İrəvan–Moskva ziddiyyəti və Qaluzinə qarşı “süngü ritorikası”

post-img

Rusiya XİN başçısının müavini nələrdən danışdı və hansı cavabı aldı?

Əslində, Rusiyanın Xarici işlər nazirinin müavini Mixail Qaluzinin TASS-a mü­sahibəsində Ermənistanla bağlı səsləndirdiyi fikirlər heç də yeni deyil. Qaluzin, ümumən, rus rəsmilərinin son vaxtlar dilə gətirdiklərini təkrarlayıb. Başlıca məqam bu təkrarlanmanın nə üçün indi səsləndirilməsindədir. Səbəb çox sadə­dir. Çünki Ermənistanda anti-Rusiya ovqatı hər gün daha çox güclənməkdədir. 

Baş nazir Nikol Paşinyan iqtidarı ölkədə davam edən “Vətən naminə Ta­vuş” hərəkatı fonunda Kremlə diş qıca­dır. Ermənistan hakimiyyəti arxiyepiskop Baqrat Qalstanyanın başladığı hərəkat­da, belə demək mümkünsə, şimal motiv­lərini qabardaraq, antipatiyanı dərinləş­dirir. Elə Qaluzinin söylədiklərinin erməni hakim siyasi dairələrində süngü ilə qarşı­lanması da antipatiyanı diri saxlamaqdır. Bununla əlaqədar yazımızın sonunda. Hələlik isə...

M.Qaluzin bildirib ki, 2022-ci ildə rəs­mi İrəvan Azərbaycanla sərhəddə vəziy­yəti sabitləşdirmək üçün Kollektiv Təh­lükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə tədbirlər kompleksinin həyata keçirilməsi təklifinə razılaşsaydı, Ermə­nistanın bu gün üzləşdiyi risklərin bir çoxu azala bilərdi. Rusiya rəsmisinin nə demək istədiyi ortadadır. O, Ermənistan–KTMT ziddiyyətlərinin kəskinləşməyə başladığı zamandan danışır. Nəzərə alaq ki, 2022-ci ildə rəsmi İrəvan quru­ma rotasiya qaydasında sədrliyi həyata keçirmişdi. Baş nazir N.Paşinyan isə bu üstünlükdən istifadəyə can atmışdı, özü də cidd-cəhdlə. 

Bəli, erməni hökumət rəhbəri KTMT-nin dövlət başçılarının 2022-ci ilin noyabrında İrəvanda keçirilmiş və Rusi­ya Prezidenti Vladimir Putinin də qatıldığı zirvə toplantısında qurumun Azərbayca­na qarşı siyasi qərar çıxarmasına çalış­mışdı. Daha doğrusu, Nikol Azərbaycan–Ermənistan şərti sərhədində sentyabrda yaşanmış eskalasiyaya münasibət bil­dirilməsini və Bakının hərəkətlərinin iş­ğalçılıq kimi qiymətləndirilməsini tələb etmişdi. 

Qeyd edək ki, Ermənistanın baş nazi­rinin istəyi KTMT üzvləri tərəfindən mənfi qarşılanmışdı. Məsələn, Belarus Prezi­denti Aleksandr Lukaşenko söz alaraq Paşinyanı qurumun dövlət başçılarını uşaq yerinə qoymamağa çağırmışdı. Be­larus lideri, həmçinin tam aydın şəkildə mesaj vermişdi ki, Azərbaycan–Ermə­nistan münasibətləri KTMT müstəvisin­də dəyərləndirilə bilməz, rəsmi İrəvan özü Bakı ilə dil tapmalıdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə bildirmişdi ki, Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşmədiyindən, KTMT-nin məsuliyyət zonası qeyri-müəy­yəndir. 

Ancaq sözügedən toplantı çərçi­vəsində İrəvana kömək məqsədilə ad­dımların atılmasına cəhd göstərildiyini də yaddan çıxarmayaq. Bu baxımdan KTMT-nin hərbi missiyasının Azərbay­can–Ermənistan şərti sərhədində yerləş­dirilməsi gündəliyi vurğulana bilər. Rusi­ya rəsmilərinin, o cümlədən, Xarici işlər naziri Sergey Lavrovun bu yaxınlaradək verdiyi açıqlamalardan belə qənaətə gəl­mək mümkündür ki, İrəvan sammitində mövcud istiqamətdə XİN rəhbərləri sə­viyyəsində razılıq olub. Lakin sonradan baş nazir Paşinyan məsələyə etirazını bildirib. Qaluzin TASS-a müsahibəsində məhz həmin etirazdan da söz açıb. 

