Azərbaycan qlobal enerji çağırışlarını təşəbbüskarlıqla cavablandırır

post-img

Artıq 30 ildir ki, respublikamızda Bakı Enerji Həftəsi çərçivəsində Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri keçirilir. Bu tədbir enerji sektorunda innovasiya, tərəqqi və əməkdaşlığın təntənəsi kimi qeyd edilir. 

Sərgilərin keçirildiyi günlərdə ötən illər ərzində Azərbaycanın uğurları nü­mayş etdirilməklə bərabər, sənaye sek­torunun perspektiv inkişafı ilə bağlı prio­ritetlər də diqqətə çatdırılır. Bütün bunlar isə son nəticədə enerji siyasətinin uğurlu inkişafı ilə, sözügedən sistemdə daya­nıqlılıqla nəticələnir, eyni zamanda, bey­nəlxalq tərəfdaşlığın genişlənməsi daha da sürətlənir. 

Qeyd edək ki, 30 il bundan əvvəl əsa­sı qoyulan Bakı Enerji Həftəsi Xəzər Neft və Qaz Sərgisi kimi işə başlayıb və ötən müddətdə bu sahədə əldə olunan müsbət nəticələr beynəlxalq miqyasda yüksək qiymətləndirilib. Məsələn, respublikamız­dan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmə­rinin istifadəyə verilməsi Azərbaycanda mühüm hadisə kimi tarixə çevrilib. Bunun nəticəsində Azərbaycan ixrac fəaliyyətinə başlayıb və bununla da bir sıra ölkələrin tələbatı ödənilib. Eyni zamanda, respub­likamızda tərəfdaşları ilə birgə qaz mən­bələrinin, xüsusən də, dünyada ən iri qaz yataqlarından sayılan “Şahdəniz”in kəş­fiyyatına başlanılıb.

Yeri gəlmişkən, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri 2007-ci ildə istismara verildi. Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional ba­zarlarına nəql edilməyə başladı. Bundan bir il əvvəl – 2006-cı ildə isə Xəzəri Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi reallaşdı. Bü­tün bunlar neft-qazın beynəlxalq bazarla­ra çıxarılmasında yeni marşrut və mənbə kimi mühüm əhəmiyyətə malik idi.

Həmin vaxtdan etibarən, Bakı– Tbili­si–Ceyhan, ümumiyyətlə, Azərbaycanın bütün digər enerjinin nəql olunması inf­rastrukturu hər hansı bir fasilə olmadan istismar edilir. Bu, əlbəttə, proqnozlaş­dırmanın, etibarlılığın və bu cür nəhəng, texniki və maliyyə baxımından çətin inf­rastruktur layihələrin icrasında ölkəmizin gücünün, bu sahədə qazanılan bilik və bacarığın təzahürüdür. Həmçinin bu la­yihələrin çox mürəkkəb siyasi mühitdə həyata keçirilməsi də xüsusi diqqət çəkir.

Prezident İlham Əliyev belə bir tarixi məqamla bağlı iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivə­sində keçirilən sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında deyib: “Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azər­baycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji si­yasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəq­liyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir”.

Dövlətimizin başçısının vurğuladığı kimi, Bakı Enerji Həftəsi 30 il bundan əvvəl çox ağır bir ictimai-siyasi şəraitdə fəaliyyətə başladı. O zaman Azərbaycan müstəqillik yolunda ilk addımlarını atırdı və bu, çətinliklər, çağırışlar və faciəvi ha­disələrlə dolu olan bir dövr idi. Bu, həm də elə bir zaman idi ki, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü da­vam edirdi. Respublikamız doğma yur­dundan qovulan məcburi köçkün seli ilə- humanitar fəlakətlə üzləşmişdi. Əlbəttə, belə bir acınacaqlı siyasi, sosial-iqtisadi şəraitdən çıxmaq üçün ümid yalnız in­vestisiyaların cəlb edilməsinə qalırdı. Prezident İlham Əliyevin yuxarıda sözü­gedən çıxışında vurğuladığı kimi, həmin dövrdə investisiyaların cəlbi Azərbaycan üçün çox riskli hesab olunurdu. Bu, tək­cə Birinci Qarabağ müharibəsi və işğalla bağlı deyil, həm də daxili münaqişələr­dən irəli gəlirdi. 

Bəli, həm vaxt ölkəmizdə dözülməz iqtisadi problemlər yaşanırdı, inflyasi­ya min faiz səviyyəsinə qalxmışdı, sə­nayedə dərin böhran yaşanırdı, təbii ki, bu enerji resurslarının (elektrik enerjisi və təbii qaz) çatışmazlığında da özünü göstərirdi. 

Ümummilli lider Heydər Əliyevin yeni­dən Azərbaycan rəhbərliyinə dönüşü ilə vəziyyət tədricən dəyişməyə başladı. Hə­yatın bütün sahələrində dərin islahatlara start verildi, iqtisadiyyatın ən cəlbedici sektoru olan enerji sektoruna investisiya­ların qoyuluşu diqqət mərkəzində saxla­nıldı. 

