Yeni seçiləcək parlamentin qarşısında mühüm vəzifələr dayanır

post-img

Azərbaycan parlamentin yenilənməsi zərurəti ölkəmizin son illərdə qazandığı nailiyyətlərlə birbaşa bağlıdır. Bu fikirləri XQ-yə beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov dedi. 

Onun sözlərinə görə, 1995-ci ildə Konstitusiyanın qəbulundan sonra Azərbaycan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə mühüm uğurlar qazandı. Bu mühüm hadisə ölkə tarixində demokratik və hüquqi dövlətin əsaslarını qoyan yeni dövrün başlanğıcını oldu. Konstitusiya dövlət hakimiyyətinin əsas prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, habelə onların müdafiəsi mexanizmlərini təsbit etdi. 

Eyni zamanda, Azərbaycan mühüm iqtisadi uğurlara, o cümlədən neft və qaz yataqlarının kəşfi və işlənməsinə nail oldu ki, bu da ölkə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu. 2003-ci ildən sonra isə məhz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz iqtisadiyyatını şaxələndirmək, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və tikinti kimi sahələri inkişaf etdirmək üçün çalışır. Sosial proqramların tətbiqi və vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər mühüm prioritetlərə çevrildi. Yeni xəstəxanalar, məktəblər, yollar, infrastruktur obyektləri tikildi. Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirdi, beynəlxalq aləmdə nüfuzunu artırdı, milli maraqlarını cəsarətlə müdafiə etdi.

M.Dəmirov bildirdi ki, bütün bu nailiyyətlərə baxmayaraq, əsas vəzifə –  torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın suverenliyinin tam bərpası həll edilməmiş qalırdı:  “Nəhayət, 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki tarixi qələbədən sonra Azərbaycan işğal altında olan ərazilərini öz nəzarətinə qaytardı. Bu tarixi hadisə ölkənin suverenliyinin möhkəmləndirilməsi və ədalətin bərqərar olunması istiqamətində mühüm tarixi möhür oldu. Bu gün Azərbaycanın suverenliyini bərpa etdiyi bir vaxtda yeni parlamentin qarşısında uzunmüddətli inkişaf strategiyalarının işləməsi və həyata keçirilməsi üçün daha ciddi vəzifələr durur. Ölkənin ərazi bütövlüyü bərpa edildikdən sonra xalqı və dövlət institutlarını yeni nailiyyətlərə ruhlandıran qələbə ruhunu qorumaq və gücləndirmək lazımdır”.

Ekspertin fikrincə, Azərbaycan parlamenti həm daxili, həm də xarici çağırışlara layiqincə cavab verməyə hazır olmalıdır: “Bunun üçün təkcə parlamentarilərin yenilənmiş tərkibi deyil, həm də müasir reallıqlara uyğunlaşdırılmış işə yeni yanaşmalar tələb olunacaq. Yeni parlament cənab Prezident İlham Əliyevin ölkənin daha da inkişafına, xarici siyasət mövqelərinin möhkəmləndirilməsinə və vətəndaşların rifahının yaxşılaşdırılmasına yönəlmiş siyasətini fəal dəstəkləməlidir. Qlobal dəyişikliklər kontekstində parlament Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsinə yönəlmiş xarici siyasəti dəstəkləməlidir. Amma nəzərə almaq lazımdır ki, xarici siyasət birbaşa daxili sabitlik və inkişafla bağlıdır. Yeni parlamentin bu bağlılıq təməlini möhkəmləndirən və ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə kömək edən körpü olmaq üçün hər cür şansı var. Parlament qəbul edilmiş qanun və qərarların icrasına köməklik göstərmək üçün Prezident Administrasiyası və Nazirlər Kabineti ilə səmərəli qarşılıqlı fəaliyyət göstərməlidir. Bu gün sözügedən qurumlar, demək olar ki, bu ağır və şərəfli yükü daşıyırlar. Parlamentin bu işdə dəstəyi vacibdir və rasional yanaşma tələb edir”.

Analitik bu baxımda 2024-cü ilin növbədənkənar parlament seçkilərini Azərbaycan üçün mühüm addım sayır: “Bu seçkilər siyasi elitanın yenilənməsinə, yeni mütəxəssislərin cəlb edilməsinə və ölkənin siyasi kursuna parlament dəstəyinin gücləndirilməsinə imkan yaradacaq. Yeni parlament effektiv və innovativ həllər tələb edən bir sıra mühüm vəzifələrlə üz-üzədir”.

M.Dəmirov qeyd etdi ki, Azərbaycanda Prezident İlham Əliyevin yaratdığı yeni  reallıqlar, o cümlədən ərazi bütövlüyünün bərpası və dinamik iqtisadi inkişaf bu gün ölkə qarşısında dövlətin daha da möhkəmlənməsi, vətəndaşların rifahını təmin etmək üçün siyasi sistemin yenilənməsi və strateji qərarların qəbulunu kimi yeni vəzifələr qoyur. Məhz buna görə də Prezident altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi haqqında sərəncam imzaladı. Bu addım ölkənin dinamik inkişafı şəraitində siyasi sistemin yenilənməsinə daha konstruktiv yanaşmanın vacibliyini vurğulayır. Yeni parlament bu məqsədlərin həyata keçirilməsində, artıq əldə edilmiş uğurlara əsaslanaraq, yeni təşəbbüslərin inkişaf etdirilməsində əsas rol oynamalıdır.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət