Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Dünya Şəhərsalma Forumu çərçivəsində növbəti elmi seminar məşğələsi keçirilib.
Muzeyin Doktorantura, elmi inkişaf və süni intellekt inteqrasiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Cəmilə Dəmirova “Ərəb ağalığı dövründə Siciliyada urbanizasiya prosesi (IX-XI əsrlər)” mövzusunda məruzə ilə çıxış edib.
Bildirilib ki, IX-XI əsrlərdə Siciliya adasının zəbt edilməsinə bir qənimət və sərvət mənbəyi kimi baxan ərəblər, zaman keçdikcə bu ərazilərin miqyasını genişləndirmişlər. Xüsusilə, Palermo şəhərinin fəthi adanın müsəlmanlaşması yolunda böyük addım olmuşdu.
Məruzəçi qeyd edib ki, tarixi Siciliya barədə mühüm məlumatlara ərəb səyyahı və coğrafiyaşünası İbn Hauqalın “əl-Məsəlik va-l- məməlik” (“Yollar və məmləkətlər” )adlı əsərində rast gəlinir. Əsərdə əsas diqqət Palermo şəhərinə yönəlib.
Cəmilə Dəmirova onu da vurğulayıb ki, İbn Hauqala görə Siciliyada məscidlər çoxluq təşkil etmişdir. Siciliyanın şəhərləri özündə həm müsəlman, həm qədim yunan və roma, həm də slavyan memarlığına xas cəhətləri birləşdirirdi. Kilsələrin məscidlərə çevrilməsi, dairəvari müsəlman şəhərlərindən fərqli şəhərlərin salınması, daş hasarların və qalaların çoxluğu Siciliyanın ümumi arxitektur mənzərəsi idi.
İbn Hauqalın Siciliya haqqında on fəsildən ibarət bir əsər yazdığını qeyd etdikdən sonra, məruzəçi ərəb coğrafi ədəbiyyatında Siciliya barədə mühüm məlumatlar hifz edən mənbələrdən biri kimi Yaqut əl-Həməvi əl-Ruminin “Mucəm əl-Buldən” (“Ölkələr toplusu və ya ölkələrin əlifba sırası ilə sadalanması) əsərini də qeyd etmişdir. Bildirilmişdir ki, Yaqut əl-Həməvi öz əsərində demək olar ki, Siciliyanın ona məlum olan bütün şəhərləri barədə məlumat verir.
Araşdırmalarından gəldiyi nəticələri bölüşərən natiq qeyd edib ki, yaşayış üçün münasib bir ərazi olan Siciliya həm bitki və heyvanlar aləmi, həm də təbii sərvətləri ilə məşhur olmuş, illər boyu bir çox alim, ədib və şairlər gəlib, burada yazıb yaratmışlar.
Müsəlmanların fəthindən sonra əsrlər boyu Afrika əhalisi bura axışıb gəlmiş və burada məskunlaşmışlar.
Seminar məşğələsi muzeyin əməkdaşları filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Əliyev, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, Munisə İsmayılova və digərlərinin sual və çıxışları ilə davam edib.
Qabil YUSİFOĞLU
XQ

