Postmüharibə dövründə liderlik

post-img

VI məqalə

İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır.

Heydər Əliyev,

Ümummilli lider

 

Vətənpərvərlik – intellektual fəzilət 

Şübhəsiz, siyasi liderin intellektual fəzilətliliyi mərkəzində onun vətənpərvərliyi dayanır. Ancaq burada “vətənpərvərlik” anlayışı geniş anlamda dərk edilməlidir. Onun məntiqi bazası Ulu öndərin “cəmiyyət mənəviyyat üzərində təşəkkül tapır” və “vətənpərvər olmayan insan mənəviyyatsızdır” tezislərinin sintezindən ibarətdir. Bu anlamda vətənpərvərlik liderlik üçün ontolojiləşir, yəni təbii olaraq intellektual fəzilətliliyin atributuna çevrilir. İntellektin fəzilətliliyinin atributu olmaq isə vətənpərvər intellektual fəzilətlin olmadığı deməkdir. Yəni vətənpərvərlik liderlikdə intellektin xoşniyyətliliyinin adi tərkib hissəsi deyildir, onun mahiyyətini təşkil edən əvəzedilməz özəlliyidir. Bununla zəkavi liderlikdə intellektual fəzilətlilik kontekstində vətənpərvərlik mənəviyyatlılıqla əlaqəli şəkildə həlledici yer tutur. 

Ulu öndərin vətənpərvərliyi bu aspektdə ontolojiləşdirməsinin dərin ideya, məntiqi, konseptual və məfkurəvi mənası varmış. Bu məqamı “vətənpərvərlik” anlayışına Heydər Əliyevin verdiyi geniş mənanı araşdıranda görmək mümkündür. Burada başlanğıc sual belədir: “Vətənpərvərlik nədir, yaxud vətənpərvər kimdir?” 

Vətənpərvərlik yurd, el, oba, dil, adət-ənənə, mədəniyyət, xalq, millət və Vətən sevgisidir. Bu duyğuların daşıyıcısı vətənpərvərdir. Yəni vətənpərvərlik heç də özgəsinə mənfi münasibət və ya laqeyd qalmaqla əlaqəli deyildir – o, etnik mənsubluq sərhədlərini aşaraq, dərin duyğusal qatda insanın torpağa, yurda, adət-ənənəyə, dilə, dinə və böyük anlamda Vətənə bağlılığı və sadiqliyidir. Burada bağlılıqla sadiqlik təsadüfən birgə ifadə edilmir. Çünki əsl vətənpərvər yalnız şüuri səviyyədə vətənə bağlı olmur, o, həm də fəaliyyəti ilə bu bağlılığa sədaqətini təsdiq edir. Deməli, siyasi liderlik kontekstində vətənpərvərlik nəzəri və şüuri aspektlə praktiki davranış və feili fəaliyyət aspektlərinin vəhdətindən təşəkkül edir. 

Vətənpərvərliyin intellektual fəzilətin atributu kimi mənəviyyatla bağlılıqda bu cür siyasi fəaliyyətdə ontolojiləşməsi mühüm ideya hadisəsidir. Bu keyfiyyətdə vətənpərvərlik “Vətənçilik” ideyasının məzmununda mərkəzi yer tutur. Həmin əsasda “vətənçilik” ideyasını konseptə, daha sonra konsepsiyaya, ideologiyaya və məfkurəyə transformasiya etmək imkanı yaranır. 

“Vətənçilik” ideyası

“İdeya” qədim yunan dilində “forma”, “proobraz” anlamını verir. Onun fəlsəfi tərifi müxtəlifdir. Lakin ümumilikdə ideya fikri obrazı ifadə edir. “Vətənçilik” ideyası bu anlamda siyasi fəaliyyətdə şüur üçün əsas, başlıca obyektin Vətən olduğunu əks etdirir. Siyasi lider fəaliyyətində vətənçiliyi ideya kimi qəbul edirsə, hər bir halda bu anlayışa istiqamətlənir, onu fəaliyyətinin başlıca stimulverici və istiqamətləndirici faktoru sayır. Bununla yanaşı, “Vətənçilik” ideya kimi siyasətçinin strateji hədəfinin və məqsədinin Vətənə bağlılıq və sadiqliklə əlaqəli olduğunu ifadə edir. 

Lakin real siyasi fəaliyyətdə “ideya” anlamı praktiki funksiyanı yerinə yetirməyə kifayət etmir. Bunun üçün ideyanın konsept səviyyəsinə yüksəlməsi lazımdır. 

