Regional təhlükəsizlik Azərbaycan multilateralizmi kontekstində

post-img

VI MƏQALƏ

II Dünya müharibəsi və II Qarabağ savaşı

Azərbaycan çox həssas və tarixən mürəkkəb və bir neçə güclü dövlətin rəqabət məkanı olan Cənubi Qafqaz döv­ləti kimi uğurlu multilateral model müəy­yən edə bilmişdir. Əvvəlki məqalələrdə vurğuladığımız kimi, onun bir sıra müəy­yənedici faktoru olmuşdur. Bu sırada enerji strategiyası və onun ilk layihəsi olan “Əsrin müqaviləsi”, düzgün milli ideyanın müəyyənləşməsi, daxili “multi­lateralizm” (multikulturalizm – azərbay­cançılıq + sosial-hüquqi dövlət), əmək­daşlıq formatlarının qarşılıqlı əlaqəsi, milli-regional-regionlararası miqyaslarda faydalı əməkdaşlığın milli təhlükəsizliklə üzvi bağlanması, geniş geosiyasi mə­kanda konstruktiv fəaliyyət (həm ayrıca müstəqil dövlət, həm də regional təşki­latlanma çərçivəsində) xüsusi rol oyna­mışdır. 

Son illər bu proses özünün yeni key­fiyyət səviyyəsinə yüksəlmişdir. Onun başlıca təkanverici və istiqamətverici faktoru isə II Qarabağ savaşındakı möh­təşəm Qələbə olmuşdur. Məhz bu hadisə həm Azərbaycanı müstəqil dövlət kimi vacib geosiyasi mövqeyə çıxarmış, həm də Cənubi Qafqazın geosiyasi anatomi­yasını yeniləmişdir. Bunun əsas əlaməti isə faktiki olaraq postmüharibə dövrünün başlamasıdır.

Deməli, Azərbaycan multilaterallığı­nın reallığı, işlək olması və müsbət nə­ticələr verməsi prosesində II Qarabağ savaşının ayrıca yeri və rolu vardır. Bu hadisə Azərbaycanda və xaricdə siyasi, elm və KİV dairələrində müxtəlif aspekt­lərdən araşdırılır. Müşahidələr göstərir ki, dünya miqyasında II Qarabağ savaşının geosiyasi, siyasi, energetik, iqtisadi, hər­bi, təhlükəsizlik və çoxaspektli əlaqələrin inkişafı baxımından əhəmiyyəti xüsusi vurğulanır. 

Əlbəttə, 44 gün davam edən ərazi bütövlüyünü bərpaetmə əməliyyatının qlobal miqyasda bu dərəcədə güclü tə­sirə malik olması sadə izah oluna bilən məsələ deyildir. Deyək ki, II Dünya mü­haribəsi dünyanın ən güclü dövlətlərini də əhatə edirdi və o bitəndən sonra dün­yanın geosiyasi siması dəyişdi. Və yaxud sovetlərin dağılması ilə eyni zamanda, bir neçə dövlət müstəqil oldu və bununla dünyanın geosiyasi dinamikası ciddi ye­niləşməyə məruz qaldı.

Miqyaslarındakı fərqə baxmayaraq, II Dünya müharibəsi ilə II Qarabağ savaşı­nın hərbi hadisə kimi məqsədi oxşardır – hər iki müharibə ərazilərin işğaldan azad olunması uğrunda aparılmışdır. II Dünya müharibəsi SSRİ və Avropanı faşizm iş­ğalından xilas etdi. II Qarabağ savaşı Azərbaycanın Qarabağ bölgəsini erməni işğalından qurtardı. Ancaq II Qarabağ savaşında Ermənistanın arxasında dün­yanın bir sıra güclü dövlətləri də dayan­mışdılar və bu mənada genişmiqyaslı idi. Ermənistana dəstək kimi, həmin savaşa Rusiya, Almaniya, Fransa, İran, ABŞ və digər dövlətlər müxtəlif aspektlərdə feili olaraq qatılmışdılar. Azərbaycana siyasi, mənəvi, diplomatik və geosiyasi dəstəyi Türkiyə, Pakistan və İsrail verirdi. Yəni II Dünya müharibəsi miqyasında olmasa da, müəyyən mənada II Qarabağ savaşı qlobal gücləri cəlb etmişdi. 

