Azərbaycan–Türkiyə birliyi: “Geosiyasi layları” tərpədən müttəfiqlik

post-img

I məqalə

Azərbaycan – Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və xalqlarımızın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkətverici qüvvə­sidir.

Heydər ƏLİYEV,
Ümummilli lider

Fundamental əsaslı konstruktiv addımlar

Tarix elmləri doktoru Eynulla Mədətli məqalələrinin birində yazır ki, 1994-cü il ok­tyabr ayının 19-da Türk dövlətləri başçıları­nın Zirvə görüşündə qəbul edilmiş “İstanbul Bəyannaməsi”nin imzalanma mərasimində Heydər Əliyev deyirdi: “Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də, bunlar hamısı xalqlarımızı hələ müstəqil olmadığımız vaxtlarda bir-birin­dən ayırmayıb, bir-birinə bağlayıb, bir-birilə daha çox əlaqədə saxlayıb. İndi isə xalqları­mız öz müstəqilliklərini əldə edəndən sonra, müstəqil dövlətlər kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fun­damental əsaslar üzərində bundan sonra da irəli getməliyik”. 

Ulu öndərin Türkiyə–Azərbaycan mü­nasibətlərini “fundamental əsaslar üzərində qurmaq” tövsiyəsi iki qardaş dövlətin müasir mərhələdə əməkdaşlıq fəlsəfəsinin ana xəttini təşkil edir. 

İndi müşahidə edilən proseslər də göstə­rir ki, bu məsələ getdikcə regional və qlobal miqyasda daha aktual mövqeyə çıxır. Öncə, bir sıra güclü siyasi dairələr məsələyə inkar­çılıqla yanaşdılar. Məntiq belə idi – “kimin sifarişini yerinə yetirirlər, kimlərin yanında durmağa çalışırlar”. Çox qısa müddətdə anla­dılar ki, keçmiş ədalətsiz, qərəzli və inkarçı siyasi şüurları du dəfə də onları (inkarçıları) dalana dirəyir. Çünki realpolitika meydanın­da Ankara və Bakı, sözün həqiqi mənasında, fundamental əsaslara, ədalətə, hüquqa və mənəviyyata söykənən konstruktiv addımlar atdılar. Bu iki qardaş dövlət yalnız özlərinin deyil, bütövlükdə, regionun və Avrasiya qitə­sinin sabit və təhlükəsiz inkişafı üçün çalış­dıqlarını əməllərində sübut etdilər. Bunun qə­bul edilməsinin faktoloji sübutları dünyanın böyük dövlətlərinin başçılarının Azərbaycan Prezidentinə dalbadal əməkdaşlıq mesajları verməsindədir. Üç böyük dövlətin nümunə­sində bunu görə bilərik. Onlar ABŞ, Rusiya və İrandır.

ABŞ: Zəngəzur dəhlizi açılmalıdır

Cəmi 3-4 il bundan öncə Vaşinqtonun Cənubi Qafqaz istiqamətində ab-havası fərqli idi. Amerika siyasi elitası özünü çox yuxarı­dan və həlledici faktor olan fenomen kimi təq­dim edirdi. Türkiyə və Azərbaycana qarşı açıq və gizli ədalətsiz addımların şahidi olduq. On­ların sırasında həyat yoldaşı erməni olan bir senator canfəşanlıq edirdi. Nensi Pelosinin də münasibətini hər kəs bilir. Amerika Senatının kuluarlarında kimlərin hansı oyunlar arzusun­da olduğu haqqında aidiyyətli dairələr çox yaxşı bilirlər. Türkiyə və Azərbaycana qarşı ədalətsiz addımlar, təxribatlar və bunların fonunda “yumşaq” formada təcavüzkar Er­mənistanı müxtəlif məsələlərdə dəstəkləmək cəhdləri, təəssüf ki, dünyanın ən güclü dövlə­tinin “siyasi-diplomatik sandığı”ndan çıxırdı. 

İndi isə ABŞ prezident səviyyəsində Azər­baycanı etibarlı tərəfdaş, əməkdaşlığı inkişaf etdirmək üçün arzu etdiyi suveren ölkə və hət­ta, Zəngəzur dəhlizini açmaq niyyətinə dəstək verən güclü dövlət kimi görür. Azərbaycan və Türkiyə heç bir zaman konstruktiv təklif­lərə və addımlara qapalı olmamışlar. Türkiyə F-16-ları da qəbul edir, Azərbaycan da bütün sferalarda olduğu kimi Zəngəzur məsələsində də Vaşinqtonun mövqe dəyişikliyinə həm say­ğılı yanaşır, həm də praktiki siyasi-diplomatik müstəvidə əməkdaşlığa tam açıqdır. 

Rusiya: müttəfiqliyə davam

Sözün həqiqi mənasında, Prezident İlham Əliyev Rusiya istiqamətindəki siyasət­də inqilab etmişdir. Tarixi baxımdan çox qısa bir müddətdə rəsmi Bakı, faktiki olaraq, düş­mən mövqeyində olan çox güclü bir qonşusu­na özünün haqlı olduğu ilə yanaşı, ən etibarlı müttəfiq ola biləcəyini də sübut etdi! Keçən əsrin 90-cı illərində Kremlin siyasətindən “Ermənistan qardaş, dost və Cənubi Qafqaz­da yeganə etibarlı müttəfiqdir” fikri “sel kimi region dövlətlərinin üzərinə axırdı”! Bir neçə beynəlxalq tədbirdə və ikili müzakirələrdə ulu öndər Heydər Əliyevin hansı fəallıq və qətiyyətlə Moskvanın bu qərəzli mövqeyi ilə savaşdığı haqqında çoxlu fakt var. Proseslər göstərdi ki, ilk illərdə Azərbaycan liderinin bu fəaliyyətinə diqqət etmək istəməyən Ru­siya rəhbərliyi real faktlar qarşısında geri çə­kilməyə başladı. Nəhayət, Moskva Bakı ilə strateji müttəfiqliklə bağlı müqavilə imzaladı. Bu, politoloqların diqqət etmədiyi bir gerçək məqamı ifadə edirdi.

Rusiya Azərbaycanla strateji müttəfiqlik sənədini nə zaman imzaladı? Şuşa Bəyan­naməsindən sonra. Şuşa Bəyannaməsinin məğzi nədən ibarətdir? Azərbaycan və Tür­kiyə iki müstəqil dövlətlər kimi bir-birinin daxili işlərinə qarışmadan real müttəfiqliyin bütün şərtlərini ödəməklə birgə fəaliyyət göstərəcəklər. Bu fəaliyyətin təməlində üç faktor dayanır: ədalət, hüquq və müsətqil dövlətçiliyə sayğı! Rusiya anladı ki, müasir dövrdə iki ən yaxın dövlət belə “böyük qar­daş-kiçik qardaş” siyasi-ideoloji dixotomiyası ilə münasibət qurmurlar. Bu faktın arxasında Türkiyədən çox Azərbaycan dövlətinin gücü dayanır! Maraqlıdır, lakin gerçəkdir! Ulu öndər “bir millət, iki dövlət” kəlamı ilə qar­daş Türkiyəyə böyük qardaşlığın keçərli ol­madığını necə anlatdısa, qonşu Rusiyaya da eyni qətiyyətlə bərabərhüquqluluq, ədalət və müstəqilliyə sayğıdan kənarda münasibətlərin alınmayacağını başa saldı. 

Bu mənada, Rusiyanın Azərbaycanla stra­teji müttəfiqlik sənədini Şuşa Bəyannaməsin­dən dərhal sonra imzalaması təsadüfi deyildir –birbaşa Azərbaycan müstəqil siyasətinin və müstəqilliyinin etirafıdır. 

Deməli, bəzilərinin (hətta Azərbaycanda) təqdim etməyə çalışdığı kimi, qətiyyən söh­bət Rusiyanın Azərbaycan üzərində hökm­ranlığından gedə bilməz, əksinə son 300 ildə ilk dəfədir ki, Azərbaycan lideri Moskvaya anlada bilmişdir ki, “müstəqil Azərbaycan­la əməkdaşlığı bərabərhüquqlu və qarşılıqlı sayğı əsasında qura bilərsən”! Bu çərçivədən kənarda strateji müttəfiqlik baş tuta bilməz. 

İndi Rusiya Prezidenti Vladimir Putin yüksək səviyyədə etiraf edir ki, “Ermənistan düşmənlərlə oturub-durur”! Konkretləşdirsək, anlamı ondan ibarətdir ki, “Ermənistan artıq Moskvaya dost deyildir və hətta düşməndir”. Azərbaycan haqqında isə bunu demir. Demə­li, bu mənzərə də Azərbaycan liderinin güclü siyasətinin bəhrəsidir!

Bununla ümumiləşdirmək olar ki, Cənubi Qafqazda ABŞ, Türkiyə və Rusiyanın müna­sibətlərinin təməlində hər üçünün Azərbayca­nın müstəqilliyinı real sayğılı münasibətləri, hüquqilik və konstruktiv əməkdaşlıq niyyət­ləri dayanır. Eyni zamanda, Azərbaycan–Tür­kiyə birliyi, müttəfiqliyi bu konfiqurasiyanın “döyünən qəlbi”dir! Bunu da hər kəsin bilmə­si və bu regiondakı fəaliyyətində nəzərə alma­sı qaçılmaz gerçəklikdir! 

Lakin regional mənzərə bununla tamam­lanmır.

İran: İlham Əliyevin möhtəşəm “U” dönüşü

İran tarix, mədəniyyət, dövlətçilik və geo­siyasi fakt olaraq Azərbaycana dost və qardaş­dır. Lakin mürəkkəb daxili siyasi dinamikaya malik, sirli diplomatiyası ilə seçilən bu qonşu dövlət Azərbaycan məsələsinə süni həssaslıq­la yanaşmaqla çox neqativ mühit yaratdı. Dini məzhəbçiliyi siyasi müstəvidə düşmənçilik ideologiyasına çevirməklə müsəlman dövlət­çiliyinin düşmənlərinin dəyirmanına su tök­dü. Ancaq həm İran dövlət və cəmiyyət olaraq özəl ənənəsi olan ölkədir və orada ayıq başlar kifayət qədərdir, həm də Azərbaycan Respub­likası ehtiyatlı, təmkinli, lakin qətiyyətli və ədalətli siyasəti ilə rəsmi Tehranın mövqeyini dəyişməsinə nail oldu. Bunu şişirtməsiz Azər­baycan Prezidentinin siyasi kontekstdə möh­təşəm “U” dönüşünə nail olması kimi qiymət­ləndirmək lazımdır. Çünki geniş bir geosiyai məkanda İransız qalıcı konstruktiv geosiyasi düzən yaratmaq imkansız görünür. 

Prezident İbrahim Rəisinin azərbaycanlı həmkarı ilə son müzakirələri bu baxımdan ciddi hadisədir. İndi onun davamının olacağı­na böyük ümidlər vardır. Gec və ya tez Azər­baycan Respublikası–İran–Türkiyə geosiyasi əməkdaşlıq platforması konkret məzmun ala­caq və tam hüquqi əsasa oturacaqdır. 

Qarşı tərəfdən baxış

İndi bu proseslərin “o biri tərəfinə” baxaq. Konkret olaraq müxtəlif dairələrin mərkəzin­də Azərbaycan–Türkiyə birliyinin dayanma­sına və onun faktiki olaraq Cənubi Qafqazda sülh, əməkdaşlıq və təhlükəsizliyin “döyünən qəlbi” olmasına verilən reaksiya birmənalı deyildir. Açıq surətdə ümumi geosiyasi kon­fiqurasiyaya qarşı çıxa bilmirlər, lakin onun “döyünən qəlbi”nə qarşı müxtəlif siyasi, dip­lomatik, ideoloji, hərbi və informasiya təxri­batları törətməyə çalışırlar. Bizim üçün daha düşündürücü olanı Azərbaycan Resublikası daxilində bir sıra KİV orqanlarının üstüörtülü və ibarəli surətdə həmin dairələrə züy tutma­ğa çalışmasıdır. Öz ağılları və məntiqləri ilə hesab edirlər ki, Azərbaycan cəmiyyəti bu təxribatçı davranışı obyektiv münasibət kimi qəbul edir. Böyük yanlışlıq içərisindədirlər. Azərbaycan tükü-tükdən seçən bir cəmiyyət, ölkə və dövlətdir! Azərbaycan insanı Vətən­sevərdir, haqq-ədalət tərəfdarıdır. Onun üçün ailə kimdirsə, dövlət də odur! Azərbaycan­lı dinini, dilini, adət-ənənəsini sevər! Tarixi müstəvidə onu aldatmaq mümkün deyil! Bo­şuna özünüzü yormayın!

Həm də hər kəs bunun bir daha şahidi ola­caqdır. Öncə yaranmış geosiyasi mənzərənin Azərbacyan–Türkiyə birliyi işığında bir sıra özəlliklərinə nəzər salaq. 

Ermənistanın siyasi-diplomatik riyakarlığı

Ermənistan siyasi şüuru dəqiq bilir ki, potensialı, imkanları və praktiki təcəssüm şansları olduqca zəifdir. Çünki o toplum döv­lətçilik şüuru baxımından çox qüsurludur. Kifayət qədər psixoloji natamamlıq komplek­si mövcuddur. Tarixən dövlət qurmaqda elə bir uğuru və buna görə də təcrübəsi yoxdur. Keçən əsrin əvvəllərində uzunmüddətli yalan, şişirtmə və qonşulara böhtanla “qidalandı­rılan” erməni “dövlətçilik şüuru” avtomatik olaraq başqasına şər atmaq üzərində köklən­mişdir. Onlara bununla bağlı Qərb və Rusiya tərəfdən o qədər yalan aşılanmışdır ki, indi özlərini o yalanların cazibəsindən xilas edə bilmirlər. Burada situasiya son dərəcə sadədir: əsl müstəqil dövlətçilik şüuru başqasına nifrət üzərində formalaşa bilməz, onun yeganə mənbəyi öz dövlətçiliyinə sevgi ilə və anlam­lı yanaşmadır. Özünün dövlətçiliyinə anlayış və sevgi ilə yanaşa bilməyən heç bir toplum real müstəqil dövlət qura bilməz. Daim bu və ya digər formalarda başqalarının oyuncaqları olacaqlar. 

İndi mən bilmirəm, N.Paşinyan bunları fərqli formada öz xalqına anlatmağa çalış­maqda nə dərəcədə səmimidir. Lakin bu kimi səslərin erməni siyasi şüurunun özündən eşi­dilməsi maraqlı dəyişiklikdir. Ancaq kifayəte­dici deyildir. Orada maskalı, ikiüzlü, riyakar siyasi və diplomatik priyomların davam etdi­yini görürük. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət