Türkiyənin Xarici işlər naziri Hakan Fidan Çin Xalq Respublikasına səfəri zamanı qardaş ölkənin bu il ərzində BRICS təşkilatına üzv olmaq niyyətini açıqlayıb. “Əlbəttə, biz BRICS-ə üzv olmaq istərdik. Görək, bu il nəyə nail ola bilirik” – deyə, o, Pekindəki Çin və Qloballaşma Mərkəzində keçirilən tədbirdə bildirib.
Nazir qeyd edib ki, məsələ quruma üzv dövlətlərin xarici işlər nazirlərinin iyunun 10-11-də Rusiyanın Nijni Novqorod şəhərində keçiriləcək iclasında müzakirə olunacaq. H.Fidan, həmçinin BRICS ölkələrindən olan həmkarlarının Rusiyada keçiriləcək görüşündə iştirak etmək niyyətini də açıqlayıb: “Biz gələn həftə Nijni Novqorodda keçiriləcək BRICS toplantısında iştirak etməyi səbirsizliklə gözləyirik. Orada xüsusi nümayəndlərin və xarici işlər nazirlərinin (BRICS+ formatında) görüşü keçiriləcək”.
H.Fidan qeyd edib ki, BRICS Türkiyənin 1999-cu ildən üzv olmağa can atdığı Avropa İttifaqına yaxşı alternativdir. Xarici işlər naziri Türkiyənin müxtəlif platformalarda, o cümlədən BRICS-də müxtəlif tərəfdaşlarla əməkdaşlıq üçün yeni imkanlar axtarmağa davam etdiyini bildirib. Onu da bildirək ki, H.Fidan fevral ayında Ankaranın Aİ-nin qapısında sonsuzluğadək gözləməyəcəyini və başqa tarixi yollar axtaracağını demişdi.
Türkiyənin təşəbbüsünə BRICS-in aparıcı ölkələrindən olan Rusiyanın reaksiyası özünü çox gözlətməyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin təşkilata marağını alqışladığını bildirib. O, bu məsələnin BRICS-in sammitində müzakirə olunacağını söyləyib: “Qonşuların, o cümlədən Türkiyə kimi mühüm tərəfdaşların BRICS-ə marağının artması təqdirəlayiqdir. Təbii ki, bu maraq Rusiyanın sədrliyi ilə keçiriləcək və çox fəal şəkildə hazırlaşdığımız BRICS sammitinin gündəmində olacaq”. D.Peskov qeyd edib ki, təşkilat bütün maraqlı tərəflərlə əlaqələrin qurulmasında maraqlıdır. Onun sözlərinə görə, bu məqsədlə müxtəlif formatlar nəzərdən keçirilir.
Qeyd edək ki, BRICS təşkilatı 2006-cı ilin iyununda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirləri tərəfindən yaradılıb. Sonradan onun sıralarına Cənubi Afrika Respublikası da qoşulub. Təşkilatın abbreviaturası özündə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası sözlərinin ingiliscə yazılışının baş hərflərini ehtiva edir.
BRICS ölkələri arasında ikitərəfli münasibətlər əsasən bir-birinin daxili işlərinə müdaxilə etməmək, bərabərlik və qarşılıqlı faydalılıq əsasında qurulub. 2009-cu ildən etibarən BRICS ölkələrinin hökumətləri hər il rəsmi sammitlərdə görüşürlər. Sayca 15-ci olan sonuncu sammit 2023-cü il avqustun 22-24-də Cənubi Afrika Respublikasında baş tutub. Zirvə görüşləri ilə yanaşı, xarici işlər, maliyyə nazirləri və digərləri səviyyəsində də görüşlər keçirilir.
Uzun müddət ərzində qurumun üzvlərinin sayı sabit qalıb. Sonradan isə dünyanın müxtəlif qitlərində yerləşən ölkələrin təşkilata marağı artmağa başlayıb. 2023-cü ilin avqust ayına olan məlumata görə, 40 ölkə BRICS-ə qoşulmaqda maraqlı olduğunu bildirib, onlardan 20-yə yaxını rəsmi olaraq qəbul üçün müraciət edib. 2023-cü ilin avqustunda keçirilən sammitdə İran, Səudiyyə Ərəbistanı, Misir, Argentina, Efiopiya və Birləşmiş Ərəb Əmirliklərinin 2024-cü il yanvarın 1-dən etibarən BRICS-ə tamhüquqlu üzv kimi qoşulmağa dəvət olunduğu elan edilib. Ancaq Xavyer Miley Argentinada hakimiyyətə gəldikdən sonra Buenos-Ayres BRICS-ə qoşulmaqdan imtina edib. Beləliklə, 2024-cü il yanvarın 1-də dəvət olunmuş beş ölkə BRICS-ə qoşulub. Ancaq 2024-cü il yanvarın 16-da Səudiyyə Ərəbistanının hələlik rəsmən təşkilata üzv olmadığı məlum olub. Bu isə o deməkdir ki, hazırda təşkilatın təsisçiləri ilə birlikdə 9 üzvü var.
