Ümummilli lider Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının qəlbində, yaddaşında, təfəkküründə, xatirəsində özünəməxsus silinməz iz buraxmışdır. Heydər Əliyev fenomeni Azərbaycan tarixi, onu öyrənənlər və bütövlükdə Azərbaycan xalqı üçün bütün zamanlarda möhtəşəm bir mövzu kimi öz aktuallığını qoruyub saxlayacaqdır.
Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyev fəaliyyətə başladığı dövrdən lider ömrü yaşamışdır. Onun adı çağdaş tariximizə böyük siyasətçi, qüdrətli dövlət başçısı, ölkə sənayesinin müasir inkişaf istiqamətlərini dərindən bilən və onu gerçəkləşdirməyi bacaran universal zəka sahibi, mütəfəkkir, böyük şəxsiyyət kimi düşmüşdür. Heydər Əliyev şəxsiyyətinə maraq hər zaman yüksək olmuş, onun möhtəşəm fəaliyyəti ayrı-ayrı tədqiqatçı sosioloqların, siyasətşünasların diqqət mərkəzində dayanmışdır.
Böyük şəxsiyyət haqqında hörmətli Prezidentimiz İlham Əliyevin xüsusi ehtiramla söylədiyi qiymətli sözlər öz yüksək dəyərini həmişə saxlayacaqdır: “Heydər Əliyevin düşündüyü ideyalar indi də yaşayır. Onun siyasəti davam etdirilir. Fəlsəfi fikirləri müasir Azərbaycanın qüdrətləndirilməsi proqramının əsas istiqamətlərini göstərməkdədir”.
Dövlət Təhlükəsizlik orqanlarında siyasi fəaliyyətə başlayan Ulu öndər ilk günlərdən etibarən milli kadrların bu təşkilatda çalışmasına xüsusi səy göstərmiş və həmin illərdə çox Azərbaycan ziyalısını gerçəkləşə biləcək real siyasi repressiyalardan qorumuşdur. Unutmayaq ki, həmin dövrlərdə Heydər Əliyev dövlət təhlükəsizlik orqanlarında çalışmaqla general rütbəsinə yüksələn ilk azərbaycanlıdır və sovet dönəminin represiyalarından qorunan bir çox yaradıcı adamın müstəqil mətbuat vasitəsilə onun ünvanına söylədiyi xoş sözlər də təsadüfi deyildir.
Heydər Əliyev 1969–1982-ci illərdə Azərbaycan KP MK-nin Birinci katibi, 1982–1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. Xalqımızın böyük oğlu 1971-ci ildən Sov.İKP MK üzvü, 1976-cı ildən Sov.İKP MK siyasi Büro üzvlüyünə namizəd, 1982-ci ildən Sov.İKP Siyasi Bürosunun üzvü olmuşdur. O, iki dəfə – 1979 və 1983-cü illərdə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Bütün təlatümlü dövrlərdə zaman özü Heydər Əliyevi Azərbaycanda rəhbər vəzifəyə gətirmək ehtiyacı hiss etmiş və yekun nəticələr Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin xeyrinə olmuşdur. O, ilk dəfə hakimiyyətə gələrkən Azərbaycan keçmiş ittifaq respublikaları arasında sənaye, kənd təsərrüfatı və s. sahələr üzrə ən az inkişaf etmiş ölkələrdən biri sayılırdı. Qısa zaman ərzində Heydər Əliyevin yüksək işgüzarlıq və peşəkarlığı, intellektual səviyyəsi vəziyyəti elə həddə gətirdi ki, Azərbaycan bir-birinin ardınca Keçici Qırmızı Bayraqlarla təltif olundu. Sovet İttifaqının rəhbəri iki dəfə Azərbaycanı ziyarət etdi və nəticə olaraq Azərbaycanın adı SSRİ-nin yüksək tribunalarından səsləndi.
