Çinin BYD şirkəti ölkəmizdə yeni istehsal sahələri quracaq

post-img

İyulun 2-də Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə çərçivə sazişi imza­lanıb.

Nazirlər Kabinetinin mətbuat xidmətin­dən bildiriblər ki, sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inki­şaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin kommersiya av­tomobilləri üzrə icraçı direktoru Tien Çunlon və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Çərçivə sazi­şi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə is­tehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutur.

Tədbirdə çıxış edən Baş nazirin müa­vini Şahin Mustafayev Azərbaycan və Çin prezidentlərinin birgə səyləri ilə ölkələrimiz arasında ikitərəfli münasibətlərin bu gün bü­tün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Əlaqələrimizin dostluq, qarşılıqlı anlaşma və dəstək prinsiplərinə əsaslandığı qeyd olunub.

Bildirilib ki, Çin şirkətlərinin Azərbay­canda rahat və səmərəli fəaliyyət göstərməsi üçün bütün lazımi şərait təmin edilib və çox­saylı Çin şirkətləri ölkəmizdə yaradılan əlve­rişli və şəffaf biznes mühitindən bəhrələnir. BYD şirkəti ilə əməkdaşlığın uğurlu olaca­ğına və bu gün imzalanacaq sənədlərin Azər­baycan–Çin qarşılıqlı faydalı əlaqələrinin daha da genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Bu il Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Də­yişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP 29) ərəfəsində sö­zügedən müqavilənin imzalanması ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə üzrə qlobal səylərə sadiqliyini bir daha vurğulayır. Saziş çərçivəsində BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoy­mağı nəzərdə tutur. Belə ki, şirkətlə 2026-cı ildən aşağıtonnajlı yük elektrik avtomobillə­rinin, kommunal təsərrüfat üçün elektrik mü­hərrikli avtonəqliyyat vasitələrinin, elektrik mühərrikli minik avtomobilinin istehsalı və 2028-ci ildən isə elektrik enerjisinin saxlan­ması üçün batareyaların yığımı kimi sahələr­də əməkdaşlıq planlaşdırılır. Bu layihələrə şirkət tərəfindən ümumilikdə təqribən 60 mil­yon ABŞ dolları məbləğində əlavə investisi­yanın qoyulması planlaşdırılır.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə elektrik mühərrikli avtobus­ların ölkəmizdə bu sahədə istehsalı həyata keçirəcək şirkətdən alınmasına qərar verilib. Azərbaycanda elektrik mühərrikli avtobus istehsalı müəssisəsi fəaliyyətə başladıqdan sonra isə tələbat daxili istehsal hesabına ödə­niləcək. Hazırkı mərhələdə “BakuBus” MMC tərəfindən BYD şirkətindən 160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldur­ma aparatı alınacaq. Avtobusların 2024-cü il oktyabrın 31-dək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.

BYD ilə əməkdaşlıq çərçivəsində 2025-ci ildə yerli istehsalın qurulması və ehtiyat his­sələrinin mərhələli şəkildə lokallaşdırılması planlaşdırılır. Lokallaşdırılmanın 2030-cu ilə­dək avtobusların ümumi maya dəyərinin 40 faizini təşkil etməsi nəzərdə tutulur. Layihə ilə bağlı müqavilənin bu ilin sentyabr ayında imzalanması planlaşdırılır.

Ölkəmizdə elektrik avtobuslarının is­tehsalı layihəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı kimi iştirak edəcək. La­yihə üzrə BYD şirkətinin Azərbaycandan olan tərəfdaşı “SARDA Group” şirkətlərinə məxsus “Electrify Azerbaijan” MMC-dir.

Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalına ilkin olaraq 34 milyon ABŞ dolları həcmin­də investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac im­kanları nəzərə alınmaqla illik istehsal həcmi­nin 500 ədəd olması nəzərdə tutulur. Layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır.

XQ

Son xəbərlər