Ermənistan və Azərbaycan arasında aprelin 19-da delimitasiya və demarkasiya sahəsində əldə edilən razılaşmaya etiraz əlaməti olaraq kütləvi aksiyalara başlayan Hayastanın radikal müxalifəti aranı qarışdırmaqdan, süni gərginlik yaratmaqdan əl çəkmir. Onlar bu gün saat 18:30-da İrəvanın mərkəzindəki Respublika meydanında növbəti dəfə mitinq keçirməyi nəzərdə tutublar.
Budəfəki mitinqin proseslərin bundan sonrakı inkişafı üçün xüsusi əhəmiyyətə malik olduğu bildirilir. Bunu Ermənistanda həm hakimiyyət, həm müxalifət, həm də müstəqil ekspertlər başa düşürlər. Görünür, elə buna görədir ki, radikallar mitinqə xüsusilə ciddi şəkildə hazırlaşıblar. Bunu onların hərəkətlərindən də görmək olar. Etirazçıların lideri, erməni apostol kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan iyunun 1-də Gümrüdə keçirilən mitinq zamanı bildirmişdi ki, iyunun 9-dan hərəkatın sonuncu mərhələsinə başlanılacaq: “Biz iyunun 9-da böyük mitinq keçirəcəyik və bu, yəqin ki, həqiqətin qələbəsinin (?) son möhürü olacaq”.
Təxribatçı, pozucu əməllərlə məşğul olan, öz ölkələrinə “yaxşılıq” niyyəti ilə pislik edən revanşistlərin son vaxtlar destruktiv hərəkətlərinə “müqəddəs mübarizə” adı vermələri də diqqətdən yayınmır. Bir neçə gün öncə hərəkatın sosial şəbəkə hesablarında “Əziz həmvətənlər, qələbə çox yaxındır” sərlövhəsi ilə yerləşdirilmiş elanda deyilirdi: “Bu günlər çox mühüm iş günləridir. Biz sıralarımızı artırmalı, informasiya resurslarının imkanlarını genişləndirməli, yeni insanları cəlb etməli və bazar günü keçiriləcək böyük mitinqə hazırlaşmalıyıq”.
Dünən B.Qalstanyanın müsahibə verdiyi barədə məlumat açıqlanıb. Maraqlıdır ki, müsahibə iyunun 7-də verildiyi halda onunla bağlı məlumat dünən yayımlanıb. Qalstanyana yaxın media orqanları müsahibədə dünyanın 40-dan çox media orqanı nümayəndəsinin iştirak etdiyi barədə ağ yalan danışıblar. Onun iştirakçılarının siyahısına baxdıqda, onların tamamilə dünyanın müxtəlif yerlərində yaşayan ermənilərdən ibarət olduğunu görmək mümkündür. “Frans-Press” agentliyinin erməni əsilli jurnalisti istisna olmaqla, dünyanın heç bir nüfuzlu media orqanının təmsilçisi müsahibədə iştirak etməyib.
Bütün hallarda Baqratın mətbuat konfransı zamanı Azərbaycanla bağlı dediklərindən bir neçə iqtibas gətirməyi lazım bilirik. Qeyd edib ki, onlar Ermənistan və Azərbaycan arasında danışıqları real və çoxtərəfli etməyə hazırdırlar: “Bizim hərəkatın vəzifəsi Ermənistan və Azərbaycan arasında mövcud olmayan (?) danışıqlar fonunda real gündəliyə malik real danışıqlara başlamaqdır. Bu gün heç bir danışıqlar aparılmır. Bu gün güc tətbiqi var. Delimitasiya və demarkasiya prosesi hər mənada – hüquqi, qanunvericilik, etik, siyasi, eləcə də təhlükəsizlik sferasında pozuntularla baş verib. Biz danışıqları həqiqətən real və çoxtərəfli etməyə hazırıq”.
Qalstanyan digər bir suala cavab olaraq bildirib ki, bu danışıqlarda ATƏT-in zamin qismində olması son dərəcə vacibdir: “Bizim əsas dəyişikliyimiz real danışıqların beynəlxalq standartlara uyğun və zaminlərin iştirakı ilə aparılmasını təmin etməkdir. ATƏT bu danışıqların mühüm təminatçısı ola biləcək çox mühüm platformadır. Əgər biz sülhə çalışırıqsa, ilk növbədə bu sülh müəyyən edilməlidir. Əgər hakimiyyət sülh müqaviləsi bağlamaq istəyirsə, prioritet bu olmalıdır və yalnız bundan sonra bütün digər addımlar atılmalıdır”.
Dünən isə B.Qalstanyan və tərəfdarları avtomobillə Böyük Qarakilsə (Vanadzor) şəhərinə yürüş ediblər. Onlar saat 16:00-da şəhərdə mitinq keçiriblər.
Ermənistanın müstəqil media orqanlarında isə Baqratın hərəkətləri əvvəlki kimi tənqid edilməkdədir. “Armenian Report” saytında dərc edilmiş “Söz və əməl” sərlövhəli analitik yazıda bildirilib ki, populist, ucuz vədlərlə vətəndaşları küçələrə səsləmək, “arzularımızın mənəvi Ermənistanı”nı qurmaqdan danışmaq asandır. Kiçik, lakin əməli addımlarla ölkənin güclənməsi işini həyata keçirmək daha çətindir.
Müəllif Samvel Ohanesyan yazır: “Bundan bir neçə gün öncə yazdığımız “Boşboğazlığın günahı: bir populisti digəri ilə dəyişməyə dəyərmi?” sərlövhəli məqalədə müxalifət liderlərinin sui-istifadə etməyi sevdiyi ucuz, ən əsası isə məsuliyyətsiz populizm məsələsinə toxunmuşdum. Onlar məqsədlərini elan edirlər – nəyin bahasına olursa-olsun Paşinyanı devirmək, rejimi dağıtmaq – bu haqda açıq danışırlar, sonra da... Sonra da heç kim konkret və praktiki heç nə təklif etmir. “Vətən naminə Tavuş” hərəkatının bazar günü insanları yenidən Respublika meydanına çağırması məni yenidən bu mövzuya qayıtmağa sövq etdi”.
Yazıda Qalstanyanın və tərəfdarlarının mitinqi süni şəkildə şişirtdikləri bildirilib: “Onlar mitinqi bəh-bəhlə reklam edirlər. Sanki bütün həyatımız iki yerə bölünəcək: Mitinqdən əvvəl və sonra yaşadıqlarımız. Sanki Baqrat Qalstanyan və onun tərəfdaşları – deputat Qarnik Danielyan, politoloq Suren Petrosyan və başqaları bizə bütün problemlərimizi həll edəcək möcüzə həbi təklif edəcəklər: səriştəsiz hökumət, güzəşt siyasəti, “mənfi” miqrasiya, cəmiyyətin laqeydliyi və depressiyası... Ancaq onlar bizə, nə az, nə çox, bunu deyirlər: “Hərəkatın rəsmi kanallarını paylaşın, linklər buradadır”, “Birlikdə xəyallarımızdakı ruhani Ermənistanı quracağıq!” və sair. Zənnimizcə, yorğun insanları populist vədlərlə meydanlarda sürükləməkdənsə, kiçik addımlarla da olsa işləmək daha yaxşıdır”.
Qeyd edək ki, tarix elmləri namizədi Varujan Geqamyan bugünlərdə həmvətənlərinə müraciət edib. Bildirib ki, “Azərbaycan və Türkiyədən Ermənistana daim yeni, getdikcə daha radikal və fəlakətli tələblər ünvanlanacaq”. Ancaq o, bunun qarşısını necə almaq lazım olduğunu bilir: Hazırda çıxış yolumuz iyunun 9-da keçiriləcək böyük mitinqdə iştirak etməkdir. Ona cavab verən digər erməni media resursları isə bildiriblər ki, “bizim xarici düşmənlərimiz” silahsız ermənilərin İrəvanın mərkəzində mitinq keçirməsinə qətiyyən əhəmiyyət vermirlər.
Həmçinin, görünür, yalançı vətənpərvər qüvvələrin hərəkatına rəğbət bəsləyən “Alternativ layihələr” qrupunun üzvü, “yüksək səviyyəli politoloq” Vahe Ovannisyan da “əsas mitinq” ideyasından ilhamlanıb və təşkilatçılara məsləhətlər verib: “Hərəkat çox mühüm və çətin mərhələni keçib. O, yeni sabit elektorat formalaşdırıb, hökumətyönlü anti-təbliğatın ən böyük dalğasını qırıb və daimi müşahidəçilərin – ehtiyatlı və tərəddüdlü təbəqələrin qapılarını döyüb. Bu qapıların açılması üçün hərəkatın bundan sonra yeni mövzular üzərində düşünməsi lazımdır”. O, daha sonra küçədə adi erməninin könlünü almaq üçün məsləhətlər verib. “Armenian Report” yazır ki, diqqətlə baxdıqda onun bütün tövsiyələri Ermənistandakı siyasi böhrandan necə çıxmaqla deyil, insanları meydana necə toplamaqla bağlıdır ki, “kritik kütlə” sayəsində mitinq əsas toplantı olsun: “Sadə dillə desək, onun dedikləri tükənmiş və qürurlu olmayan vətəndaşa problemlərinin həll etmək haqqında quru vəddir. Bu, necə yaxşı populist olmaq haqqında mühazirədir. Boynunda bənövşəyi şərf olan Baqrat Qalstanyan isə Müqəddəs Anna kilsəsinin həyətinə öz “qoyun sürüsü”nü yığaraq yenidən Paşinyanın özünün və rəhbərlik etdiyi hökumətin tezliklə gedəcəyini vəd edib. “Srbazan”ın həmkarları, yəqin ki, bu çıxışı bəyəniblər. Amma “müqəddəs ata” Azərbaycana necə müqavimət göstərmək niyyətində olduğunu açıqlamayıb. Çox güman ki, sirləri açmaq istəmədiyi üçün bunu etməyib”.
