Bakı–İrəvan: sülh sazişinin imza platforması və qlobal rəqabət amili

post-img

Ermənistan manipulyasiyadan əl çəkəcəkmi?

Bir müddət əvvəl Rusiyanın Müdafiə naziri Andrey Belousov bildirmişdi ki, Qərb Azərbaycana və Ermənistana yekun sülh sazişi xüsusunda təzyiq göstərir. Nazir konkret şəkildə vurğulamışdı ki, Bakıya və İrəvana yalnız Qərb platformalarında sülh müqaviləsi imzalamaq, habelə, vasitəçilik xidmətləri təklif və tətbiq edilir. 

Bəli, Belousov məsələni əbəs yerə gündəmə gətirməmişdi. Hər halda, o, kifayət qədər məlu­matlıdır və dediklərindən belə qənaətə gəlmək mümkündür ki, delimitasiya və demarkasiya prosesləri əsasında Bakı–İrəvan təmasları ilə yekun sülh müqaviləsi tamam başqa-başqa mövzulardır. Deməli, ikinci məsələ Qərb–Rusiya rəqabəti baxımından aktuallığını qoruyur. Rusi­yanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndə­si Mariya Zaxarovanın da mövzuya yer verməsi onu göstərir ki, Moskva bu rəqabətdə iştirakı barədə ciddi düşünür. 

Əlbəttə, Azərbaycan–Ermənistan sülh müqaviləsi ilə bağlı vəziyyətin dramatik şəkil alacağını gözləmək mümkündür. Şübhəsiz, bu məsələdə başlıca söz sahibi Azərbaycan­dır. Ölkəmizin isə öz şərtləri var. Həmin şərt­ləri Prezident İlham Əliyev bir neçə gün əvvəl TÜRKPA-nın nümayəndə heyəti ilə görüşündə açıqladı. Birincisi, Ermənistan konstitusiyası də­yişməli, oradan Azərbaycana və Türkiyəyə ərazi iddiası ilə bağlı müddəalar çıxarılmalıdır. İkinci­si, Bakı və İrəvan müştərək qaydada müraciət hazırlayaraq, ATƏT-in Minsk qrupunun rəsmən ləğvinə nail olmalıdırlar. Dövlətimizin başçısı bu şərtləri irəli sürməklə, Azərbaycan–Ermənis­tan sülh prosesinə fundamentallıq gətirir. Yəni, erməni separatizmi baxımından heç bir şübhə yeri, tutacaq nöqtə saxlamır. Axı Ermənistanın gələcəkdə ehtimal edilən manipulyasiyası üçün əsas qalmamalıdır.

Ermənistan dövləti və cəmiyyəti özünü səmimiyyət baxımından o qədər ciddi təsdiqləməlidir ki, şübhə ehtimal­ları tam şəkildə aradan qalxsın. Elə cə­nab İlham Əliyev də məhz bunu bildirir: "Onlardan (şərtlərdən – red.) biri Er­mənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddiaları­na son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv olunsun. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstər­mir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure – hüquqi cəhətdən, ləğv edil­sin və bu, Ermənistanın nə qədər sə­mimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlan­masına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir".

Bəs hazırda sırf səmimiyyət nöqte­yi-nəzərdən hansısa irəliləyiş varmı? Əlbəttə, sülh prosesində müəyyən di­namika gözə dəysə də, demək olmaz ki, bu deyim vurğuladığımız kriteriya prizmasından keçərlidir. Çünki İrəvan­da spekulyativ ab-hava hökm sürür. Hiss olunur ki, Azərbaycan diplomati­yası azacıq yumşaq davransa, Ermə­nistan rəhbərliyi sülh gündəliyinə əlavə nələrisə də daxil etmək əzmini ortaya qoyacaq. 

Məsələn, Azərbaycan Prezidentinin haqqında söz açdığımız fikirləri səslən­dirməsindən dərhal sonra Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirdi ki, ölkələr arasında sülh sazişi imzalamaq məqamı yetişib: “Ermənis­tan tərəfi saziş üzərində işin yaxın bir ay ərzində başa çatdırılması və imza­lanması istiqamətində konstruktiv və intensiv şəkildə çalışmağa hazır oldu­ğunu bildirir”.

Yəni, bu məlumat dövlətimizin baş­çısının səsləndirdiyi fikirlərin konsep­tuallığına kölgə salmaq, həmin fikirləri arxa plana atmaq, rəsmi İrəvanın özü­nü mütərəqqi göstərmək cəhdidir. Təx­minən belə: biz tez bir zamanda sülh istəyirik, Azərbaycan razı deyil. Bəs Ermənistan, həqiqətən, barış arzusun­dadırmı? Ən başlıcası isə ölkə sülh müqaviləsini qlobal rəqabət platforma­sına çıxarmaq istəməyəcək ki? 

Sülhün başlıca komponenti sayılan delimitasiya və demarkasiya işlərinə start verilsə də, bu kimi suallara cavab yoxdur. Digər tərəfdən, nəzərə alaq ki, hazırda delimitasiya və demarkasiya şərti sərhədin bir o qədər mübahisə doğurmayan hissəsində aparılır. An­caq görürük ki, Ermənistan cəmiyyə­tində revanşist və şovinistlər ayağa qalxıblar. O zaman sual olunur: Proses digər istiqamətlər üzrə reallaşacaqmı? Axı bu iş həyata keçirilmədən sülhdən danışmaq qeyri-mümkündür. Görəsən, Ermənistan XİN yaxın bir ay ərzində nəyə ümid bəsləyir? Elə buradan da görünür ki, qurumun yaydığı məlumat sabun köpüyündən başqa bir şey deyil. Deməli, rəsmi İrəvanın yalnız özünü pozitiv tərəf kimi göstərmək istəyi var ki, bu isə aşkar imitasiyadır. 

Azərbaycan–Ermənistan sülh müqaviləsi üzrə qlobal rəqabət faktor­larından, xüsusən də yekun sazişin hansı platformada imzalanmasından söz düşmüşkən, qeyd edək ki, rəsmi İrəvanın danışıqlar prosesini məhz həmin rəqabətə qurban verdiyinə dair faktlar yetərincədir. Bu baxımdan iki məqamın üzərində dayanmaq müm­kündür. 

Birincisi, 2022-ci ilin dekabrında Azərbaycan və Ermənistan liderləri Brüsseldə Avropa İttifaqı Şurasının pre­zidenti Şarl Mişelin vasitəçiliyi ilə görüş­məli idilər. Həmin vaxt Rusiya–Fransa ziddiyyətlərinin kəskinləşməsi fonunda baş nazir Nikol Paşinyan bildirmişdi ki, dekabr görüşünə orada yalnız Fransa Prezidenti Emmanuel Makron iştirak edəcəyi təqdirdə qatılacaq. 

İkincisi, rəsmi İrəvan bəlli bir müd­dətdə təkbətək danışıqlardan imtina ilə yadda qalmışdı. Onun gətirdiyi imtina arqumenti bu idi ki, guya, Azərbaycan əldə ediləcək istənilən razılığı poza bilər, buna görə mütləq beynəlxalq tə­minat lazımdır. Görəsən, Ermənistan rəhbərliyi yenə eyni cür davranmaya­caq ki?

Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanla sülh müqaviləsinin hansı platformada imzalanacağı heç bir önəm daşımır. Əsas odur ki, ölkə­mizin müəyyənləşdirdiyi şərtlər yerinə yetirilsin. Əslində, erməni tərəfi də sül­hün Qərbdə, yaxud Rusiyada imzalan­masının heç bir önəminin olmadığını açıqlayıb. Ancaq, bu, çoxdan olub. Ha­zırda İrəvan–Moskva münasibətlərin­dəki gərginlik son otuz ildə özünün ən yüksək fazasına qədəm qoyub. Bakı isə həm Qərblə, həm də Rusiya ilə ba­lanslı siyasətinə sadiqdir və hər zaman sadiq qalıb. Yəni, ölkəmizin mövcud xüsusda sərbəst davranması mümkün­dür. Ermənistanın isə yox. Yəni, Qər­bin rəsmi İrəvana sülh sazişinin imza platforması baxımından təzyiq göstər­mək ehtimalı son dərəcə böyükdür. Hadisələrin hansı səmtə doğru inkişaf edəcəyini isə zaman göstərəcək. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət