Bakı Enerji Həftəsi dünya mediasında

post-img

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri dünya mediasının diqqət mərkəzindədir. 

Birləşmiş Ərəb Əmirliklərinin “Emira­tes” rəsmi informasiya agentliyi, “24 ae.”, “Əl İttihad”, “Şarjah 24”, “Mediaoffice. Abu-Dabi”, “Əl Xalic”, “uae.barq” qəzet və portalları, habelə “CNN arabic”, “Abu Dabi1” telekanalları, Səudiyyə Ərəbis­tanının “Saudigulffprojetcts” nəşri Bakı Enerji Həftəsi çərçivəsində Prezident İl­ham Əliyevin BƏƏ-nin sənaye və qabaq­cıl texnologiyalar naziri Sultan bin Əhməd Əl-Cabiri qəbul etməsi, habelə Azərbay­canın dövlət başçısının və Əmirliklərin nazirinin bu mötəbər tədbirdə çıxışının əsas məqamları barədə məlumat veriblər. 

BƏƏ və Səudiyyə Ərəbistanı media­sı, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in sədri Sul­tan bin Əhməd Əl-Cabirin iki günəş və bir külək enerjisi layihəsinin təməlqoy­ma mərasimində iştirakı haqqında geniş məqalələr dərc edib. Ərəb ölkələri icti­maiyyətinin diqqətinə çatdırılıb ki, bu la­yihələr təmiz enerji sahəsində dünya lide­ri olan “Masdar” tərəfindən Azərbaycanın milli neft şirkəti SOCAR ilə birgə işlənib hazırlanacaq. 

Məqalələrdə diqqətə çatdırılıb ki, Sul­tan bin Əhməd Əl-Cabir Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaş­dığını, hazırkı COP prezidenti Birləşmiş Ərəb Əmirliyinin COP29-un sədrliyi ilə sıx əməkdaşlıq etməyə davam edəcəyini bildirib. 

Bakı Enerji Həftəsinin açılış mərasi­mi haqqında Qazaxıstanın “Kazinform” agentliyi, Çinin “Siamnews”, “Chinamo­neynerqork” portalları, Avstraliyanın AAP informasiya agentliyi, Tailandın “Thailand business” nəşri, Almaniyanın “Finanzna­chritchen”, Kanadanın “Newswire”, İtali­yanın “İnarmazione”, İngiltərənin “Mornin­gstar”, Tayvanın “Taiwannews” elektron qəzetləri geniş məqalələr dərc ediblər. 

Məqalələrdə qeyd edilib ki, qlobal enerji böhranı dövründə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir 30-dan çox ölkədən 300-dək şirkəti bir araya gətirib. Dünya mediası Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı, həmin ərazilərin azad edilməsindən sonra ora­da 270 meqavat həcmində hidroelektrik stansiyaların istifadəyə verilməsi və 3-5 il ərzində bu rəqəmin 500 meqavata çata­cağı barədə fikirlərinə də yer ayırıb.

Qlobal miqyasda investorların əsas media orqanı olan “Investor Observer” nəşri, Fransanın “Le Lezard” elektron qəzeti, Asiya ölkələri sahibkarlarının media orqanı “Enterpise Asia”, ABŞ-ın “Central Charts”, “Street Insider” portal­ları, Səudiyyə Ərəbistanın ingilis dilində nəşr olunan “GoalFore Advisory” analitik iqtisadi jurnalı, İraqın “Əl Ayn”, Pakista­nın “Press Release Hub” saytlarında da jurnalistlərin qlobal enerji təhlükəsizliyi­nin barometri adlandırdıqları Bakı Enerji Həftəsinin açılışında Azərbaycanın döv­lət başçısının çıxışından əsas məqamlar dərc edilib. Oxucuların diqqətinə çatdırı­lıb ki, Prezident İlham Əliyev 4 iyun tarixi­nin sadəcə iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacağını, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də əlamətdar olduğunu deyib. 

Məqalələrdə diqqətə çatdırılıb ki, “Şahdəniz” qaz yatağının əhəmiyyətin­dən danışan Prezident İlham Əliyev ha­zırda Azərbaycanın təbii qaz ixracının artdığını, bu il ixracatın 24 milyard kub­metrdən artıq olacağını bildirib. O əlavə edib ki, səkkiz ölkə Azərbaycandan qaz alır, bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şura­sının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizat­çısı adlandırıb və bu, həqiqətdir.

Məqalələrdə, həmçinin Amerika Bir­ləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian, Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direkto­ru xanım Kristina Lobillo Borrero, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays, Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kameranın da Bakı Enerji Həftəsinin açılışında çıxış etdikləri, habelə bu mötəbər tədbirə dün­yanın nəhəng enerji şirkətlərinin rəhbər­lərinin qatıldıqları qeyd olunur. 

Eyni zamanda, diqqətə çatdırılıb ki, 37 ölkədən 300-dək şirkətin iştirak etdi­yi Bakı Enerji Həftəsinə İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir qatılırlar. Builki sərginin tərkibi iştirakçıla­rın ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onla­rın əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirak­çılardır. Sərgi sahəsinin 40 faizi isə tanın­mış şirkətlərə, bu mühüm tədbirin daimi iştirakçılarına məxsusdur.

XQ



Son xəbərlər