Azərbaycan xalqı bu gün milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan Heydər Əliyev siyasətinin təntənəsi olaraq davamlı yüksəlişin qürurunu yaşamaqdadır. Bu ülvi hissləri bizlərə bəxş edən 1993-cü ildə Ümummilli liderimizin qətiyyəti sayəsində Azərbaycanın çağdaş təqviminə qızıl hərflərlə yazılmış milli qurtuluş tarixidir. Vətən müharibəsində qazandığımız möhtəşəm tarixi Zəfərin işığında və bütövləşmiş, suveren Azərbaycanın reallıqları fonunda bu həqiqət daha mükəmməl siyasi baxışların subyektinə çevrilir.
1993-cü ilin 15 iyunu – Qurtuluş Günü Heydər Əliyevin Bakıya siyasi rəhbərliyə qayıdışı idi. Amma Ulu öndərin Moskvadan Azərbaycana qayıdışı hələ 1990-cı ilin yayında baş tutduğundan Milli Qurtuluş Gününə dövlət quruculuğu baxımından məhz o tarixi hadisələr fonunda qiymət verilməlidir. Heydər Əliyevin sovet rəhbərliyində vəzifədən kənarlaşdırılması ilə paralel olaraq həm onun özünə qarşı, həm də Azərbaycana qarşı qərəzli münasibət başladı. Ulu öndərin Sovet Azərbaycanında rəhbər olduğu dövrdə qanuni cəza almış adamlar Moskvada yaşayan bir çox ermənilərlə əlbir olub, onun əleyhinə saxta anonim məktublar hazırlayırdılar. Erməni lobbisi bütövlükdə və Azərbaycanda millətinə, xalqına, Vətəninə nankor baxan, xain çıxan adamlar fürsətdən istifadə edib cinayətkar erməni lobbisi ilə birləşərək Heydər Əliyevin əleyhinə iş aparırdılar.
1990-cı ildə bütün təhdidlərə və təzyiqlərə baxmayaraq Azərbaycana qayıdarkən Heydər Əliyev, nə qədər acı olsa, Bakıda Moskvadakından daha təhlükəli təqiblərlə üzləşdi. Ona qarşı sui-qəsd təhdidləri açıq xarakter aldı və o, Naxçıvana yollandı. Beləliklə, Heydər Əliyevin Moskvadan qayıdışı, təəssüf ki, o mərhələdə Azərbaycanın qurtuluşu ilə tamamlanmadı. 1990-cı il noyabrın 17-də muxtar respublikanın Ali Məclisinin sədri seçildikdən sonra dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev nadir liderlərə məxsus fövqəladə və bənzərsiz keyfiyyətləri ilə yüksək səviyyəli dövlətçilik və idarəçilik nümunəsini ortaya qoydu, Naxçıvanı erməni işğalının real təhülkəsindən xilas etdi.
Siyasi mübarizənin sivil qaydalarını, siyasi mədəniyyət formulunu cəmiyyətə təqdim edən, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının ideoloji sütununa çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması da Ulu öndərin fəaliyyətinin Naxçıvan dövrünə təsadüf edir və onun adı ilə bağlı olan ən əhəmiyyətli siyasi və tarixi hadisə kimi dəyərləndirilməlidir.
Növbəti mərhələdə məhz Moskvanın təşəbbüsü ilə SSRİ-nin dağıdılması nəticəsində hətta Rusiya Federasiyası da öz suverenliyi haqqında Konstitusiya Aktını Azərbaycandan əvvəl qəbul etmişdi. Yəni bu şəraitdə artıq Heydər Əliyev kimi təcrübəli bir dövlət adamının Azərbaycanın siyasi rəhbərliyinə qayıdışı vətənimizin mürəkkəbləşmiş bəlalardan qurtuluşu ola bilərdi.