“Vətənçilik” konsepsiyası

Linqvokulturologiyada konsept artıq mental qatla bağlı izah olunur. Yəni ideya insan şüurunda onun daxili mahiyyətinə mental səviyyədə aid olan fenomenə çevrilməlidir. Bununla ideya konsept formasında insanın şüuri fəliyyətinin mental qatının atributu statusuna yüksəlir. Əgər konseptdə Vətən mərkəzi yerə qoyulursa, o, konkret olaraq vətənçilik konsepti olur. 

Konsept həm də yaradıcı mahiyyət daşıyan innovasiya ideyası kimi də təsəvvür edilir. Yəni o, cəmiyyətdə yeni ideya kimi qəbul edilməlididr. Bu keyfiyyətdə konseptin dəyər, obraz və anlayış komponentləri mövcuddur. Lakin konsept struktur–funksional cəhətdən dəqiq sərhədləri olmayan anlayışdır. Onun daha yüksək səviyyədə məzmunlaşmasına erhtiyac vardır. 

“Vətənçilik” konsepsiyası vətən konseptinin aydın struktur və funksional sərhədlərinin nəzəri səviyyədə ifadəsidir. Vətənçilik konsepsiya kimi insanın Vətənə bağlılığı və sədaqətliliyinin vəhdətini ifadə edir. Bununla vətənçilik haqqında geniş nəzəri və feili təsəvvürlər sistemi yaradılır. Bu konsepsiya ilə sosial fəaliyyət göstərmək olar. 

Konkret uzunmüddətli siyasi fəaliyyətə gəldikdə isə ümumi “Vətənçilik konsepsiyası”nın yeni səviyyədə inkişafı lazımdır. Bununla da konsepsiyadan ideologiyaya və oradan da məfkurəyə keçid etmək zərurəti yaranır. Məsələ onunla bağlıdır ki, vətənçiliyin elə başlıca və dəqiq parametrləri sistem halında nəzəri-metodoloji tədqim edilməlidir ki, siyasi fəaliyyətdə praktiki olaraq onlara hədəflənmək mümkün olsun. Konsepsiya bu baxımdan tarixi mərhələyə cavab verən nəzəri və tətbiqi baxışların sistemi formasına salınmalıdır. İdeologiya buna görə daha konkret məzmunlu ad almalıdır. Növbəti mərhələdə isə ideologiya fərdi və kollektiv səviyyədə menatlitetə, şüura, psixologiyaya və həyat tərzinə elə “hopdurulmalıdır” ki, siyasi fəaliyyətdə aparıcı rolunu oynasın. Buna görə də vətənçilik özlüyündə ideologiya kimi yenidən sistemləşdirilməli və adı dəqiqləşməli idi. 

Vətənçilikdən azərbaycançılığa keçid 

Heydər Əliyev siyasi-nəzəri səviyyədə bu məsələni həll etdi. Vətənsevərliyin qədimdən azərbaycanlıların təfəkkürlərində, psixologiyalarında və siyasi fəaliyyətlərində əsas yer tutduğu haqqında yuxarıda bəhs etdik. Əsrlərlə Vətənə sevgi, sayğı və qayğı mənasında vətənsevərlik Azərbaycan toplumunun həyat tərzində xüsusi yer tutmuşdur. “Azərbaycançılıq” da bir neçə əsr öncə daha çox romantik aspektdə cəmiyyətdə rolunu oynamışdır. O, siyasətdə nə konsepsiya kimi mövcud idi, nə də ideologiya statusunda elmi struktur-funksional keyfiyyətlər almışdı. 

Azərbaycan Demokratik Respublikası dönəmində də azərbaycançılıq mükəmməl ideologiya kimi tam formalaşmadı. Əlbəttə, həmin dönəmdə azərbaycançılıq vətənsevərlik və vətənpərvərlik kontekstlərində işlədilirdi. Ancaq işlək və sistemli siyasi məzmuna malik baxışlar kompleksi kimi yenidən işlənməli idi. Azərbaycançılıq mükəmməl ideologiya kimi müstəqil dövlətçilik şüurunun mərkəzi amili səviyyəsinə yüksəldilməli idi. 

Bununla azərbaycançılıq faktiki olaraq vətənçiliyin siyasi-nəzəri səviyyədə ifadəsi kimi təsəvvür edilə bilər. Deməli, vətənpərvərlik azərbaycançılığın ideologiya kimi formalaşmasının mərkəzi punktlarından biridir. Buna uyğun olaraq da Azərbaycanda əsl liderliyin mənəviyyat, vətənpərvərlik, əxlaq kimi faktorlarla ontoloji bağlantısını anlamaq mümkündür. 

