Birləşmiş Ştatlar rəsmisinin Bakı səfərinin hədəfində nə dayanır?
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Azərbaycana səfəri Cənubi Qafqazın siyasi gündəmində dayanan başlıca məsələdir. Səfərlə bağlı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatında bildirilib ki, Birləşmiş Ştatlar rəsmisi ölkəmizdə Prezident İlham Əliyev və Xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla yüksək vəzifəli rəsmilərlə görüşəcək. Görüşlərdə ABŞ – Azərbaycan ikitərəfli münasibətləri, Vaşınqtonun Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması istiqamətindəki təşəbbüsləri müzakirə olunacaq. Məlumatda, həmçinin O’Braynın Azərbaycanın insan haqlarına dair beynəlxalq öhdəliklərə sadiqliyinin vacibliyini bir daha vurğulamaq üçün vətəndaş cəmiyyəti üzvləri ilə də təmas quracağı əksini tapıb.
Əlbəttə, C.O’Braynın səfərində əsasən Azərbaycan – Ermənistan sülh müqaviləsi üzərində dayanılacaq. Bu məqamı O’Brayn özü dilə gətirib. O, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə deyib ki, ölkəsi Mərkəzi Asiyadan mal ixracının Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçməsini istəyir. “Bir marşrut Gürcüstandan Qara dənizə keçir, potensial olaraq daha böyük marşrut isə Azərbaycan – Ermənistan – Türkiyədən keçəcək. Bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinə ehtiyacımız var”, – deyən C.O’Brayn əlavə edib ki, Bakıya səfəri zamanı bunu, sülhün vaxtının yetişdiyini Prezident İlham Əliyevə bildirəcək.
Qeyd edək ki, C.O’Brayn iyunun 11-13-də İrəvanda səfərdə olmuş, açıqlamaları ilə diqqət çəkmişdi. O, təxminən indi səsləndirdiklərini Ermənistanda da dilə gətirmişdi. “ABŞ iki Cənubi Qafqaz ölkəsini belə bir razılaşmanı qarşıdakı həftələrdə, aylarda yekunlaşdırmağa cəsarətləndirir” kimi fikirləri fonunda Ağ ev rəsmisinin Mərkəzi Asiyadan yeni ticarət dəhlizinin yalnız Bakı – İrəvan anlaşmasının imzalanması nəticəsində reallaşa biləcəyindən danışması adi məsələ sayıla bilməz: “Bizim fikrimizcə, Mərkəzi Asiyadan Aralıq dənizi istiqamətində ticarət dəhlizi inşa etmək üçün bir neçə nəsildən bir üzə çıxan fürsət yaranıb. Bu, yalnız Azərbaycan və Ermənistan arasında sülh olduğu təqdirdə mümkün ola bilər. Bu, bütün dəhliz boyunca yeni sənaye istiqamətləri yaradacaq. Bu, indi baş verə bilər. Bir neçə il sonra, indiki qədər əhəmiyyətli olmaya bilər... Ona görə də indi bunu etməyin zamanıdır”.
Bəli, C.O'Brayn İrəvanda yeni ticarət dəhlizinin Azərbaycan ərazisi ilə Mərkəzi Asiyadan Gürcüstanın Qara dəniz sahillərinə mövcud nəqliyyat əlaqələrinə əlavə olacağını vurğulamışdı ki, indi bir daha eyni düşüncəni gündəmə gətirir. Ancaq onun fikrincə, başlıca rolu Azərbaycanın “Zəngəzur dəhlizi” təşəbbüsü oynayır, yoxsa Ermənistanın “Dünyanın kəsişməsi” avantürası, - maraqlısı budur.
Nəzərə alaq ki, C.O`Braynın Ermənistana səfəri xüsusunda İrəvanda “Dünyanın kəsişməsi” təşəbbüsü qaldırılmışdı. Ölkənin xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və ABŞ arasında strateji dialoqun yekun iclasında çıxışı zamanı ölkəsinin köhnə ritorikasına üstünlük vermiş, “ərazi bütövlüyü və suverenlik” deyimini gündəmə gətirmişdi.
Bu, o demək idi ki, İrəvan Naxçıvana yolla bağlı Bakının mövqeyini nəzərə almır. Belə olan halda Ağ ev rəsmisinin “Mərkəzi Asiyadan yeni ticarət dəhlizi” məntiqi və bunun yalnız sülhün reallaşacağı təqdirdə mümkünlüyünü bildirməsi şübhələr yaradır. Görəsən, o, Bakıya səfərində ölkəmizi bunamı razı salmaq barədə düşünür?
Digər tərəfdən, C.O'Braynın Rusiya və Çinin adını çəkməsi, daha doğrusu, onlara alternativ axtarışı ritorikasına üstünlük verməsi ABŞ-ın Azərbaycan – Ermənistan sülh prosesini geosiyasi rəqabət halına gətirmək niyyətindən xəbər verir. Belə yanaşma yolverilməzdir. Ortaya elementar sual çıxır: Bakı niyə Vaşinqton Moskva və Pekini neytrallaşdırmaq yönümlü oyununda yer alsın?
Yada salaq ki, C.O'Braynın ötən ilin sonlarına doğru səsləndirdiyi amiranə fikirlərdən belə nəticə hasil olmuşdu ki, Azərbaycan üçün qarşıdakı müddətdə seçim şansı var. Yəni ölkəmiz ya Qərb, ya da Rusiya istiqamətinə üstünlük verməlidir. Qərb istiqamətinə üstünlük vermək o deməkdir ki, Ermənistanla sülh məsələsində Naxçıvana yol Azərbaycandan Azərbaycana yol kimi olmasın, İrəvanın ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həyata keçirilsin.
Nəzərə alaq ki, haqqında söz açdığımız prinsipin reallaşması 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərinə ziddir. Ermənistan rəhbərliyi həmin yolda təhlükəsizliyin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən təminatına qarşıdır. Üstəlik, baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülmüş ərazi bütövlüyü və suverenlik məsələsi “Dünyanın kəsişməsi” avantürası üzərinə köklənir. Dolayısı ilə Ermənistan qlobal nəqliyyat xabında ön plana çıxır, söz sahibinə çevrilir. Görəsən, C.O'Brayn Azərbaycan rəhbərliyinə Ermənistanın ipə-sapa yatacağı, gələcəkdə problem yaratmayacağı barədə təminat verməyimi düşünür?
Məlumdur ki, hər zaman özünün balanslı siyasətinə sadiq qalan Azərbaycan “region region ölkələri üçündür” şüarını rəhbər tutur. Bu şüarda vahid “Qafqaz evi” ideyası var ki, burada bölgə və bölgəyə bağlı bütün tərəflərin maraqlarının uzlaşdırılması prinsipi əsas götürülür. Ölkəmiz nəzərə alır ki, Rusiyanın Cənubi Qafqazdakı marağı heçə sayılmamalıdır.
Başqa bir yandan İran amili də var. O İran ki, Qərbdə pis qarşılanır və C.O'Brayn ötənilki çıxışında Bakının Naxçıvana yol xüsusunda Tehranla anlaşmasını, top-tüfənglə qarşılamışdı. Onun sözlərindən belə çıxırdı ki, Naxçıvana yol heç bir halda İran ərazisindən keçə bilməz, yalnız Ermənistan variantı üzərində dayanılmalıdır. Sonuncunun isə Azərbaycanın şərti ilə razılaşmadığı aydındır. Elə isə indi Birləşmiş Ştatlar rəsmisi Bakının razılığa gələcəyinəmi ümidlidir? Yoxsa…
Ümumən, C.O'Brayn İrəvana səfəri zamanı Mərkəzi Asiyadan yeni ticarət dəhlizinin cəlbediciliyi amilinə fokuslanmış və mövcud fonda Azərbaycan – Ermənistan sülh sazişinin mümkünlük parametrindən söz açmışdı. Yəni sülh mütləq olmalıdır ki, dəhliz işə düşsün. Əks halda, məsələ reallaşmayacaq. Deməli, sülh yalnız, belə demək mümkünsə, Rusiyasız Cənubi Qafqaz formuluna əsaslanmalıdır. Görəsən, Birləşmiş Ştatlar əks halda Ermənistanın həmişə olduğu kimi, yenə də dalanda qalacağını düşünürmü?
Əslində, C.O'Braynın Bakı səfəri xüsusundakı fikirləri düşündürücüdür. Onun “sülhün olmaması COP29-a evsahibliyi etməklə dünya lideri kimi hörmət qazanmağa ümid edən Azərbaycan üçün deyil, həm də bütün region və Mərkəzi Asiya üçün problemdir” fikri də həmçinin. Üstəlik, ABŞ – Ermənistan münasibətlərinin dərinləşdirilməsi niyyəti ilə bağlı konkret mesajların da müəllifi C.O'Brayndır.
Nəzərə alaq ki, Birləşmiş Ştatlar rəsmisi İrəvana səfəri zamanı ölkəsinin bu il aprelin 5-də Brüsseldə Ermənistan – ABŞ – Avropa İttifaqı formatında keçirilmiş görüşün razılaşmalarına əməl etməyə hazır olduğunu təsdiqləmişdi. O, həmçinin Vaşinqtonun ABŞ – Ermənistan strateji dialoqunun formatını Strateji Tərəfdaşlıq Komissiyasına dəyişmək istəyindən də söz açmışdı.
O da məlumdur ki, qabaqcıl hərbi texnikaya və ən son texnologiyalara çıxışı asanlaşdırmaq üçün Ermənistana ABŞ-ın Xarici Hərbi Maliyyələşdirmə (FMF) proqramı çərçivəsində vəsait ayrılacaq. FMF Birləşmiş Ştatların müttəfiqlərinə və tərəfdaşlarına avadanlıq, təlim və hərbi ehtiyacların qarşılanması üçün qrantlar və ya kreditlər vermək məqsədi ilə nəzərdə tutulub və o, Amerikanın xarici siyasətinin əsas alətlərindən biridir.
Bütün bildirdiklərimiz fonunda ortaya çıxan ən başlıca sual budur: Bakı – İrəvan sülhü olmayacağı təqdirdə nə yaşanacaq? Yeni müharibəmi? Axı Ermənistandakı revanşist kəsim aktivdir. Görəsən, C.O'Brayn Bakıya bunu demək üçünmü gəlib, yoxsa onun “sülhün vaxtının yetişdiyi” məntiqində daha nələrsə də var?
Ə.RÜSTƏMOV
XQ