Daxili İşlər Nazirliyinin ölkədəki əksər qurumlarında və Azərbaycanın şəhər və rayonlarında dünən Poliş günü münasibətilə müxtəlif tədbirlər, təntənəli mərasimlər və şənliklər keçirilib. Toplantılarda müstəqil dövlətçiliyimizin və ümumi asayişin qorunmasında polis orqanlarının mübariz fəaliyyətindən məmnunluqla söhbət açılıb, ölkənin polis ordusunun rəhbər heyətinin və əməkdaşlarının ünvanlarına səmimi təbriklər səslənib.
Bakı
Suraxanı rayonunda təşkil edilən toplantıda rayon rəhbərliyi, ictimaiyyət təmsilçiləri ərazidə xidmət göstərən polis işçilərini peşə bayramı münasibətilə səmimi təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuyıblar.
Mərasimdə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına ünvanlanmış təbrik məktubu səsləndirilib. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, daha da qüdrətlənməsi naminə xalqa şərəfli xidmətlərində onlara uğurlar arzulayıb.
Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq, Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq inkişaf etdiyini, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirib. O qeyd edib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şərait yaradılıb.
Sonda bir qrup polis əməkdaşı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunub.
Naxçıvan
Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümü münasibətilə Naxçıvan Orta İxtisas Polis Məktəbində muxtar respublikada Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin iştirakı ilə təntənəli mərasim keçirilib.
Fuad Nəcəfli çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Naxçıvan MR daxili işlər naziri, polis general-mayoru Süleyman Neymətov Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbriklərini şəxsi heyətə çatdırıb. O, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşan daxili işlər orqanlarının keçdiyi şərəfli və zəngin xidmət yolundan, muxtar respublikada polisin uğurlu fəaliyyətindən danışıb.
Toplantıda əminliklə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları Naxçıvanda da bundan sonra Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda bütün qüvvə və bacarığını əsirgəməyəcək.
Mərasim şəxsi heyətin keçidi ilə yekunlaşıb.
XQ