II MƏQALƏ
Qorxusu ağlını üstələyən insanın zəkası susar.
İbn Sina
Alim çalışqanlığı
Əziz Səncərin zəhməti zəkadan üstün tutmasının özəl mənası vardır. Alim bu fikri, bütövlükdə, hər bir millətin elmi fəaliyyət üçün zəkasının olmasına aid edir. Çinlilərlə apardığı müqayisədən görünür ki, Ə.Səncər türklərin də elmi fəaliyyət üçün yüksək zəkaya sahib olmasına rəğmən çinlilər kimi elmi nəticələr ala bilmədiklərini demək istəyir. Və bunun səbəbləri üzərində düşünməyə dəvət edir.
Bu o demək deyildir ki, türk insanı başqa qövmlərdən zəkaca geridə qalır. Ə.Səncər bunun əksini söyləyir və sualı belə qoyur ki, “nə üçün türk xalqlarının nümayəndələri dünyanın yüksək reytinqlərində az yer alırlar?” Cavabında isə alimin çalışqanlığı, zəhməti məsələsini ön sıraya çıxarır.
Əlbəttə, elm çalışqanlığı sevir. Alim daim öz üzərində işləməli elmi araşdırmaları dayandırmamalıdır. Bununla yanaşı, məsələnin başqa tərəflərini də unutmaq olmaz. Çünki elm adamı tək, yalnız və toplumdan kənar həyat sürmür. O, dövlətin vətəndaşı və cəmiyyətin üzvüdür. Alim cəmiyyətin həyat tərzindən xilas ola bilməz. Bu, mümkün deyildir. Deməli, alimin özündən asılı olmayan faktorlar vardır ki, onların təsirlərində olur. Elmi fəaliyyət kontekstində bu məqamı müqayisələr əsasında izah edə bilərik.
Niyə Amerika və ya Çin?
İndi elmə aiddiyyəti olan hər kəs bilir ki, Nobel mükafatçıları əsasən, ABŞ və Avropa dövlətlərində çalışanlar olurlar. Amerika, hətta, dünyanın müxtəlif regionlarından perspektivli elm adamlarını ölkəyə dəvət edir, layihələrə qoşur və onlardan maksimum yararlanır. Nümunə kimi, Sant-Fe və ya süni intellekti araşdıran elmi institutu göstərə bilərik. ABŞ-də idarəetməni idarəedən robotlar hazılayan xüsusi araşdırma institutu fəaliyyət göstərir. Onun çox az tələbəsi və ya doktorantı olur. Tədris edənlərin daimi siyahısı yoxdur. Ştat çox azdır. Lakin əvəzində konkret araşdırma layihəsi üzrə dünyanın ən perspektivli alimlərini dəvət edir, müvəqqəti müqavilə əsasında onlara yüksək əməkhaqqı verir, lazımi şəraiti yaradır və “nobelçilər” yetişdirir.
Statistikaya baxsaq, görərik ki, yüksək elmi reytinqli çinli, yapon, koreya, türk, Latın amerikalılar və digərləri əsasən Qərbin elmi mühitində ya yetişən, ya da orada çalışanlardır. Əziz Səncər harada çalışaraq Nobel mükafatını almışdır? Amerikada! Bəs niyə Türkiyədə deyil, Amerikada buna nail olmuşdur? Və yaxud hansı səbəblərdən Ə.Səncər və yüzlərlə istedadlı türk insanı Avropa və ABŞ-ın elmi mərkəzlərinə can atır? Elə Türkiyənin özündə də uşaqları ingilis, amerikan, fransız, alman liseylərində oxudanlara daha perspektivli baxırlar. Niyə?
Elə çinlilərin özləri də Qərbdə yüksək nəticələr əldə edirlər. Avropa və ABŞ dəfələrlə rəsmi Pekini ideya oğurlamaqda təqsirləndirmişdir. Deməli, elmi ideyaların yaranması məkanı hələ də əsasən Qərbdir!
Əgər dünyanın yüksək reytinqli nəşrlərində müəlliflərə baxsaq, onların sırasında çinli, yapon, hindli və başqalarının adlarına tez-tez rast gələ bilərik. Ancaq onların böyük əksəriyyəti Qərb ölkələrinin elmi dairlərində çalışır. Burada kimin hansı millətə məxsus olmasının rolu nədən ibarətdir? Deyək ki, indi hindlilər və ya pakistanlılar Avropada və Amerikada böyük elmi uğurlar əldə edirlər. Onlar öz vətənlərində deyil, məhz Qərbdə! Özü də əsasən Qərbdə uğur əldə edən alimlər reklam olunur və onları tanıdırlar.