Respublika başçısı olaraq Heydər Əliyev Azərbaycanın həyati əhəmiyyəti olan bütün sahələrinin sənaye, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət, səhiyyə, idman və s. inkişafına xüsusi diqqət göstərir, Azərbaycanı İttifaqda sözü keçən respublikaya çevirirdi. Millətin gələcəyinin təhsillə və milli kadrlarla bağlı olduğunu bildiyi üçün məhz onun dövründə 17 min Azərbaycan gənci keçmiş ittifaqın 50 şəhərində 170-də artıq ali məktəbdə təhsil almağa göndərildi. 1982-ci ildə 550 nəfər azərbaycanlı sovetlər birliyinin müxtəlif hərbi məktəblərinə göndərilməklə milli hərbi kadr hazırlığı üçün əsaslı bünövrə qoyuldu.
Ulu öndər Azərbaycan gəncinin, sadəcə, respublikadan kənarda təhsil alması ilə kifayətlənmir, tətil dövrlərində toplantılar keçirir, həmin gənclərlə görüşür, onlara məsləhət və tövsiyələr verir, gənclərdə motivasiya, ruh yüksəkliyi yaradırdı. Onu da qeyd etməyi lazım bilirik ki, onun bu uzaqgörən siyasəti müasir dövrümüzdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurlu davam etdirilir. Bunun nəticəsidir ki, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq beş min azərbaycanlı gənc dünyanın qabaqcıl təhsil ocaqlarında ölkəmiz üçün zəruri olan ixtisaslara sahiblənmişlər.
Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini olaraq fəaliyyət göstərdiyi 198–1987-ci illərdə ittifaq səviyyəsində təhsilin, iqtisadiyyatın, sənayenin inkişafına töhfələr vermiş, nəhəng Baykal-Amur magistralının çəkilişinə bilavasitə rəhbərlik etmişdir. 1987-ci ildə dövlət rəhbəri Mixail Qorbaçovun apardığı siyasətə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa vermiş və bir müddət ictimai-siyasi arenadan uzaqlaşmışdır. Bunu fürsət bilən erməni lobbisi və rmənistan Azərbaycana qarşı ərazi iddiasında bulunmuş və Qarabağ hadisələrinə təkan verilmişdir.
Hadisələrin inkişafı 1990-cı il 20 Yanvar faciəsinə və işğalçı ordunun Bakıda qətliamlar törətməsinə səbəb olmuşdur. Məhz bu məqamda siyasi təzyiqlərə və Moskvada yaşamasına rəğmən Heydər Əliyev Azərbaycan xalqının haqlı mübarizəsinə səs verdi, xalqının yanında dayanaraq ittifaq rəhbərliyinin yeritdiyi siyasətə ciddi etirazını bəyan etdi. Onun tutduğu mövqe xalqımızın haqq davasını, milli azadlıq mücadiləsini daha da gücləndirdi və Heydər Əliyev fenomeni müstəqilliyə gedən yolumuzu bir qədər də işıqlandırdı.
Xatırladaq ki, 1988–1990-cı illər Azərbaycan xalqı üçün çətin, mürəkkəb hadisələrin baş verdiyi, “yenidənqurma” adlı siyasətin ittifaq səviyyəsində iflasa uğradığı, respublikaya rəhbərlik edənlərin səriştəsizliyi nəticəsində hərc-mərclik və ümidsizliyin hökm sürdüyü illər idi. Baş verən proseslər 20 Yanvar faciəsinə, Şuşa, Laçın itkisinə, Xocalı faciəsinə gətirib çıxardı.
Müstəqillik aktı qəbul olunsa da, milli mücadilənin nəticəsi olaraq AXC hakimiyyətə gəlsə də, imperialist qüvvələr, Azərbaycanın müstəqilliyini həzm edə bilməyən qonşu dövlətlər etnik qrupları, siyasi revanş almaq istəyən qüvvələri qızışdırır, Azərbaycanı bir xaosa sürükləməyə çalışırdılar. Bunun nəticəsi olaraq Kəlbəcər işğal olundu, siyasi hakimiyyət Gəncə qarşıdurması ilə bacara bilmədiyi üçün istefa verməli oldu. Siyasi hakimiyyətin rəhbərliyi çıxış yolu olaraq Heydər Əliyevi Bakıya dəvət etsə də, bais olduğu xaosda bir neçə rayon da işğala məruz qaldı.