Bundan başqa, II Qarabağ savaşı­nın geosiyasi, energetik, geoiqtisadi və təhlükəsizlik təsirləri bütün dünyada hiss olundu. Buna görə də II Qarabağ savaşı da və onun nəticələri hələ uzun müddət fəlsəfi və siyasi-nəzəri tədqiqatların ak­tual mövzularından olacaqdır. Biz indi bu müharibənin Azərbaycan multilateral­lığına verdiyi töhfənin fəlsəfəsi üzərində dayanacağıq.

Ərazi bütövlüyü və suverenlik multilateral faktorlar kimi

Müstəqil dövlətin real olaraq multila­teral siyasət yeritməsi üçün hər şeydən öncə, buna resurları olmalıdır. O sırada müasir dövlətçilikdə ərazi bütövlüyü və suverenlik ön plandadır. Çünki multila­terallıq çoxaspektli və faydalı beynəlxalq əlaqələri nəzərdə tutursa, təşəbbüskar həqiqi anlamda müstəqilliyin bütün krite­riyalarına cavab verən və konkret gücü olan dövlət olmalıdır. 2020-ci ilin sent­yabrına qədər Azərbaycanın torpaqları işğal altında olduğundan regional və qlo­bal miqyasda onun nəticəverici çoxas­pektli əlaqələr qura bilmək qüdrətində olmasına əminlik yox idi. 

Daha doğrusu, rəsmi Bakının müxtə­lif istiqamətlərdə həyata keçirdiyi uğurlu layihələrin beynəlxalq miqyasda etibarlı­lıq və qətiyyətlilik təsdiqi gərək idi. Yəni dövlətlər əmin olmalı idilər ki, bu qədər uğurlar əldə edən bir Cənubi Qafqaz ölkəsi regional və qlobal sülh, əməkdaş­lıq və təhlükəsizliyə təsirli dəstək verə­cək. Bundan başqa, həmin dövlət bütün bu geosiyasi-təhlükəsizlik xarakterli mən­zərənin yaradıcısı və təminatçısı olacaq! Məhz bu mənada ərazi bütövlüyü və tam suverenlik həlledici multilateral faktorlar rolunu oynadılar! 

Asiya multilaterallığından Azərbay­can nümunəsinin başlıca fərqi bundan ibarətdir. Azərbaycan II Qarabağ sava­şında ərazisini işğalçıdan təmizləmək­lə sübut etdi ki, regionda sülhü, ədaləti və təhlükəsizliyi təmin etməyə qadirdir. Bura təbii ki, iqtisadi, energetik, nəqliy­yat, loqistika üzrə əməkdaşlıq təminatı da daxildir. Müharibənin gedişi zamanın­da belə, Azərbaycan Prezidenti müxtəlif əməkdaşlıqların perspektivini izah edirdi və aparılan hərbi əməliyyatların əsl ama­cının həmin istiqamətdə imkanlara yol açılmasından ibarət olduğunu vurğulayı­dı. Bununla da II Qarabağ savaşı başa çatanda artıq dünya dövlətləri Azərbay­canın real multilateral fəaliyyət göstərə biləcəyinə əmin oldular. Həm də həmin müddətdə Azərbaycanın müxtəlif əmək­daşlıq formatları və layihələri bir an olsa belə dayanmadı, işlək oldu. 

