Ortaq dəyərlər və ümumi hədəflər Azərbaycan–Misir tərəfdaşlığını möhkəmləndirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri siyasi əhəmiyyəti və tarixi məqam nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir. Bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına, uğurlu perspektivinə ciddi töhfə verəcəyinə şübhə yoxdur. Qahirədə dövlət başçılarının görüşlərinin nəticəsi olaraq imzalanan sənədlər Azərbaycan və Misir arasında çoxspektrli əməkdaşlığın dərinləşdirilməsi üçün zəruri hüquqi bazanı daha da təkmilləşdirəcək, beynəlxalq platformalarda bundan sonra da onların vahid mövqedən çıxış etmələrinə möhkəm zəmin yaradacaq.
Yayılan rəsmi məlumata əsasən, iyunun 8-də Qahirədə Azərbaycan–Misir dövlət sənədlərinin imzalanması mərasimi olub. Bu sənədlər – “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024–2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”dur. İmzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Misir Prezidenti Əbdülfəttah əs-Sisi iştirak ediblər.
* * *
Sənədlərin imzalanması mərasimindən sonra Misir Prezidenti Əbdülfəttah əs-Sisi mediaya açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin səfərinin ikitərəfli əlaqələri gücləndirəcəyini qeyd edib. “Misir Cənubi Qafqazda sabitlik və sülhün bərqərar olmasına sadiqdir”, – deyən Əbdülfəttah əs-Sisi Azərbaycanı COP29-a evsahibliyi münasibətilə təbrik edərək, Azərbaycan Prezidenti İlham Əliyevlə aparılan danışıqların iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini vurğulayıb. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev Misirin dövlət başçısı Əbdülfəttah əl-Sisini COP29-a dəvət edib.
Aydın məsələdir ki, Azərbaycanın nəinki bölgənin, eləcə də Avropanın enerji təhlükəsizliyi sahəsində oynadığı önəmli rolu, transmilli nəqliyyat qovşağının üzərində yerləşməsi rəsmi Qahirənin diqqətindən yayınmır, onu xarici siyasət prioritetlərinə müəyyən korrektələrə sövq edir. Dünyanın “yaşıl enerjiyə” keçidlə bağlı çağırışlarına Bakının fəal şəkildə qoşulduğu indiki məqamda Misirin Azərbaycanla ikitərəfli münasibətləri nəzərdən keçirmək, Azərbaycanın müəllifi və iştirakçısı olduğu qlobal layihələrə qoşulmaq istəyi təbii qəbul olunmalıdır. Misirin belə bir istəyi ölkəmiz üçün də maraq kəsb edir. İnanırıq ki, ikitərəfli əməkdaşlığın yeni müstəvidə inkişafının nəticəsi olaraq, rəsmi Qahirə Azərbaycan–Ermənistan münasibətlərinə yanaşmada neytral mövqeyini ölkəmizə dəstək mövqeyi ilə əvəzləyəcək. Rəsmi Bakının hədəfində olan bu məsələ ciddi xarakter daşıyır və cənab Prezidentin Qahirə səfəri bu yöndə uğurlu perspektivdən xəbər verir.
* * *
Qeyd edək ki, 2023-cü il yanvarın 27-28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri özünün geniş proqramı ilə yaddaqalan olub. Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq üzrə sənədlər imzalanıb. Həmin sənədlərin siyahısına “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Su Ehtiyatları və Suvarma Nazirliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” daxildir.
Bakıya səfərində dövlət başçılarının ikitərəfli görüşündən sonra Əbdülfəttah əs-Sisinin çıxışından bir hissəni oxucuların diqqətinə çatdırmağımız yerinə düşər: “İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək. Ölkələrimiz arasında siyasi dialoqun hər iki xalqın mənafeyi naminə davam etdirilməsini istəyirik və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıyıq. Xalqlarımızın dini, tarixi yaxınlıqlarını nəzərə alaraq, iqtisadi, ticari və mədəni sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik”.
Misir Prezidentinin ilyarım bundan əvvəl Bakıda dediyi bu sözləri, əslində, Azərbaycan–Misir münasibətlərinin yeni müstəviyə keçdiyindən xəbər verirdi. Həmin səfərin yekunu olaraq sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev mətbuata verdiyi açıqlamasında Azərbaycan və Misir arasında məhz perspektivə hesablanmış uğurlu əməkdaşlığı nəzərdə tuturdu: “Misir bu gün yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır. Biz bunu çox təqdir edirik və əldə olunmuş nailiyyətlərlə öz dostlarımızı səmimiyyətlə təbrik edirik. Əminəm ki, bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq. Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz”.
ARAYIŞ: Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası ilə Azərbaycanın əməkdaşlığı qədim tarixi köklərə malikdir. Hələ SSRİ dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Misir 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb, 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokol imzalanıb. 1994-cü ilin yanvarında Azərbaycanın Qahirədə səfirliyi açılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığın inkişafı üçün yaxşı zəmin yaradıb.
* * *
Birmənalı olaraq deyə bilərik ki, bu gün Azərbaycan–Misir münasibətləri özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bakı ilə Qahirə arasında intensivləşən təmaslar, dünən imzalanan sənədlər hər iki xalqın milli maraqlarına cavab verir. Dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından yeni imkanlar yaradır, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün böyük potensialın mövcudluğundan xəbər verir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək. Bu əməkdaşlıq dünyada islamofobiya meyillərinin gücləndiyi indiki dövrdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan beynəlxalq miqyasda özünü göstərən dini, irqi ayrı-seçkilik kimi zərərli tendensiyalara qarşı fəal mübarizə aparır. İslam həmrəyliyi prinsipini rəhbər tutan Azərbaycan bu məqsədlə ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Bu kontekstdən yanaşanda Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətləri xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin 2022-ci ilin noyabrında Ərəb Dövlətləri Liqasının (ƏDL) Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında iştirakını qeyd etməliyik. Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə fəxri qonaq statusunda iştirak etdiyi həmin toplantıda çıxış edən dövlətimizin başçısı Azərbaycanın bu mötəbər təşkilatla əlaqələri inkişaf etdirmək istəyini vurğulayaraq bildirib: “Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var. Bu yay mənə baş katib cənab Əbul Qeyti Bakıda qəbul etmək şərəfi nəsib olub. Biz gələcək əməkdaşlığımızla bağlı geniş söhbət apardıq. Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür və biz əməkdaşlığımızı genişləndirmək istəyirik”.
* * *
Onu da nəzərə çatdıraq ki, misirli iş adamlarının Azərbaycanda fəaliyyəti çoxşaxəlidir. Paytaxt Bakıda və bölgələrdə ticarət, sənaye, eləcə də xidmət sahələrində Misir sərmayəsi ilə10-dan çox şirkət fəaliyyət göstərir. Bundan başqa, enerji daşıyıcıları sahəsində ikitərəfli əməkdaşlığın da istiqamətləri genişdir. Həmin əlaqələrin daha da genişləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Neçə illərdir ki, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə yaxından əməkdaşlıq edir. İkitərəfli əlaqələr turizm sahəsində də inkişaf edir. Rəsmi statistikaya əsasən, son beş ildə Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında humanitar, sosial xarakterli bir sıra mühüm layihələr həyata keçirilir.
Yeri gəlmişkən, oxucuların diqqətinə onu da çatdıraq ki, bəzi ərəb dövlətləri, o cümlədən Misir və İraq uzun illərdir mina problemindən əziyyət çəkir. Azərbaycan da Qarabağ torpağını mənfur qonşuların “yeraltı” müharibəsinin fəsadlarından – minalardan təmizləməklə məşğuldur. Azərbaycan bu problemə beynəlxalq ictimaiyyətin diqqətini daha çox yönəltmək istiqamətində Misirlə yaxından əməkdaşlıq etməyə hazırdır. Güman edirik ki, Prezident İlham Əliyevin Qahirəyə rəsmi səfərində müzakirə ediləcək məsələlərin siyahısında bu mövzu da yer alıb.
İmran BƏDİRXANLI
XQ