Azərbaycanda Milli Qurtuluş Günü təntənələri

post-img

15 İyun Milli Qurtuluş Günü münasibətilə ölkə paytaxtı Bakıda və əksər regionlarda müxtəlif toplantılar keçirilib.  Həmin konfrans, mərasim və şənliklərdə ümummilli liderv Heydər Əliyevin 1993-cü ilin fəlakətli iyun günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və ölkəni məhv olmaqdan xilas etməsi böyük qədirbilənliklə yad edilib.

Bakı

Milli Kitabxanada “15  İyun Milli Qurtuluş Günü” adlı virtual sərgi onlayn rejimdə  istifadəçilərə təqdim olunub. Ekspozisiyada rəsmi sənədlər, fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Sərgi ilə bağlı məlumatda bildirilir ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun Milli Qurtuluş Günüdür. Həmin gün ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub.

1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi düşüb və bu tarix 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Qurtulus_Gunu/index.html  linkindən istifadə edə bilərlər.

***

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzində keçirilən “Qurtuluşdan Zəfərə” adlı toplantıda ali məktəb rəhbərliyi, fakültə dekanları, şöbə, mərkəz və  kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

ADPU-nun  rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, 15 İyun xalqımız üçün əsl qurtuluş tarixidir. Bu qurtuluşu mümkün edən əsas  amilsə müstəqilliyimizin qorunub saxlanmasında və möhkəmlənməsində  müstəsna xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin şəxsiyyəti və titanik fəaliyyətidir.

Bildirilib ki, son 30 ildə bütün sahələrdə qazanılan uğurların təməlində Ümummilli liderin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu kursu yeni şəraitdə yüksək səviyyədə davam etdirməsi kimi mühüm  amillər dayanır. Ulu öndərin ən böyük arzularından biri işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi  idi.  44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbə, sonrakı antiterror əməliyyatı,  bu ilin mayında Qazax rayonunun işğal altındakı  4 kəndinin  geri  qaytarılması Heydər Əliyevin ən böyük arzusunu tam reallığa çevirərək, Azərbaycanın çoxəsrlik tarixində misli görünməmiş şanlı hadisələr oldu.

Məclis iştirakçıları Heydər Əliyevə həsr olunmuş sənədli filmə tamaşa ediblər. Ali məktəbin müəllimləri  Paşa Quluzadənin “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, İlkin Əsgərovun “Azərbaycan dili və ədəbiyyatının inkişafına Ulu öndərin diqqət və qayğısı”, tələbə “Səidə Abulovanın “Heydər Əliyev və müstəqil Azərbaycanda gənclər siyasəti” mövzularında çıxışları dinlənilib.

Mərasim bədii hissə ilə davam edib.

***

Naxçıvan

İyunun 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət, hökumət rəsmiləri və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

Aparıcılar qeyd ediblər ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız Ulu öndərin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Məclisdə 15 İyun  Milli Qurtuluş Gününə həsr olunmuş, eləcə də “Heydər Əliyev – Azərbaycan”, “Heydər Əliyev – Mən fəxr edirəm ki, azərbaycanlıyam” videoçarxları nümayiş etdirilib. Videolentlərdə Naxçıvan Dövlət Film Fondunun arxivində mühafizə edilən, eləcə də yerli televiziyasının arxivində qorunub saxlanılan, Ümummilli liderin heç yerdə olmayan, unikal kadrları yer alıb.

Bədii hissə ilə davam edən məclisdə Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru Mir Qabil Əkbərov görkəmli dövlət xadiminə həsr olunmuş və Ulu öndərin sevdiyi şeirləri səsləndirib.

Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında “Heydər xalqım deyəcək”, “Məşəl kimi yanan ürək”, “Canım qurban, Azərbaycan”, “Azərbaycan sənsən mənim” mahnıları səsləndirilib, rəqs kollektivlərinin çıxışları izlənilib.

***

Dünən Naxçıvan şəhər uşaq musiqi və incəsənət məktəbinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən "Gənclik" Mərkəzində ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Əbədiyaşar Lider – 100 illik diyar" adlı hesabat konserti də keçirilib.

***

Mingəçevir

Milli Qurtuluş Günü  münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı birgə  elmi-nəzəri  konfrans təşkil edib. Heydər Əliyev Mərkəzində keçirilən məclis “15 iyun 1993-cü il  Azərbaycan xalqının milli qurtuluş tarixidir”  adlı filmin nümayişi ilə başlanıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  bildirib ki, Milli Qurtuluş Günü  Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir. 1993-cü ilin iyun ayının əvvəlindən başlayaraq, ölkəmizdə baş  verənləri  təhlil edərkən qənaətə gəlmək olur ki, 1993-cü ilin 15 iyun  tarixi Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqətən də qurtuluş tarixidir. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: “Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.

Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli qurtuluş tariximizin başlanğıcıdır”, Mingəçevir Dövlət Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aygün Yusifova “15 iyun 1993-cü il tarixi Azərbaycan dövlətçiliyinin inkişafı, tərəqqisi və yüksəlişinin əsasıdır”, 7 nömrəli orta məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Anar İsmayılov “Ulu öndər  Heydər Əliyev 15 iyun 1993-cü ildən başlayan  milli inkişaf strategiyasının müəllifidir”, Mingəçevir Turizm Kollecinin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Əzizova “Ölkə Prezidenti İlham Əliyevin qazandığı zəfərlər milli qurtuluş tariximizin parlaq səhifəsidir” mövzularında məruzələrlə çıxış ediblər.

Sonda Yeni Azərbaycan Partiyasına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

***

Tovuz

Tovuzda 15 İyun Milli Qurtuluş Günü "Ulu öndər Heydər  Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti Azərbaycan dövlətçiliyini xilas etməsi olub” mövzusuna həsr edilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. RİH başçısı 15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün həyata keçirdiyi misilsiz xidmətlərindən bəhs edərək qeyd edib ki, əgər 1993-cü il iyunun 15-də xalqın istəyi və tələbi ilə dövrümüzün müdrik və qətiyyətli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. 

Goranboy

Milli Qurtuluş Günü münasibətilə Goranboy Şəhər  Mədəniyyət Evində toplantı keçirilib. Raon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və digər natiqlər çıxışlarında vurğulayıblar ki, 15 İyun Günü milli bayramlar sırasında böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ümummilli liderimiz Heydər Əliyevdir.

Sonra rayon mədəniyyət evinin və incəsənət ustalarının təqdimatında bədii-musiqili proqram nümayiş etdirilib.

Daşkəsən

Daşkəsən Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının 31-ci ildönümünə həsr edilmiş mərasim keçirilib.

Çıxış edənlər 15 İyun  Milli Qurtuluş Gününün tarixindən, Ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən işlərdən və onun siyasi kursunun bu gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ordumuzun qazandığı tarixi Qələbənin əhəmiyyətindən danışıblar.

Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova məruzəsində bildirib ki, Azərbaycanın qazandığı bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi dayanır.

Məclis ədəbi-bədii hissə ilə davam edib. Şagirdlərin hazırladıqları bayram əhval-ruhiyyəli çıxışlar və rəqs nümunələri maraqla qarşılanıb.

Samux

Qurtuluş Günü münasibətilə Samux Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkil etdiyi mərasimin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev bayram münasibəti ilə tədbir iştirakçılarını və samuxluları təbrik edib və bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu bizim üçün çox qiymətli və əzizdir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan ulu öndər  Heydər  Əliyevdir.

Sonda rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup şəxs İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və hədiyyələrlə təltif edildilib.

Naftalan

Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilmiş toplantı keçirilib.

Heydər Əliyevin abidəsi ziyarət edilərək xatirəsi dərin ehtiramla anılıb, Heydər Əliyev Mərkəzində Ümummilli liderin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlara baxış keçirilib.

ŞİH-nin başçısı Vüqar Novruzov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop çıxış edərək deyib ki, Azərbaycan–Türkiyə qardaşlığı əsrlərə arxalanır. Ulu öndər Heydər Əliyev bu qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində, inkişaf etdirilməsində müstəsna xidmətlər göstərib.

Hazırladılar:

Tahir AYDINOĞLU,

Hamlet QASIMOV,

Səbuhi HƏSƏNOV 

İlqar HƏSƏNOV,

XQ

 

 

 

 

 

 













Siyasət