Məhz belə bir məqamda zaman yenə Heydər Əliyev peşəkarlığına ehtiyac duydu. Müstəqilliyin, dövlətçiliyin təhlükədə olduğu bir dövrdə xalqı, onun ziyalı təbəqəsini düşündürən suala cavab tapıldı, hər kəs Heydər Əliyev peşəkarlığına, siyasi intellekt və bacarığına ümidləndi və o, ziyalıların, o dövrün siyasi-elitar birliyi olan 91-lərin çağırışına səs verdi və ölkəni böhrandan qurtaracaq yeni bir siyasi qolun – Yeni Azərbaycan Partiyasının yaradılmasına yaşıl işıq yandırdı.
Ulu öndər 24 oktyabr 1992-ci il tarixində “91”lərin müraciətinə müsbət cavab verdi və 21 noyabr 1992-ci il tarixində 551 nəfərin iştirakı ilə Naxçıvandakı kinoteatrın binasında əlverişsiz bir şəraitdə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Qısa zaman kəsiyində formalaşan partiya altı ay sonra – öz siyasi liderini hakimiyyətə gətirdi. Təbii ki, Gəncə qiyamını yatıra bilməyən qüvvələr də öz məğlubiyyətləri ilə barışır və onun hakimiyyətə gəlməsini zərurət kimi qəbul edirdilər.
9 iyun 1993-cü ildə Bakıya gələn Heydər Əliyev Milli Məclisdə çıxış edərək, 13 iyun 1993-cü ildə Gəncəyə getdi və danışıqlar yolu ilə Sürət Hüseynov tərəfdarlarını silahlı qarşıdurmadan çəkindirdi. Peşəkarlıqla onu və digər silahlı qruplaşmaları siyasi dialoqa cəlb edə bildi. 1993-cü il iyunun 15-də o, Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçildi və ölkə prezidentinin səlahiyyətləri də ona həvalə olundu. Məhz bu gün, yəni 15 iyun 1993-cü il Azərbaycanın tarixinə “Qurtuluş Günü” kimi daxil oldu.
Ulu öndərin Milli Məclisin Sədri vəzifəsinə seçiləndən sonrakı çıxışını xatırlayaq: “Sizi əmin edirəm ki, bütün imkanlarından istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy göstərəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bu günkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərinə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm”.
Bu sırada nələr dururdu Ölkə daxilində vətəndaş müharibəsi həddinə çatmış daxili gərginlik, xarici müdaxilənin Azərbaycanı təhdid etməsi, Azərbaycanın bölgələrə parçalanma ehtimalı, AXC – Müsavat cütlüyünün iqtidarda olduğu il ərzində Respublikamızın uçuruma yuvarlanma həddində olması və sonunda Heydər Əliyevin bütün labüd fəlakətlərdən ölkəni xilas etməsi faktı. Ona görə də Azərbaycan övladları XX əsrin sonuncu onilliyini fövqəlzəka sahibi Heydər Əliyevin sayəsində özünün müstəqillik və suverenlik arzularının əbədi gerçəkləşməsinin tarixi kimi əsrlər boyu yaddaşlarda yaşadacaq.
Bütün zamanlar da Azərbaycan xalqı Heydər Əliyevin sözünün ağası olmasına şahidi olmuşdur. İstər Moskvadakı Azərbaycan nümayəndəliyində totalitar rejimin Azərbaycan xalqına qarşı işğalçı mövqeyinə qarşı üsyan səsini ucaldanda, istər Sov.İKP-nin üzvü olduğunu təsdiq edən partiya biletini atanda, istər Naxçıvanda Yeni Azərbaycan partiyasının yaradıcısı kimi fəaliyyət proqramını irəli sürəndə, istərsə də Azərbaycanda siyasi hakimiyyətdə olduğu bütün illər ərzində.
Prezident İlham Əliyevin sözləri desək: “Heydər Əliyev 1993-cü ildə parlamentin sədri seçiləndən sonra müstəqil Azərbaycanın həyatında yeni dövr başlamışdır. Əgər 1993-cü ildə xalqın tələbi və təkidi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi. Azərbaycan çox bəlalarla üzləşə bilərdi. Bu gün həmin dövrü təhlil edəndə görürük ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, iradəsi Azərbaycanı bu bəlalardan qurtardı” dövlətinin Prezidenti seçiləndən sonra Heydər Əliyev ölkədə yaranmış böhran vəziyyətini aradan qaldırmaq istiqamətində genişmiqyaslı uğurlu işlər apardı.
Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu əsaslı dönüşü Azərbaycan Ordusunun döyüş qabiliyyətini artırmaq müasir silahlardan məharətlə istifadə etmək, xüsusi ixtisaslaşmış döyüşçülərin differensiasiya bacarığını təkmilləşdirmək baxımından olduqca lazım idi. Görülən bu tədbirlər Azərbaycan Ordusunun həmin vaxtlardan təməli qoyulan 2020-ci ildəki Zəfər yürüşünün əsasına çevrildi.
1994-cü ilin sentyabrında “Əsrin Müqaviləsi” adlanan sənədin imzalanması dünyanın böyük ölkələrinin Azərbaycana inamının artmasına şərait yaratdı. Azərbaycana investisiya axınını, qarşılıqlı tərəfdaş kimi danışıq aparmaq imkanlarını təmin etdi. Bütün bunların nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyi təmin olundu.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin prezident seçkilərindən sonra bir neçə böyük dövlətlərə səfərləri oldu. Ulu öndər xarici ölkələrə səfərlərində Azərbaycanın müasir dövrün sivil dövlətlərindən olduğunu bütün dünyaya sübut edirdi. Xarici ölkələrə səfərlər etməklə Ulu öndər o vaxtlar Azərbaycanı əziyyət çəkdiyi informasiya blokadasından xilas etdi və bütün bunlar Azərbaycanın bugünkü uğurlarının başlanğıcına çevrildi.
1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında ölkədə dövlət çevrilişinə göstərilən cəhdlərin qarşısı Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində vaxtında alındı. Azərbaycanda həyati əhəmiyyətli bütün sahələrdə vüsətli inkişaf, canlanma başlandı, mütərəqqi islahatlar aparıldı, istedadlı insanlar dövlət vəzifələrinə gətirildi. Həmin münasibət indi də davam etdirilir. Ulu öndər 1999-cu ilin dekabr ayında Azərbaycanda ilk dəfə olaraq bələdiyyələrə seçkilərin keçirilməsini təmin etmişdir. Böyük rəhbər bildirirdi ki, bələdiyyələrə seçkilərin keçirilməsində məqsədimiz ölkədə demokratiyanı inkişaf etdirmək və dövlətin idarə olunmasının yükünün bir hissəsini bələdiyyələrə etibar etməkdir.
Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı mühüm xidmətlərindən biri də özünün siyasi varisi olan İlham Əliyevin ölkə rəhbərliyinə gəlməsinə zəmanət verməsi olmuşdur. Heydər Əliyev bu münasibətlə deyirdi ki, İlham Əliyevə özüm qədər inanıram və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. 2003-cü ilin oktyabr ayında İlham Əliyev Prezident vəzifəsinə seçildi. Prezident seçkilərinə qatılarkən Azərbaycan xalqı İlham Əliyevi böyük hörmətlə qəbul etdi, gənclər onu özlərinin qardaşı, yaşlı nəsil özlərinin övladı kimi qarşıladılar.
Dünyada təsadüfi heç nə yoxdur. Gələcəkdə Azərbaycanın canlı yaradıcı tarixinə çevriləcək Heydər Əliyev BDU-nun tarix fakültəsini bitirdi, tarixi yaradan tarixçi oldu. Şarl ui Monteskye 1711-ci ildə qələmə aldığı “İran məktubları”nda yazırdı: “Dünyanın heç bir xalqı şöhrət və əzəməti ilə “tatarlarla” yarışa bilməz. Onlar türk adlanıb Avropada, Asiyada və Afrikada nəhəng fatehliklər edib, dünyanın üç qitəsində ağalıq ediblər. Bu müzəffər xalqın tarixçiləri çalışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yazsınlar. Bu cəngavər xalq öz gündəlik, şöhrəti ilə məşğul olub Əbədi məğlubedilməzliyinə inanıb keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır”.
Bu fikirlər türkün böyüklüyünün etirafı hesab olunmalıdır. akin gec da olsa, bu tarix yazıldı, özüdə XX əsrin 30 ili ərzində yenidən yazıldı. Bu Azərbaycanın müasir tarixi, bu tarixin yaradıcısı Heydər Əliyev idi. Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün “Tarix yazmaq tarixi yaratmaq qədər çətindir. Əgər yazan yaradana sadiq qalmazsa, yazılan tarix insanları çaşdıracaq mahiyyət alır”.
Sovetlər imperiyasının mərkəzində yüksək vəzifə tutan Heydər Əliyev tarixi yaratdı və yazdı, onun yaratdıqları insanları çaşırmadı, əksinə çox-çox sonralar xalqın karına gəldi. Bu qüdrətli düha sahibi ona xəyanət edənləri bağışlasa da, xalqına, vətəninə xəyanət edənləri qanunun mühakiməsinə vermişdir. Bu fikrin tarixi orta əsr tarixinin əks- sədasıdır. Bu, Heydər Əliyevin türk dünyasında olan övladlıq borcu və Böyük Vətən qarşısında şəxsiyyət-vətəndaş borcunu ödəmək istəyi ilə səciyyələnir.
Siyasət qrossmeysteri Heydər Əliyevin siyasi məsuliyyəti, onun əqidə bütövlüyü, dərin zəkası, xüsusi düşüncə qüdrətilə şərtlənir və işlədiyi çağlarda heç bir siyasi səhvə yol vermədiyi də xalqının nəzərindədir. Bu isə Heydər Əliyevin ömür yolunda məğlubedilməzliyinin və yenilməzliyinin təsdiqidir.
Yeni bir tarix yaradan Heydər Əliyev erkən və orta əsr türk dünyasında ömür yaşamış sərkərdələrimizin siyasi baxışlarından xüsusi məharətlə bəhrələnmişdir. VI əsrdə Göytürk xaqanının oğlu Setunun Çin xaqanına məktubuna cavabına diqqət yetirək: “Sizə hər il vergi göndərcəyəm, sözünüzü dinləyəcəyəm. Ancaq paltarlarımızın ətəklərini kəsməyə, çiyinlərimizdə dalğalanan saçlarmızı kəsməyə, dilimizi dəyişdirməyə və sizin qanunlarınızı mənimsəməyə gəlincə isə bizim ənənələrimiz, qədimdən qalma adətlərimiz çox uzaq keçmişdən gəlir, mən özüm də indiyə qədər bunlardan tək bircəsini belə dəyişməyə cürət etməmişəm. Ona görə ki, bütövlükdə türk xalqı eyni qəlbin yiyəsidir”.
Göytürk xaqanı Şetunun Çin hökmdarına cavabının siyasi mahiyyətini aşkar etmək o qədər da çətin deyildir. Ona görə ki, Göytürklər iki yerə bölünürlər. Çin hökmdarı bu fürsətdən istifadə edərək onların zəiflədiklərini düşünür və xüsusi şücaət və ağıl sahibi olan Şetun xaqanı hiylə ilə aldatmaq istəyir. Şetun xaqan isə Çin hökmdarına çatdırır ki, iki yerə bölünən türkün bir ürəyi, bir əqidəsi, bir inamı, bir məsləki, bir gücü vardır. Bunun davamı olaraq Heydər Əliyevin türk dövlətlərinin birliyini yaratmaq siyasi ideyası öz başlanğıcını V əsr tariximizdən götürmüşdür.
Dünyanın ən müdrik insanları Heydər Əliyevi tarixi şəxsiyyət kimi qəbul etmişlər. ABŞ-ın keçmiş prezidenti Bili Klinton deyirdi ki, Heydər Əliyev nəinki Azərbaycanı, Amerikanı, hətta bütün dünyanı idarə edə bilər. Almaniya parlamentinin üzvü K.Vimmer H.Əliyevin şəxsiyyətindən bəhs edərkən söyləmişdir ki, “Cənab Heydər Əliyev prezident seçilərkən Qərbdə ona şübhə ilə yanaşırdıq, zənn edirdik ki, o, Azərbaycanda kommunizm ideyalarını bərpa edəcək, lakin tez bir zamanda bizə aydın oldu ki, yanılmışıq. İndi Azərbaycan ikinci dünya müharibəsindən çıxmış Almaniyanı, Prezident Heydər Əliyev isə kansler Adenaueri xatırladır. Əgər daxili və xarici qüvvələr ona mane olmasalar, işləməyə imkan versələr Azərbaycanın indiki inkişaf mərhələsi onun tarixinə intibah dövrünün başlanğıcı kimi daxil olacaq.
Böyük Britaniyanın sabiq Baş naziri, dəmir ledi Marqaret Tetcer onu “müasir zəmanəmizin görkəmli siyasi xadimi”, ABŞ-m sabiq dövlət katibi Madlen Olbrayt “Corc Vaşinqtona bərabər səxsiyyət” kimi xarakterizə etmişdir. Türkiyənin baş naziri R.T.Ərdoğan H. Əliyevin şəxsiyyətini yüksək qiymətləndirərək demişdir: “H.Əliyev Azərbaycanın böyük lideridir. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi xidmətlərinə görə türk və dünya tarixində şərəfli yer tutmuşdur”.
Xüsusi ilə vurğulamaq lazımdır ki. öz həyatının bəzi təhlükəli məqamlarında Heydər Əliyev general Şarl de Qollun təsvir etdiklərinə qəribə bir tərzdə uyğun gələn vəziyyətlərə də düşmüşdür. Məsələn, Sarl de Qoll yazırdı: “Bəziləri deyirlər ki, mən kommunistlərin, frank massonların müttəfiqiyəm, digərləri iddia eləyir ki, guya, mən Fransada krallıq, imperiya, yaxud da şəxsi diktatura qurmaq istəyirəm. Güclü təsəvvür və fantaziyaya malik olan bütün bu adamlar bircə şeyi yaddan çıxarırlar. Onu yaddan çıxarırlar ki, Fransa işğalçılarla dolu olanda mən Azad fransızların başında durdum və Fransa imperiyasına ona görə rəhbərlik etdim ki, Fransa işğal altında idi. Yaddan çıxarırlar ki, Fransa işğal altında olmasaydı, mən bizim ordumuzun öz rütbəmdə bir zabiti olaraq qalacaqdım. Onu da yaddan çıxarırlar ki, mən siyasətçi deyiləm, sadəcə, öz ölkəsini azad etmək istəyən bir vətənpərvərəm?”.
Lakin de Qoldan fərqli olaraq, Heydər Əliyev hərbçi olmaqdan əlavə, dərin siyasətçi idi. O, miqyaslı istedada malik idi. Ona görə də Azərbaycanın dövlətçiliyini bir çox fəlakətdən xilas etdi. Heydər Əliyev Azərbaycan xalqının planetə bəxş etdiyi bir möcüzəsi idi.
Ümummilli lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı, böyük siyasi məktəb keçmiş, çoxsaxəli fəaliyyətilə xalqın rəğbətini və məhəbbətini qazanmış və prezident seçilmiş İlham Əliyev müasir şəraitdə Azərbaycanın hərtərəfli tərəqqisinə, demokratik imicinin yüksəlməsinə çalışan görkəmli və böyük siyasi xadimidir. Heydər Əliyevin ordu quruculuğu sahəsindəki siyasətini uğurla həyata keçirən Müzəffər Ali Bas Komandan İlham Əliyev 44 günlük ikinci Qarabağ müharibəsində 30 il erməni işğalında qalan Azərbaycan torpaqlarını özünün hərbi sərkərdə bacarığı və Azərbaycan Ordusunun rəşadəti sayəsində birdəfəlik azad etdi.
Hazırda isə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ölkə Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə vüsətli abadlıq, quruculuq işləri həyata keçirilir, əhalinin öz doğma yurdlarına qayıtması təmin olunur. Qarabağ əfərinin açdığı yolda Böyük Qayıdış missiyası gerçəkləşdirilir. Bütün bunların başlanğıcı ilə bu gün Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz 1993-cü ilin 15 İyunudur.
Ədalət FƏRƏCOV,
YAP Veteranlar Şurasının üzvü , professor,
Sultanəli QURBANOV,
ADPU-nun dosenti