İki ay bundan əvvəl Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendum keçirmək barədə ağızdolusu danışan hayların baş naziri Paşinyan indi bu ideyanın mənasız olduğunu bildirib.
Aİ-yə münasibətinin yüz səksən dərəcəlik bucaq altında dəyişməsinə Paşinyan özünəməxsus şəkildə aydınlıq gətirib: “Mən özüm də Avro Parlamentin tribunasından bildirmişdim ki, Ermənistan Aİ-nın mümkün hesab etdiyi qədər ona yaxınlaşmağa hazırdır. Əgər düşünsəydim ki, erməni xalqı bu fikri bölüşmür, belə bəyanat verməzdim. İndi nə edək? Xalqın fikrini öyrənmək üçün referendum keçirək? Bağışlayın, Ermənistan xalqını təmsil etmək səlahiyyətinə malik məmur kimi, mən xalqın rəyini bilirəm. İndi referendum keçirmək lazımdır? Əgər referendum olacaqsa, o zaman təbliğat kampaniyası aparmalı olacağıq. Bu halda insanlar bizə sual verəcəklər: Aİ-yə necə, nə vaxt, hansı addımlarla gedirik? Bəs, Aİ bunu istəyir, ya yox? Onlar mənə deyəcəklər: siz bəyan etdiniz ki, Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər ona yaxınlaşmağa hazırdır. İndi sual olunur: Aİ özü buna nə dərəcədə hazırdır? Bu gün bu çətin suala cavab verə bilmirəm”.
Amma hayların spikeri Aİ ideyasını heç də “siyasi blef” saymır. “Ermənistan tezliklə Aİ-yə daxil olmaq arzusundadır”. Milli assambleyanın sədri Alen Simonyan Latviyaya səfəri zamanı referendumun keçiriləcəyi barədə danışanda belə deyib. O, erməni xalqının Avropaya inteqrasiyanı seçəcəyinə əmindir. Bəlkə də Soros Fondunun yetirməsi və onların kreativ kadrı Alen Simonyan Aİ-nin qollarını gen açıb, Ermənistanı bağrına basmağa hazır olduğuna səmimi qəlbdən inanır. Bu istək onun müstəsna hüququdur və yeri gələndə pünhan arzularını baş nazirlə bölüşməyə də bilər.
İntəhası, qafqazlılar bu tragikomediyaya artıq baxıblar. Bədbin sonluqla bitən həmin filmin birinci hissəsi Gürcüstanda, ikinci seriyası Ukraynada “lentə alınıb”. Üçüncü hissənin “sınaq çəkilişləri” isə Moldovada həyata keçirilir. Əslində isə hər şey olduqca bəsit və bayağıdır. Bu üç ölkəni anti-Rusiya ritorikası ilə silahlandıran Qərb bunun müqabilində onları Aİ-yə üzvlüklə şirnikləndirdilər. Günlərin bir günü onlar Şimal ayısının caynağı ilə üz-üzə qalanda isə sakitcə səhnədən çəkildilər. Əslində, indi Ermənistandan ötrü də orada heç kəsin gözü-qaşı tərpənmir. Elementar məntiq deyir ki, əgər Ukrayna kimi on milyonla əhalisi, təbii enerji resursları, nəhəng aqroparkı olan ölkə Aİ-yə tamhüquqlu üzv kimi qəbul olunmayıbsa, deməli, Ermənistan barədə danışmaq hələ tezdir.
Amma bütün bunlara baxmayaraq, yeni nəsil haylar bu arzularına çatacaqlarına inanırlar. Bu da təsadüfi deyil. Axı, əsasən, Soros Fondundan çıxan və buna görə də Qərbə belə “virtual səyahət”in Ermənistan üçün hansı fəlakətlərə səbəb ola biləcəyinin təhlilinə dərindən baş vura bilməyən, aldadıcı ilğım kimi Avropanın üzərinə cuman İrəvanın siyasi elitasını qınamağa tələsməyək. Maraqlıdır ki, indi Tbilisidə Ermənistanın bu “şirin istəklərinə” açıq şəkildə gülürlər. Bu gülüşün sədaları may ayından – baş nazir Paşinyanın Ermənistanın 2024-cü ildə Aİ-yə daxil olmaq niyyətini əminliklə bəyan etdiyi andan yayılmağa başlayıb.
Yəni, Aİ ilə bağlı Ermənistan cəmiyyətində start verilən bütün bu piar kampaniya bir barmağın işarəsi ilə başlandığı kimi, baş nazirin çıxışı ilə də başa çatmaq üzrədir. Çünki Paşinyan iki aydan bəri axtardığı çətin və açıq test sualın məntiqi izahını fəhmi ilə tapıb. Ən azından, hayların baş naziri Aİ-yə üzv olmağın nə qədər uzun və məşəqqətli yollardan geçəcəyini artıq bilir. Şübhə etmirik ki, bu məsələ ona Avropadan kənarda bir neçə dəfə yerli-yataqlı şəkildə izah edilib.
Dünən bizim gördüyümüz və eşitdiyimiz tamamilə başqa bir erməninin çıxışı idi. Hələ eyforik vəziyyət aradan qalxmayıb. Burada Brüsselin rəsmi İrəvanın yeni jestinə Bakı və Moskvanın hansı reaksiyanı verəcəyi gözləntiləri də var. Ola bilsin ki, qərbli dirijorlar İrəvanı bir müddət bu havanın üzərində oynamağa razı salıblar. Bizə isə bir qədər səbirli olub, antraktı gözləmək qalır...
İ.HƏSƏNQALA
XQ