“Hraparak” qəzeti isə yazır ki, Baqratın rəhbərlik etdiyi hərəkat təkcə Nikolun hərəkətlərinin deyil, həm də onun ruh halının leytmotivinə çevrilib: “Bu günlərdə hakim partiyanın qapalı iclasında Paşinyan “Pişik Leopoldun macəraları” cizgi filmindəki kimi qeyri-adi sakitliklə və “Uşaqlar, gəlin dost olaq” üslubunda çıxış edib. İrəvan merinin müavinləri mövcud problemlərdən şikayətləniblər. Paşinyan isə yanğınsöndürən rolunu üzərinə götürərək, qızışan ehtirasları söndürüb, komanda yoldaşlarını əmin edib ki, bəli, problemlər var, amma məsələ onların həll olunmamasında deyil, problem yalnız temp və vaxtdadır. Bəlkə də bunun üçün qərəzli səbəblər var”.
“Mülki müqavilə”dəki mənbənin sözlərinə görə, Paşinyan faktiki olaraq, bu dövrdə problemi komandanın birliyini qorumaq və heç kimi incitməmək yolu ilə həll etməyə çalışır. Əgər bir neçə ay əvvəl belə söhbət olsaydı, o, sadəcə olaraq mer Tiqran Avinyana hücuma icazə verərdi. Şərait yaradardı ki, onlar bir-birini “parçalasınlar” və o, tamaşaçı statusunu qəbul edərək, bu mənzərədən həzz alardı. Yeri gəlmişkən, mer hansısa tədbirdə iştirak bəhanəsi ilə təşəbbüs qrupunun iclasında iştirak etməyib. Baxmayaraq ki, iclas axşam saatlarında başlayıb”.
Bu arada Ermənistan milli təhlükəsizlik xidmətinin rəhbəri Armen Abazyanla baş nazir Nikol Paşinyan arasında qarşılıqlı etimadsızlıq olduğu barədə də məlumat yayılıb. Hayastan mediası yazıb ki, Paşinyan milli təhlükəsizlik xidmətinin rəhbərinə hökumət üzvləri üçün hazırlanan bağ evinə köçməyi təklif edib. İddialara görə, Abazyan bu təklifdən imtina edib. Səbəb kimi isə Paşinyanın istənilən vaxt onun evinə “qvardiyasını” göndərib yoxlama aparacağı və ya gecənin istənilən vədəsində öz yanına çağıra biləcəyi göstərilir. Belə görünür ki, baş nazir Abazyana güvənmir, bu isə MTX rəhbərinin vəzifəsini hər an itirə biləcəyi anlamına gəlir. O da bildirilib ki, hazırda hökumətin bağ evində cəmi üç ailə yaşayır: Paşinyan, Alen Simonyan və Ararat Mirzoyan.
Eyni zamanda, son vaxtlar Ermənistanın müdafiə və təhlükəsizlik sahəsində müxtəlif ölkələrlə əməkdaşlığı genişləndirdiyi də diqqətdən qaçmır. Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti Berlində alman həmkarı ilə danışıqlar aparıb. Ermənistan və Almaniyanın müdafiə nazirlikləri arasında hərbi-texniki və hərbi-texnoloji əməkdaşlığa dair sənədlər imzalanıb.
Hayastan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri komissiyası isə Yunanıstanla hərbi-texniki əməkdaşlıq haqqında sazişi təsdiqləyib. Görüşdə iştirak edən müdafiə nazirinin müavini Arman Sarkisyan bildirib ki, sazişin məqsədi iki ölkə arasında hərbi-texniki əməkdaşlıq prosesini genişləndirmək və dərinləşdirməkdir. Görünən odur ki, Ermənistan silahlanır, silah tədarükü bazarını şaxələndirir. Bütün bunlar isə Prezident İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən bildirdiyi “Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir” sözlərinin daha bir isbatıdır.
Səxavət HƏMİD
XQ