Rusiya XİN rəhbərinin müavini vur­ğulayıb ki, Ermənistan KTMT-nin deyil, Avropa İttifaqının missiyasını üstün tut­du. Onun söylədiyində həqiqət payı var. Məsələ ondadır ki, 2022-ci ilin dekabrın­da Azərbaycan–Ermənistan şərti sərhə­dində Aİ-nin mülki müşahidə missiyası yerləşdirildi və hələ də fəaliyyətdədir. Əvvəl missiyanın qısamüddətli olacağı bildirilsə də, hazırda müşahidəçilərin əra­zidə lövbər salmasının nə zaman başa çatacağı məlum deyil. Üstəlik, fəaliyyətə başlayanda cəmi 20 nəfərlik sayın 200-ü keçdiyi nəzərə alınmalıdır. Hələ müşa­hidəçilərin tərkibində fransız jandarmları və pensiyada olan alman polisləri də var. Habelə, hazırda müşahidəçilərin tərki­binə Skandinaviya ölkələrindən və Ka­nadadan da təmsilçilərin qatıldığı deyilir. Rusiya XİN rəhbəri S.Lavrov elə buna görə Aİ-nin missiyasını “NATO missiyası” adlandırmışdı. Qaluzin isə müsahibəsin­də Ermənistan rəhbərliyinin dövlətin sər­hədlərini qorumayan, qeyri-ciddi müşahi­dəçiliyə üstünlük verdiyini qabardır. XİN rəsmisi deyir ki, KTMT məsələsində söh­bət ciddi təşəbbüslərdən, o cümlədən, Ermənistana hərbi-texniki yardımdan, monitorinq missiyasının göndərilməsin­dən, sərhəd qoşunlarının hazırlanmasına köməkdən gedirdi. 

Qeyd edək ki, Qaluzunin mövcud xü­susda vurğuladıqlarında ittiham motivi də var. O bildirir ki, Aİ-nin mülki missiyası monitorinq adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatla­rı toplamaqla məşğuldur. Hesab edirik ki, Rusiya rəsmisinin bu açıqlamasın­dan sonra Aİ-nin müşahidə missiyasının fəaliyyətinə fərqli şəkildə nəzər salmaq lazımdır və şübhəsiz, nəzər salınacaq. Çünki Qaluzin, hər halda, havadan da­nışmır. 

Əslində, Rusiya XİN rəhbərinin müa­vininin digər fikirlərinə də həssas yanaşıl­malıdır. Məsələn, o bildirir ki, Ermənista­nın addımları Moskva və KTMT-nin digər ölkələri ilə ümumi müdafiə məkanının yaradılması üzrə birgə fəaliyyətə qayı­dılmasını mümkünsüzləşdirə bilər. Onun sözlərinə görə, İrəvan Qərbin təhlükəsiz­liyə daha çox maraq göstərdiyi şəraitdə onunla qarşılıqlı işbirliyini gücləndirmək fürsətindən yararlanır və bu, açıq-aydın duyulan reallıqdır. Qaluzinin fikrincə, Er­mənistan hakimiyyətinin Qərbin milli mə­lumat bazalarına və təhlükəsizliyə dair həssas məlumatlara tam çıxışını təmin edəcək tələsik qərarları son nəticədə erməni dövlətinin suverenliyini təhdid altına alır. Nazir müavini, həmçinin rəs­mi İrəvanın KTMT-nin işində tam şəkildə iştirakının, ilk növbədə, erməni xalqının maraqlarına cavab verdiyinə və Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunmasına xidmət etdiyinə əminliyini dilə gətirib: “İrəvanla getdikcə daha çox maraqlanan qərblilər nə vəd etsələr də, bu gün Ermənistanın təhlükəsizliyini tə­min edən mexanizm kimi KTMT-yə effek­tiv alternativ yoxdur”.

KTMT-yə üzvlüyün, eləcə də Rusiya ilə hərbi sahədə sıx əlaqələrin son onil­liklərdə müstəqil Ermənistanın mütərəqqi inkişafında əsas amilə çevrildiyini deyən Qaluzin onu da bildirib ki, Moskva Cənu­bi Qafqazda qonşuları arasında davamlı sülhün bərqərar olmasında maraqlı olsa da, Qərbin məqsədi tam əks niyyəti ger­çəkləşdirməyə hesablanıb: “Əsas və­zifələrdən biri Avrasiyadakı inteqrasiya proseslərinə, bizim ümumi inteqrasiya layihələrimizə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Müstəqil Dövlət­lər Birliyinə, Avrasiya İqtisadi İttifaqına xələl gətirməkdir. Bunlar boğazda qalmış sümük kimidir”. Rusiya XİN rəhbərinin müavini vurğulayıb ki, həm Vaşinqton, həm də onun müttəfiqləri Qərbin öz məqsədlərinə çatması naminə istənilən addımı atmağa, o cümlədən, Rusiya və qonşu dövlətlərdə daxili siyasi və sosi­al-iqtisadi vəziyyətin sabitliyini pozmağa hazırdırlar.

