IV məqalə
Yeni tarixi mərhələdə milli ideya kontekstində Qoşulmama Hərəkatının regionlararası təşkilat kimi Azərbaycan üçün əhəmiyyəti nədən ibarət ola bilər? Bu suala cavab bizcə, Azərbaycan dövlətçiliyində tarixən mühüm yer tutmuş dəyərlərlə bağlıdır. Yeni tarixi mərhələdə milli ideya fonunda bu, hər şeydən öncə, ədalətlilik, azadlıq (müstəmləkəçiliyə qarşı mübarizə), irqi ayrı-seçkiliyin (ksenofobiyaya qarşı mübarizə) qəbuledilməzliyi kimi dəyərlərə önəm verilməsini nəzərdə tutur.
Ədalətlilik
Qədimdən Azərbaycan dövlətçiliyinin başlıca siyasi və mənəvi sütunlarından biri ədalət anlayışı ilə bağlıdır. Ədalətli olmaq Azərbaycanda həm hakimiyyət fəaliyyətində, həm də sosial münasibətlərin tənzimlənməsində mühüm funksiya yerinə yetirmişdir. Belə ki, Azərbaycan cəmiyyəti üçün Bəy hər şeydən öncə ədalətli, müdrik, məzlumlara arxa duran və hünərli insanın rəmzidir. Burada mərkəzi yerdə ədalətli olmaq dayanır. Çünki Azərbaycanda hesab edirlər ki, ədalətli olmayan insan mərd, hünərli və müdrik ola bilməz. Deməli, ədalətlilik fəzilətliliyin vacib elementlərindən biridir.
Dövlət işlərində isə bu anlayışın rolu çox əhəmiyyətli və aktual sayılmışdır. Həm də ədalətliliyi Azərbaycan dövləti yalnız öz sərhədləri daxilində təmin etməli deyildir – dünyada onun bərqərar olmasına çalışılmalıdır. Buna görə də ədalətlilik həmişə Azərbaycan dövlətlərinin xarici siyasətində başlıca yer tutmuşdur.
Müasir mərhələdə Azərbaycan Respublikasının xarici siyasətinin bütün istiqamətlərində ədalətlilik aparıcı yerlərdən birini tutur. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev milli ideyanın ilk mərhələsinin Zəfərinin (ərazi bütövlüyünün bərpası) nəticəsinin mühüm əlamətlərindən birini tarixi ədalətliliyin bərpa olunması kimi xarakterizə etmişdir.
Hazırda bu fəaliyyət Qoşulmama Hərəkatı çərçivəsində özünün regionlararası məzmununu almaqdadır. Azərbaycan Respublikası QH-yə sədrlik etdiyi müddətdə daim ədalətlilik prinsipini rəhbər tutmuşdur. Deməli, bu anlayış vasitəsilə Azərbaycanın milli ideyasının mühüm bir özəlliyi Qoşulmama Hərəkatı miqyasında konkret təcəssümünü almaqdadır. Bu da regionlararası məkanda Azərbaycan dövlətinin fəaliyyətində milli ideyanın özünü konkret olaraq ədalətli olmaqda ifadə etməsini şərtləndirir. Və məhz milli ideya kontekstində regionlararası fəaliyyətdə prinsipial əhəmiyyət daşıyan azadlıq məfhumu ilə ədalətlilik bir-birini tamamlayırlar. Nəyi nəzərdə tuturuq?
Azadlıq
Qoşulmama Hərəkatı çərçivəsində azadlığın konkret ifadəsi yeni müstəmləkəçiliyə qarşı mübarizədə tapmışdır. Bu, özlüyündə böyük məsələdir. Çünki, faktiki olaraq, dünyanın bütün regionlarını əhatə edir. Dünyanın böyük dövlətlərinin bir qismi Qoşulamama Hərəkatına üzv olan ölkələrin bəzilərini hələ də müstəmləkədə saxlayırlar. Məsələn, Sakit Okeanda yerləşən Yeni Kaledoniya bu qəbildəndir. Ora fransızların müstəmləkəsi sayılır. Qoşulmama Hərəkatı daxilində müstəmləkəçiliyə qarşı (azadlıq) fəaliyyət getdikcə Azərbaycanın dəstəyi ilə güclənir. Azərbaycan Respublikası bu təşkilata üzv olan hər bir ölkənin azad olmasına çalışır. Çünki real azadlıq olmadıqda həqiqi regionlararası müsbət fəaliyyət də mümkün deyildir. Ona görə də müstəmləkəçiliyə qarşı mübarizə aparmaq Azərbaycanın Qoşulmama Hərəkatının üzvü kimi əsas vəzifələrindən biridir.
Bununla yanaşı, istənilən halda ədalətli olmaq azadlıq uğrunda mübarizənin təməl şərtidir. Ədalətli olmayan dövlət səmərəli və nəticəverici formada azadlıq uğrunda mübarizə apara bilməz. Bununla da milli ideyanın mərkəzi anlayışı olan dövlətçilikdə ədalətlə azadlıqsevərlik sintez təşkil etməlidir. Regionlararası məkan üçün, bu, həm aktual, həm də mürəkkəb məsələdir.
Burada maraqlı məqam azadlıq ideyasının milli və regional miqyasdan regionlararası miqyasa düzgün transformasiyası ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlər coğrafi olaraq bir-birindən uzaqda yerləşirlər. Bu baxımdan Azərbaycanın Okeaniyada hansısa ada dövlətinə müstəmləkə ilə mübarizədə dəstək verməsi kifayət qədər mürəkkəb işdir. Deməli, azadlıq faktoru diplomatik fəaliyyət üçün əhəmiyyətli olduğu kimi, asan nail olunmayan faktordur.
Beləliklə, milli ideya kontekstində azadlıqla ədalətlilik sintez halında məzmunlaşa bilər. Azadlığı multiregional miqyasda təmin etmək üçün milli səviyyədə onun tam reallaşmasına nail olmaq gərəkdir. Məlumdur ki, müstəqil Azərbaycan Respublikasının milli ideyasında azadlıq ilk sırada yer alır. Buna görə də bu anlayışın regionlararası miqyasa transformasiyası son dərəcə əhəmiyyətli və maraqldır.
Ksenofobiya
Multiregional miqyasda ksenofobiya özəl məzmuna malikdir. İrqçiliklə mübarizə hazırda bütün dünya üçün ayrıca əhəmiyyət kəsb edən problemdir. Dünyanın ən inkişaf etmiş ölkələri belə ksenofobiyanın müxtəlif növlərindən, məsələn, islamofobiya və antisemitizmdən əziyyət çəkir. Azərbaycanın milli ideyasında ksenofobiyanın hər hansı təzahürü ilə mübarizə cəmiyyətin təşkilində multikulturalizmin əhəmiyyətli rolu ilə bağlıdır. Çünki Azərbaycan cəmiyyətini ksenofobiya kimi mənfi hallardan sığortalayan dəyər multikulturalizmdir. Multikulturalizmin mənəvi, siyasi və ideoloji bazasını isə azərbaycançılıq təşkil edir.
Bu mənada azərbaycançı olmaq milli dəyərləri bəşəri səviyyə ilə qarşılıqlı əlaqədə qəbul etmək, saxlamaq, onu qorumaq və inkişaf etdirməklə sıx bağlıdır. Həmin kontekstdə multikulturalizm azərbaycançılığın tərkib hissələrindən biridir. Multikultural dəyərlərin hökm sürdüyü cəmiyyətdə insanlar azərbaycançı ola bilirlər. Onlar üçün etnik mənsubluğun sosial münasibətlərdə rolu aparıcı deyildir. Əsas olaraq vətəndaşlıq mövqeyindən çıxış edərək, hər bir insana və hər bir etnik mənsuba tolerant, anlayışlı münasibətə önəm verilir. Yəni azərbaycançı, həm də tolerantdır.
Bunların fonunda Avropada islamofobiyanın getdikcə geniş yayılması çox düşündürücüdür. Avropa Parlamentinə keçirilən son seçkilərin nəticələri də göstərir ki, ksenofobiya meyilləri Qərbin siyasi şüurunda güclənə bilər. Xüsusilə islamofobiya yeni səviyyəyə yüksələ bilər. Bu da müsəlmanlara qarşı dünyanın müxtəlif regionlarında aqressiv davranışlara yol açar.
Deməli, ksenofobiya ilə mübarizə faktiki olaraq iki mühüm məqamı önəmli edir. Birincisi, beynəlxalq miqyasda müsəlmanların hüquqlarının qorunması. İkincisi, Qoşulmama Hərəkatına üzv olan dövlətlərin hər birinin ölkə kimi hüquqlarının qorunması.
