Ermənistan Azərbaycana hərbi təcavüzü Qarabağ pərdəsi arxasında etmişdi

post-img

Sabiq baş diplomat çətinliklərin hələ də qaldığını söyləyir

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yerli mediaya müsahibə verib. O, müsahibədə ölkənin diplomatik uğurları, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərə toxunub. Söhbətin maraq doğurduğunu nəzərə alaraq, sabiq nazirin müsahibəsinin qısa icmalını oxucularımıza təqdim edirik.

Tofiq Zülfüqarovun sözlərinə görə, bu il Azərbaycan Prezidenti İlham Əliyev həm Vaşinqtonda ABŞ Prezidenti ilə görüşlərdə iştirak edib, həm də Pekində və Şanxay Əməkdaşlıq Təşkilatının sammitində yeni “qüvvə mərkəzləri” ilə ölkəmizin əlaqələrini möhkəmləndirib. Bu, Azərbaycanın beynəlxalq səhnədə fəal mövqeyini və diplomatik fəaliyyətinin effektivliyini göstərir.

Sabiq nazir qeyd edib ki, artıq Ermənistan–Azərbaycan münasibətlərində əhəmiyyətli irəliləyişlər müşahidə olunur, Qarabağ münaqişəsi tarixə qovuşub: “Ermənistanın Azərbaycana qarşı təcavüzü uzun müddət “Qarabağ münaqişəsi” pərdəsi altında davam etdirilirdi. ATƏT-in Minsk qrupu və ona bağlı bütün institutlar, o cümlədən sülhməramlı əməliyyatların hazırlanması ilə məşğul olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu artıq fəaliyyətini dayandırıb və onların illərlə gördüyü işin nəticəsi faktiki olaraq sıfır olub. Minsk qrupunun ləğv edilməsi Azərbaycan və Ermənistanın rəsmi müraciəti əsasında münaqişəyə son qoyub. Lakin erməni–azərbaycanlı münasibətlərində tam sülh hələlik əldə olunmayıb. Çünki münaqişə çoxsəviyyəli olub və hər iki tərəf fərqli mövqelərini əsas motiv kimi irəli sürüb. Ermənistan uzun illər Qarabağ məsələsini ön plana çəksə də, indi reallığa qayıtmalı və sülh prosesini yalnız Ermənistan–Azərbaycan kontekstində müzakirə etməlidir. Bu istiqamətdə artıq şox mühüm irəliləyişlər var”.

Zəngəzur dəhlizi (TRIPP) barədə danışan T.Zülfüqarov bunları bildirib: “Uzun müddət həll olunmamış Zəngəzur dəhlizi məsələsi artıq gündəmin əsas mövzusudur. Bu dəhliz Azərbaycanın iki hissəsi arasında təhlükəsiz və fasiləsiz əlaqənin təmin olunması üçün əsas komponentdir. Ölkənin əsas hissəsinin Naxçıvanla birləşməsini əngəlləyən qərarlar keçmişdə qəbul olunmuş, uzun müddət isə görməzlikdən gəlinmişdi. Hazırda bu məsələ dünya səviyyəsində – Ağ Evdə səsləndirilib və bu, Azərbaycan diplomatiyasının böyük uğuru hesab olunur”.

Sərhədlərin delimitasiya və demarkasiyası üzrə prosesin də fəallaşdığına diqqəti çəkən sabiq nazirin sözlərinə görə, Nikol Paşinyan əmindir ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan vətəndaşlarının və yüklərinin maneəsiz və təhlükəsiz keçidi üçün yaradılacaq şəraitdən Ermənistan da faydalanacaq. “Qarşıda bizi post-münaqişə dövrü baxımından çətin bir il gözləyir. Vaşinqton görüşündən sonra Ermənistan bu kommunikasiya xəttinin işləməsi üçün müəyyən şərtləri yerinə yetirməlidir” – deyə Zülfüqarov vurğulayıb.

Eks-nazir müsahibəsində bildirilib ki, Azərbaycan bu prosesdə birbaşa iştirak etməsə də, nəticələr onun tərəfindən təsdiqlənməli və dəstəklənməlidir. Bu zaman Bakı yalnız öz prinsiplərinə uyğun variantlarla razılaşacaq: “Zəngəzur dəhlizi, yəni, “Tramp yolu” (TRIPP-red.) yalnız Azərbaycandan Naxçıvana gedən yol deyil. Gələcəkdə bu yol Orta Dəhlizin bir hissəsi ola bilər – həm Mərkəzi Asiyadan Avropaya, həm də Çindən Avropaya. Bu dəhliz, həmçinin Şimal–Cənub marşrutu üçün də faydalı olacaq”.

Tofiq Zülfüqarov sonda onu da bildirib ki, Azərbaycan regionda əsas xarici siyasət xəttinə sadiq qalır: “Bu xətt ölkəyə imkan verir ki, beynəlxalq güc mərkəzlərinə həm bərabər yaxınlığı, həm də bərabər uzaqlığı təmin etsin. Azərbaycan özünü qarşıdurma içində olan tərəflər üçün etibarlı və rahat tərəfdaş kimi təqdim etməyə nail olub. Azərbaycan belə mürəkkəb geosiyasi vəziyyətlərdə, həm regional, həm də beynəlxalq gündəmin əsas məsələlərində uğurlu və balanslı mövqe nümayiş etdirir. Bu mövqe qarşıdurmaların getdiyi ərazilərdə də ölkəmizi etibarlı tərəfdaş kimi önə çıxarır”.

Hazırladı:
Musa BAĞIRLI
XQ

Siyasət