Bakıda 14 gəmi inşa olunacaq

post-img

“Bakı Gəmiqayırma Zavodu” MMC daha 14 gəminin tikintisinə dair müqavilələr imzalayıb. Bu barədə İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdir müavini Elxan Şiriyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında deyib. Bakı Gəmiqayırma Zavodunun ümumi investisiya həcminin 498 milyon ABŞ dolları təşkil etdiyini diqqətə çatdıran nazirlik rəsmisininin sözlərinə görə, müəssisədə indiyədək 12 gəmi istehsal olunub. Həmin gəmilərin ümumi sifariş dəyəri isə 628 milyon dollardır. Bununla yanaşı, ötən müddətdə istər Azərbaycana, istərsə də Xəzər dənizi hövzəsindəki ölkələrə məxsus 200-dən çox gəmi təmir edilib.

E.Şiriyev bildirib ki, yeni müqavilələrdə nəzərdə tutulmuş gəmilərin tikintisi mərhələli şəkildə həyata keçiriləcək. Bunlardan 11-i “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, 1-i Azərbaycan Dövlət Neft Şirkəti, 1-i Bakı Beynəlxalq Dəniz Limanı, digəri isə Fövqəladə Hallar Nazirliyi tərəfindən sifariş edilib. Yeni müqavilələrin ümumi dəyəri 292 milyon dollar təşkil edib.

XQ

İqtisadiyyat