Yaponiya “ASAN xidmət” təcrübəsinin öyrənilməsində maraqlıdır

post-img

Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Dövlət Agentliyinin “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq etdiyi vurğulanıb.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri (BMT) Mükafatına, 2019-cu ildə isə BMT-nin innovativ həllərin tətbiqi vasitəsilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi bildirilib.

Tərəflər Dövlət Agentliyi ilə Yaponiyanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.

Səfir “ASAN xidmət”də dövlət xidmətlərinin göstərilməsi sahəsində vətəndaşlar üçün yaradılmış şəraiti təqdirəlayiq hesab edərək Azərbaycanın müvafiq təcrübəsinin Yaponiyada öyrənilməsində maraqlı olduğunu bildirib.

Həmçinin qonaq "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD” və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olub.

Son xəbərlər