Bu prosesə ən çox müqavimət göstər­məyə çalışan Qərbin inkişaf etmiş dövlət­ləri oldular. Onlar inkarçılıqdan təzyiqlər mərhələsinə keçməyə cəhd etdilər. Yəni faktiki olaraq Azərbaycan həm işğalçı ilə hərb meydanında savaşırdı, həm də mul­tilateral fəaliyyətin əsas istiqaməti olan Qərb dövlətləri ilə informasiya müca­diləsi verərək, baş verənlərin bütövlükdə dünyanın xeyrinə olduğuna inandırmağa çalışırdı. Əlbəttə, bu, Azərbaycan Prezi­denti üçün asan mübarizə deyildi. Lakin İlham Əliyev məharətlə bu vəzifənin öh­dəsindən gəldi və bununla obrazlı desək, həm də Azərbaycanın çoxaspektli bey­nəlxalq əməkdaşlıq kursunu xilas etdi. Çünki Azərbaycan heç bir Avropa ölkəsi ilə təxribatlara baxmayaraq, əməkdaşlığı dayandırmadı. Yalnız Fransa müharibə­dən sonra çox canfəşanlıq etdiyindən onunla sərt danışıldı. Bunun fonunda ABŞ və Avropadan olan əsassız ittiham­lara görə rəsmi Bakı seçdiyi əməkdaşlıq və multilaterallıq yolundan dönmədi. Bu da liderdən güclü zəka və siyasi iradə tələb edirdi. Hadisələri strateji olaraq düzgün proznozlaşdırmaq qabiliyyəti la­zım idi. 

Belə çıxır ki, geniş anlamda Azərbay­can multilaterallıq kursu II Qarabağ sava­şında yeni bir ciddi sınaqdan keçmişdir. Sonrakı proseslər göstərdi ki, məsələ bu­nunla bitməmişdir. Çünki postmüharibə mərhələsində fərqli formada Azərbacya­nın fəaliyyətinə kölgə salmağa çalışan­lar dinc durmadılar. Bəlkə də müharibə dövrü qədər postmüharibə dövrü üçün çoxtərəfli əlaqələrin inkişafı əhəmiyyət­lidir. Çünki postmüharibə dövrü o za­man tam səmərəlidir ki, keyfiyyətcə yeni geosiyasi nizam yaranması istiqamətində ardıcıl fəaliyyət olur. Bu baxımdan Azər­baycan multilateralizminin postmüharibə mərhələsi ayrıca əhəmiyyət daşıyır. 

Postmüharibə mərhələsində multilaterallıq 

Əgər Ermənistanla birbaşa hərb mey­danında savaş zamanı böyük dövlətlər gizli formada və çox da geniş olmayan miqyasda təcavüzkara dəstək verirdilər­sə, postmüharibə mərhələsində situasiya köklü olaraq dəyişdi. Belə ki, bir sıra güc­lü dövlətlər açıq şəkildə və təxribatçı for­mada Azərbaycanın qarşısını kəsməyə girişdilər. Fransanın canfəşanlığını yuxa­rıda vurğulamışıq. 

Bundan başqa, ABŞ, Almaniya, İran, Hindistan və digər böyük dövlətlər hiylə­gər formada və diplomatik üsullarla rəsmi Bakının haqsız olduğu görüntüsünü ya­ratmağa başladılar. Onlar bu mübarizəyə özlərindən razı və Azərbaycandan qat-qat güclü dövlət olmalarına tam əminliklə başladılar. Buna görə də işğalçı Ermənis­tana böyük vədlər verməklə Azərbayca­na barmaq silkələməyi uyğunlaşdırırdılar. 

Xüsusilə İran sərhədlərimizin yaxınlı­ğına hərbi texnika yığır və təlimlər keçirir­di. Fransa və Almaniya isə avropasayağı “sülhpərvər” kimi “mülki missiya”, “insan haqları”, “kommunikasiyaların açılması”, “ermənilərin sərbəst gediş-gəlişləri”nin təmini, “humanitarlıq” və s. kimi təmtə­raqlı cümlələr qururdular. Onlara elə gə­lirdi ki, Azərbaycan bu cür böhtanlara baş əyəcək və təzyiqlər qarşısında mövqe­yindən çəkiləcək. Lakin Azərbaycan Qa­rabağda təbii rersurslardan qanunsuz və ekoloji qaydalara əməl etmədən istismar­la məşğul olanları ifşa edəndə anladılar ki, yanılmışlar. Azərbaycan uzun sürən mübarizədə bu məsələdən də qalib ay­rıldı. Paralel olaraq, digər istiqamətlərdə uğurlu proseslər getdi. 

Azərbaycan qısa müddətdə – bir sut­kada, ərazisini işğalçılardan təmizlədi və tam suverenliyə qovuşdu. Bu hadisə multilaterallıqda tarixi dönüş nöqtəsi idi. İlk dəfə anladılar ki, Azərbaycanla siya­si-diplomatik sferada da bacara bilmirlər. Prezident İlham Əliyev tam haqlı və çox güclüdür. Çox maraqlıdır ki, Azərbaycan Avropadan təzyiq görəndə də enerji, nəqliyyat və logistika istiqamətlərində Aİ ilə əməkdaşlığı inkişaf etdirdi. Bu, əsl multilateral yanaşma idi. Azərbaycan tam əmindir ki, yalnız qarşılıqlı faydalı” qazan-qazan” prinsipi real olaraq sülh, barış, əməkdaşlıq və təhlükəsizlik yarada bilər. İlham Əliyev bu məsələdə də haqlı çıxdı və qalib gəldi! 

Yekun

Əslində, multilaterallığın yekunu yox­dur – o, davamlı prosesdir. Biz burada II Qarabağ savaşı ilə postmüharibə dövrü­nün Azərbaycanın multilateral xarici si­yasət kursunun iki mühüm faktoru olması ilə bağlı sübutlarımızın yekunundan bəhs edirik. Və təhlilin başlıca tezisinə gəlib çıxırıq. Yəni Azərbayan multilateral xət­tinin uğurlu olmasında II Qarabağ sava­şı ilə postmüharibə dövrünün geosiyasi, siyasi, hərbi və ideoloji ruhunun vəhdət təşkil etməsi xüsusi rol oynamışdır. Bu uğur başqa regionlarda kimsəyə müyəs­sər olmamışdır. O cümlədən, Asiya multi­lateralizminin ən zəif cəhəti məhz bu kimi faktorlara bağlıdır. 

Azərbaycan Prezidenti beynəlxalq əlaqələrin çox geniş spektri üzrə real multilateral xətti davam etdirir. Eyni za­manda, rəsmi Bakı bu prosesi daha ge­niş geosiyasi məkanda həyata keçirmək mərhələsinə qədəm qoymuşdur. Onun başlıca əlaməti Azərbaycanın TDT və Qoşulmama Hərəkatının fəal üzvü kimi geosiyasi oyunçu olaraq regional, regi­onlararası və qlobal miqyaslarda sinxron aktivlik göstərməsindədir. Tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası Cənubi Qafqazın lideri kimi qlobal miq­yasda təsiri olan güclü oyunçu statusuna yüksəlmişdir. ABŞ Prezidenti C.Baydenin Azərbaycan Prezidentinə ünvanladığı məktubda dünya miqyasında təsiri olan tezislər ifadə etməsi bunu sübut edən faktlardandır. C.Bayden inanır ki, Azər­baycan – Ermənistan sülh müqaviləsi imzalanandan sonra həm Cənubi Qafqa­zın geosiyasi siması dəyişəcək, həm də Azərbaycanın regionda rolu daha əhə­miyyətli olacaqdır. 

Həqiqətdir! İndi etiraf edirlərsə, bu da başadüşüləndir. Çünki Azərbaycanın re­gionun tarixini dəyişdiyini tədricən qəbul edəcəklər!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət