Avroparlamentdə “sağçılıq” mərəzi

post-img

“Qoca qitə”nin qanunverici orqanında qüvvələr nisbətinin dəyişməsi ciddi fəsadlara səbəb ola bilər

“Qoca qitə”nin ali qanunverici orqanı sayılan Avropa Parlamentinə (AP) seçkilər öncəsi ekspertlərin verdikləri proqnozlar heç də nikbin nəticələrə söykənmirdi. Yəni, seçkiqabağı proseslərdə sağ-mərkəzçilərin mövqelərinin gücləndiyini söyləyənlərlə yanaşı, qurumun “xaç atası” Fransa prezidenti Emmanuel Makronun məğlubiyyətinin qaçılmaz olacağına əmin olanlar da az deyildi.

Bütün hallarda Avropa İttifaqının bu üstqurumun­da son altı ayda müşahidə etdiyimiz xoşagəlməz ha­disələr – bəzi parlamentarilərin adlarının korrupsiya qalmaqallarında hallanması, siyasi baxışlara görə qruplaşmalar arasında qızışan rəqabət, AP-nin er­mənipərəst üzvlərinin təşkil etdiyi anti-Azərbaycan qətnamə və bəyanatları burada heç də işlərin sağ­lam və şəffaf məcrada getmədiyindən xəbər verirdi.

Avroparlamentə seçkilər Avropa İttifaqına (Aİ) üzv ölkələrdə iyunun 6-dan 9-dək keçirilir. Amma Aİ-nin əksər ölkələ­rində səsvermə prosesi bu günə təyin edilib. Bu qurumun ölkəmizə qərəzli mü­nasibəti neçə illərdir davam edir. Bunun bariz nümunəsini seçkilər ərəfəsində Azərbaycana qarşı qərəzli qətnamələ­rin qəbul edilməsində gördük. AP-dakı ermənipərəst düşərgənin erməni lobbi­sindən maliyyə yardımı ilə yanaşı, həm də seçici dəstəyi almağa çalışdıqları heç kəsdə şübhə doğurmur. Rəsmi Bakının Aİ, o cümlədən AP qarşısında heç bir öh­dəliyi yoxdur və onlar Azərbaycanı milli mənafeyinə və siyasi iradəsinə zidd heç nəyə məcbur edə bilməzlər. Tribunadan səsləndirdikləri Azərbaycana qarşı sank­siyaların tətbiqi ilə bağlı çağırışları da öz­ləri deyib, özləri eşidirlər. 

Bəs, AP-yə budəfəki seçkilərdə hansı siyasi düşüncənin, təmayülün sahibləri mandat qazanacaqlar? Bu seçkilərin Av­roparlamentdə qüvvələr nisbətini hansı tərəfə dəyişə biləcəyi ətrafında xeyli vaxt­dır müzakirələr gedir. Əksər ekspertlərin gəldiyi qənaət bundan ibarət idi ki, bu qurumda qüvvələr nisbətinin dəyişməsi təkcə Avropanın deyil, eləcə də bütün dünyanın siyasi səhnəsində fəsadlar yarada bilər. Müstəqil sosioloji tədqiqat mərkəzlərinin apardıqları sorğuların nə­ticələri heç də ürəkaçan proqnozlardan xəbər vermir. Respondentlərin böyük ək­səriyyətinin rəyinə görə, bu seçkilər sağ təmayüllü, radikal qüvvələrin üstünlüyü ilə keçəcək. 

Yeri gəlmişkən, oxucuların diqqətinə çatdıraq ki, Aİ-yə üzv dövlətlərdə va­hid səsvermə proseduru deyilən bir şey yoxdur. Seçki həm açıq, həm də qapa­lı siyahılar üzrə həyata keçirilə bilər. Bu zaman, sadəcə, üzv dövlətlər müstəqil olaraq AP-yə keçmək üçün minimum həddi özləri müəyyən edirlər. Bir qayda olaraq, hər bir ölkədə seçicilər yerli par­tiyaların namizədlərinə səs verirlər və səs çoxluğu qazanmış namizədlər, si­yasi baxışlarından asılı olaraq, AP-dəki fraksiyalar arasında bölüşdürülür. Misal üçün, dünən Çex Respublikasında keçi­rilən seçkilərdə elektorat, koalisiyalar da daxil olmaqla, 30 partiya arasında seçim edib. Uğur qazanmaq şansına parlamen­tin Deputatlar Palatasında təmsil olunan fraksiyalar malikdir. Seçicilər yalnız Çex Respublikasında fəaliyyət göstərən par­tiyanın namizədinə səs veriblər. Seçilmiş namizədlər AP-da digər ölkələrdən olan həmkarları ilə birlikdə eyni fraksiyada iş­ləyəcəklər.