Misallar çoxdur. Ə.Lütfüzadəni Amerikada uzun müddət qəbul etmədilər. Cənubi Koreyadan olan filosof Y.Hueyə London elmi mühitində çalışandan sonra diqqət yetirildi. L.Flek (əslən Polşa yəhudisi olmasına baxmayaraq) keçən əsrin ortalarında Qərbin elmi dairələrində qəbul edilmədi. Fraktal həndəsənin banisi B.Mandelbrot ABŞ-də düz 10 il yeni ideyalı məqaləsini çap elətdirə bilməmişdir! Nümunələr çoxdur.
Belə çıxır ki, alimlikdə və ümumiyyətlə, yaradıcılıqda zəka və zəhmətdən alimin elmi taleyinə ciddi təsir edən başqa faktolar da vardır. Onların sırasında alimin yaşadığı ölkədə elmi mühitin xüsusiyyətləri, elm siyasəti, elmi fəaliyyətin təşkili üsulları, cəmiyyətin həyatında elmin rolunun müəyyən edilməsi, bir sıra psixoloji faktorlar, şəxsi münasibətlər və digər parametrlər vardır.
Bunlar onu göstərir ki, əgər söhbət türk dövlətlərində elmdən gedirsə, yalnız alimin zəkavi, emosional, çalışqanlıq, məsuliyyət kimi keyfiyyətləri ilə məhdudlaşmaq reallığı tam ifadə etmir. Burada dövlət-cəmiyyət-alim-elm-sosial-mədəni şərait kimi mürəkkəb mənzərə vardır. Onların qarşılıqlı təsiri yekunda alimin fəaliyyətinin effektini və ideya yeniliyini şərtləndirir.
Amerikada elmi fəaliyyət elə təşkil olunmuşdur ki, yaradıcılıq, kəşflər, yeni ideyalar meydana gəlir. Laboratoriyalar, iş mühiti, texniki təchizat, müəyyən edilən məqsədlər və s. alimin səmərəli fəaliyyəti üçün imkanları genişləndirir. Məsələn, ABŞ-də türk və ya çinli oradakı şəraitdə istedadını üzə çıxarır. Bu meydan onlara verilmişdir.
Bunlardan başqa, elmi ənənəni də unutmaq olmaz. Dünyanın elə bir ölkəsi yoxdur ki, qəfil nəyəsə nail olsun. Bu proses həmişə ziddiyyətli, çəkişməli, müzakirəli, səhvlər və onların öyrənilməsi kimi müxtəlif məqamları özündə ehtiva edir. Deməli, fərdin elmi nailiyyəti də, əslində, kollektiv fəaliyyətin nəticəsidir. Alim çox çalışqan olar, amma bunu real elmi nəticəyə çevirməyə də bilər.
Məsələn, çilili U.Maturana və F.Varela Amerikada təhsil almışdılar. ABŞ universitetləri onları əldən vermək istəmirdilər. Lakin hər ikisi öz vətəninə dönmüş və Çili universitetlərindən birinin lap alt qatlarında laboratoriyada çalışmışdır. Şüuru təbiət elmləri prizmasında öyrənərək, onlar “avtopoyezis” (özünüyaradan sistem nəzəriyyəsi) adlanan elmi istiqamətin əsasını qoymuşlar. Lakin sonradan yenidən Avropaya (Fransaya) gəlmişlər. Bu nümunə göstərir ki, avtopoyezisin müəllifləri milliyyətçə çilili olsalar da, təhsildə və alim kimi fəaliyyətdə yenə də Qərbə bağlanmışlar.
İbrət dərsləri
Bunlar onu göstərir ki, türk xalqları zəkidir, istedadlı insanları kifayət qədərdir. Ancaq elmi fəaliyyət başqa kriteriyaları da tələb edir. Onların sayı çoxdur. Türk dövlətləri elm siyasətində hansısa məqamlara yenidən baxmalıdırlar. Türkiyədə indi çox məşhur olan Səlcuk Bayrakdar Amerika təhsillidir. Elə etmək olmazmı ki, türk insanı öz vətənində yüksək təhsil alsın, buradakı laboratoriyada çalışa bilsin və yüksək nəticələr qazansın? Həmin nəticələr ona Nobel mükafatı almağa yetsin?
Məncə, məsələni türk xalqları və dövlətləri səviyyəsində bu cür qoymalıyıq və ona nail olmaq üçün ciddi çalışmaq lazımdır. Bu bağlılıqda türk dövlətlərinin elmi təşkilatları arasında əlaqələri yeni səviyyəyə yüksəltmək də, bizcə, mühüm şərtdir. Bu cür əlaqələr həm təcrübə mübadiləsinə, həm elmi imkanların genişlənməsinə və həm də daha yüksək nəticəverici elmi fəaliyyətin təşkilinə təkan verə bilər.
