Dövlət satınalmaları sahibkarlar üçün təminatlı bazardır

post-img

Özəl bölmə bu imkandan necə faydalanır?

Regionlarda istehsal və təchizat fəaliyyəti ilə məşğul olan sahibkarların qarşısında önəmli hədəflərdən biri məhsul və xidmətlərə bazar əldə etməkdir. Dövlət satınalmaları bazarına yol açan yeni hüquqi çərçivə belə əlçatanlıq imkanı yaradır. Bəs bu imkanlardan kütləvi və səmərəli istifadə üçün hansı şərtlər yerinə yetirilməlidir?

2024-cü il 1 yanvar tarixindən qüvvəyə minən “Dövlət satınalmaları haqqında” Qanunun məqsədi satınalmaların şəffaf, ədalətli və rəqabətə açıq şəkildə aparılmasının təmin edilməsidir. Qanunun hazırlanması və qəbul prosesi nəticəsində mikro, kiçik və orta sahibkarlığın (MKOSS) dövlət sifarişlərinə çıxış imkanları hüquqi əsasla genişləndirildi. Bu dəyişiklik dövlət vəsaitlərinin səmərəli istifadəsi prinsiplərinə yönəlik addım hesab olunur.

Hüquq və prosedurların yenilənməsi ilə yanaşı, praktiki islahatlara tələbat da artıb. Elektron platformaların ilkin tətbiqi satınalma prosesini rəqəmsallaşdıraraq şəffaflığı yüksəltməyi hədəfləyir, amma reallıqda bu platformaların məzmunu və istifadə qaydaları ilə bağlı sahibkarların maarifləndirilməsinə ehtiyac qalır. Həmin platformalar üzərindən əməliyyat aparmaq texniki bacarıq, vaxt və inzibati resurs tələb edir. Bölgələrdə fəaliyyət göstərən çoxsaylı kiçik müəssisə üçün bu tələb maneə rolunu oynaya bilər.

Hesablama Palatasının monitorinq materialları satınalma proseslərinin planlaşdırma, keçirilmə və müqavilə icrası mərhələlərində çatışmazlıqların mövcudluğunu göstərir. Audit hesabatlarında müəyyən edilən əsas problemlər sırasına qiymət fərqləri, tender sənədlərinin uyğunluğu məsələləri və müqavilə icrasında nöqsanlar daxildir. Bu tapıntılar qanunun tətbiqinin yalnız formal səviyyədə qalmaması üçün hansı əlavə nəzarət və təkmilləşdirmə mexanizmlərinin tələb olunduğu sualını gündəmə gətirir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rolu bazarda rəqabətin qorunması və haqsız rəqabət hallarının qarşısını almaqdan ibarətdir. Agentliyin fəaliyyət istiqamətləri arasında satınalma proseslərində antimonopol nəzarətin təşkili də yer alır; bunun nəticəsi olaraq həm bazar iştirakçılarının hüquqları, həm də qlobal standartlara uyğun rəqabət şəraiti möhkəmləndirilə bilər. Təcrübə göstərir ki, bu institutlarla dialoq gücləndirilsə, region sahibkarlarının rəqabət qabiliyyəti real nəticələrə çevrilə bilər.

Bütün bu addımların uğurlu tətbiqi üçün əsas resurslardan biri daimi təlim infrastrukturudur. Regionlarda müntəzəm seminar və praktik məşğələlərin təşkili, yerlərdə ekspert qruplarının formalaşdırılması və onlayn dəstək-kanallarının yaradılması sahibkarların bacarıqlarını artırar. Həmçinin audit nəticələrinin açıq müzakirələr vasitəsilə təhlili yerində islahatların prioritetləşdirilməsinə kömək edər. Hesablama Palatasının və əlaqədar qurumların tövsiyələri bu prosesin strukturunu formalaşdırmaq üçün əhəmiyyətli bazadır.

Nəticə olaraq, hüquqi platformanın mövcudluğu ilkin uğurdur. Lakin bu uğurun davamlı nəticəyə çevrilməsi üçün praktiki alətlər, təlim imkanları və institusional dəstək tələb olunur. Dövlət satınalmalarına çıxış imkanları region sahibkarları üçün gəlirin artırılması və yerli istehsalın möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Qarşıda duran əsas sual bu imkanı kütləviləşdirmək üçün hansı prioritet addımların dərhal atılacağıdır — təlim proqramları hansı vaxt cədvəli üzrə təşkil olunacaq, pilot mexanizmlər hansı nazirlik və agentliklərlə koordinasiya edilərək icra ediləcək və audit nəticələri əsasında hansı konkret islahatlar həyata keçiriləcək?

Eyyub KƏRİMLİ,
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı

2024-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət satınalmaları haqqında” yeni Qanun qəbul edildi. Buna əsasən satınalmalar elektron platforma üzərindən həyata keçirilməyə başlandı, sənədləşmə və prosedurlar tamamilə rəqəmsal müstəviyə keçirildi.

Qanunun məqsədi onun işləkliyini təmin etmək, bu sahədə şəffaflığı artırmaq və neqativ halları aradan qaldırmaq idi. Eyni zamanda, bu qanun sahibkarların dövlət büdcəsi hesabına aparılan satınalmalara çıxış imkanlarını genişləndirmək üçün mühüm və mütərəqqi bir addım oldu. Bu təşəbbüs yerli istehsalçıların və təchizatçıların faydalanması, dövlət investisiyalarının sahibkarlığa yönəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Yeni hüquqi platforma qeyri-neft sektorunun inkişafına da əlavə təkan verə bilər. Lakin aparılan təhlillər göstərir ki, qanunun yeniliyi səbəbindən sahibkarlar hələlik bu imkanlardan tam şəkildə yararlana bilmirlər. Çünki bölgələrdə fəaliyyət göstərən bir çox sahibkar sənədləşmə prosesində çətinliklərlə üzləşir, müəyyən bilik və təcrübə çatışmazlığı mövcuddur. Ən ciddi problemlərdən biri isə kadr potensialının yetərsizliyidir ki, bu da sahibkarların proseslərə qoşulmasını əngəlləyir. Məhz bu səbəbdən, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi olaraq Azərbaycan Respublukasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOBİA-nın təşkilatı dəstəyi ilə bu istiqamətdə silsilə təlimlər aparırıq. Təlimlər Gəncə, Yevlax, Xaçmazda, Lənkaranda, Şəkidə və Bakıda nəzərdə tutulub. Görüşlərdə sahibkarları maraqlandıran məsələlərlə, qarşılaşdıqları çətinliklərlə bağlı əhatəli cavablar təqdim edilir.

Belə hallarda sahibkarların bu istiqamətdə bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirilməlidir. Yerli səviyyədə maarifləndirici tədbirlər, təlim proqramları və praktik seminarların keçirilməsi vacibdir. Düzdür, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu sahədə müəyyən işlər görür, amma mövcud dəstək kifayət qədər deyil.

Sahibkarlara daha geniş dəstək göstərilməsi həm Bakıda, həm də bölgələrdə mikro, kiçik və orta biznes subyektlərinin inkişafına müsbət təsir edə bilər. Xüsusən də, bu kateqoriyadan olan sahibkarların böyük hissəsi yeni platforma barədə yetərincə məlumatlı deyil və hələ də köhnə qaydaların tətbiq edildiyini düşünür. Halbuki yeni elektron sistem şəffaf, çevik və müasir mexanizm kimi nəzərdə tutulub.

Bu platformadan sahibkarların daha fəal istifadəsi ölkədə qeyri-neft sektorunun inkişafına, biznes mühitinin yaxşılaşmasına və ümumilikdə sahibkarlığın möhkəmlənməsinə ciddi töhfə verə bilər.

Nurlan ABDALOV
XQ

 



İqtisadiyyat