Sarsaq TV

post-img

Bakı–İrəvan sülh sazişinin gündəmdə olduğu bir vaxtda Ermənistanda “Artsax” adlı telekanalın fəaliyyətə başla­yacağına dair xəbərlər yayılıb. Həmin telekanalda nəyin nüma­yişinin daha münasib olduğunu yazımızın ikinci hissəsində vurğulayacağıq. Hələlik isə bəzi təfərrüatları açıqlayaq. 

“Artsax” telekanalı” ilə bağlı məlu­matı Qarabağdan olan hüquq müdafiəçisi Qeqam Stepanyan yayıb. Daha doğrusu, özünün facebook səhifəsində bu barədə paylaşım edib. Özü də telekanalın fəaliy­yətini bərpa edəcəyi şəklində. Sən demə, separatçı rejim mövcud olduğu vaxtlarda Qarabağda belə bir sərsəm “media quru­mu” da olubmuş. Q.Stepanyan isə bildirib ki, televiziyanın işini yenidən qurmasın­da məqsəd erməni kimliyini qorumaqdır. Eyni zamanda, “Artsax” ləhcəsi deyilən ləhcəni və “yerli xüsusiyyətləri” də. 

Stepanyan, həmçinin Qarabağ ermə­nilərini narahat edən məsələlər barədə də telekanalın verilişlər hazırlayacağından danışıb. Əlbəttə, erməni hüquq müdafiə­çisinin telekanalın “fəaliyyət diapazonu” barədə nələri bildirməsinin heç bir önə­mi yoxdur. Başlıca məsələni yazımızın birinci cümləsində anons etdik – Azər­baycan–Ermənistan sülh gündəmi var və belə bir durumda ölkəmizin ərazi bü­tövlüyünü və suverenliyini təhdid edən məsələ gündəmə gətirilir. Ən başlıcası isə Ermənistan hakimiyyəti belə “ideya­ların” gerçəkləşdirilməsi niyyətinə mü­nasibətdə susqunluq göstərir. 

Əslində, bəlkə də “Artsax” televi­ziyası” məntiqində təəccüblü heç nə yoxdur. O anlamda ki, Ermənistan kons­titusiyasının istinad etdiyi istiqlaliyyət bəyannaməsində Azərbaycana, o cüm­lədən Türkiyəyə qarşı qarşı ərazi iddiası yer alırsa, deməli, kimlərinsə bu iddiaya “ideoloji məzmun” qazandırmaq istəklə­ri, vaxtılə mövcud olmuş “media quru­munu” yenidən işə salmaq niyyətləri adi hal kimi görünə bilər. Erməni təfəkkür tərzi üçün avantürizmi yaşatmaq elə bir çətinlik törətmir. 

Hər bir halda Ermənistan hakimiy­yəti məsuliyyətini dərk etməlidir. An­lamalıdır ki, kövrək sülh gündəminə qarşı çıxacaq hər meyil beşiyindəcə bo­ğulmalıdır. Əks halda, bunun fəsadları, istər-istəməz, yaranacaq. Fəsadlardan söz düşmüşkən, bir yanda sülh sazişi ilə bağlı guya ki, iradə ortaya qoyan rəsmi İrəvan Fransadan silah-sursat tədarükünə baş vurursa, deməli, “Artsax TV” adlı “media məhsuluna” da təəccüblənməmə­liyik. Nə isə indi isə gələk haqqında söz açacağımızı bildirdiyimiz məqama. Yəni, “Artsax” telekanalı üçün şərti ola­raq müəyyənləşdirdiyimiz ilk proqrama. 

***

Məlumdur ki, Qarabağdakı sabiq separatçı rejim ərazini həm də narko­tik plantasiyasına çevirmişdi. Bununla əlaqədar faktlar və sübutlar indi də var, işğal illərində də olub. Görünür, separat­çıların ən son lideri, Bakı həbsxanasın­dan canını qurtarmağı bacarmış, hazırda İrəvanda yaşayan Samvel Şahraman­yan köhnə şakərindən daşınmayıb. Sən demə, bu adamın xidməti avtomobili də var imiş və həmin avtomobil Ermənis­tanda narkotiklərin dövriyyəsi ilə bağlı müsadirə olunub. Məlumatı ölkənin is­tintaq komitəsi yayıb. Xüsusi təyinatlılar isə Samvelin avtomobilini evakuatora yükləyib aparıblar.

Qeyd edək ki, bu ilin fevralında S.Şahramanyanın mühafizəçisi Aşot Danielyan da Ermənistan hüquq-müha­fizə orqanlarının təmsilçiləri tərəfindən saxlanılmışdı. O da həmin vaxt narkotik vasitələri saxlamaqda və satmaqda şü­bhəli bilinmişdi. Lakin sonradan sərbəst buraxılmışdı. Görünür, erməni iqtidarı Danielyandansa Şahramanyanı məsu­liyyətə cəlb etməyi üstün tutub. Hələlik, onun avtomobili əlindən alınır. Böyük ehtimalla, belə tədbirlər davamlı olacaq və bu nəticəyə gəlmək mümkündür ki, “Artsax” telekanalı üçün də mövzu var. “Media qurumu” narkotik və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi və sair bu sayaq məsələlərə dair materiallar yayımlaya bilər. Lazım olsa, ona Bakı həbsxanasından da dəstək verilməsi mümkündür. Hər halda Şahramanyan, necə deyərlər, dünənin uşağıdır, ondan daha ciddi “narkobaronlar” ölkəmizdə barələrində veriləcək yekun hökmü göz­ləyirlər. 

Hökmdən söz düşmüşkən, sonda bir daha Ermənistan hakimiyyətinin sülh məsuliyyəti barədə söz açaq. Ola bilər, baş nazir Nikol Paşinyan administrasi­yasının “Artsax TV” adlı sərsəmlikdən xəbəri yoxdur. Yəni, onun məsələyə dair xeyir-duası istisnadır. Ancaq xəbərsizlik məsuliyyət məsələsini ikinci plana atmır. Yaxşı olar ki, rəsmi İrəvan bu barədə dü­şünsün və bütövlükdə, ölkənin gələcək varlığı baxımından yekun hökmün çıxa­rılacağı hazırkı mərhələdə həssaslıq nü­mayiş etdirsin, daxildə sülh gündəminə zidd fəaliyyətlərin qarşısını almaqda qə­tiyyət və iradə göstərsin. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət