“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”. Bu sözlər ümummilli liderimiz Heydər Əliyevə məxsusdur. Həqiqətən, Ulu öndər öz həyatını Azərbaycana həsr edərək, öz doğma xalqına ləyaqətlə və sədaqətlə xidmət etmişdir. O, güclü zəkası və sarsılmaz iradəsi ilə hüquqi və demokratik dövlət qurmağı bacarmışdır.
Müstəqillik bir xalqın sahib ola biləcəyi ən böyük mənəvi dəyərdir. Xalqımız 1991-ci ildə öz müstəqilliyinə qovuşsa da, hakimiyyətdaxili çəkişmələr, o cümlədən erməni təcavüzü onun varlığını sınağa çəkdi. Belə bir vaxtda xalqımız Umummilli liderə etimad göstərərək, öz müqəddəratını həll edən taleyüklü, tarixi qərarını verdi. Buna görə də, Heydər Əliyevin 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilməsi tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur.
Ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkəmizin siyasi həyatında yeni mərhələ başlanmışdır. 90-cı illərin əvvələrində həm ölkə daxilindəki vəziyyət, həm də beynəlxalq arenada mövqeyimiz ürəkaçan deyildi. Dünya şöhrətli siyasətçi qısa müddətdə həm ölkədəki sabitliyi, həm də regionda qarşılıqlı faydalı əməkdaşlığı bərpa etmiş, digər dövlətlərlə əlaqələr yaratmışdır. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində xalqımız böyük sıxıntılarını dəf etməyi bacarmışdır.
Sözsüz ki, bu gün də dövlətimizin davamlı inkişafını təmin edən əsas faktor Heydər Əliyev siyasətidir. O, güclü siyasətçi olmaqla yanaşı, həm də xalqını ürəkdən sevən bir lider idi. Hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq, xalqın problemləri ilə dərindən maraqlanmış və onların həlli ilə bağlı mühüm addımlar atmışdır. Ulu öndər xalqın yaralarını sarmaqla bərabər, haqq işimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün yorulmaz səylər göstərmişdir. Heydər Əliyev hər bir vətəndaşına öz övladı kimi yanaşmışdır. Buna görə də yaşından asılı olmayaraq, Azərbaycan xalqının hər bir fərdi ulu öndərimiz Heydər Əliyevi “Heydər Baba” kimi xatırlayır.
Onun əsas məqsədlərindən biri də, ölkədəki iqtisadi vəziyyəti düzəltmək idi. İqtisadiyyatın inkişafı üçün isə güclü maliyyə imkanları lazım idi. 1994-cü ilin sentyabrında Prezident Heydər Əliyevinin rəhbərliyi ilə tarixə “Əsrin Müqaviləsi” kimi düşən müqavilə imzalandı. Bunla da, həm iqtisadiyyatımızın inkişafına zəmin yarandı, həm də müasir neft strategiyasının əsası qoyuldu. Xalqın sosial vəziyyəti də tədricən yaxşılaşdı. Dahi rəhbərin dövründə ölkədə köklü sosial dönüş yaradıldı. Sosial müdafiə sahəsində pensiya islahatları, güzəşt və imtiyazların müavinətlərlə əvəz olunması və yoxsulluğun azadılması ilə bağlı mühüm işlər görüldü.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi və hərbi uğurları Heydər Əliyevin xalqa müraciətlə dediyi sözləri yada salır: “İnanıram ki mənim axıra çatdıra bilmədiyim taleyüklü məslələri, planları, işləri sizin köməyiniz və dəstəyiniz ilə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və böyük ümidlər bəsləyirəm”.
Ulu öndər Birinci Qarabağ müharibəsində atəşkəsə nail olmuş və bununla da ordumuzun ciddi şəkildə formalaşaraq, güclənməsinə etibarlı zəmin yaratmışdır. Torpaqlarımızın işğaldan azad olunması üçün böyük səylər göstərsə də, onun ömrü buna yetirməmişdir. Prezident İlham Əliyev xalqımızın ən böyük problemi olan Qarabağ məsələsini həll edərək dövlətimizin suverenliyini tam bərpa etmişdir.
Ümummilli liderin sosial siyasətinin davamı olaraq, cənab İlham Əliyevin rəhbərliyi ilə 1 yanvar 2006-cı ildə sosial müdafiə sahəsində iki mühüm qanun – “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlar qüvvəyə minmişdir. Bu gün də, ölkə rəhbərliyinin sosial sahəyə göstərdiyi diqqət və uğurlu kadr siyasəti nəticəsində sosial müdafiə sahəsində əhəmiyyətli addımlar atılır. Ardıcıl sosial islahatlarla vətəndaş məmnunluğu təmin edilir. Xalqımızın qürur mənbəyi olan şəhid ailələrinin və qazilərimizin sosial durumuna çox həssas yanaşılır.
Qədirbilən xalqımız 7 fevral 2024-cü ildə keçirilən sonuncu prezident seçkilərində cənab İlham Əliyevə sevgi və inamını, etimadını növbəti dəfə öz imzası ilə təsdiqləmişdir. Bu gün Azərbaycanın hər bir vətəndaşı başa düşür ki, dövlətimizin müstəqilliyini qorumaq və davamlı inkişafa nail olmaq üçün bizə heç bir beynəlxalq təşkilat və ya dövlət kömək etməyəcək, buna görə də, xalqımız öz liderinin ətrafında sıx birləşərək, onun daxili və xarici siyasətini dəstəkləyir.
Babək MUXTAROV,
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı