Paşinyanı devirmək niyə çətindir?

post-img

Erməni müxalifətinin gücsüzlüyü

Ermənistanda davam edən “Vətən naminə Tovuş” etiraz hərəkatının lideri Baq­rat Qalstanyan artıq baş nazir Nikol Paşinyan hakimiyyətini siyasi səhnədən uzaqlaşdırıbmış kimi danışır. O, öz aləmində, keçid hökuməti də yaradıb və onun funksiyalarını açıqlayıb. Sən demə, bu hökumət cəmiyyətdə barışıq ya­ratmalı, xarici aləmlə münasibətləri tənzimləməli, ölkənin geosiyasətdəki du­rumunu möhkəmləndirməli və növbədənkənar seçkilərin təşkilini təmin etmə­lidir. B.Qalstanyanın fikirlərinə nəzər salanda, yada bir deyim düşür: qız evində toydur, oğlan evinin xəbəri yoxdur. 

Çox güman ki, Tavuş arxiyepiskopu yaradacağı hakimiyyətdə vəzifələri də bölüşdürüb. Nə isə, məqsədimiz heç də din pərdəsi altında gizlənmiş şovinist Baqratın nə sərsəmlədiyinə diqqət ye­tirmək deyil. Ancaq fakt budur ki, onun başladığı hərəkat 2020-ci ilin 44 günlük müharibəsindən sonra Ermənistan iqti­darına qarşı yönəlmiş ən böyük etiraz ak­siyasıdır. Hiss olunur ki, Paşinyana əks qüvvələr son güclərini ortaya qoyublar. Belə bir durumda, istər-istəməz, Ermə­nistanda hakimiyyət dəyişikliyi ilə bağlı ritorika aktuallaşmaya bilməz. Əlbəttə, məsələyə soyuq başla yanaşılmalıdır. Nisbətən soyuq yanaşanlardan biri də siyasi ekspert Hovhannes Avetisyandır. 

Beləliklə, H.Avetisyan bildirib ki, indiki şəraitdə müxalifətin mitinqlərinə 100 min­dən çox insan toplaşsa da bu, Ermənis­tanda hakimiyyət dəyişikliyinə səbəb ol­mayacaq. Görəsən, politoloq nəyə görə belə düşünür? Axı 100 minlik say adi məsələ deyil. Həmin sayın, ən azından, üçə və dördə vurulma ehtimalına həssas yanaşılmalıdır. 

H.Avetisyan bu ehtimalı inkar edərək bildirir ki, hər bir ölkədə hakimiyyətin bir neçə sütunu var. Bunlar polis və ordu, media, ictimai təşkilatlar və bürokratik sistemdir. Media amilinə diqqət yetirsək, deyə bilərik ki, erməni kütləvi informasi­ya vasitələrinin bir çoxu Paşinyana qar­şıdır. Əlbəttə, baş nazirin əsas gücünün və elektoratının, həmişəki kimi, sosial şəbəkələrdə toplaşdığını nəzərə alma­lıyıq. Məhz buna görə erməni politoloq ümumən media, o cümlədən, sosial me­dia amilinin Nikolun tərəfində olduğunu vurğulayır. 

H.Avetisyan ordunun da Paşinyana qarşı çıxmadığını deyir. Ordunun və poli­sin. Polislə bağlı məsələ aydındır. Çünki Nikol ümumən hüquq-mühafizə siste­mini, belə demək mümkünsə, özünün­küləşdirməyi bacarıb. Orduya gəlincə isə sahə baş nazirin yaralı yeri sayıla bilər. Çünki bu sistemdə keçmişin qalıqları toplanıblar və iqtidara qarşıdırlar. Ancaq onlar hərəkətə keçə bilmirlər. Sadə bir səbəbdən ki, ordu 44 günlük müharibə zamanı zərərsizləşib. Yəni, müharibədə­ki məğlubiyyət hərbi birləşmələri o qədər sarsıdıb ki, onların anti-iqtidar dirənişin­də boy göstərmələri mümkünsüzdür. Çox güman ki, Avetisyan məhz bu səbəbdən Paşinyana qarşı çıxa biləcək ordu amilini kənara qoyur. 

İctimai təşkilatlar. Politoloq H.Ave­tisyan onların da baş nazirin tərəfində olduqlarını vurğulayır. Həqiqətən, Paşin­yanın ən güclü olduğu sahələrdən biri ictimai sektordur. Məsələ burasındadır ki, Nikol özü də böyük hesabla həm me­dianın, həm də bütövlükdə ictimai sekto­run doğurduğu siyasi məhsuldur. 2018-ci ildən indiyədək baş nazir sözügedən kəsimə münasibətdə səxavətli davranıb, onun fəaliyyətinin genişlənməsinə şərait yaradıb. Ən əsası isə beynəlxalq fondlar vasitəsilə ictimai sektorun maliyyələşmə­sinə əngəl törətməyib. Deməli, arxayın olmalıdır. 

Digər tərəfdən, Ermənistanda icti­mai təşkilatların xaricdən maliyyələşmə­si, məsələn, Gürcüstanda olduğu kimi, hakimiyyətə qarşı çıxmaq məqsədi ilə aparılmır. Yəni, Nikol onsuz da Qərbin fiqurudur və Qərb öz adamını, eyni za­manda, ictimai sektoru güclü saxlamaqla qoruyub və mövcud tendensiya aktuallı­ğını saxlayır. 

Qalır H.Avetisyanın barəsində söz açdığı bürokratik sistem amili. Ermənis­tanda 2018-ci ilədək mövcud olan bürok­ratik sistem yalnız xalqı əzmək üzərində qurulmuşdu. Yəni, onun hansısa işlək mexanizmi yox idi. Buna ehtiyac duyul­murdu. Çünki sabiq xunta rejimi Rusiya tərəfindən dəstəklənirdi. 

Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələnmiş inqilab keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi bürok­ratiyanın özünün fərdi müqavimətinin olmadığını üzə çıxardı. Yəni, Sarkisyan kənardan dəstəyə arxalandı. Onun sis­teminin Nikola qarşı müqavimət gücü ol­madığından, iqtidar kənar dəstəyi tutarlı təsir alətinə çevirməyi bacarmadı. Yəni, kənar təsir mexanizmini hansısa adla işə salmaq mümkünsüzə çevrildi. Nəzərə alaq ki, Rusiya Sarksiyanı hakimiyyətdə saxlamaq üçün Ermənistana qoşun yeri­dəcək deyildi. 

Bəli, indiki durumda Paşinyan, sanki, yenidən bürökratik sistem yaradıb. Daha doğrusu, otuz il ərzində faktiki mövcud olmayan idarəçilk vərdişlərini pis-yaxşı formalaşdırıb. 2018-ci ildən başlayaraq Ermənistanda monolit iqtidar komandası qurulub. Bu komanda çətinliklərə adek­vat reaksiya verməyi öyrənib. Hətta, çə­tinliyi öz xeyrinə çevirmək kimi xüsusiy­yət qazanıb. 

Əlbəttə, mövcud durumda Nikola etirazını bildirən müxalifətin gücsüzlüyü üzərində də dayanmaq lazımdır ki, bunu politoloq H.Avetisyan edir. Ermənistan­dakı hazırkı əks– cinah təmsilçilərinin fəaliyyətlərində N.Paşinyana qarşı layiqli şəkildə çıxmaq potensialının istisna təşkil etdiyini vurğulayan siyasi ekspert nəticə­də hakimiyyət daxilində parçalanmanın yaranmadığını diqqətə çatdırır. Yəni, o, demək istəyir ki, müxalifət güclü olmalıdır ki, hakim komanda pərən-pərən düşsün və bu yolla bürokratik sistem işləməsin. Reallıq budur ki, sistem zəif olsa da iş­ləkdir. 

Əlbəttə, erməni siyasi industriyası­nın bütün düşüncə subyektləri kimi H.A­vetisyan da ifrata varmaqla məşğuldur. Məsələn, o bildirir ki, Ermənistandakı ha­zırkı iqtidarın siyasi səhnədə qalma ba­carığındakı yenilik onun özünə kənardan dəstəkçi tapa bilməsidir. Kimlərdir həmin dəstəkçilər? Qəribədir ki, siyasi ekspert bu mənada Azərbaycan və Türkiyəni misal çəkir. “Biz toqquşan maraqların kəsişməsində yerləşən kiçik ölkə oldu­ğumuzdan, regional güclərin də Ermə­nistana böyük təsiri var. Nikol Paşinyan Ermənistanda indiyədək müşahidə olun­mayan bir şeyə nail ola bildi – Türkiyə və Azərbaycan onun dayağına çevrildi”, – deyən Avetisyan bunu nəzərə alaraq, müxalifətin fəaliyyətinin ikiqat yetərli ol­madığı qənaətinə gəlir. 

Nəhayət, H.Avetisyan onu da bildirir ki, Ermənistanda hakimiyyət dəyişikliyi N.Paşinyan iqtidarının güclü olduğuna yox, müxalifətin çox zəif duruma düşdüyünə görə mümkün deyil. Müxalifət isə əsasən keçmişin qalıqlarından formalaşıb. Xalq kütlələrində həmin qalıqlara münasibət­də ciddi antipatiya var. Böyük ölçüdə yanaşsaq, B.Qalstanyanın özü də rəğbət bəslənilməyən şəxsdir. Onun tapındığı dəyər olan erməni kilsəsi nüfuzdan düş­müş durumdadır. 

Sonda bir məqamı da nəzərə almağa ehtiyac var. Məsələ ondadır ki, Ermənis­tan cəmiyyətindəki hazırkı siyasi təbəd­dülatların kökü 2020-ci ilin 44 günlük müharibəsinə gedib çıxır. O müharibəyə ki, orada Ermənistan acınacaqlı məğ­lubiyyətə uğradı. Məğlubiyyətin acısını bütün cəmiyyət çəkdi. İndi isə ölkədəki etiraz Azərbaycanla sülh prosesi üzərin­dədir. Yəni, etirazçılar sərhədlərin delimi­tasiyanın və demarkasiyasının ədalətli şəkildə aparılmadığını vurğulayırlar və mövcud səbəbdən hazırkı iqtidarın siyasi səhnəni tərk etməsinin zəruriliyini bildirir­lər. Nəzərə alaq ki, Azərbaycanla sülhə qarşı çıxmaq Ermənistan üçün fəlakət perspektivi vəd edir. Bunu 44 günlük müharibənin acısını hələ də çiyinlərində daşıyan xalq yaxşı bilir. Nəticədə Paşin­yan hakimiyyətinin devrilməsinə yönələn çağırışlara adekvat yanaşmır. 

R.ƏVƏZ
XQ

Siyasət