Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin yaradılması istiqamətində əməli addımlar atmaqdansa, yenə də müxtəlif mənasız təşəbbüslər irəli sürməkdə davam edir. Doğrudur, son vaxtlar bu istiqamətdə müəyyən inkişaf da nəzərə çarpır. Bunu Xarici işlər naziri Ceyhun Bayramovun dünən Tbilisiyə səfəri zamanı gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə birgə keçirdiyi mətbuat konfransında verdiyi bəyanatdan da görmək mümkündür. C.Bayramov bildirib ki, sülh sazişinin mətni ilə bağlı kifayət qədər əhəmiyyətli irəliləyiş var. Nazir qeyd edib ki, açıq qalan məsələlərin sayı əhəmiyyətli dərəcədə azalıb.
Rəsmi İrəvanın irəli sürdüyü ən mənasız təşəbbüs isə atəşkəsin pozulması hallarının araşdırılması üçün birgə təhqiqat mexanizminin yaradılması ilə bağlıdır. Azərbaycan tərəfi atəşin hansı istiqamətdən, saat neçədə və neçə dəfə açıldığını dəqiq bilir. Ordumuzun müvafiq istiqamətdə yerləşən bölmələri tərəfindən yalnız adekvat cavab tədbirləri görülür. Eyni zamanda, Azərbaycan Ordusunda ciddi nizam-intizam, vahid komandanlıq mövcuddur. Ermənistanda hansısa hərbi hissədə hansısa hərbi qulluqçular yuxarı komandanlığa tabe olmayaraq, özbaşına atəşkəsi poza bilərlər.
Azərbaycan Ordusunda isə belə bir halın baş verməsi qətiyyən mümkün deyil. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə orduda hərc-mərclik, başıpozuqluq hallarına da son qoyulub. İndi Azərbaycanda vahid komandanlığa tabe olan güclü ordu vardır. Bu baxımdan, rəsmi Bakı hansısa birgə təhqiqat mexanizminin yaradılmasına ehtiyac duymur. Ermənistan özü isə təkbaşına belə bir mexanizm yaradıb araşdırma apara bilər. Araşdırmanın nəticəsinə əsasən, əgər həmin hərbi qulluqçular özbaşına bunu ediblərsə, cəzalandırılmalıdırlar ki, oxşar hallar təkrarlanmasın.
Bundan başqa, Ermənistanın əsas qanununda – konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Bu məqam rəsmi Bakı tərəfindən prosesin başa çatdırılmasına ən ciddi əngəl kimi qəbul olunur. Məlum hadisə Ermənistanın özü üçün də çox xoşagəlməz hal kimi qəbul edilməlidir. Hazırda Azərbaycan bu istiqamətdə müvafiq addımların atılmasını gözləyir. Ancaq qeyd etdiyimiz kimi, Ermənistan sülhün əldə olunması üçün zəruri sayılan bu addımları atmaqdansa, mənasız təşəbbüslərlə çıxış edir.
Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da bu barədə danışıb. Deyib ki, İrəvan Bakıdan sülh müqaviləsi üzrə 10-cu təkliflər paketini alıb. Onun sözlərinə görə, proses dinamikdir, bəzən irəliləyiş olur, bəzən yox. Qriqoryan Azərbaycanın Ermənistanın birgə təhqiqat mexanizmi yaratmaq təklifinə hələ də cavab vermədiyindən gileylənib. “Biz Azərbaycanın Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı yaydığı dezinformasiyadan (?), təbii ki, narahatıq. Aydındır ki, heç bir eskalasiya olmayıb, Ermənistan tərəfdən atəş açılmayıb” – deyən Qriqoryan ağ yalan danışmağa davam edib.
Bu arada ABŞ-nin Ermənistandakı səfirliyi də İrəvanın cəfəng təklifinə münasibət bildirib. Səfirliyin Ermənistan ictimai televiyasının İrəvanın atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmaq təklifini Vaşinqtonun necə dəyərləndirməsi ilə bağlı sorğusuna verdiyi cavabda deyilir: “Biz Ermənistan və Azərbaycan arasında sülh istiqamətində aparılan işləri alqışlayırıq. Hər iki ölkənin ərazi bütövlüyünü dəstəkləyirik. Biz gərginliyi azaltmaq və regionda davamlı və ləyaqətli sülhə nail olmaq üçün xoşməramlı səyləri alqışlayırıq. Birləşmiş Ştatlar gələcək addımları tərəflər üçün faydalı olan istənilən yolla dəstəkləməyə hazırdır. Son bir ildə tərəflər mühüm irəliləyişə nail olublar. Biz tərəfləri anı qaçırmamağa, əvvəlki danışıqları davam etdirməyə və müqaviləni mümkün qədər tez imzalamağa çağırırıq. ABŞ açıq şəkildə bəyan edib ki, bu münaqişənin (?) hərbi yolla həlli yoxdur. Biz hesab edirik ki, davam edən zorakılıq (?) Ermənistan və Azərbaycanın uzunmüddətli və ləyaqətli sülhə doğru əldə etdiyi irəliləyişə xələl gətirir”.
Səfirlik, həmçinin Ermənistan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıyan uzunmüddətli sülh sazişini mümkün qədər tez imzalayacağına ümid etdiyini bildirib.
Əlbəttə, səfirlik məsələyə diplomatik qaydalar çərçivəsində münasibət bildirsə də, sonda əksini tapan “münaqişənin hərbi yolla həlli yoxdur” ifadəsi qətiyyən anlaşılmır. Bu ifadə tarixin arxivinə qovuşsa da, hələ də bəzilərinin süni nəfəs verərək diri saxlamağa çalışdıqları keçmiş ATƏT-in Minsk qrupu həmsədrlərinin 2020-ci il sentyabrın 27-dək vaxtaşırı verdikləri bəyanatlara bənzəyir. Görünür, səfirlik əməkdaşları həmin cümləni əvvəlki bəyanatların mətnindən, necə deyərlər “copy and paste” (kəsmək və yapışdırmaq) ediblər. Əks təqdirdə, onlar bilməli idilər ki, keçmiş münaqişə 4 ilə yaxındır həllini tapıb.
Vaşinqton prosesə töhfə vermək istəyirsə, N.Paşinyanı, onun xarici işlər nazirini və digər Hayastan rəsmilərini gerçək sülhə sövq etməlidir. ABŞ Ermənistan hökumətinə təsirinin böyük olmasından istifadə edərək rəsmi İrəvandan əsas qanununa, digər qanunvericilik aktlarına dəyişiklik aparmasını tələb etməlidir. Yalnız bu halda səfirliyin bəyanatında deyildiyi kimi, bölgədə uzunmüddətli və ləyaqətli sülhə nail olmaq mümkündür. Bunu etmədən hansısa ikitərəfli mexanizm yaratmaq təşəbbüslərinin də faydası olmayacaq. Ermənistan sülh istəyində səmimi olduğunu əməlləri ilə ortaya qoymalıdır. İrəvanın gözə kül üfürməkdənsə, real addımlar atması daha yaxşı olardı.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı “XQ”-yə açıqlamasında bildirdi ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi pozduğuna dair xəbərlər yaydı. Öz növbəsində Hayastan müdafiə nazirliyi bu xəbərləri təkzib etdi. Baş nazir Nikol Paşinyan dedi ki, ya həqiqətən atəşkəsin pozulması halları var, ya da bu eskalasiya məqsədilə həyata keçirilir: “Paşinyan “eskalasiya” dedikdə Azərbaycan Ordusunun hansısa hücum planını həyata keçirməsini nəzərdə tuturdu. Yəni, guya, Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulması barədə xəbərləri qəsdən yayır. Azərbaycanın Naxçıvan istiqamətində atəşkəsi pozmaqda heç bir marağı yoxdur. Bizə sərhəddə sakitlik lazımdır. Azərbaycan əsas hədəfinə çatıb, ərazi bütövlüyünü və Qarabağ iqtisadi rayonu üzərində suverenliyini təmin edib. Paşinyan “ya həqiqətən atəşkəsin pozulması halları var” dedikdə öz ordusunun təxribatına işarə edib. Nikol özü də bir neçə dəfə etiraf edib ki, Ermənistan ordusunda “beşinci kolon” mövcuddur. Bundan başqa Ermənistan ordusuna özünü könüllülər ittifaqı adlandıran, əslində isə terrorçu təşkilat olan “Yerkrapa” üzvləri cəlb ediliblər. Bu ilin fevralında Azərbaycanın mövqelərini revanşist hisslərlə alışıb-yanan elə həmin terror təşkilatının üzvləri atəşə tutmuşdular. Bunu Paşinyan da etiraf etmişdi”.
E.Şahinoğlunun sözlərinə görə, N.Paşinyanın təklifi belədir: Biz Bakını sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün dəvət etməyə hazırıq. Düşünürəm ki, həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı fikir olardı. Mən belə bir təkliflə çıxış etməyə hazıram.
Müsahibimiz qeyd etdi ki, Paşinyanın təklifi ilə razılaşmaq mümkün deyil. Birincisi, ortaq komissiyanın formalaşdırılması üçün ilk növbədə iki ölkə arasında sülh və ya çərçivə sazişinin imzalanması lazımdır. İkincisi, Paşinyanın da etiraf etdiyi kimi, Ermənistan ordusunda təxribatçı qüvvələr var və Hayastan silahlı qüvvələri müxtəlif terrorçu qruplardan formalaşıb: “Fevral ayında baş verən təxribat necə olmuşdu? Ermənistan silahlı qüvvələrindəki “Yerkrapa” terrorçusu snayper atəşi ilə Azərbaycan hərbçisini yaralamışdı. Paşinyanın məntiqinə görə, belə halları “ortaq komissiya” araşdırmalıdır. Həmin “ortaq komissiya” məsələni araşdırana kimi terrorçu İrəvana geri dönərək cəzasız qalacaqdı. Azərbaycan isə atəş açılan postu darmadağın etməklə, terrorçunu neytrallaşdırmaqla cavab verdi. Paşinyan Naxçıvana açılan atəşi müəyyənləşdirmək üçün “ortaq komissiyanın” yaradılması əvəzinə müdafiə nazirindən həmin istiqamətdə nələrin baş verməsi ilə bağlı hesabat tələb etməlidir”.
Analitik bildirdi ki, N.Paşinyanın atəşkəsin pozulması ilə bağlı birgə “ortaq mexanizm” qurması təklifinin arxasında onun Ermənistan ordusunun hamısına nəzarət etməməsinin etirafı var. Paşinyan açıq şəkildə “atəşkəsi Ermənistan ordusu pozmayıb” deyə bilmir, şübhələri var. Çünki baş nazir bu ilin fevral ayında atəşkəsi ordu içindəki “Yerkrapa” silahlı qruplaşmasının üzvünün pozduğunu etiraf etmişdi. Başqa təxribatçılar da var. Belə olan halda Paşinyan “ortaq mexanizm” vasitəsilə ordusundakı təxribatçıları müəyyənləşdirmək istəyir. Ancaq Ermənistan ordusundakı təxribatçıları və “atəş açın” əmrini verən zabitləri müəyyənləşdirmək Azərbaycanın problemi deyil, bu işin öhdəsindən Paşinyan gəlməlidir.
E.Şahinoğlu onu da qeyd etdi ki, Prezident İlham Əliyev başda olmaqla dövlət rəsmilərimiz iki ölkə arasında sülh sazişinin imzalanması üçün özündə ərazi iddialarını ehtiva edən Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruri olduğunu vurğulayırlar. Böyük ehtimalla Azərbaycanın Ermənistana göndərdiyi növbəti təkliflər paketində bu zərurət yenidən vurğulanıb. Əvvəlki açıqlamalarında konstitusiyanın yenilənməsində israrlı olan Paşinyan son vaxtlar bu məsələnin iki il sonra həll oluna biləcəyinə eyham vurmağa başlayıb. Politoloq hesab edir ki, iki il gecdir. Əgər Paşinyan dediyi kimi, İrəvan Azərbaycanla qısa müddətdə sülhün əldə olunmasını istəyirsə, iki ili gözləmədən heç olmazsa, konstitusiyada ərazi iddialarını ehtiva edən bəndlərin əsas sənəddən çıxarılmasını həyata keçirməlidir. Bunu etmədən iki ölkə arasında sülh mümkün deyil.
Səxavət HƏMİD
XQ