Amma təəssüf olsun ki, vaxtilə, guya, Azərbaycanın müstəqilliyi mövzusunda müzakirələr aparan, əslində isə Qorbaçovun yenidənqurma siyasətinin yetişdirdiyi xəyanətkar kommunistlər və cəbhəçilər Heydər Əliyevin əleyhinə birləşmişdilər. Guya, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını müzakirə edən bu satqınlar əslində Heydər Əliyevin parlament rəhbərliyində təmsil olunmasına imkan verən müvafiq Konstitusiya maddəsinə qarşı çıxırdılar. Bununla da Azərbaycan xalqı tarixi qurtuluş imkanından o mərhələdə də məhrum oldu.
Ona görə də Sovet respublikalarının öz dövlət müstəqilliklərini elan etməsi fonunda ən faciəvi və acınacaqlı durum məhz Azərbaycanda yarandı. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində postsovet respublikalarında, o cümlədən Qazaxıstanda, Özbəkistanda, Ukraynada təcrübəli şəxslər rəhbərliyə gəldikləri halda, Azərbaycanda, öz vətənində Heydər Əliyev kimi dünya miqyaslı fenomen şəxsiyyət, xalqın istəyinin əleyhinə olaraq, ali siyasi rəhbərlikdən kənarda saxlanıldı. Ulu öndər isə isə bütün bu təhdidlərə baxmayaraq məharət və cəsarətlə bu milli xəyanətkarların yaratdıqları maneələri aşırdı. Çünki onun gücü başqaları kimi vəzifədə deyil, polad iradəsində və xalqın ona inamında idi.
Sonrakı hadisələr isə daha faciəvi oldu. 1992-ci ildə cəbhəçilərin artıq müstəqilliyini bərpa etmiş Azərbaycanda hakimiyyəti ələ keçirməsi ilə bolşeviklərin 1920-ci ildə Xalq Cümhuriyyətini zəbt etməsi arasında mahiyyətcə fərq yox idi. Əgər var idisə, bu da əsrin əvvəlində Sovet Azərbaycanının, heç olmasa, Qarabağı qoruyub saxlamağa nail olması idi. Bu dəfə isə həm Qarabağ işğal olundu, həm də ölkə iqtisadiyyatı dağıdıldı.
Hələ o zaman Azərbaycan cəmiyyəti birmənalı olaraq o fikirdə idi ki, əgər Heydər Əliyev Azərbaycanın rəhbərliyində olsaydı, nə Qarabağ işğal olunardı, nə də ölkə müstəqilliyinin ilk illərində böhran yaşayardı. Təəssüf ki, biz daha əvvəl bu real tarixi qurtuluş şanslarından yararlana bilmədik və bunun acı nəticələrini gördük.
1993-cü ilin iyununda ölkədə artıq vətəndaş müharibəsi təhlükəsi yarandı. Şuşanın və Laçını düşmənə peşkəş etməklə hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü bu dəfə - 1993-cü ilin iyul-avqust aylarında digər rayonların işğalına şərait yaratmaqla hakimiyyətdə qalmaq kimi mənfur niyyətlərini həyata keçirmək istəyirdilər. Prezident İlham Əliyev Ulu öndərin anadan olmasının 101-ci ildönümündə - mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışında şəhərə köçmüş ilk sakinlər qarşısında çıxış edərkən bir daha və bu hadisələrə yeni reallıqlar kontekstində siyasi qiymət vermiş və “cəbhəçilərin” antimilli mahiyyətini ifşa etmişdir: “Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı. İndi baxın, o tarixlərə, tarixi hadisələrə. Bir neçə gündən sonra onlar hakimiyyətə gəldilər, o hakimiyyəti yıxdılar, çevriliş etdilər. Xalqın haqlı etirazını, necə deyərlər, öz tərəflərinə çəkmək üçün Şuşanı, sonra Laçını, ondan sonra Kəlbəcəri qurban verdilər... O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar...”
O mərhələdə dövlət idarəçiliyində ən böyük maneə ondan ibarət idi ki, Heydər Əliyev parlament rəhbərliyində olsa da, orduda və yerlərdə real səlahiyyət xəyanətkar AXC – Müsavat cütlüyünün və kriminal qruplaşmaların əlində idi. Lakin bütün bu təhdidlərə baxmayaraq Ulu öndər ölkədəki sağlam qüvvələri toplayaraq Qarabağda 1993–94-cü ilin qış aylarında uğurlu Horadiz əməliyyatı keçirdi. Zaman gəldi, Azərbaycan ordusu bu uğuru 2016-cı ilin aprel döyüşlərində təkrarladı və 2020-ci ildə isə Ali Baş Komandan Qarabağı işğaldan tam azad etdi.
Beləliklə:
– Milli Qurtuluş Qarabağın işğaldan qurtuluşuna aparan yolun başlanğıcı oldu;
– Azərbaycan o illərdə özünə yad populist, qaragüruh qüvvələrdən qurtularaq Heydər Əliyev dövlətçilik və azərbaycançılıq təfəkkürünə qayıtdı;
– Azərbaycan xarici və daxili düşmənlərin müdaxiləsinə son qoyaraq tarixi hadisələrin gedişatını öz təbii axarına qaytardı;
– Azərbaycan demokratiya şüarları ilə hakimiyyətə gəlmiş diktatura rejimindən qurtulmuş oldu;
– Azərbaycan xalqı qəlbində yaşatdığı azadlıq və müstəqillik simvolu – Heydər Əliyev ilə yenidən qovuşdu;
– Ulu öndər Heydər Əliyevin qayıdışı və Milli Qurtuluşla nəhayət ki, Azərbaycanda əsl milli müstəqil hakimiyyət quruldu.
– Milli Qurtuluş, nəticədə, dövlət quruculuğumuzun uğuru kimi müasir Azərbaycan cəmiyyətini siyasi həmrəylik dəyəri üzərindən vahid dövlətçilik mövqeyinə daşıdı.
Mühüm qənaətlərdən biri budur ki, Ulu öndərin xalqın firavan gələcəyi və dövlətin parlaq perspektivləri üçün ən böyük xidmətlərindən biri siyasi varisliyi təmin etməsidir. O, özündən sonra Azərbaycan dövlətini zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizə ən böyük töhfələrindən birini vermiş oldu. Prezident İlham Əliyevin müəllifi olduğu milli inkişaf modelinin uğurla tətbiq olunması nəticəsində bu gün Azərbaycan regional güc mərkəzinə və Cənubi Qafqaz bölgəsinin aparıcı dövlətinə çevrilmişdir. Gerçək dövlət müstəqilliyinin təmin edilməsi və ərazi bütövlüyünün bərpası dövlətçilik tariximizin qızıl səhifələridir.
Tarixi paralellər aparsaq, əmin olarıq ki, əgər müstəqilliyin ilk onilliyində Prezident Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini xilas etmişdisə, sonrakı 2 onillikdə xalqın etimadına və ordumuzun gücünə güvənən dövlət başçısı İlham Əliyev ölkəni ərazi bütövlüyünün itirilməsi təhlükəsindən qurtardı, Qarabağ da daxil olmaqla ölkənin bütün ərazisində onun suverenliyini və konstitusiya quruluşunu təmin etdi. Əgər Ulu öndər Azərbaycan xalqını parçalanmaqdan qorumuşdusa, Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının həmrəyliyinə yeni nəfəs verdi, yüz minlərlə qaçqın və köçkün vətəndaşımızın doğma yurd-yuvalarına böyük qayıdışının “yol xəritəsini” tərtib etdi. Dövlətçilik prinsipləri baxımından Milli Qurtuluş kimi sarsılmaz təməl üzərində inkişaf etmiş və məntiqi ardıcıllıqla bir-biri ilə üzvi surətdə bağlı olan bu hadisələr Azərbaycan tarixinin çağdaş mərhələsinin ən şərəfli səhifələridir.
Əli HÜSEYNLİ,
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri