Bakı Yay Enerji Məktəbinin əsas məqsədi Azərbaycanın enerji inqilablarında ön sıralarda yer almasıdır. Enerji məsələsi araşdırılacaqsa, öyrəniləcəksə, gediləcək ilk yer Azərbaycandır. Bizim fəlsəfəmiz budur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanda bizim fəlsəfəmiz budur ki, həm neft, həm də qaz sahəsində qlobal enerji inqilablarının ön sırasında olaq. Azərbaycan əlbəttə ki, yaşıl enerji inqilabında ön sıralarda yer alacaq. COP29-a ev sahibliyinin Azərbaycana verilməsi bizim yaşıl enerji sahəsində atdığımız addımlara verilən mükafatdır. Eyni zamanda, Azərbaycanın fəaliyyətini bütün dünyaya göstərmək üçün bir fürsətdir”, - deyə o bildirib.
Elnur Soltanov diqqətə çatdırıb ki, Xəzər dənizi neft və qaz sahəsində olduğu kimi, bərpaolunan enerji mənbələri baxımından da çox zəngindir: “Azərbaycanın deyəcəyi çox söz var: biz neft və qaz sahələrində sözümüzü demişik və bunu nəinki region, həm də dünya üçün təhlükəsizlik və iqtisadi mənada dəyər mənbəyinə çevirmişik. Neft və qaz koridorlarını tikən və bütün dünyaya bu mövzuda dərs keçən Azərbaycan yaşıl enerji koridorları mövzusunda da dünyada lider mövqedə olan ölkələrin sırasında yer alır”.
COP29 Azərbaycan üzrə baş icraçı direktor bildirib ki, COP29 çərçivəsində gündəlikdə duran əsas məqamlardan biri yaşıl enerji koridoru məsələsidir: “COP hər zaman dediyim kimi, iqlim danışıqları prosesidir və bu proses artıq başlayıb. Noyabrın 11-nə qədər işimizin 50 faizindən çoxunu həll etməliyik ki, iki həftəlik proqram uğurla başa çatsın”.