şərait təkcə respublikamızın yox, dünyanın diqqət mərkəzində oldu. Çünki kənddə ideal şərait yaradılmışdır. Bütün infrastruktura malik evlər, asfalt və işıqlı kənd yolları, sakinlərin istirahəti üçün təşkil olunmuş park, digər dövlət idarələrinin şöbələri sakinlərin ixtiyarına verilib. Kəndimizdə hətta iş yeri – suvenir fabriki yaradılıb. Hazırda 150 evdə ailə yaşayır.
Məntəqə sədri növbədənkənar parlament seçkilərində 360 seçicinin səs verəcəyini dedi. Onun sözlərinə görə, ölkədə keçirilən bütün seçkilər Cocuq Mərcanlı kəndində bayram əhval-ruhiyyəsində olur. Hər kəs səsvermədə iştirakı özü üçün vacib hesab edir.
Kənd sakini Bağdad Mansırxanovun dediklərindən:
– Artıq 7 ildir ki, doğma kəndimizdə yaşayırıq. Bütün tədbirlərdə kənd sakinləri bir yerdə olur–bir ailənin üzvü kimi. Kəndimizdə hər cür şərair yaradılıb. Buna görə Prezidentimizə və birinci xanım Mehriban Əliyevaya minnətdarıq. Hər dəfə ölkəmizdə keçirilən seçkilər kəndimizdə də yüksək əhval-ruhiyyədə qarşılanılır. Bu il də elə olacaq. Həmişəki kimi bu dəfə də heç kimin müdaxiləsi olmadan istədiyimiz namizədə səs verəcəyik.
Nəsibə Hüseynova, kənd sakini:
– Keçmişdə olduğu kimi, respublikanın müxtəlif yerlərində məskunlaşmamışıq ki, seçki prosesində də çətinliklərlə qarşılaşaq. Doğma kəndimizdəyik. Seçki məntəqəsi də kəndin mərkəzindədir. Bundan əvvəl keçirilən seçkilərdə də istədiyimiz namizədə səs verdik. İstəyirik ki, seçəcəyimiz deputat ürəyimizcə olsun. İnanıram ki, elə də olacaq.
Cocuq Mərcanlı sakinləri yüksək seçki əhval-ruhiyyəsindədir. Kənd sakinləri sanki böyük bir bayrama hazırlaşırlar. İnanırlar ki, bu seçkilər də əvvəlki kimi tam demokraik şəraitdə keçiriləcək.
Əliqismət BƏDƏLOV
XQ