M.Qaluzinin müsahibəsində dilə gə­tirdiyi bir məqam da var. O deyib ki, Er­mənistan dövləti xarici işlər nazirliyi və müdafiə nazirliyi çərçivəsində Rusiya ilə əlaqələrə maraq göstərməyi dayandı­rıb və bu, Qərbin təzyiqinin nəticəsidir. “2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin görüşü olmayıb. Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr üçün başqa planın işlənib hazırlanma­sı təklifimizə tərəfdaşlar (Ermənistan rəsmiləri – red.) maraq göstərmədilər. Müdafiə idarələri arasında əlaqələrin dinamikasının nəzərəçarpacaq dərə­cədə azalması bizim günahımız deyil. Hərbi-texniki əməkdaşlıq da geriləyib. Biz bunu İrəvanı ölkəmizlə əlaqələri mi­nimuma endirməyə məcbur etməyə ça­lışan qərblilərin təzyiqinin nəticəsi kimi görürük”, – deyən Rusiya rəsmisi əlavə edib ki, ölkəsi Ermənistan hakimiyyətinin problemli məsələlərin və qıcıqlandırıcı amillərin aradan qaldırılması istiqamətin­də işləmək barədə ictimaiyyətə açıqladı­ğı niyyəti əməli tədbirlər ilə reallaşdırmaq naminə addımlar atacağına inanır. 

M.Qaluzin, eyni zamanda, Moskva ilə İrəvan arasında ikitərəfli təmasla­rın tam kəsilmədiyini də vurğulayıb. Bu baxımdan mayın 8-də Ali Avrasiya İqtisa­di Şurasının növbəti iclası çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə baş nazir Nikol Paşinyan arasındakı görüşü, Rusiyanın hazırkı baş naziri, o zamankı baş nazir müavini Mixail Mişustinin fevral ayında erməni həmkarı ilə təmasını xa­tırladıb. “Bizim ən mühüm nəticələrimiz ticarət-iqtisadi sahədədir”, – deyən Qa­luzinin iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın məhsul­dar işlədiyini deməsi, Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki işbirliyindən söz açması Rusiyanın Ermənistanla körpülə­ri tam yandırmamaq istəmədiyinin göstə­ricisidir. Ancaq bu, qarşı tərəfdə adekvat qarşılanırmı? Ümumən, Kreml rəsmisinin söylədiklərinə İrəvanda münasibət necə­dir? 

Əvvəldə bildirdik ki, M.Qaluzinin TASS-a müsahibəsində Ermənistanla bağlı səsləndirdiyi fikirlər ikinci tərəfindən süngü ilə qarşılanıb. Doğrudur, süngü ri­torikasına üstünlük verənlər erməni rəs­miləri deyillər. Hərçənd, onların da vaxtilə hazırda Qaluzinin sadaladıqları məqam­lar ilə əlaqədar əks– mövqe tutduqları məlumdur. Məsələn, ikincilər təxminən belə bir ritorik və ironik sual səsləndirirlər: Qaluzin Ermənistanın üzləşdiyi çoxsaylı risklər dedikdə, ölkəsinin Ermənistanda dövlət çevrilişi gerçəkləşdirmək və onu suverenlikdən məhrum etmək üçün daimi cəhdlərini nəzərdə tuturmu?

Bəli, Rusiya XİN başçısının müavi­ninin dilə gətirdikləri Ermənistanda açıq şantaj kimi qiymətləndirilir. Mövcud xü­susda baş nazir Paşinyana yaxın “Teleg­ram” kanalları pafosa üstünlük verərək yazırlar ki, erməni xalqı belə şantajların da öhdəsindən gələcək: “Rusiya rəh­bərliyi başa düşmür ki, Ermənistanda hakimiyyət kriminal klanlara deyil, xalqa məxsusdur və xalq Rusiyanın öz mario­netlərini lider kimi göndərməsi planı artıq işləməyəcək. Ermənistanda kimin haki­miyyətdə olub-olmamasına xalq qərar verir”.

Erməni “Telegram” kanalları Qaluzi­nin müsahibəsinə münasibət baxımın­dan onu da bildirirlər ki, Rusiya rəhbərliyi hələ də Ermənistana xəyanət edəcəyinə, xalqı vətənindən məhrum salacağına və mövcud müstəvidə dividend qazana biləcəyinə inanır, təzyiq, şantaj, yalan və təhqirlər yaymaqla, özünü xilaskar kimi göstərməyə, minnətdarlıq və müttəfiqlik tələb etməyə çalışır. Erməni blogerlər, habelə, təkcə KTMT-nin deyil, Rusiyanın özünün də Ermənistan qarşısında götür­düyü müqavilə öhdəliklərini yerinə yetir­məkdən imtinası ritorikasını qabardırlar. “Avropa İttifaqının müşahidəçilərinə gə­lincə, onların sizdən fərqli olaraq, Ermə­nistan qarşısında heç bir öhdəliyi yoxdur” kimi fikirlər səsləndirən erməni hakim “Telegram” şəbəkəsi Rusiyaya xain dam­ğası da vurmağı yaddan çıxarmır. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət