15 iyun Milli Qurtuluş Günüdür
1993-cü il iyun ayının hərbi-siyasi böhranlı, Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyi üçün xatalı günlərini xatırlayanda istər-istəməz yadımıza xalqın cəsarətlə öz iradəsini ortaya qoyması düşür. Tarixinin müxtəlif dönəmlərində parçalanma, yox olma təhlükəsini yaşamış xalqımız həmişə düşdüyü çətin vəziyyətlərdən çıxmağın yollarını, xilas yolunun istiqamətlərini düzgün müəyyənləşdirməyi bacarıb.
Otuz bir əvvəl də bu xalqın vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayanmış, 75 il əvvəl istiqlalını bəyan etidyi cümhuriyyəytin ilk paytaxtında ürəyindən yaralanmış Azərbaycanı düşdüyü o hərbi-siyasi dalandan çıxarana, yaralarını sarıyana ehtiyacı vardı. Xalq bu dəfə də xilas yolunu və xilaskarının ünvanını dəqiq müəyyən etdi. Həmin ünvanın sahibi Heydər Əliyev, qurtuluşun düsturu isə böyük şəxsiyyətin və dühanın siyasi fəhmi, bacarığı və cəsarəti oldu. Azərbaycanın hər bir guşəsini, hər qarış torpağını özünə daim doğma bilən ulu öndər xalqının dar günündə, çətin məqamında, bütün çətinliklərə və təzyiqlərə baxmayaraq, ona arxa-dayaq oldu və Bakıya gəldi.
Biz cəsarət məsələsini təsadüfən yada salmadıq. Heç nəyi şişirtmədən, mübaliğəsiz deyə bilərik ki, Azərbaycanın özbaşınalıq və anarxiyanın cəngindən xilas olmasında ulu öndərin şəxsi şücaəti və cəsarəti olduqca önəmli rol oynadı. İyunun 13-də Gəncəyə səfərində Heydər Əliyevi müşayiət edən biz – bir qrup jurnalist həmin cəsarətin dərəcəsini gözlərimizlə gördük, qəlblərimizlə hiss etdik.
* * *
Gəncə hadisələrini yetişdirən səbəblər iyun ayından xeyli əvvəl ortada görünməkdə idi. Xalq isə yaranmış vəziyyətdən xilas yolunu ulu öndər Heydər Əliyevi Bakıya gətirməkdə görürdü. 4 iyuna qədər də Naxçıvan Ali Məclisin Sədri Heydər Əliyevə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri müraciət edirdilər. Əsasən ziyalıların təşəbbüs göstərdiyi və Heydər Əliyevə inam və etimadın göstəricisi sayılan müraciətə imzalarını atanlar bir şeyə qəti əmin idilər: ölkəni düşdüyü xaos və anarxiyadan, qardaş qırğınına çatdırılan od-alovdan yalnız Heydər Əliyev xilas edə bilər.
Gəncə hadisələrinə aparan yol 1993-cü il ilin yanvarından “start” götürmüşdü. İyun ayının əvvəllərində isə hadisələr artıq özünün kulminasiya nöqtəsinə yetişmişdi. Azərbaycanın qorxmaz, vətənpərvər oğul və qızlarının qanı bahasına qazanılan müstəqilliyi itirmək təhlükəsi qapının kandarına kimi gəlmişdi. Hər gün cəbhə bölgəsindən eşidilən bədbin xəbərlər, ölkədə davam edən silahlı qarşıdurma, Gəncədəki qardaş qırğınının alovunun bütün ölkəyə yayılması təhlükəsini yaratmışdı.
1993-cü il iyunun 13-də Ali Sovetdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başlandı. Parlamentin təyin etdiyi komissiyanın Gəncədə baş verənlərlə bağlı hesabat-rəyi dinlənildi. Emosiyaların coşduğu qızğın müzakirələrin gedişində sağlam düşüncəni rəhbər tutanlar çıxışlarında Heydər Əliyevin hakimiyyətə qayıtması təklifini irəli sürürdü. Gəncədə isə artıq qardaş qanı axıdılmışdı. Bakıda parlamentin tribunasına qalxan Heydər Əliyev qərarını açıqladı: “Gəncəyə gedib Surət Hüseynovla təkbətək görüşüb, hər şeyi yerində, olduğu kimi öyrənəcəyəm. Mənimlə getmək istəyən jurnalistlər də buyursunlar, bir saatdan sonra yola çıxırıq”.
Düşünürük ki, bu məqamda o günlər ölkədəki gerçək hərbi-siyasi mənzərəyə qısa nəzər yetirməyimiz yerinə düşər. Cəmi bir il ərzində Yevlax yun kombinatının direktoru Surət Hüseynovu Milli Qəhrəmana, Azərbaycan Prezidentinin Dağlıq Qarabağda səlahiyyətli nümayəndəsinə çevirən hakimiyyət indi onun yerə-göyə sığmayan siyasi iddiaları, verdiyi əmrləri qarşısında aciz vəziyyətə düşmüşdü. Üstündən 31 il keçəndən sonra dönüb həmin olaylara baxanda bir daha əmin oluruq ki, o zaman Azərbaycanın üzləşdiyi özbaşınalığın, dövlətin və xalqın girdabına düşdüyü xaosun səbəbi məhz hakimiyyətin iqtidarsızlığı idi. Bəli, o günlərdə həm dövlət, həm də millət özünün çox çətin dövrünü yaşayırdı. Bir tərəfdən də dözülməz sosial-iqtisadi vəziyyət sıravi vətəndaşların rahatlığını, gündəlik həyat ritmini tamamilə pozmuşdu. Hakimiyyətlə Surət Hüseynovun silahlı birləşmələri arasında hərbi qarşıdurma həddinə çatdırılmış böhranın dalğası bütün ölkəyə yayılmışdı. Azərbaycan özünün dövlət müstəqilliyini bir əsrdə artıq ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.
* * *
...Gəncədə üzləşdiyimiz mənzərə çox dəhşətli idi. Bu şəhərdə qardaş qanı axıdılmış, Azərbaycan vətəndaş müharibəsi həddinə çatmışdı. Gözlə görünən təhlükəni Heydər Əliyevi Gəncə səfərində müşayiət edən biz, media mənsubları aydın hiss edirdik, desək, səhvə yol vermiş olmarıq. Şəhərin küçələrində əlisilahlı hərbçilər gəzirdilər. Düşdükləri hərbi-siyasi böhrandan çıxış yolunu yanlış istiqamətdə arayan o vaxtkı hökumət rəhbərliyinin Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirdiyi əməliyyat uğursuzluqla nəticələnmişdi. Bu isə iqtidarın müxtəlif cinahlardan onsuz da çat vermiş mövqelərini tamamilə zəiflətmiş, demək olar ki, heçə endirmişdi.
Heydər Əliyev əvvəlcə Gəncədəki 709 saylı hərbi hissənin, sanki, döyüş meydanını xatırladan ərazisinə baş çəkdi. Ardınca şəhərin dinc sakinləri ilə, eləcə də hərbi qulluqçularla görüşdü, onlarla söhbətləşdi. Bu zaman ulu öndəri gül-çiçəklə qarşılayan gəncəlilərin xalqın xilaskarına böyük hörmət və ehtiramının şahidi olduq. Səfərdən xəbər tutan şəhər sakinləri küçələrə çıxır, Heydər Əiyevlə görüşür, bundan hədsiz sevindiklərini səmimi şəkildə büruzə verirdilər.
Ümummilli liderin Gəncəyə səfərini, sözün tam mənasında, Qurtuluş səfəri adlandırmaq olar. Hələ Azərbaycanda heç bir vəzifə daşımayan, amma xalqın məhəbbətinin zirvəzinə yüksəlmiş Heydər Əliyev həyatını real təhlükəyə ataraq, şərəfli olduğu qədər də son dərəcə ağır missiyanı – Qurtuluş missiyasını yerinə yetirdi. Bu səfər ölkəmizi ağır faciələrdən xilas etdi. O çətin dövrdə, respublika rəhbərliyindən kimsənin Gəncəyə gedərək, vəziyyətə yerində aydınlıq gətirmək cürətində olmadığı günlərdə Heydər Əliyev xarici qüvvələrin təhriki ilə “qan çanağı”na dönmüş şəhərə silahsız, cangüdənsız, mühafizəsiz getmişdi.
Ulu öndər hara və kimin üzərinə getdiyini yaxşı bilirdi. Onun Gəncəyə və gəncəlilərə hörmət-ehtiramı sonsuz idi. Bunu müsahibələrinin birində Heydər Əliyev özünəməxsus səmimiliklə belə ifadə edib: “Gəncə Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən diyardır, gözəl bir şəhərdir. Azərbaycan xalqının mədəniyyətini, ədəbiyyatını, şeirini Şərq aləmində, bütün dünyada Nizami Gəncəvi ilə tanıyırlar. Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bəxş etdiyinə görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər”.
* * *
...Deməli, bu sevgi və ehtiram qarşılıqlı idi. Həmin səfərin və ondan sonra baş verən hadisələrin canlı şahidi və “Səhər” gündəlik informasiya qəzetində çap olunmuş “Həqiqət ardınca” silsilə məqalələrin müəllifi kimi əminliklə deyə bilərəm ki, ulu öndərin həyatı və siyasi fəaliyyəti Azərbaycan xalqının dövlətçilik və müstəqillik tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanın XX əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyinin qoruyub saxlanılmasında, onun daxili və xarici hücumlardan qorunmasında, suvereliyinin möhkəmləndirilməsində ən böyük azərbaycanlı Heydər Əliyevin xidmətləri misilsizdir. Heydər Əliyev şəxsiyyətinin fenomen olduğunu dünyanın ən ağır çəkili siyasətçiləri, dövlət başçıları etiraf ediblər. Onun planetar düşüncəli dahi strateq kimi sadaladığımız bütün üstün keyfiyyətləri ilə yanaşı, şəxsi cəsarət nümunəsi məsələsinə bir daha qayıtmaq istərdik.
Heydər Əliyevin sonralar jurnalistlərdən birinin Gəncə səfərinin onun həyatı üçün təhlükəli olması barədə sualına cavabını yaxşı xatırlayırıq: “Əvvəla, mən Surət Hüseynovu tanımırdım, hətta üzünü də görməmişdim. Mənə indi məlum olduğu kimi, Surət Hüseynov Azərbaycanın Milli Qəhrəmanı, respublika Baş nazirinin müavini, Azərbaycan Prezidentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi idi. O, mən bilən, televiziya ilə demək olar, heç vaxt çıxış etməmişdi. Mən Naxçıvanda yaşayırdım və həmin dövr ərzində onu, hətta televiziya ekranında bir dəfə də olsun görməmişdim. Yəni, onu yaxından tanımırdım. Sonra – iyunun 13-də Gəncəyə gəldim və onunla ilk dəfə görüşdüm. Deməli, aramızda hansısa bir razılaşmanın və ya hansısa münasibətlərin olmasından söhbət gedə bilməz. Bütün gecə mən onunla danışıqlar apardım və iyunun 14-də Bakıya qayıtdım. Bundan sonra isə o, Bakıya gələnə qədər onunla telefon əlaqəsi saxladım”.
Gəncəyə səfərindən bir gün sonra, 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi xalqın ümummilli liderin xilaskarlıq missiyasına olan ümid və inamının təbii təsdiqi oldu. Bu, Azərbaycanda, sadəcə, hakimiyyət dəyişikliyi deyildi. 15 İyun dövlətin və xalqın taleyini yüz səksən dərəcəlik bucaq altında doğru səmtə çevirən ümummilli liderin yeni, azad və müstəqil Azərbaycanın tərəqqisinə start verdiyi tarixi an oldu.
* * *
Məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərpa olundu, milli dövlətçiliyimiz məhv olmaq təhlükəsindən qurtuldu. Ümummilli liderin həyat və fəaliyyəti, xilaskarlıq missiyası, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətləri danılmazdır. Bunu da cəsarətlə deyə bilərik ki, Türk dünyasının liderlərindən biri Heydər Əliyev dühasına olan ümunxalq sevgisi zaman-zaman öz təsdiqini tapıb. Azərbaycan var olduqca Heydər Əliyev böyüklüyü yaşayacaq, onun həmişəyaşar irsi nəsildən-nəslə ötürüləcək.
Azərbaycanda ikinci dəfə hakimiyyətdə olduğu 10 il ərzində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dünyaya inteqrasiyası Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. Bəlkə də Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu son 10 ildə (1993–2003) canından artıq sevdiyi xalqı qarşısındakı xidmətləri əvvəlki 12 illik (1969–1982) rəhbərlik fəaliyyətindən bizim üçün daha əhəmiyyətlidir.
Tarixi hadisələrin əhəmiyyətinin onlardan uzaqlaşdıqca daha real göründüyünü, yeni məna kəsb etdiyini söyləyənlər, yəqin yanılmırlar. Həmin hadisələrin sonrakı dönəmlər üçün təmələ, istinad nöqtəsinə çevrilməsi isə növbəti hakimiyyətlərin missiyasına çevrilir. Bu mənada qətiyyətlə söyləmək olar ki, Heydər Əliyev siyasi kursu özündən sonra uğurla davam etdirilir. Onun sağlığında işğal altında olan doğma yurdumuz Qarabağın sonrakı taleyi ilə bağlı vəsiyyətini yerinə yetirmiş siyasi varisi İlham Əliyevin xalqın qürur mənbəyinə çevrilmiş uğurlarını sadalamaqla bitməz.
Bəli, atalarımız “ot kökü üstündə bitər” məsələni məhz bu cür tarixi nümunələrin timsalında düşünüblər. Azərbaycan xalqı son iyirmi bir ildə bu siyasi varisliyin həm də irsən ötürülən cəsarətlə davam etməsinin şahidi oldu.
İmran BƏDİRXANLI
XQ