İnvestisiyaların qoyuluşundan bəhs edərkən Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərinin rəsmi açılış mərasimindəki çıxışından bir məqamı xatırlatmaq ye­rinə düşərdi: “Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra – 1994-cü il sentyabrın 20-də “Əs­rin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar mü­nasibətlər qura bildik. Məhz bunun nəti­cəsidir ki, BP şirkəti otuz ildir bizim strate­ji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşı­mız olaraq qalacaq. 1994-cü ildə Birləş­miş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar et­dilər”. 

Beləliklə, həmin vaxt investorların Azərbaycana ciddi maraq göstərmələ­ri, əslində, mövcud siyasi rəhbərliyə və xalqa olan etibarından irəli gəlirdi. SO­CAR və yaradılmış konsorsium arasında çox etibarlı əməkdaşlın mövcudluğu da bunun bariz ifadəsi idi. 

Qeyd edək ki, o zaman 3 il müddətin­də “Çıraq” platformasından ilk neft hasil olundu. Daha sonra Qara dəniz limanla­rına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometr­dən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi. 

Xatırladaq ki, Xəzər dənizinin Azər­baycan sektorunda yerləşən “Azəri-Çı­raq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda yerləşən “Çıraq” platforması is­tismara veriləndən indiyədək burada 100 milyon tondan artıq neft və 20 milyard ku­bmetrdən çox qaz hasil olunub. 

AÇG blokundan ilk neft 1997-ci ilin noyabrında “Çıraq” yatağından əldə edilib. Bakıdan təxminən 100 kilometr şərqdə yerləşən “Azəri-Çıraq-Dərinsu­lu Günəşli” Xəzər dənizinin Azərbaycan sektorunda ən iri neft-qaz yataqlar bloku hesab olunur. 1994-cü ildə “Əsrin müqa­viləsi” imzalanan zaman buradakı ehti­yatlar 511 milyon ton həcmində təxmin edilirdisə, sonradan bu göstərici 1 mil­yard 72 milyon ton proqnozlaşdırılıb.

Bax, “Çıraq” platformasından ilk neft hasil olunması, Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəmərinin ərsəyə gəlməsi Azərbaycan iqtisadiyyatını dir­çəltdi, Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etməyə başladı və iqtisadiyyatın müxtəlif sahələrinə, eləcə də enerji sektoruna əlavə investisiyalar yatırıldı.

“Əsrin müqaviləsi” imzalanandan sonra reallaşdırılan bir sıra neft və qaz la­yihələri bu gün bərpaolunan “yaşıl ener­ji” təşəbbüsləri ilə uğurla davam etdirilir. BƏƏ-nin “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elekt­rik stansiyalarının təməlqoyma mərasimi­nin keçirilməsi də bunun bariz ifadəsidir. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transfor­masiyasını nümayiş etdirir və qazıntı ya­nacağının uzun illər ərzində təkcə ölkə­miz üçün yox, həm də respublikamızın tərəfdaşları üçün mühüm önəm daşıyır. 

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirdəki çıxışında deyib: “Bu gün həqiqətən də əlamətdar gündür. Bakı Neft və Qaz Sər­gisində qaz müqaviləsinin imzalanma­sından 28 il sonra, 1 qiqavat həcmində bərpaolunan enerji ilə bağlı artıq imzala­dığımız müqavilələr nəticəsində bu gün təməlqoyma mərasimi baş tutacaqdır. Artıq qeyd etdiyim kimi, bu, sadəcə, baş­lanğıcdır, çünki potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və dediyim ki, “Mas­dar” yaşıl enerjiyə keçid sahəsində ən öndə gedən şirkətdir.

Hesab edirəm ki, BƏƏ-dən bir il son­ra Azərbaycanın COP29-a ev sahibliyi etməsi heç də təsadüf deyil. BƏƏ-nin bizə ötürdüyü miras olduqca dəyərlidir. Birincisi, mən dostum nazir Sultan əl-Ca­biri təbrik etmək istəyirəm və salamlarımı qardaşım, BƏƏ Prezidenti Şeyx Məhəm­məd bin Zahid Əl-Nəhyana çatdırmağı xahiş edirəm. Həmçinin COP istiqamə­tində irəlilədiyimiz bu mürəkkəb yolda qardaşımın dostluğuna, tərəfdaşlığına və dəyərli tövsiyələrinə görə təşəkkürümü bildirirəm”.

Yeri gəlmişkən, ötən ilin oktyabrında “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə ve­rib. İndi isə daha 1 qiqavat enerji həcmi əlavə edilib. Hazırda iki layihə işlənil­məkdədir, onlardan biri inşaat mərhələ­sindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqava­ta yaxın olacaqdır. Bura təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalar­la bağlı görülən işlər də əlavə olunar­sa, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsinin tamamilə real hədəf olduğu bir daha təs­diqlənir. 

Prezident İlham Əliyev çıxışlarında enerji təhlükəsizliyinin Azərbaycanın milli təhlükəsizliyinin ayrılmaz hissəsi oldu­ğunu dəfələrlə vurğulayıb. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirdəki çıxışında isə bu fikrə əlavə olaraq bildirib ki, idxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqa­vilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasi­ya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu eti­bar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.

Vaqif BAYRAMOV
XQ



Siyasət