Birliyin yaradıcıları olan dörd dövlət – Rusiya, Çin, Hindistan və Braziliya əhali, ərazi və ümumi daxili məhsulunun həcmi baxımından dünyanın on ən böyük ölkəsi sırasındadır. BRICS ölkələrinin ümumi ərazisi 45 milyon 726 min kvadratkilometr və ümumi əhalisi təqribən 3,41 milyard nəfərdir. Bu isə dünyanın quru səthinin təxminən 26,7 faizi və dünya əhalisinin 41,6 faizi deməkdir. BRICS üzvləri dəfələrlə ən sürətlə böyüyən böyük ölkələr kimi səciyyələndirilib. Dünya iqtisadiyyatının 25 faizi təşkil edən, dünya üzrə faydalı qazıntı yataqlarının 60 faizinə sahib olan və planetin taxıl istehsalının 40 faizini öz əlində cəmləşdirən BRICS ölkələri son illərdə dünya iqtisadiyyatının nizamını dəyişmək üçün müəyyən cəhdlər ediblər. Bu addımların ən mühümü 2015-ci ildə Şanxayda Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının birgə təsis etdiyi Yeni İnkişaf Bankının (NDB) işə salınması olub.
Türkiyənin təşkilata qoşulmaq niyyətinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu məsələ xeyli vaxtdır gündəmdədir. Hələ 2018-ci il iyulun 25-27-də təşkilatın Cənubi Afrika Respublikasının İohannesburq şəhərində keçirilən X Zirvə görüşünün xüsusi dəvət edilmiş qonağı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmuşdu. Zirvə görüşündə çıxış edən Türkiyə Prezidenti ölkəsinin BRICS-ə üzv olmaq istəyindən danışmış və birliyin adının dəyişdirilməsini təklif etmişdi: “Əgər bizi üzvlüyə qəbul etsəniz, qrup BRICST adlanacaq”. O, həmçinin əlavə etmişdi ki, Çin xüsusilə qrupun genişləndirilməsinin tərəfdarıdır.
Rusiya Prezidenti Vladimir Putin isə həmin vaxt bildirmişdi ki, Ankara 2022-ci ildə BRICS-ə qoşula bilər. Bu mənada güman etmək olar ki, BRICS üzvləri Türkiyənin təşkilata qoşulmasına etiraz etməyəcəklər. Bölgədə əhəmiyyətli rola malik Türkiyənin BRICS-ə üzvlüyü isə təşkilatın gücünü artıracaq. Əlbəttə, ABŞ və Aİ bu zaman Ankaranın qərarından narazı qalacaqlar. Ancaq buna görə onların Türkiyəni qınamağa mənəvi haqları yoxdur. Əgər Türkiyə Aİ-yə üzvlüyə qəbul olunsaydı, Ankaranın başqa təşkilatlara üzvlük üçün müraciət etməsinə ehtiyac qalmazdı. Türkiyə hazırda xarici siyasətini şaxələndirməyə çalışır. Bu baxımdan Ankaranın BRICS-ə qoşulması da Qərbdə anlayışla qarşılanmalıdır.
Eyni zamanda, BRICS-ə üzvlük Türkiyənin Qərblə əməkdaşlıqdan imtina etməsi anlamına gəlmir. Aydındır ki, BRICS üzvlərindən Rusiya və Çin təşkilat çərçivəsində ABŞ və Avropa ilə mübarizə aparmaq istəyirlər. Ancaq BRICS-in digər üzvləri olan Hindistan, Cənubi Afrika Respublikası və Braziliya Moskva və Pekinin siyasətindən asılı deyillər. Onlar Vaşinqton və Brüssellə əməkdaşlığa davam edirlər. Türkiyə də BRICS çərçivəsində çoxtərəfli xarici siyasətində manevr imkanlarını artırmağa çalışacaq.
Türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl qardaş ölkənin BRICS-ə üzv olmaq niyyəti ilə bağlı deyib ki, iqtisadiyyatı ildən-ilə sürətlə inkişaf edən dövlətlərin bir araya gəlib alternativ yaratması baxımından BRICS böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, son illərdə sürətlə inkişaf edən Türkiyəyə BRICS-ə üzvlük təklifi çox təbii və gözlənilən idi: “Türkiyə dünya miqyasında söz sahibi olan ölkələr arasında olmaq üçün ciddi səy göstərir. Digər tərəfdən xarici siyasətin şaxələndirilməsi sahəsində alternativlər ortaya qoymağa çalışır. Üstəlik, Türkiyə BRICS-ə üzv olan hər bir ölkə ilə yaxşı əlaqələr qurmaq üçün fəaliyyət göstərir”.
T.İsmayıl onu da qeyd edib ki, Türkiyə artıq müxtəlif ölkələrlə öz valyutaları ilə ticarət etməyə çalışır. Rusiya ilə də rubl və ya türk lirəsi ilə ticarət etmək üçün danışıqlar aparır. Çinin də yerli valyuta ilə ticarət etmək istəyi var. Bu təşəbbüslər Türkiyənin əlini daha da gücləndirir. Politoloq hesab edir ki, Türkiyənin bu alternativləri qiymətləndirməsi doğru addımdır.
Türkiyənin maraq göstərdiyi təşkilata Azərbaycanda da münasibət müsbətdir. BRICS təşkilatının elan etdiyi prinsiplər ölkəmizin xarici siyasət kursu ilə üst-üstə düşür. Azərbaycan da dünya ölkələri ilə münasibətlərini ərazi bütövlüyünə, suverenliyə hörmət, bir-birinin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsipləri üzərində qurur. Ölkəmiz qlobal sülh və təhlükəsizliyə daim öz töhfəsini verib. Xarici siyasətimizin humanitar ölçüsünə baxdıqda isə son illərdə keçirilmiş tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini görmək olar. Azərbaycan indiyədək 30-dan çox ölkəyə 330 milyon dəyərində humanitar yardım göstərib. Bu gün isə iqlim dəyişikliyi ilə mübarizədə aktiv iştirak edir. Bütün bunlar BRICS təşkilatının elan etdiyi dəyərlərlə üst-üstə düşən məqamlardır.
Onu da bildirək ki, 2024-cü il aprelin 8-də Bakıda “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” adlı tədbir keçirilmişdi. Tədbirdə “Azərbaycan xarici siyasətində BRICS-in yeri” mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin təhlil və strateji araşdırmalar idarəsinin rəisi Mahir Qasımov bildirmişdi ki, ölkəmiz BRICS-in fəaliyyətini yaxından izləyir. Onun sözlərinə görə, biz BRICS üzvləri ilə fəal əməkdaşlıq edirik. BRICS-in üzv dövlətləri böyük əmək bazarına, təbii resurslara malikdirlər. BRICS üzvləri BMT Təhlükəsizlik Şurası, G20 və Şanxay Əməkdaşlıq Təşkilatı kimi böyük təşkilatların da üzvləridir. Bu gün bir sıra dövlətlər BRICS üzvlüyünə maraq göstərirlər. Bunlar təşkilatın beynəlxalq münasibətlər sistemindəki çəkisindən xəbər verir. 2009-cu ildə BRICS-in ilk zirvə toplantısı keçiriləndə qəbul edilən birgə bəyanatda göstərilmişdi ki, beynəlxalq təhdidlərlə mübarizədə çoxtərəfli diplomatiyaya üstünlük verilir. BRICS sənədlərində həmrəylik, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq təşviq olunur. Ərazi bütövlüyü, suverenliyin toxunulmazlığı kimi məsələlər BRICS sənədlərində xüsusi vurğulanır. Siyasi və təhlükəsizlik, maliyyə və iqtisadiyyat, eləcə də mədəni və xalqlar arasında münasibətlər kimi üç istiqamət BRICS çərçivəsində əsas istiqamətlərdir.
Həmçinin, bildirək ki, 2024-cü ildə BRICS-ə üzv olmaq üçün daha bir qardaş ölkə – Pakistan da müraciət edib. Pakistanın Moskvadakı səfiri Məhəmməd Xalid Camal bildirib ki, İslamabad hazırda bu məsələdə Rusiyanın dəstəyinə ümid edir. Beləliklə, həm strateji müttəfiqimiz Türkiyənin, həm də Pakistanın üzvlüklə bağlı müraciətləri müsbət həllini tapdıqdan, onların əldə edəcəyi faydaları gördükdən sonra ölkəmizin də təşkilatla əməkdaşlığı daha üstün səviyyəyə qalxa bilər.
Səxavət HƏMİD
XQ