Sobhani İrana Zəngəzur dəhlizindən keçib getməli idi

post-img

Yaxud erməni ordenli “fövqəladə səlahiyyətli”yə vida sözü əvəzi

O, əlindən gəldiyi qədər Azərbaycana pislik eləməyə çalışdı. Və bu zaman nəinki toxunulmaz və bitərəf diplomat missiyasını, dinini, məsləkini güdaza verməkdən qətiyyən çəkinmədi. Sanki, onun vəzifəsi ölkəsinin Ermənistandakı elçisi kimi fəaliyyət göstərmək deyil, bütün vasitələrdən yararlanaraq İran və Azərbaycan arasında münasibətlərə xələl gətirmək, hər vəchlə iki qonşu ölkə və xalq arasında yaxınlaşma meyillərinin qarşısını almaq idi. Bu barədə qəzetimiz dəfələrlə yazıb. Amma bu, sonuncu olacaq. Çünki İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhani diplomatik missiyasını başa vurub Tehrana qayıdır.

Həm də yaxasında ordenlə qayıdır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Sobhani ilə vida görüşündə səfirin şərəfinə bu sözləri deyib: “Ağır dövrə baxmayaraq, iki ölkə nəinki çətinliklərin öhdəsindən gələ bilib, həm də münasibətlərdə nəzərəçarpacaq nəticələrə nail olub”. Ardınca Mirzoyan “dost Ermənistan–İran əlaqələrinin möhkəmləndirilməsinə mühüm şəxsi töhfəsinə görə” Ermənistan prezidentinin fərmanı ilə təltif olunduğu “Dostluq” ordenini Sobhaninin yaxasından asıb.

Əslində, Ermənistan baş diplomatının hərəkətlərində və sözlərində bizim üçün təəccüblü və qınaq doğuran heç nə yoxdur. Amma... Biz Mehdi Sobhaninin Azərbaycanla bağlı açıqlamalarında, müsahibələrində “Zorla heç nə həll olunmaz. Zəngəzur dəhlizi olmayacaq!”; “Beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə qarşı qırmızı xətlərimiz dəyişməyib”; “Biz istənilən geosiyasi dəyişikliyin və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməsinin qəti əleyhinəyik!”; "Biz Zəngəzur dəhlizi sözünü işlətmək istəmirik!”; “Biz dəhliz məntiqi olan hər şeyin əleyhinəyik. “Əgər bu, Ermənistan Respublikasının ərazi bütövlüyü və suverenliyi əsasında baş verərsə, kommunikasiyaların açılmasına razıyıq” kimi təxribatçı bəyanatlarını unutmamışıq. Onun başına və diplomatik ranqına uyuşmayan bu qəbildən olan siyasi avantüraları, yəqin, rəsmi Tehranda da birmənalı qarşılanmadığına görə İrəvandakı səlahiyyət müddətinə vaxtından əvvəl xitam verildi. Əlbəttə, bu, bizim ehtimalımızdır. Axı, diplomatik nümayəndə üçün xarici ölkədə 2 il 2 aylıq səfir fəaliyyəti elə də böyük müddət deyil. Səfirlərin rotasiya qaydasında 3, 4 ildən bir, bəzən daha gec dəyişdirilməsi beynəlxlaq münasibətlərdə, bir növ, protokol qaydası hesab olunur. Ehtimalımızı bu qaydanı nəzərə alaraq irəli sürdük.

Bu fakt oxucularımız üçün də maraqlı olar. Mehdi Sobhani Ermənistana səfir təyin olunmazdan əvvəl Suriyada diplomatik nümayəndə kimi fəaliyyət göstərib. Yəni, onun vətəndaş müharibəsi gedən bu ərəb ölkəsindəki “fəaliyyətini” nəzərə alsaq, aydın olar ki, Sobhani Cənubi Qafqaza xüsusi bir missiya ilə – Ermənistanla Azərbaycan arasında sülhün qarşısını almaqdan ötrü əlindən gələni etmək üçün göndərilib. Bu da diqqəti çəkən məqamdır ki, Sobhani İrəvanda diplomatik fəaliyyətə 2023-cü ilin iyul ayında, Azərbaycanla İran arasında münasibətlərin böhran dövründə, Tehrandakı səfirliyimizə qarşı qanlı terror aktı törədiləndən 6 ay sonra başlayıb. Sobhani İrəvanda səfir kimi ilk iş günündə Azərbaycana qarşı qərəzli açıqlamalar ərz etməklə özünü haylara sevdirməyi bacarıb. Onun açıqlamalarının leytmotivi Zəngəzur dəhlizi, İrəvanda görüşdüyü adamlar isə müxtəlif düşərgələrdən olan erməni siyasətçiləri və Qarabağ separatçılarının təmsilçiləri idi.

Bədnam səfir ermənilərin, guya, Azərbaycanın Qarabağ bölgəsindən zorla köçürülməsi, hətta “xalqın öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı təxribat xarakterli açıqlamaları ilə də tez-tez “gündəmə gəlirdi”. Və “səfirin” ən böyük qələti: o, İsrailin İrana endirdiyi hava zərbələrindən sonra kəşfiyyat məlumatlarından Azərbaycan ərazisindən İrana hücum üçün istifadə edildiyi ehtimalını irəli sürmüşdü. Fəqət bir neçə gün sonra Tehranda Azərbaycanın İsrailin hərəkətlərində iştirakına dair heç bir sübutun olmadığını deməyə məcbur edildi.

Bunu əminliklə yaza bilərik ki, Mehdi Sobhaninin İrəvan missiyasının sonu çox rəmzidir. Bəli, Ermənistanda səfir kimi yanaqlarını şişirdib Azərbaycana qarşı çirkab püskürən bir fiqurun həmin postda saxlanılması münasibətlərin istiləşdiyi indiki məqamda Tehran üçün də arzuolunmazdır. Üstəlik, Bakı ilə İrəvan arasında Vaşinqtonda əldə olunan tarixi razılaşmalar Cənubi Qafqazda sülhə düşmən münasibət üçün heç də əlverişli atmosfer yaratmayıb.

Rəsmi Tehran bir qədər səbirli davranmış olsaydı, Ermənistandakı mənfur səfiri çamadanını qoltuğuna vurub, İrəvandan İrana Zəngəzur dəhlizindən keçməklə qayıdacaqdı. Məhz bu sonluq Mehdi Sobhaninin saxta diplomat missiyasının məntiqi nöqtəsi sayıla bilərdi...

İ.HƏSƏNQALA
XQ

Siyasət