İyunun 27-də xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.
Təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam etdirilib. Azərbaycan ilə Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiyalar, mədəni-humanitar və digər aspektləri, gündəlikdə duran aktual məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
İki ölkə arasında iqtisadiyyat, investisiyalar, ticarət, energetika, kommunikasiyalar sahələrində sıx əməkdaşlığın təqdirəlayiq olduğu, mövcud əməkdaşlıq nəticəsində Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars kimi nəhəng regional layihələrin uğurla həyata keçirildiyi vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının tam şəkildə istifadəsinin əhəmiyyəti qeyd edilib. İqtisadi inteqrasiya səylərinin gücləndirilməsi, habelə birgə layihələrin icrasının sürətləndirilməsi baxımından Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Regional və qlobal təhlükəsizlik təhdidləri ilə mübarizədə milli səylərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin, xüsusilə kritik enerji infrastrukturu layihələrinin mühafizəsində əməkdaşlığın vacibliyi qeyd olunub.
Müxtəlif çoxtərəfli platformalar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və digər çərçivələrdə qarşılıqlı dəstək və həmrəylik səylərinin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Ceyhun Bayramov Azərbaycanın COP29 sədrliyi barədə ətraflı məlumat verərək, COP29-un, həmçinin Gürcüstanla bu sahədə əməkdaşlığımızın gücləndirilməsi üçün əlavə imkanlar yaratdığını qeyd edib. Bununla yanaşı, “Qara Dəniz Yaşıl Kabel”inin reallaşdırılması istiqamətində səylər ətraflı müzakirə olunub.
Postmünaqişə dövründə regional sülh və quruculuq səyləri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə əsas təhdid və maneələrdən bəhs edən nazir ölkəmizin sülh gündəliyinin təşəbbüskarı kimi bölgəmizdə təhlükəsizlik və əmin-amanlığın bərqərar edilməsi istiqamətində səylərini irəlilətmək əzmində olduğunu vurğulayıb. Sülh sazişinin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilməsinə baxmayaraq, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların sülh prosesi çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.
Sonda nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatlarla çıxış ediblər.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq gündəliyində duran məsələlər, parlamentlərarası əməkdaşlığın perspektivləri, habelə regionda cari vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov ölkələrimiz arasında mövcud çoxşaxəli əməkdaşlıq gündəliyinin inkişafında parlament diplomatiyasının, parlament sədrləri və nümayəndələrinin qarşılıqlı səfərlərinin, dostluq qrupları arasında geniş əməkdaşlığın əhəmiyyətli rol oynadığını qeyd edib.
İki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın xalqlarımız arasında mövcud dostluq və mehriban qonşuluq münasibətlərinə verdiyi töhfə müsbət qiymətləndirilib.
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesi barədə məlumatlandırılıb.