Elmi fəaliyyətin təşkilinin müasir tələblərə uyğun institutlaşması prosesi aktual məsələlərdəndir. İndi dünyanın bir sıra ölkələrində tələbələrə və hətta ibtidai sinif şagirdlərinə fənlərarası tədris proqramları əsasında kollektiv yaradıcılıq öyrədilir. Kiçik yaşlarından onlar təhsil sistemi daxilində kollektiv olaraq necə elmi yaradıcılıqla məşğul olmağı, vahid komandada necə səmərəli çalışmağı öyrənirlər. Bu, faktiki olaraq təhsildə yeni təşkilati və tədrisdə yeni keyfiyyət səviyyəsinin yaranmaqda olması deməkdir. Belə bir proses türk dövlətlərində gedirmi? Bizim əlimizdə faktımız yoxdur. Əgər bu prosesdən geridə qalsaq, hansı gələcək mənzərə ilə üzləşmiş olarıq?
Cəmi bir neçə ildən sonra o dövlətlər elmdə irəli çıxacaqlar ki, onlar təhsil və tədqiqatda kollektiv səmərəli fəaliyyəti təşkil edə biləcəklər və vahid komanda halında elmi ideyalar irəli sürüb, kəşflər edəcəklər. Bütövlükdə, bəşəriyyətdə təkamül prosesi inteqrasiyaya doğru gedir. Burada isə kollektiv fəaliyyətin səmərəsi ön plana çıxır. Türk dövlətləri üçün bunun ayrıca əhəmiyyəti vardır.
Türk xalqları iki səviyyədə kollektiv elmi fəaliyyətin təşkilinə, tədrisinə və yeniliklərin alınmasına nail olmalıdırlar. Birinci səviyyə hər bir türk dövlətində elmi fəaliyyətin institutlaşması və təhsilin innovativliyinin təmin edilməsinin mükəmməl səviyyəyə yüksəldilməsi ilə bağlıdır. Hər bir türk dövləti ayrılıqda buna nail olmasa, Türk Dövlətləri Təşkilatı (TDT) daxilində gözlənilən nəticə alınmayacaq. Bu o deməkdir ki, türk dövlətləri özlərinin təhsil və elmi araşdırma sistemlərini yeni tələblərə uyğun qurmalıdırlar. Azərbaycanın bu istiqamətdə maraqlı təcrübəsi formalaşır və müsbət nəticələri mütləq olacaqdır.
İkinci səviyyə TDT tərkibində türk dövlətlərinin elmi fəaliyyətlərinin koordinasiya edilməsi ilə əlaqəlidir. Bu istiqamətdə aparılan işlər səmərə versə, yüksək elmi potensial meydana gələcəkdir. Türk dövlətlərinin alimləri birgə fəaliyyətlə çox uğurlar əldə edə bilərlər. Dünyanın ən uzaq ölkələrinin alimləri birgə çalışa bilirlərsə və nəticələr alınırsa, TDT-də bunu daha səmərəli etmək mümkündür.
Deməli, türk dövlətlərinin elmdə dünyanın öncülləri səviyyəsinə qalxması kompleks xarakterli və müxtəlif təbiətli işlərin görülməsini tələb edir. Özü də söhbət ondan getmir ki, türk ölkələri insanlarını Qərbə və ya Çinə göndərib, orada təhsil alandan sonra geri qaytarmaqla bunlara nail olsun. Bu, türk dövlətinin özündə elmi məktəblərin yaradıcı olmasına qalıcı təsir göstərməyə bilər.
Əsas məsələ alimin burada yetişdirilməsindən, burada ona şəraitin yaradılmasından və məhz burada alimin dünya miqyaslı elmi nəticələr almasına nail olmaqdan ibarətdir. Təhsil və elmin vətəndə birləşdirilməsi və nəticənin də burada alınması mühüm şərtdir! Bu da elm siyasətinin hazırda hər bir türk dövləti üçün nə dərəcədə əhəmiyyətli olduğunu təsdiq edir.
Nəhayət, bütün vurğulanan proseslərin uğurlu olması üçün vacib bir şərt ödənməlidir: elm və təhsilin maliyyələşməsi! Elmə və təhsilə qoyulan sərmayə heç zaman itmir! Onun konkret nəticəsini bir neçə il gözləmək də ola bilər. Lakin stratejidə dövlət, xalq, cəmiyyət və fərdlərin də qazanacağına şübhə yoxdur! Qərb bu üsulla irəli çıxa bilmişdir, indi Çin eyni üsulla elmin zirvələrini fəth edir!
Əziz Səncərin AMEA Rəyasət Heyətindəki məruzəsi bizi bir daha bu kimi məsələlər üzərində düşünməyə sövq edir. Əlbəttə, elm kollektiv işin məhsuludur. Dövlət və millət olaraq “elmdə səfərbərliyə” ehtiyac yaranmışdır! Burada dövlətlə cəmiyyətin, müəllimlə alimin əl-ələ verməsi vacib şərtdir!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru