Azərbaycan polisinin xidməti dövlətə və xalqa sədaqət nümunəsidir

post-img

Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib.

Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı da ziyarət olunub.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında nazir, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə 2 İyul – Azərbaycan Polisi Gününə və 2023–2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrun­da şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub.

Sonra peşə bayramı münasibətilə Azərbaycan Res­publikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 106 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli ənənələrdən, xüsusən, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm iş­lərdən danışıb.

Daxili işlər orqanlarının fəaliyyətində yeni bir mərhələ təşkil edən son 21 ilin inkişaf və təkmilləşmə baxımından xüsusilə əhəmiyyətli bir dövr olduğuna diqqət çəkən na­zir Vilayət Eyvazov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar çərçivəsində, həmçinin xüsu­si diqqət və qayğısı sayəsində – Daxili İşlər Nazirliyində güclü və müasir maddi-texniki baza yaradıldığını, zamanın çağırışlarından irəli gələn struktur dəyişikliklərin aparıldığı­nı, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həya­ta keçirildiyini vurğulayıb.

Cinayətkarlığa, onun transmilli növlərinə qarşı mü­barizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilən polis orqanlarının hər bir şəx­sin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyini vurğulayıb. Nazir xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüst­lük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyini, cinayətlərin açılmasının yüksək səviy­yədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, orqan və hissələrin mürək­kəb şəraitdə xidmət aparmaq bacarıqlarının artırılmasının, bütövlükdə, xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca və­zifələr olduğunu şəxsi heyətə çatdırıb.

Nazir qeyd edib ki, 2003–2024-cü illərdə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə, vətən­daşların qanuni mənafelərinin qorunması sahəsində da­vamlı iş aparılıb, o cümlədən 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanı­lan 35 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törə­dilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 25 tona yaxın narkotik vasitə çıxarılıb.

Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həs­saslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mü­hüm vəzifələrin səmərəli icrasının vacibliyinə toxunan nazir, həmçinin cinayətkarlıqla mübarizədə, xüsusən, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasın­da vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini də vurğulayıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhtəşəm Qələbəmizlə nəticələnmiş Vətən mü­haribəsindən sonra regionda yeni reallıqların yarandığını deyən V.Eyvazov işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış”ın gerçəkləşməsi üçün polis orqanlarının, o cüm­lədən Daxili Qoşunların fəaliyyətinin mövcud vəziyyətə uyğunlaşdırıldığını, asayişin və təhlükəsizliyin etibarlı tə­min edildiyini, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyini bildirib.

Nazir xidməti vəzifələrin icrasında daxili işlər orqan­larına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının ve­teranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaş­larına, qeyri-hökumət təşkilatlarına və media nümayən­dələrinə təşəkkürünü bildirib.

Qazanılan uğurlarda Azərbaycan polisinin müasir dün­yagörüşlü yeni nəslini Vətənə, dövlətə, xalqa sevgi və xidmət ruhunda yetişdirən Polis Akademiyasının rolunu xüsusi qeyd edən V.Eyvazov məzunlara təhsili başa vur­maları münasibətilə təbriklərini çatdırıb, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.

General-polkovnik Vilayət Eyvazov təntənəli mərasi­min iştirakçıları adından Prezident İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bun­dan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.

XQ



Sosial həyat