Real fəaliyyətdə bu iki məqam sintez halında təzahür edir. Onlardan biri digərini tamamlayır. Belə ki, fərdi səviyyədə hüququn qorunması toplam halda ölkənin hüququnun qorunması deməkdir. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin sammitində çıxış edən zaman dünyanın hər bir regionunda türklərin, o cümlədən azərbaycanlıların hüquqlarının qorunmasını təşkilatın əsas vəzifələrindən biri olduğunu bəyan etmişdir. TDT üzvləri bir-birinə dəstək verərək, beynəlxalq miqyasda türk insanının haqq və hüququnu qoruyurlar.
Məhz hüququn təmin edilməsi aspektində Qoşulmama Hərəkatı ilə Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətləri kəsişir. İnsan haqları və hüquqları məsələsində iki təşkilatın fəaliyyətinin kəsişməsi özlüyündə yeni tarixi mərhələdə Azərbaycanın milli ideyasının məzmununa birbaşa aidiyyatı olan hadisədir. Çünki Azərbaycan strateji inkişafını yalnız hüquqi və sosial rifah dövləti kimi görür. Burada hüquq faktorunun milli ideyanın məzmununda əsas yer tutması və konkret funksiya yerinə yetirməsi ciddi məsələdir. Onun milli miqyasdan regional və oradan da regionlararası miqyasa transformasiyası isə Azərbaycanın dövlət kimi strateji məqsədinə tam uyğundur. Çünki yeni tarixi mərhələdə (postmüharibə dövründə) Azərbaycan Respublikası müstəqil dövlət kimi özünün yeni status səviyyəsinə yüksəlməlidir.
Hazırda Azərbaycan güclü regional lider statusundadır. Cənubi Qafqazın geosiyasi həyatında məhz bu keyfiyyətdə iştirak edir. Azərbaycan regionda sözü keçən, onun geosiyasi konfiqurasiyasının əsas stimulverici və müəyyənedici gücü olan dövlətdir. Yeni tarixi mərhələdə bu status regionlararası məkanda təsirli geosiyasi gücə çevrilməyə əsas yaratmalıdır.
Konkret olaraq, Azərbaycan Respublikası regional fəaliyyəti ilə regionlararası fəaliyyəti elə sinxronlaşdırmalıdır ki, milli ideyanın məzmunu çərçivəsində təsirli geosiyasi gücə çevrilə bilsin.
Qoşulmama Hərəkatı ilə Türk Dövlətləri Təşkilatının fəaliyyətlərinin milli ideya kontekstində növbəti ortaq feili sahəsi Azərbaycanın regionlararası geosiyasi gücə çevrilməsinin təmin olunmasıdır.
Nəhayət, Azərbaycan multiregionalizmi kontekstində TDT ilə Qoşulmama Hərəkatının ortaq iştirakının başqa bir təzahürü təhlükəsizliklə bağlıdır. Ümumiyyətlə, Azərbaycanın enerji strategiyasında milli təhlükəsizlik əsas yer tutur. TDT tərkibində bu məsələ tam aydındır. Qoşulmama Hərəkatı çərçivəsində də təhlükəsizlik faktoru həm Azərbaycan, həm də təşkilata daxil olan ölkələr üçün konkret məzmuna və məqsədə malikdir. Bu miqyasda təhlükəsizlik, nəqliyyat-loqistika, informasiya, enerji, kibertəhlükəsizliyin təmini, terrorla mübarizə və s. kimi istiqamətlər əhəmiyyət daşıyır. Bununla Azərbaycan çox geniş bir geosiyasi məkanda çoxaspektli siyasi-diplomatik fəaliyyət həyata keçirməyə başlamışdır.
Beləliklə, Azərbaycan multiregionalizmi regional və regionlararası təşkilatlarda fəaliyyət aspektində özəl məzmun və məqsəd almış olur. Burada aparıcı məqam Azərbaycanın dövlət olaraq milli ideyasına uyğun çərçivədə yeni geosiyasi status səviyyəsinə yüksəlməsindən ibarətdir. Özlüyündə asan olmayan və sürətlə dəyişən geosiyasi şərtlər daxilində reallaşmalı olan bu strateji məqsəd çox sayda faktoru özündə ehtiva edir. Onların sırasında liderin fəaliyyətinin özünəməxsusluğu ayrıca yer tutur.
Bütövlükdə liderlik müasir dövrdə politologiyada multiregionalizmin təmin edilməsinin başlıca faktoru kimi qəbul olunur. Liderlik həm stimulverici, həm müəyyənedici, həm də istiqamətverici fenomen kimi təhlil edilir. Multiregionalizmin konkret məkan və zamanda uğurlu olmasının əsas şərti kimi liderliyin təhlili çox vacibdir.
Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru