Qlobal sülhə təhdid

post-img

Qərbin ikili standartlar siyasətində “boz” çalarlar

Kollektiv Qərb Ukrayna mövzusuna tünd rəng çalarları qazandırmaqda israrlıdır. Yenə dünyanın “başbilənləri” bir yerə toplaşıb böyük toplantı təşkil edəcəklər. Tədbirin adı belədir: Qlobal Sülh Sammiti. Sammitdən məqsəd isə guya, Rusiya – Ukrayna probleminin həllidir. Məkan İsveçrədir.

Hər halda, acınacaqlı durumdur. Ukraynanı girdaba mübtəla etmiş kollektiv Qərbin indi onun üçün çarə axtarması tamamilə miskin mənzərədir. Deməli, İsveçrədə keçirilməsi nəzərdə tutulan toplantı, əslində, sülh sammiti kimi dəyərləndirilə bilməz.

Bəli, timsahlar göz yaşı axıdacaqlar. Axı Ukrayna “öynə” üçün böyük yemdir. Nəzərə alaq ki, Avropanın ərazisinə görə ikinci dövləti həddindən artıq “bəslənib”. Onu “yeyən” isə böyük ölçüdə Rusiya yox, elə Qərbin özüdür. Qərb “başbilənləri” hesab edirlər ki, Moskva üçün tələ qurublar. Bəlkə Ukrayna, həqiqətən, tələdir. Sadəcə, aydın görünməkdədir ki, tələyə düşən təkcə Rusiya deyil, həm də Avropanın özüdür. 

Qətiyyətlə deyə bilərik ki, “köhnə qitə” ABŞ-nin tələsindədir və Ukraynada müharibə uzandıqca, Avropanın Birləşmiş Ştatlardan asılılığı daha da dərinləşir. Hadisələr eynilə İkinci dünya müharibəsi dövründəki kimidir. O zaman da savaşdan zərər görməyən ABŞ sonradan qitənin hamisinə çevrildi. Vaşinqtonun hamiliyinin hansı nəticələr doğurduğu isə hamıya yaxşı məlumdur. 

ABŞ Ukrayna münaqişəsi fonunda təkcə bu ölkəni deyil, bütövlükdə Avropanın özünü də güdaza verir. İkinci dünya müharibəsindən sonra “Soyuq müharibə” ritorikası ilə SSRİ-nin məhvinə çalışmış və bu məqsədlə “köhnə qitə”ni “bəsləmək” yolu tutmuş Ağ ev hazırda onu Rusiyanı yox etmək naminə sipərə çevirir. Bütün bunlar öz yerində, amma niyyətimiz Rusiya – Ukrayna qarşıdurmasına nəzər salmaq, mövcud istiqamətdə dəyərləndirmələr aparmaq, eləcə də ABŞ – Avropa klassik rəqabətinin pozulma trayektoriyasındakı ayrı-ayrı cəhətləri yada salmaq deyil. Əsas olan dünyanın Ukrayna üçün bu qədər canfəşanlığıdır. Görəsən dəyərmi? Yaxud niyə dəyməz?

Əlqərəz, kollektiv Qərb yenə də saxtakarlıq edir. Öz məqsəd və məramları naminə istənilən əmələ hazırdır. Doğrudur, Rusiyanın Ukraynaya hücumu hansı səmtdən yanaşsaq, işğalçılıq müharibəsi kimi dəyərləndirilə bilər. Çünki ikincinin beynəlxalq hüquqla təsdiqlənmiş ərazisi var. Ancaq vaxtilə Qərb İraqa, Əfqanıstana hücum gerçəkləşdirəndə, keçmiş Yuqoslaviyanı bombalayanda da beynəlxalq hüququ gözləmişdimi? Xeyr! 

Deməli, Qərbin öz parametrləri olduğu kimi, Rusiyanın da fərdi baxış bucağının, maraq və mənafe dairəsinin mövcudluğu təbii qarşılanmalıdır. Fikrimizin təsdiqi üçün cəmi bir məqamın üzərində dayanaq. Rusiya Prezidenti Vladmir Putin 1998-ci ildən bu yana NATO-ya ölkəsinin sərhədlərinə yaxınlaşmamaqla bağlı xəbərdarlıqlar edib. Buna əhəmiyyət verilibmi? Əlbəttə ki, yox! Böyük ölçüdə yanaşsaq, bu gün davam edən Rusiya – Ukrayna müharibəsi həmin yaxınlaşmaq cəhdinin doğurduğu böhrandır. 

Bəli, hazırda Ukraynaya dəstək məqsədi ilə çağırılan Qlobal Sülh Sammiti saxtakarlığa leqal don geyindirmək istəyindən başqa bir şey deyil. Ən əsası isə tədbir həm də ona görə saxta mahiyyətlidir ki, onun məğzində ikili standartlar siyasəti dayanır. Qərb aləmi və siyasi industriyası, həqiqətən, sülh barədə düşünürsə, belə yanaşmadan uzaq durmalıdır. 

Azərbaycan torpaqları otuz ilə yaxın müddətdə işğalda qaldı. Bir milyon vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşadı. Qərb nə etdi? Yalnız başdansovdu bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının çıxardığı bir qətnamə bəzən cəmi bir gün ərzində icra olunduğu halda, qurumun torpaqlarımızın işğalına dair dörd qətnaməsi üç onillik ərzində mənasız kağız parçasına çevrildi. 

ATƏT-in Minsk qrupu deyilən son dərəcə mənasız təşkilat, qurumun monitorinq qrupu adlandırılan ondan da lazımsız bir ortam, guya, sülhü qorumağa çalışdı. Əslində, məqsəd üzləşdiyi acınacaqlı durumu Azərbaycan xalqına qəbul elətdirmək idi. İstəyirdilər ki, vəziyyətlə barışaq, Qarabağı və digər işğal altındakı ərazilərimizi unudaq. Çalışırdılar ki, torpaqlarımız hesabına Ermənistana yeni ərazilər verilsin. Fikirləri bu yolla dünya erməniliyi üçün jest etmək idi. Jesti ona görə edirdilər ki, ermənilik özlərinin qlobal maraqları naminə daim diri saxlansın. Bu gün də cəhdlərindən qalmırlar. 

Həmin o kollektiv Qərb 44 günlük müharibə başlar-başlamaz cidd-cəhdlə istədi ki, haqq davamız işğalçılıq niyyəti kimi qiymət alsın. Özünün müxtəlif informasiya orqanları vasitəsilə elə ictimai rəy formalaşdırdı ki, sanki silahlı qüvvələrimizin əks-hücumu qəsbkarlıqdır. Ermənipərəstlik naminə bütün mütərəqqi dəyərlər qurban verildi. Saxta sentimentallıq hekayələri uydurulub dövriyyəyə buraxılaraq, azərbaycanlıların qəddar, qaniçən, ermənilərin isə məzlum obrazı yaradıldı. Azərbaycan bu cür riyakarlığa, aşkar ikili standartlar siyasətinə baxmayaraq, öz haqqını gerçəkləşdirməyə nail oldu. Ölkəmiz belə mənfi təmayüllərə qarşı qəti mübarizə əzmini ortaya qoydu və müqəddəs Zəfərinə qovuşdu.

Bəli, indi sərsəm xəyallarının daşıyıcısı olan Qərb dövlətləri Ukrayna üçün yenə bir araya gələcəklərsə, nəzərə alaq ki, əvvəllər də oxşar tədbirlər düzənlənib. Hazırda konkret məqsəd anti-Rusiya ritorikasını gücləndirmək, Kremlə qarşı qəzəb və hiddəti artırmaqdır. Çox güman, sammitdə kimlərsə ağzı köpüklənə-köpüklənə Moskva əleyhinə danışacaq, bəziləri Ukraynanın daha da qüvvətlənməsi üçün əlavə tədbirlərin görülməsindən dəm vuracaq. Bir sözlə, əvvəl nələri deyirdilərsə, yenə eyni kursu davam etdirəcəklər. 

Ukrayna ilə bağlı Qlobal Sülh Sammitini keçirməkdə daha bir məqsəd rəsmi Kiyevi ruhlandırmaqdır. Əlbəttə, söhbət yalnız boş sözlərlə ruhlandırmaqdan gedir. Sammit, eyni zamanda, dünyaya mesajdır. Kollektiv Qərb yaxşı bilir ki, Ukrayna kampaniyasına münasibət əvvəllərdəki kimi deyil. Dünyanın ictimai rəyində artıq məsələnin uzanmasından ciddi narazılıq var. Hansısa formada bu narazılığı aradan qaldırmaq lazımdır. Buna görə də Rusiya ilə mübarizənin, müqəddəslik görüntüsünü, belə demək mümkünsə, zənginləşdirmək tələb olunur. Bu baxımdan Qlobal Sülh Sammitini 1095-ci ilin Klermon kilsə məclisinə oxşatmaq tam yerinə düşür. Həmin məclisdə Roma papası II Urban İsa Peyğəmbərin (ə.) qəbrini kafirlərdən xilas etmək kimi cəfəngiyyata baş vurmuşdu. Beləliklə, tarixi Səlib yürüşləri başlanmışdı. İndi qarşıya Rusiyanı parçalamaq, tamamilə zəif duruma gətirmək kimi bir məqsəd qoyulub. Yəni, hazırda səlibçilərin Şərqin zəngin torpaqlarına sahiblənmək kimi əsl niyyətlərinin yerini Rusiyanın məhvi məramı tutub.

Əlbəttə, bunları vurğulamaqla heç də Rusiyanı haqlı tərəf qismində göstərmək istəmirik. Necə deyərlər, kəsilmiş qoyun-keçi öz ayağından asılır. Problem ondadır ki, asmaq metodları bəşəri dəyər və prinsipləri arxa plana atır, gücün mütləq hakimiyyətini ortaya çıxarır, ədalətsizliklə müşayiət olunur. Bu isə hər şeydən əvvəl qlobal sülhə təhdiddir. Qlobal Sülh Sammiti də bu təhdidi gücləndirəcək. 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət