Asayiş və sabitlik keşikçiləri

post-img

Haqlı deyiblər ki, yanlış da bir naxışdır. Bir neçə gün əvvəl – silahlı quldura qarşı əməliyyat keçirən vətənpərvər, andına və dövlətinə sadiq olan, dinc əhalinin həyatını qorumaq kimi mühüm bir vəzifənin reallaşdırılması zamanı şəhid olan polislərimiz haqqında qələmə aldığım sətirlərdə bu sahədə çalışan soydaşlarımızın fəaliyyətinin miqyasını göstərən konkret rəqəmlər təqdim edə bilməmişdim. Təbii ki, vaxt darlığından. 

Müstəqilliyin ilk illərində – təbii ki, həmin illər başdan-başa erməni terroru, təxribatı ilə müşayiət edilirdi– şəhid olmuş və fəxri adlara layiq görül­müş, orden-medallala təltif edilmiş DİN əmək­daşları barədə konkret göstəriciləri xatırladıram: “1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hər­bi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hər­bi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adı­na, 1143 nəfər orden və medallara layiq görülüb”. Onlar öz həyatlarını fəda edərək bizə sabitlik və əmin-amanlıq bəxş etmişdilər. 

Daxili sabitlik və əmin-amanlıqdan söz düş­müşkən, ulu öndər Heydər Əliyev 1998-ci il iyu­lun 3-də (təsadüfə bax, bu yazı da oxuculara iyulun 3-də təqdim edilir) Azərbaycan Polisi Gününə həsr olunmuş təntənəli mərasimdəki nitqində bu barədə əhatəli şəkildə söz açmışdı: “Ölkəmizdəki möhkəm sabitlik bir tərəfdən cinayətkarlıqla mübarizə, sizin öz vəzifələrinizi layiqincə yerinə yetirməyiniz, ikin­ci tərəfdən də insanların, vətəndaşların hüquqlarının qorunması üçün dövlətimizin yaratdığı təminat nəti­cəsində mümkün olmuşdur. Əgər vətəndaş istədiyi vaxt evindən rahat çıxıb harasa gedirsə, axşam hara­dasa istirahət edə bilirsə, şəhərin hər hansı hissəsinə rahat gedə bilirsə, demək, bəli, bizim polis, Daxili İşlər Nazirliyi sabitliyi, asayişi, eyni zamanda, in­sanların hüquqlarını təmin edirlər... Uğurlarınız çox­dur. Mən bunu açıq deyirəm”.

Həmin tədbirdən beş il sonra – 2013-cü il iyulun 2-də Azərbaycan polisinin yaranmasının 95-ci ildö­nümü günündə Daxili İşlər Nazirliyi Polis Akade­miyasında Heydər Əliyev Mərkəzinin açılışı olmuş və orada çıxış edən Prezident İlham Əliyev demişdi ki, hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlik­dir: “Bu gün biz dünyanın müxtəlif bölgələrində hökm sürən prosesləri izləyərkən bir daha görürük ki, sabitlik pozulduqda bütün başqa məsələlər də öz həllini tapa bilməz. Sabitlik pozulduqda inkişaf­dan söhbət gedə bilməz. Ona görə sabitliyin bərpa edilməsi o illərdə ən başlıca vəzifə idi. Ulu öndərin qətiyyəti, müdrikliyi, xalqın ona olan inamı və po­lis orqanlarının fəaliyyəti bu sabitliyi yarada bildi. 20 ildir ki, Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. İyirmi ildir ki, biz uğurlu inkişaf yolu ilə gedirik və bu sabitlik, bir daha demək istə­yirəm ki, bütün inkişafın təməlində dayanan amil­dir”. Müasair Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğuna görə bütün dövlət qurumlarımızın yaranma tarixini məhz həmin illərdən götürürük. Ümummilli lider Hey­dər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü Elan edilib. Özü də ilk polis qrupları Bakıda yox, Gəncə quberniyasında yaradılmış və erməni vəhşiliklərinə qarşı amansız mübarizə aparılmışdı. Həmkarlarımızdan birinin fikrincə, ermənilər 2020-ci ilin oktyabrında Gəncəni raket hücumuna, bombardmana tutanda 1918-ci ildə bu regionda gorbagor olmuş əcdadlarının qisasını almaq istəyirdilər. 

Başqa bir faktı yada salaq. 1941–45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəh­rəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülmüşdür. Ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da polis orqanlarımız həm milli dövlətçiliyin, həm ərazi bütövlüyümüzün, həm də əhalinin əmin-a­manlığının qorunması kimi mühüm vəzifələri ye­rinə yetirməli idilər və yetirdilər. Ölkənin siyasi elitasındakı diletantlıq, fəaliyyətsizlik və naşılıq­lara baxmayaraq, polis öz üzərinə düşən vəzifələri yerinə yetirdi. Məhz polisin həmin dəyanət və sə­daqətini həzm edə bilməyən qüvvələr Azərbaycan polisinin fəaliyyətini olduqca təhlükəli istiqamətə yönəltməyə çalışdılar və nəticədə ermənilər kimi, onlar da öz məqsədlərinə çata bilmədilər. Çünki xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından, yəni 1993-cü ilin iyun ayının 15-dən sonra xaosdan qurtuluşa ke­çidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatın­da və kriminogen durumda köklü müsbət dəyişik­liklər baş verdi. İntensiv surətdə həyata keçirilən tədbirlərdən biri də hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının sıralarının saflaşdırılması, dövlətə, xalqa sədaqətli şəxsi heyətin formalaşdı­rılması, peşə borcunu, qanunun aliliyini hər şeydən üstün tutan əməkdaşların xidmətə cəlb edilməsi idi. 2003-cü ilin payızından sonra isə Azərbbaycanda cəmiyyət həyatının bütün sahələri kimi Daxili İş­lər Nazirliyinin fəaliyyəti də başdan-başa müasir­ləşdirildi, maddi-texniki baza yenidən qurularaq möhkəmləndirildi, şəxsi heyətin peşəkarlığını artırılması üçün lazım olan bütün addımlar atıldı, beynəlxalq təcrübələrin öyrənilməsi təmin edildi, 2004-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə müvafiq dövlət proqramı qəbul edildi.

Yadımdadır, Xalq artisti, görkəmli sənətkarı­mız Həsənağa Turabovun oğlu – polis zabiti Daşqın Turabov bir quldurun gülləsinə tuş gəlmişdi. Hə­min faciədən sonra həmkarlarımızdan biri yenicə şəhid atası olmuş sənətkara baş sağlığı verəndə o demişdi: “Tək onunla təsəlli tapıram ki, oğlumu o peşənin dalınca mən göndərməmişdim. O sahəni özü seçmişdi, özü sevmişdi və mən sizi inandırı­ram ki, Azərbaycan polisinin bəlkə də sonuncusuna qədər hamısı o sahəni özü seçib, özü and içib. Polis orqanlarımızın peşəkarlığlnın təməlində də məhz həmin sevgi dayanır”. 

Azərbaycan daxili işlər orqanlarının əməkdaş­ları öz vətənpərvərliklərini və şücaətlərini Vətən müharibəsində də nümayiş etdirdilər. Azərbaycan tarixinə silinməz hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətin­dən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından azad olunması uğrunda qəhrəmanca­sına döyüşmüş Daxili Qoşunların əməkdaşların­dan 1690 nəfər müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Sonda xatırladım ki, dünən – iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Aka­demiyasında nazir, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Azərbaycan Polisi Gününə və 2023–2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə ötən 106 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdı­ğı dəyərli ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahə­sində görülən mühüm işlərdən danışılıb. 

Qeyd olunub ki, 2003–2023-cü illərdə cinayət­lərin qarşısının alınması, açılması, istintaqı, bütöv­lükdə, vətəndaşların qanuni mənafelərinin qorun­ması sahəsində davamlı iş aparılıb, o cümlədən 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsiz­ləşdirilib, əllərdə qanunsuz saxlanılan 35 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlə­rin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 25 tona yaxın nar­kotik vasitə çıxarılıb. 

Yolun açıq, fikrin aydın, işin uğurlu, canın sağ, inam, etimad və sədaqətin möhkəm olsun, Azərbaycan polisi! Xalq sənə inanır, dövlət sənə güvənir, bütün soydaşlarımız səni dəstəkləyir. Yeni uğurlara doğru! 

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Sosial həyat