ARAYIŞ: Hazırda AP-da 7 fraksiya fəaliyyət göstərir. Ən böyük fraksiya 178 yerə malik Avropa Xalq Partiyasıdır. So­sialistlərin və Demokratların Mütərəqqi Alyansı 141 yerlə ikinci, “Yenilənmiş Av­ropa” 101 yerlə üçüncü, “Yaşıllar” (Avro­pa Azadlıq Alyansı) 71 üzvlə dördüncü, “Avropa Mühafizəkarları və İslahatçı­ları” 67 yerlə beşinci, sağ və ifrat sağçı siyasətçilər qrupu sayılan “İdentiklik və Demokratiya” 58 yerlə altıncı və sol tə­mayüllü siyasətçiləri birləşdirən “Avropa Solçuları” 38 mandatla yeddinci yerdə qərar tutublar. Yerdə qalan 51 yer isə müstəqil deputatlara məxsusdur. 

*** 

Bəs, budəfəki seçkilər əvvəlkilərdən nə ilə fərqlənir? Aparılan rəy sorğularına əsasən, bu dəfə millətçi sağçılar Aİ-nin doqquz üzv-dövlətində, o cümlədən, qurucu ölkələr sayılan Fransa, İtaliya, Belçika, Hollandiya və Almaniya daxil olmaqla, səsvermə siyahılarına başçılıq edəcəklər. 

Yuxarıda qeyd etdik ki, AP Aİ təsisat­ları arasında daha çox korrupsiyalaşmış qurumdur. Müstəqil araşdırma mərkəz­lərinin keçənilki hesabatlarına görə, AP deputatlarının üçdən ikisi qanunsuz ola­raq müxtəlif şirkətlərin idarə heyətlərində təmsil olunur, onların lobbiçiliyini həyata keçirir və bunun müqabilində hər il 3–8,5 milyon avro arasında “zəhmətsiz gəlir” əldə edirlər. Bu ilin təkcə may ayında AP-nin Almaniya və Niderlanddan olan parlamentariləri ilə bağlı 3 korrupsiya faktı qeydə alınıb. 

Şübhəsiz, Avropa Xalq Partiyası bu­dəfəki seçkilərin aparıcı qüvvələrindən biri hesab edilir və onun ifrat sağçı ele­mentləri arasında daxili münaqişələr də mövcuddur. Bütün hallarda yeni AP-də ökəmizə qarşı mənfi ritorikanın kəskin­ləşəcəyi birmənalıdır.

*** 

Hazırda müşahidə edilən ümumi mənzərə, keçirilən rəy sorğularının nəti­cələri, o cümlədən, Aİ-də islamofob, kse­nofob, türkofob təmayüllərin güclənməsi onu deməyə əsas verir ki, AP-də sağçı qüvvələrin tutduğu kresloların sayı xeyli artacaq. Aparılan daha bir araşdırmanın nəticələrinə görə, Aİ-yə üzv doqquz ölkə­də – Avstriya, Belçika, Çexiya, Fransa, Macarıstan, İtaliya, Hollandiya, Polşa və Slovakiyada sağ-radikal, avroskeptik partiyalar birinci, Bolqarıstan, Estoniya, Finlandiya, Almaniya, Latviya, Portuqa­liya, Rumıniya, İspaniya və İsveçdə isə ikinci və ya üçüncü sırada yer alacaqlar. Yəni, bu qüvvələrin AP-də səs çoxluğunu qazanacaqlarını indidən söyləmək müm­kündür. 

Beləliklə, proqnozlar onu deməyə əsas verir ki, Avropada populist, sağ-mil­lətçi təmayüllü partiyalar güclənməkdədir və onlar bu gün yekunlaşacaq seçkilər­də həmişəkindən daha çox səs toplaya bilərlər. Bu isə yenilənəcək AP ilə Azər­baycan arasında “sıfırlanmış” münasibət­lərin bundan sonra daha da gərginləşmə­si perspektivindən xəbər verir.

İ.HƏSƏNQALA
XQ

Siyasət