Sözümüz və şərtimiz dəyişməzdir

post-img

Vaşinqtonun intensivləşən səyləri, İrəvanın tərsliyi və Bakının dəmir məntiqi...

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında müəyyən fasilə yaran­sa da, tərəflər arasında sazişin mətni ilə bağlı məsafəli işgüzar müzakirələr, sərhədlərin delimitasiyası üzrə hökumətlərarası komissiyanın işi davam etdirilir. Xəbər verdiyimiz kimi, keçən həftə Bakı Ermənistan tərəfinin hazırda üzərində işlədiyi sülh sazişinin mətni ilə bağlı özünün növbəti, 10-cu təkliflər paketini İrəvana göndərib. İndi növbə qarşı tərəfindir. Fəqət, danışıqların növ­bəti raundunun nə vaxt və harada keçiriləcəyi barədə hələlik dəqiq məlumat yoxdur. Onu da yada salaq ki, sülh danışıqlarının iki ölkənin XİN rəhbərləri arasında sonuncu raundu mayın 10-11-də Almatı şəhərində keçirilib. 

Artıq üçüncü tərəfin vasitəçiliyi olma­dan, ikitərəfli formatda aparılan sülh danı­şıqlarının müsbət sonluqla yekunlaşması­na nəyin mane olduğu hamıya məlumdur. Rəsmi Bakı Ermənistandan sülh sazişinin imzalanmasının əsas şərti kimi öz konsti­tusiyasına dəyişikliyin edilməsini və Azər­baycana qarşı ərazi iddiaları ehtiva edən müddəaların çıxarılmasını tələb edir. Danışıqların əsas müzakirə predmetinə çevrilmiş bu məsələ ilə bağlı Ermənistan tərəfinin mövqeyi ziddiyyətlidir. Paşinyan komandası bir tərəfdən yeni konstitusiya layihəsi üzərində işlədiyini bəyan edir, digər tərəfdən isə bu mövzunun danışıq­ların predmeti olmadığını, Ermənistanın daxili işi olduğunu bildirir. Bəli, Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütöv­lüyünü tanıdığını bəyan edən rəsmi İrə­vanın sərgilədiyi bu cür qeyri-müəyyənlik qətiyyən yolverilməzdir. 

* * * 

“28 illik bir dövrdə razılaşdırıla bil­məyən məsələlərinin 1-2 ilə həll edilmə­si çətindir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın yeni təyin olunan səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb: “Çünki ondan əvvəl Ermənistan sülh müqavilə­sinə “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi”. Azər­baycan daxili məsələsini həll etdikdən, separatçı rejim ləğv olunduqdan sonra keçən ilin dekabrından başlayaraq danı­şıqların getdiyini səfirin nəzərinə çatdıran İlham Əliyev buna müəyyən zamanın tələb olunduğunu bildirib: “Əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistan kons­titusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi id­diaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”. Azərbaycan Prezidenti onu da qeyd edib ki, işğal dövründə vasitə­çilərin planı Madrid prinsipləri adlandı­rılan əsas prinsiplərlə bağlı razılığa gəl­məkdən ibarət idi: “Onlar paraflanmalı və daha sonra mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər – əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”.

İlham Əliyev səfir Kevin Hamiltonun ermənilərin Qarabağa qayıdış hüququ barədə şərhinə cavab olaraq deyib ki, keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə Azərbay­can əhalisi indiki Ermənistan ərazisindən qovularaq etnik təmizləməyə məruz qalıb, onlara aid maddi-mədəni irs tamamilə da­ğıdılıb: “Qayıdış hüququ qarşılıqlı şəkil­də təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir”. 

Göründüyü kimi, Ermənistan və Azər­baycanın sülhə həmişəkindən daha yaxın olması barədə Avropadan, okeanın o ta­yından dövlət rəsmilərinin və diplomatla­rın dilindən səslənən nikbin bəyanatlara baxmayaraq, danışıqlar tunelinin sonun­da “yaşıl işıq” nəzərə çarpmır. Son aylar ABŞ-nin timsalında “yaşıl işığın” yanma­sı üçün intensiv və ciddi səylər müşahi­də olunur. Əgər Vaşinqtonun artıq bir ilə yaxındır İrəvan və Bakı arasında vasitəçi kimi danışıqlarda iştirak etməməsi faktı­nı nəzərə alsaq, Ağ Evin bölgədə aşkar fəallaşması bir qədər qəribə görünür. ABŞ Dövlət Departamentinin yüksək çinliləri­nin Cənubi Qafqaza ardıcıl səfərləri, baş diplomat Antoni Blinkenin telefon zənglə­ri, nəhayət, onun müavini Ceyms О'Bray­nın Bakıya turnesi kənar müşühidəçidə maraqlı assosiasiyalar doğurur. 