Bununla yanaşı, vətənpərvərlik aspektində azərbaycançılığın bir sıra əsas komponentləri mövcuddur. Onlar birbaşa intellektual fəzilətliliyin digər komponentləri ilə bağlıdırlar. Həmin keyfiyyətdə azərbaycançılıqda ədalətlilik, nizamlılıq və hüquqilik xüsusi yer tutur. Ədalətlilik Azərbaycan liderləri üçün çox önəmli intellektual fəzilətdir ki, praktiki fəaliyyətin bazasında dayanır. Nizamlılıq Vətənə düzən gətirməyi nəzərdə tutur. Dövlətçilikdə bu düzənin bütövlükdə dünyaya yayılması zərurəti də yer almışdır. Hüquqi faktor isə azərbaycançılığın əsas dayaqlarından biridir. Azərbaycan cəmyyətində hüquqla qanun bir-biri ilə sıx bağlılıqda dərk edilmişdir. Müasir dövrdə dövlətçilik aspektində isə hüquq əsas yeri tutur. Azərbaycan beynəlxalq hüquq normalarına ciddi əməl edir. Onların gözlənilməsi dövlətin praktiki fəaliyyətində başlıca məqamlardan biridir. 

Beləliklə, Azərbaycanda siyasi liderlik ənənəsində mənəviyyat, vətənpərvərlik, vətənsevərlik ümumilikdə fəaliyyətin atributları kimi yer almışdır. Bu da kökdən liderliyin mənəviyyatla sıx bağlılığını göstərir. Bu məqamın zəkavi xarici siyasətdə real məzmun almasında “məfkurə” anlayışının rolu ayrıcadır. 

Azərbaycançılıq məfkurəsi

“Məfkurə”, adətən, ideologiya kimi başa düşülür. Bu, doğrudan da, belədir. Lakin məfkurənin özəl bir xüsusiyyəti də vardır. O xüsusiyyət məfkurənin ideologiya kimi şüurda deyil, ümumilikdə həyat tərzində yaşam özəlliyinin mahiyyətinə nüfuz etməsi ilə bağlıdır. Məfkurə insanı daxili mənəvi-əxlaqi, duyğusal, emosional və iradi keyfiyyətləri ilə ideyaya və ideologiyaya bağlayır. Məfkurəli insan məqsəd uğrunda fəaliyyətdə qətiyyətli və inamlı olur. 

Azərbaycançılığın məfkurə kimi milyonlara sirayət etməsində Ulu öndər Heydər Əliyevin fikirləri və izahları həlledici rol oynamışdır. Heydər Əliyev azərbaycançılıq kontekstində öyrədirdi ki, “milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır”. Bu dahiyanə kəlamda milli azadlığın milli dirçəliş, milli ruh və milli oyanışla sıx qarşılıqlı münasibətlərdə təqdim edilməsi dərin fəlsəfi anlamı olan haldır. Milli ruhun canlanması yuxarıda vurğuladığımız bütün faktorları özündə ehtiva edir. Vətənsevərlik onların mərkəzində dayanır. Milli ruhun oyanışı həm də ənənənin daha dərindən dərk edilməsi yolu ilə təkrar-təkrar aktuallaşdırılmasıdır. Yekunda bu proses milli dirçəlişə aparıb çıxarır ki, bu da milli azadlığın baza şərtlərindən biridir. 

Deməli, Heydər Əliyev tezisləri ilə zəkavi siyasətin müxtəlif parametrlərini dəqiq ifadə etmişdir. Onun bu kontekstdə çox mühüm bir şərt də qoyması təsadüfi deyildir. Ümummilli lider demişdir ki, “kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın”. Vətənə müxalifətdə olmamaq siyasi fəaliyyətin təməl prinsiplərindən biri kimi, Azərbaycan siyasətçisinin intellektual fəzilətliliyndə ayrıca yer tutur. Vətənsevərliyin konkret ifadələrindən biri kimi həmişə “Vətənin yanında olmaq” şərti müasir tarixi mərhələdə də dəyişməmişdir. Hətta Ulu öndərin dediyi növbəti fikrin işığında bu məsələ daha da aktuallaşmışdır. Heydər Əliyev əmin edirdi ki, “heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq!”

Ulu öndərin nümunə kimi gətirdiyimiz sonuncu fikirləri real olaraq Prezident ­İlham Əliyevin zəkavi xarici siyasətinin intellektual fəzilətliliyinin bir sıra maraqlı və aktual özəlliklərini ifadə edir.

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru 

 

Siyasət