* * *

Rəsmi Vaşinqton tərəfləri mümkün qədər tez sülh müqaviləsini imzalamağa və Zəngəzur dəhlizi boyunca nəqliyyat əlaqələrini bərpa etməyə inandırmağa çalışır. Bu zaman təbii ki, dəhliz 10 no­yabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda deyildiyi kimi, Rusiya FSB-nin deyil, su­veren Ermənistanın və ya neytral ölkənin özəl şirkətinin nəzarəti altında fəaliyyət göstərməlidir. Bu da vaşinqtonlu elçilərin gətirdiyi son layihələrdən hesab olunur. Məsələyə daha geniş aspektdə yanaş­saq, Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən dəmir yolu əlaqəsi Vaşinqtonun dəstəklədiyi Orta dəhlizin (Transxəzər beynəlxalq nəqliyyat dəhlizi – red.) Rusiyadan yan keçən bir hissəsinə çevrilməlidir. 

Bu arada Azərbaycan və Ermənista­nın xarici işlər nazirlərinin yaxın günlərdə Vaşinqtonda keçiriləcək sammit çərçi­vəsində NATO tərəfdaşları ilə görüşmək üçün rəsmi dəvəti də təsadüfi saymaq olmaz. Ermənistan sammitdə iştirak edə­cəyini dərhal təsdiqləyib. Əgər Bakı da həmin sammitdə iştiraka razılıq versə, o zaman Ceyhun Bayramovla Ararat Mir­zoyan arasında ABŞ paytaxtında görüşü təşkil etmək mümkün olacaq. Bu da Va­şinqtonun irəli sürdüyü yeni ideyadır. 

Onu da yada salaq ki, Ermənistan–Azərbaycan sülh danışıqlarının Vaşinq­ton formatı bir il əvvəl Bakının vasitəçisiz danışıqlara üstünlük verməsindən və bu platformaya qayıtmaqda maraqlı olma­masından sonra donduruldu. Bakıda keçirdiyi brifinqdə Ceyms O`Brayn Azər­baycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda mümkün görüşü barədə birbaşa danışmasa da, ABŞ-nin bunu təşkil etməyə, sadəcə, hazır oldu­ğunu bildirib.

* * *

Ağ evin son təşəbbüsünün İrəvanın ürəyincə olduğunu söyləməyə ehtiyac duymuruq. Bunu hayların sosial şəbəkədə paylaşdıqları şərhlərindən aydın görmək mümkündür. Misal üçün, C.O`Braynın Bakıda səsləndirdiyi fikirlərə münasibət bildirən erməni siyasi şərhçi Akop Ba­dalyan Vaşinqtonda Azərbaycan–Ermə­nistan sülh danışıqlarının bərpa oluna biləcəyini istisna etməyib: “Əgər növbəti görüşün təşkili ilə bağlı təşəbbüs olarsa, məncə, burada əsas şərt Vaşinqtonun tərəfləri hansısa razılaşmaya, yaxud nə­ticəyə gətirmək imkanını nə dərəcədə görəcəyi ilə bağlı olacaq”. 

Erməni bloger baş tuta biləcək Va­şinqton dialoqunda sülh sazişindən da­nışılmasa da, bəlkə, məsələn, apreldə Tavuşun sərhədyanı əraziləri ilə bağlı baş verdiyi kimi, sərhədin delimitasiyası barə­də qismən razılaşmanın mümkünlüyünün nəzərdən keçirilə biləcəyini güman edir. A.Badalyanın fikrincə, ABŞ üçün əsas odur ki, strateji prioritetlərindən irəli gələn şərtlərlə iki ölkə arasında kommunikasi­ya kanallarının blokdan çıxarılması ya­vaş-yavaş, amma məqsədyönlü şəkildə baş versin. 

Aydın məsələdir ki, Vaşinqtonun böl­gədə fəallaşmasının alt qatında Rusiya, Çin və İranın təsirini zəiflədəcək Orta Asiyadan Aralıq dənizinə ticarət yolunun inşasına maksimum töhfə vermək niyyə­ti dayanır. Bakı Ağ Evin bu təşəbbüs və təkliflərinə birmənalı cavab verməsə də, bütün hallarda Azərbaycanın milli ma­raqları ilə üst-üstə düşən layihələrə yox deməyəcək. Bu zaman Ermənistanın bu layihələrdə iştirakına gəldikdə isə bu, onun Bakının sülh sazişinin mətninə sal­dığı şərtləri nə dərəcədə operativ yerinə yetirməsindən asılı olacaq. 

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı

Ermənistanla Azərbaycan arasın­da sülh sazişi üzərində iş davam edir. Mətnin onuncu variantında Bakı açıq şəkildə Qarabağa ərazi iddialarını ehtiva edən müddəaların Ermənistan konstitusiyasından, digər qanunverici­liyindən çıxarılmasını tələb edib. Pa­şinyan hökuməti, ona yaxın analitiklər bunun qeyri-mümkün olduğunu iddia edirlər. Çünki hakimiyyət referendum­da qənaətbəxş nəticəni əldə edə­cəyinə əmin deyil. Deyəsən, İrəvan özü-özünü dalana dirəyib. Amma çıxış yolu tapmaq olar. Bunun kifayət qədər sadə hüquqi həll variantı var. Doğru­dan da, Ermənistan konstitusiyasında Qarabağ birbaşa qeyd olunmur. Yalnız preambulada irredentist müddəaları özündə əks etdirən Müstəqillik Bə­yannaməsinə istinad var. Bu da Er­mənistan SSR Ali Sovetinin və “Dağlıq Qarabağ Milli Şurasının” 1989-cu il 1 dekabr tarixli qərarıdır.

İndi erməni siyasətçiləri və eks­pertləri bu sənədin tarixə aid olduğunu və heç bir hüquqi qüvvə daşımadığını bildirirlər. Əgər belədirsə, onda hakim “Mülki Müqavilə” partiyasının müt­ləq çoxluğa malik olduğu Ermənistan parlamentinin “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərarını hüquqi cəhətdən etibarsız sayan qətnamə qəbul etmə­sinə nə mane olur? 

Axı baş nazir Paşinyan özü açıq şəkildə “real” Ermənistanın “tarixi” Ermənistandan üstünlüyü barədə te­zisi irəli sürüb. Reallıq budur ki, İrəva­nın BMT-yə təqdim etdiyi xəritələrdə Ermənistan və “Dağlıq Qarabağın” birləşdirilməsi ilə bağlı qərar yerinə yetirilmədi. Yəni, “Dağlıq Qarabağ” nə hüquqi, nə də faktiki olaraq möv­cuddur. Parlamentin müvafiq qəra­rından sonra konstitusiyada Ermə­nistanın Müstəqillik Bəyannaməsinə istinad məzmununu itirəcək, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması qeyri-müəyyənliklə yüklənməyəcək. Prezident İlham Əliyev Kanadanın Bakıya yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən danı­şıqlarda əldə olunan irəliləyişin Ermə­nistan–Azərbaycan münasibətlərinin nizamlanmasının razılaşdırılmış əsas prinsiplərinin paraflanmasına icazə verməsi bunu nəzərdə tutur.

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Qərbin bəzi siyasətçilərinin və dip­lomatlarının sülhlə bağlı düşüncələ­ri, sanki, hansısa fantastik ideyalara söykənir. Heç inanmaq istəməzdim ki, böyük dövlətlərin siyasətçiləri Cənubi Qafqazda cərəyan edən proseslərdən xəbərsiz olsunlar. Yəni, o adamlar yüz minlərlə azərbaycanlının vaxtilə Er­mənistandan departasiya edildiyini bil­mirlər? Bunlar keçən əsrin ortalarında, 80-ci illərin sonlarında rəsmən qeydə alınmış o qədər dəqiq və aydın faktlar­dır ki, mübahisəyə yer yoxdur. Kana­danın yeni səfirinin dilə gətirdiyi tezisə Azərbaycan tərəfindən dəfələrlə tutar­lı cavab verilib. Dövlətimizin başçısı həmin tarixi həqiqəti qəti və prinsipial şəkildə səfirin diqqətinə çatdırdı. Bu, bir növ, müəllimin şagirdə dərsi izah etməsi formasında yerinə yetirildi. 

Azərbaycan yalnız qarşılıqlı şəkil­də erməniləri ərazimizə qaytara bilər. Əlbəttə ki, bu məsələdə müəyyən şərtlər də mövcuddur. Həmin şərtlər hamıya, o cümlədən Kanadanın ölkə­mizdəki yeni səfirinə və onu buraya göndərən rəsmi dairələrə də bəllidir. O ki qaldı, Ermənistan konstitusiya­sındakı müddəalara, aydın məsələdir ki, dəyişiklik mütləq xarakter daşıyır. Başqa nə cür ola bilər? Bir tərəfdən Azərbaycanla sülh sazişi imzala, o biri tərəfdən isə əsas qanununda ölkəmizə qarşı ərazi iddialarını daxi­li sənəd kimi qələmə ver?! İrəvan bu yolla kimi aldatmağa çalışır? Azərbay­canı aldatmaq mümkün deyil. Zəngə­zur dəhlizi də mütləq şəkildə açılmalı­dır. Çünki hayların baş naziri 2020-ci ili noyabrın 10-da öz imzası ilə bu öh­dəliyi boynuna götürüb. İndi o, bunu, sadəcə olaraq, yerinə yetirməlidir. Bu məsələ ilə bağlı Bakının qəti və prinsi­pial mövqeyinin bundan sonra da də­yişməyəcəyinə əminəm.

İmran BƏDİRXANLI
XQ





Siyasət